Daha.az sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Fəlsəfə təhsilinin zəruriliyi haqqında” yazısını təqdim edir.
İnformasiya əsrində yaşadığımız bu dövrdə təkcə bilik sahibi olmaq kifayət etmir, insanlar eyni zamanda aldığı informasiyanı analiz etməyi, sual verməyi, arqument gətirməyi və seçimlərinə görə cavabdehlik daşımağı da bacarmalıdır. Bu bacarıqların təməli isə fəlsəfi təfəkkürlə formalaşır. Məhz bu səbəbdəndir ki, dünyanın inkişaf etmiş bir çox ölkəsində fəlsəfə fənni orta məktəb səviyyəsində tədris olunur. Təəssüf ki, ölkəmizdə bu sahədə müəyyən boşluq mövcuddur. Orta məktəblərdə fəlsəfə fənninin olmaması cəmiyyətin intellektual və ictimai fikrində mühüm çatışmazlıqlara yol açır.
Kiçik bir araşdırma nəticəsində məlum olur ki, Avropa ölkələrinin böyük əksəriyyətində fəlsəfə fənni (və ya tənqidi təfəkkür məzmunlu fənlər) orta məktəblərdə tədris olunur.
Fransada fəlsəfə fənni 1809-cu ildən bəri məktəblərdə məcburi tədris olunur. Bakalavr təhsil pilləsində fəlsəfə imtahanı bütün istiqamətlər üzrə şagirdlər üçün məcburidir. Dərslərdə Platon, Aristotel, Kant, Sartr kimi filosofların əsərləri öyrənilir və müzakirə edilir.
İtaliyada orta məktəb və liseylərdə fəlsəfə IX sinifdən başlayaraq üç il müddətində tədris olunur. Bu tədrisin məqsədi yalnız informasiya ötürməkdən ibarət olmayıb, həm də düşünmə və mühakimə bacarığını formalaşdırmağa yönəlib.
Yunanıstanda humanitar istiqamətli liseylərdə fəlsəfə əsas fənn kimi tədris olunur. Müasir etik, sosial və siyasi fəlsəfə mövzuları dərslərin əsasını təşkil edir.
İspaniyada fəlsəfə bir müddət proqramdan çıxarılsa da, 2022-ci ildən yenidən məcburi fənn kimi bərpa edilmişdir. “Etika və vətəndaşlıq” modulu ilə birgə fəlsəfə dərsləri tədris olunur.
Skandinaviya ölkələrində (Finlandiya, Norveç, İsveç) formal fəlsəfə dərsləri bütün məktəblərdə olmasa da, “təfəkkür bacarıqları”, “mədəniyyətlərarası dialoq”, “etika” kimi fənlər vasitəsilə fəlsəfi məzmunlar şagirdlərə çatdırılır.
ABŞ-da təhsil sistemi ştatlara görə dəyişsə də, bir çox məktəbdə fəlsəfə seçmə fənn kimi mövcuddur. Bundan əlavə, “Philosophy for Children (P4C)” (Uşaqlar üçün fəlsəfə) adlı beynəlxalq proqram vasitəsilə ibtidai və orta məktəblərdə fəlsəfi mövzular müzakirə edilir. Eyni zamanda “tənqidi düşüncə”, “etika tədrisi” məzmunlu fənlər analitik düşüncə bacarıqlarının inkişaf etdirir.
Məlum olduğu kimi, hazırda Azərbaycanda fəlsəfə yalnız ali təhsil müəssisələrinin bir çox ixtisaslarında tədris olunur. Orta məktəblərdə isə fəlsəfə müstəqil bir fənn kimi mövcud deyil. Şagirdlər tənqidi düşünmə, analitik təhlil və arqumentasiya bacarıqlarını sistemli şəkildə öyrənmək imkanından məhrumdurlar. Bu boşluğu “Ədəbiyyat”, “Tarix” və “Həyat bilgisi” fənləri qismən doldurmağa çalışsa da, fikrimcə, əsas hədəfi – kritik düşüncə bacarıqlarının inkişafını tam reallaşdıra bilmir. Fikrimcə, mürtəce fikirlərin, dini və sekulyar mövhumatların yayılmasının əsas səbəbi də məhz budur.
Qeyd edilən boşluq səbəbilə, son illərdə müxtəlif radikal dini və ideoloji cərəyanların yeniyetmə və gəncləri cəlb etməsi müşahidə olunur. Bundan başqa, özünü “ruhani”, “falçı”, “enerji mütəxəssisi”, “şüur açan” və ya “kosmik qapı açan” “həqiqətə çatan” kimi təqdim edən şəxslər inanılmaz dərəcədə nüfuz qazanır. Bu problemlərə qarşı tez-tez din təhsilinin vacibliyindən bəhs edilir və bu, şübhəsiz ki, mühüm məsələdir. Lakin din təhsili təkbaşına uşaqları yalnız dini fanatizmdən qoruya bilər. Dini olmayan ideoloji radikallıq, psevdoelmi fikirlər, ezoterika, mistik təlimlər, ekstrasenslik və “peyğəmbərlik” iddiaları kimi cəfəng düşüncələrə qarşı mübarizə yalnız elmi və fəlsəfi düşüncə ilə aparıla bilər.
Fəlsəfi analiz və tənqidi təfəkkürün əhəmiyyəti müasir dövrdə çox mühümdür. Çünki fəlsəfə, sadəcə, keçmişin böyük filosoflarının fikirlərini əzbərləməkdən ibarət deyil. Fəlsəfə insanı sual verməyə, düşünməyə, iddiaları analiz etməyə, ədalətli və əsaslı qərar verməyə, müxtəlif baxış bucaqlarını müqayisə etməyə təşviq edir.
Dünyada fəlsəfə təhsili artıq bir seçim deyil – zərurətdir. Tənqidi düşünə bilməyən, iddiaları süzgəcdən keçirə bilməyən, ideologiyalar və cəfəng fikirlər qarşısında müqavimətsiz gənclər nə öz həyatlarını düzgün idarə edə bilər, nə də cəmiyyətə sağlam şəkildə töhfə verə bilər.
Orta məktəb səviyyəsində fəlsəfə fənni şagirdlərin və bütövlükdə gənclərin tənqidi düşüncə bacarıqlarının inkişafına, etik şüurun formalaşması, fərqli dünyagörüşlərinə qarşı tolerantlıq qazanmasına, nəhayət, siyasi, ideoloji və dini manipulyasiyaya qarşı immunitet qazanmalarına ciddi töhfə verə bilər.
Bu məqsədlə, düşünürəm ki, orta məktəb proqramlarına “Fəlsəfəyə giriş” və ya “Tənqidi düşüncə” fənlərinin daxil edilməsi məqsədəuyğun olar. Xüsusilə də, “Philosophy for Children (P4C)” proqramının Azərbaycan dilinə uyğunlaşdırıb, tətbiq olunması üzərində ciddi düşünmək lazımdır.