“Bartlbi sindromu” yazıçıların hər hansı bir səbəbdən yazmağı dayandırmasıdır. Özlərini gücsüz hiss etmələrinə səbəb olan bir hadisədən sonra artıq yaza bilməyəcəklərini dərk edən yazıçıların ədəbiyyatdan uzaqlaşmasını ifadə edən bu məfhum adını Herman Melvilin “Mirzə Bartlbi” romanının baş qəhrəmanından götürmüşdür. Tarix boyu bir çox yazıçının yaradıcılığında bu sindroma rast gəlirik. Hər birinin səbəbləri fərqli olsa da, əsasən yaşadıqları psixoloji faktorlar onların yazmağı dayandırmasına səbəb olub. Gəlin, bir neçəsini nəzərdən keçirək.
İlk olaraq elə Herman Melvilin özü. Ədəbiyyat tarixinin ən böyük romanlarından biri olan “Mobi Dik”i yazdıqda bu kitabı oxuyan hər kəs Melvildəki işığı hiss edirdi. Lakin o, cəmi 34 yaşında olanda artıq məğlubiyyətini etiraf etmişdi. Ədəbi yaradıcılığında istədiyi uğura imza ata bilmədiyindən yazmağı dayandırıb gömrük müfəttişi kimi çalışmağa başlamışdı. Herman Melvil bəlkə də öz sindromunu təsvir etmək üçün Bartlbi obrazını yaratmışdır. Ölümündən sonra isə əsərlərinin ədəbi dəyəri başa düşülmüşdür.
İspan şairi Xuan Ramon Ximenez 1956-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatını aldıqdan bir neçə gün sonra sevimli həyat yoldaşı Zenobia ölmüşdü. Arvadını dəfn edib evə gələn yazıçı Nobel mükafatını yerə atıb dəfələrlə tapdalamışdı. Bu, bir növ şairin ədəbiyyatla vidalaşması sayılır.
”Mirzə Bartlbi” Franz Kafka personajlarının sələfi idi. Hətta bu janr Kafkanın yenidən kəşf etdiyi və dərinləşdirdiyi bir janr kimi təsvir olunur. Kafka da öz personajları kimi həmişə o ekzistensial sıxıntını yaşayıb. Dostu və naşiri Maks Brod ondan qalanları məhv etməyi seçsəydi, Kafka bəlkə də yer üzündəki ən sirli Bartlbi olardı.
İrlandiyalı yazıçı Oskar Uayld kinayəli üslubu ilə dövrünün ən uğurlu və məşhur yazıçılarından birinə çevrilmişdi, ancaq o, sayca az əsərlə kifayətləndi və yazmağı tez dayandırdı. Ədəbiyyat dünyasına çox təsirli əsərlər bəxş edən Uayld əziyyət çəkdiyi Bartlbi sindromunu bu sözlərlə izah etmişdir: “Həyatı dərk etməmişdən əvvəl yazırdım, amma indi həyatın mənasını başa düşdüyüm üçün yazmağa heç nəyim yoxdur.”
Dünyanın ən böyük yazıçılarından sayılan Tolstoy ömrünün sonlarında ədəbiyyatın şər qüvvə olduğuna qərar verdi və bir daha geri qayıtmamaq şərti ilə yaşadığı yeri tərk etdi. Bundan sonra heç nə yazmadı. Onun həyatı qatar stansiyasında başa çatmışdır.
Fransız yazıçı Gi de Mopassan özünün ölməz olduğuna inanırdı. Bunu sübut etmək üçün başına iki dəfə atəş açsa da sağ qalıb, bununla da kifayətlənməyək özünü bıçaqlayıb. Bütün bu uğursuz ölüm cəhdlərindən sonra bir də heç nə yazmayıb.
Robert Valser bəlkə də real həyatda “Mirzə Bartlbi”yə ən çox oxşayan şəxs idi. O, bir çox işlərdə, o cümlədən kitab mağazasında satıcı, hüquqşünas katibi, bank işçisi, tikiş maşınları fabrikində fəhlə kimi çalışıb. Dünya qarşısında özünü qorumağa çalışsa da bəlkə də özünə ən çox zərər verən yazıçı ünvanını ala bilər Valser. O, etirazını yazmağı dayandırmaqla deyil, susmağı seçməklə ifadə etmişdir. Həyatda ən çox istədiyi şey unudulmaq idi. Ömrünün son 28 ilini kağız parçalarına oxumağın qeyri-mümkün olduğu kiçik hərflərlə qeydlər yazaraq ruhi xəstəxanalarda keçirib. Herman Hesse Robert Valser haqqında belə deyirdi: “Valserin yüz min oxucusu olsaydı, dünya daha yaxşı yer olardı.”
Amerikalı şair Hayt Kreyn “Körpü” epik poemasına görə böyük təriflə qarşılaşmışdır. Göstərilən diqqətlə kifayətlənməyən şair yazıla biləcək yeganə şeyin yazı aktının mümkünsüzlüyü olduğuna inanırdı. Meksikaya getməyə qərar verib Yeni Orlean gəmisinə minmiş, lakin oraya heç vaxt çatmamış və bir də heç yerdə görünməmişdir.
Artür Rembo 16 yaşında olarkən “Sərxoş qayıq” şeirini yazmışdır. Artıq 19 yaşı olanda ədəbi ictimaiyyət tərəfindən tanınmaq və ya şöhrətlənmək onu maraqlandırmırdı. İkinci kitabı nəşr olunduqdan sonra o, yazmağı dayandırmış, ölümünə qədər özünü səyahətlərə və təhlükəli macəralara həsr etmişdir. Cəmi 37 il ömür sürən şair Bartlbilərin ən soyuqqanlısıdır.
Meksikalı yazıçı, ssenarist və fotoqraf Xuan Rulfo Cənubi Amerika ədəbiyyatının ən mühüm əsərlərindən olan “Pedro Paramo”nu yazdıqdan sonra otuz il heç nə yazmayıb. Əmisinin ona danışdığı əhvalatlardan ilhamlandığını deyən Rulfo əmisi Celerino öldükdən sonra heç nə yaza bilmədiyini etiraf edib.
Cerom Selincerə Bartlbi sindromu diaqnozu qoyulmazdan əvvəl “Çovdarlıqda uçurumdan qoruyan” da daxil olmaqla dörd şah əsər yaratmışdır. Son kitabından sonra 45 il nə bir sətir yazıb, nə də müsahibə vermişdir. Deyilənə görə, bəzi oxucular hətta yoxa çıxan yazıçını tapmaq üçün detektiv də tutmuşdular. Yazıb-yaratmağa davam edən yazıçının öz əsərlərini insanlarla paylaşmaq istəmədiyinə inananlar isə daha çox olmuşdur.