Daha.az şənətşünaslıq üzrə fəlsəfə doktoru, litvalı mütəxəssis Ornela Ramasauskaite ilə müsahibəni təqdim edir.
Dr. Rəşad İlyasov: Bu günün dünyasında incəsənət multikultural dialoqun inkişafında hansı rolu oynayır?
Dr. Ornela Ramasasuskaite: İncəsənət mədəniyyətlərarası qarşılıqlı anlaşmanın əsas açarlarından biridir. Mən, xüsusilə, vizual mədəniyyət, “yumşaq güc”, yaddaşın idarə olunması və mədəni diplomatiya kimi sahələrlə maraqlanıram, yəni incəsənətin, kinematoqrafiyanın və ədəbiyyatın insanların dəyərlər, standartlar, arzular və ideallar haqqında təsəvvürlərini formalaşdıran incə yolları ilə. Ətrafımızdakı vizual elementlər barədə düşünün: rəssamların seçdiyi mövzular, təsvirlərə hopmuş stereotiplər, rəng seçimlərinin arxasındakı psixologiya. Bunlar təkcə estetik qərarlar deyil, bunlar mədəni ünsiyyətin, bəzən də manipulyasiyanın alətidir. Vizual incəsənətə diqqətlə baxanda, cəmiyyətlərin öz dəyərlərini, tarixlərini, ümidlərini və qorxularını necə kodlaşdırdığını görürük.
Hazırda, qlobal nizamın kəskin şəkildə dəyişdiyi bir dövrdə, incəsənət multikultural dialoqun inkişafı üçün əsas vasitələrdən birinə çevrilib. Biz birgə hər şeyi yenidən dəyərləndiririk: qloballaşmanın vədlərini və uğursuzluqlarını, imperializm və post-kolonializmin irsini, dəyişən dini mənzərəni, cinsiyyət rollarının və ailə strukturlarının təkamülünü. Misli görünməmiş miqyasda miqrasiya prosesləri ilə, sosial media – süni intellektin bizim özümüzü və başqalarını görmə tərzimizə göstərdiyi dərin təsirlə üzləşirik.
Bu dəyişikliklər kontekstində vizual mədəniyyət müxtəlif dünyagörüşlərinin toqquşduğu və dialoqa girdiyi məkana çevrilir. Tək bir sərgi əvvəllər heç əlaqəsi olmayan bədii ənənələri birləşdirə bilər. Bir film nəsillər boyu davam edən stereotipləri sarsıda bilər. Müasir incəsənət bizə kollektiv travmanı anlamağa və ya fərqli gələcəkləri təsəvvür etməyə kömək edə bilər. Uşaq kitablarındakı animasiya və illüstrasiyalar isə gənc nəslin düşüncə tərzini dərin şəkildə formalaşdırır. Lakin burada əsas məsələ budur: bu dialoq yalnız o zaman mənalı olur ki, o, həqiqətən, multikultural olsun, yəni bir mədəniyyətin danışdığı, digərlərinin isə, sadəcə, dinlədiyi monoloq deyil, müxtəlif baxış bucaqlarının bərabər dəyər qazandığı qarşılıqlı mübadilə olsun.
– “İncəsənətə investisiya” anlayışı sizin üçün nə deməkdir və sizi bu mövzuya ilkin olaraq nə cəlb etdi?
– Peşəkar fəaliyyətimdə “incəsənətə investisiya” anlayışı birbaşa məna daşıyır: gələcəkdə mənfəət əldə etmək məqsədilə sənət əsərlərinə sərmayə qoymaq və ya digər strateji səbəblərlə — nüfuz, imic və ya davamlılıq üçün — incəsənət kolleksiyaları yaratmaq. Nəsildən-nəslə ötürülən ailə irslərini, bir şirkətin kimliyini müəyyən edən korporativ kolleksiyaları və ya mədəni irsi qoruyan milli kolleksiyaları düşünün. Amma burada çox vaxt diqqətdən kənarda qalan daha dərin bir məqam var: qərarvericilərin — istər ictimai, istər özəl, istərsə də korporativ incəsənət alıcılarının — incəsənət tarixi, cəmiyyət və gələcək nəsillər üçün rolu nəhəngdir. Onlar vizual yaddaşı formalaşdırır, hansı mövzuların önəmli olduğunu müəyyənləşdirirlər. Bu əsas tərəflər nəyi vacib saymağın, nəyi xatırlamağa dəyər bilməyin və kimin unudulacağına qərar verirlər. İdeal dünyada mən istəyərdim ki, bu qərarvericilər savadlı və məsuliyyətli olsunlar, qərarlarının təsirini dərk etsinlər və onları ciddiyə alsınlar. Qərarlarını yalnız dekorativ ehtiyaclara və ya şəxsi münasibətlərə əsaslanaraq deyil, həqiqi istedada dəstək vermək prinsipi ilə versinlər.
Bu sahəyə necə gəldim? Mənim yolum 2007-ci ildə başladı — UNESCO-nun Mədəniyyətin İdarəolunması və Mədəni Siyasət üzrə magistr təhsilinə başladığım və eyni zamanda bir incəsənət auksion evində işlədiyim vaxt. Həmişə incəsənət tarixi ilə iqtisadiyyat arasında olan bu fənlərarası sahəni araşdırmaq istəmişəm. O vaxtdan bəri incəsənət kolleksiyaçıları və bazarın müxtəlif iştirakçıları ilə işləmişəm, o cümlədən Litva Baş nazirinin ictimai-mədəni məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərmişəm. Sonralar doktorantura təhsilimə başladım, tədqiqat mövzum “Geosiyasi münaqişələr kontekstində müasir incəsənətdə investisiya strategiyalarının modelləşdirilməsi” idi. Burada milli mənsubiyyətin qərarvericilərin əsər seçiminə necə təsir etdiyini və bunun sənət əsərinin dəyərinə necə təsir göstərə biləcəyini araşdırıram. Bu tədqiqat məni bir neçə qitəyə və münaqişə bölgələrinə aparıb, və nəticədə bir çox incəsənət bazarı hesabatlarında yer almayan maraqlı qanunauyğunluqları ortaya çıxarıb.
Hazırda geniş şəkildə incəsənət investisiyası barədə maarifləndirmə işi aparıram — bu sahəni sadələşdirirəm və göstərirəm ki, sənət əsərinə sərmayə qoymaq həm əlçatan, həm də mənalı bir addımdır. Estetik zövqü ödəmək, mədəni iqtisadiyyata dəstək olmaq və gələcəkdə qazanc əldə etmək, hətta nəslə bir irs qoymaq mümkündür. Universitetdə dərs deyirəm, geniş auditoriya üçün Substack kanalım var, məqalələr yazıram, konfranslarda çıxış edirəm və həm şəxsi, həm də korporativ kolleksiyaçılarla və mədəni təşkilatlarla işləyirəm. Bu işə olan ehtirasımı diri saxlayan şey isə budur: incəsənətə investisiya təkcə pul məsələsi deyil — bu, mədəni yaddaşı formalaşdırmaq və gələcək nəsillər üçün hansı səslərin eşidiləcəyinə qərar vermək məsələsidir.

– Alman filosofu Hans-Georg Qadamer “üfüqlərin qovuşması” anlayışını irəli sürmüşdü. Sizcə, bir tabloya baxarkən əsərin və seyricinin üfüqləri qovuşurmu?
– Mən səmimi şəkildə inanıram ki, hermenevtika və semiotika haqqında məlumatlı olmaq bir-birimizi daha yaxşı anlamağa və yaşadığımız kontekstləri, eləcə də ümumilikdə dünyanı dərk etməyə kömək edir. Mən Qadamerin “üfüqlərin qovuşması” anlayışını yaxından izləyirəm. Baxmayaraq ki, incəsənət tarixini və incəsənət bazarının quruluşunu yaxşı bilirəm bu, kolleksiyaların formalaşdırılması və sərgilərin kurasiyası üçün çox vacibdir. Mən anlayıram ki, sonda hər şey fərdi qavrayışlara əsaslanır.
Mənim həyatda böyük məmnuniyyətim də məhz bundan qaynaqlanır: bu dinamiklərin fərqində olmaq və daim suallar verməkdən. Məsələn, niyə müxtəlif insanlar — milliyyətinə, dininə, qitəsinə, tarixi kontekstinə görə fərqlənən insanlar — eyni sənət əsərinə bu qədər fərqli reaksiya verirlər? Niyə postimperialist bir ölkədən olan biri, keçmişdə müstəmləkə olmuş bir regiondan gələn insandan tamamilə fərqli bir şey görür? Post-sovet kontekstindən gəlmək və ya Qərbi Avropa təcrübəsinə malik olmaq estetik seçimlərimizi necə formalaşdırır? İncəsənətdə avrosentrizm fenomeni xüsusilə maraqlıdır — burada dəyərlərin və mədəni normaların necə formalaşdığını, dominant hala gəldiyini və vizual mədəniyyət vasitəsilə bəzən incə, bəzən açıq şəkildə necə ötürüldüyünü müşahidə edə bilərik.
Bir sənət əsərinə baxdığımızda, həqiqətən də, “üfüqlərin qovuşması” baş verir: əsər öz tarixi məqamını, mədəni kontekstini və müəllifin niyyətini gətirir; biz isə öz təcrübəmizi, təhsilimizə və mədəni formalaşmamıza əsaslanan baxışımızı gətiririk. Bu qarşılaşmadan yeni bir mənzərə yaranır. Sənət əsəri statik deyil o, müxtəlif izləyicilər üçün fərqli məna daşıyır və hətta eyni izləyici üçün həyatın müxtəlif mərhələlərində müxtəlif şeylər ifadə edə bilər. Qadamerin konsepsiyası bizə cəmiyyətin vəziyyətini onun estetik zövqləri və incəsənət kolleksiyaları vasitəsilə dəyərləndirməyə imkan verir.
Amma bu çox vacibdir, bu qovuşma neytral və ya günahsız deyil. O, güc dinamikaları tərəfindən formalaşdırılır. Dominant mədəniyyətdən olan bir tamaşaçı marjinal mədəniyyətin sənətinə baxanda, bu “birləşmədə” tez-tez qeyri-bərabərlik olur. Bir üfüq digərini əvvəlcədən mövcud olan çərçivələr və stereotiplər vasitəsilə mənimsəməyə və ya şərh etməyə meyllidir. Buna görə də estetik üstünlüklərin necə formalaşdığını araşdırmaq mənim üçün çox maraqlıdır. Pakistan, Azərbaycan, Baltik ölkələri və digər yerlərdə apardığım işlərdə görürəm ki, insanların zövqləri – çox vaxt onların özlərinin xəbərsizliyi ilə – müəyyən ənənələri digərinə üstün qoyan mədəni iyerarxiyalar tərəfindən formalaşdırılıb.
Suallar belə olur: həqiqi bir üfüqlərin qovuşmasına nail ola bilərikmi, yoxsa əvvəlcə bərabər mübadiləni əngəlləyən iyerarxiyaları dağıtmalıyıq? Bir Azərbaycan sənətçisinin əsəri öz şərtləri ilə qiymətləndirilə bilərmi, yoxsa həmişə orientalist fərziyyələr vasitəsilə filtrdən keçiriləcək? Post-Sovet sənəti özünəməxsus töhfələri üçün qiymətləndirilə bilərmi, yoxsa həmişə Qərb modernizmi ilə müqayisədə standart kimi nəzərdən keçiriləcək? Məni ümidləndirənvə Azərbaycan kimi çoxmədəniyyətli kontekstlərdə işləməyi bu qədər vacib edən budur ki, biz bu dinamikaların fərqinə vardığımız zaman, fərziyyələrimizi aktiv şəkildə sual etdiyimiz zaman, bərabərlər arasında həqiqi dialoq üçün məkanlar yaratdığımız zaman, Qadamerin gözəl ideyası gerçəyə çevrilə bilər. Üfüqlərin qovuşması avtomatik deyil; bu, şüurlu şəkildə yetişdirməli olduğumuz bir şeydir.

– Sizcə, müxtəlif mədəniyyətləri təqdim edən sərgilər və layihələr hansı sosial təsiri yaradır?
– Sosial təsir tamamilə bu sərgilərin və layihələrin necə düşünülüb həyata keçirilməsindən asılıdır. Səthi çoxmədəniyyətçilik – burada müxtəliflik sadəcə bəzək elementinə çevrilir – ilə həqiqi mədəniyyətlərarası dialoq arasında böyük fərq var; həqiqi dialoq güc mövqelərini sınağa çəkir. Yaxşı qurulduqda, bu layihələr stereotipləri sınağa çəkə və vizual savadlılığı genişləndirə bilər. Tamaşaçılar əvvəllər görmədikləri sənət ənənələri ilə, düzgün kontekst və hörmətlə təqdim olunan işlərlə qarşılaşdıqda, onların fərziyyələri pozulur. Məsələn, müasir Azərbaycan sənətini Baltik, Fransa və ya Amerika işləri ilə yanaşı nümayiş etdirən yaxşı tərtib olunmuş sərgi, tamaşaçıları əksər sənət diskursunda dominant olan mərkəz–periferiya düşüncəsini tərk etməyə məcbur edir. İnsanlar universal standart yerinə paralel müasirlikləri görməyə başlayır.
İkincisi, bu layihələr beynəlxalq görünüşdən sistematik şəkildə kənarlaşdırılmış sənətçilər üçün platformalar yaradır. Mən Azərbaycanda “yavaş zaman” konsepti ətrafında portret rəsmçilik atelyeləri təşkil edərkən, bu yalnız texnika ilə bağlı deyildi – fərqli mədəni yanaşmaların bir yerdə mövcud olacağı məkan yaratmaqla bağlı idi. Kollektivist mədəniyyətdən olan bir sənətçi fərdiliyi necə təsvir edir? Müxtəlif dini ənənələr vizual simvolizmi necə formalaşdırır? Bu suallar yalnız müxtəlif praktikantları bir araya gətirdikdə ortaya çıxır.
Üçüncüsü, bu sərgilər post-konflikt cəmiyyətlərində sağalma və kollektiv yaddaş işinə dəstək verə bilər. Vizual mədəniyyət, siyasi diskursun çox vaxt toxuna bilmədiyi kollektiv travmanı işləmək üçün yollar təqdim edir. Qafqaz və ya Baltik ölkələri kimi tarixi hekayələrin hələ də mübahisəli olduğu regionlarda, sənət sərgiləri fərqli icmaların təcrübələrinin dərhal barışıq tələb etmədən təsdiqləndiyi neytral bir mühit yarada bilər.
Mənim layihəm “Sərhədləri Aşan İncəsənət: Baltik Vizual İrsi” Litva, Latviya və Estoniyada yarım əsrlik vizual yaradıcılığı sənədləşdirməyi hədəfləyir. Sosial təsir yalnız arxiv işi deyil – bu, beynəlxalq sənət bazarının bu üç fərqli ölkəni sadəcə “Baltik” kimi homogenləşdirmək meylinə meydan oxumaqdır. Hər bir ölkənin özünəməxsus estetik lüğəti var, unikal tarixlər tərəfindən formalaşmış, lakin bir-birinə bağlı keçmişdən gələn müəyyən vizual dilləri paylaşırlar.
Amma kritik məqam budur: sosial təsir yalnız transformativ olur, əgər bu layihələr sadəcə müxtəlifliyi nümayiş etdirməklə kifayətlənməyib, ilkin olaraq bərabərsizliyi yaradan sistemləri sorğulayarsa. Marjinal mədəniyyətlərin “ekzotik” sənətini nümayiş etdirən, lakin Qərb kuratorluq hakimiyyətini qoruyan sərgi sadəcə çoxmədəniyyətli örtük altında iyerarxiyaları möhkəmləndirir.
Həqiqi təsir, yerli səsləri mərkəzə qoyan, hansı estetik standartların dominant olduğunu sorğulayan, bir dəfəlik mədəni turizm əvəzinə davamlı mübadilə infrastrukturu yaradan sərgilərdən gəlir. Ən dərin sosial təsir isə insanlar sərgidən yalnız fərqli bir şey görərək deyil, mədəniyyət, dəyər və gözəllik barədə əsas fərziyyələrinin sınağa çəkildiyi zaman yaranır. Bu anda vizual mədəniyyət yalnız təhsil vasitəsi deyil, sosial transformasiya alətinə çevrilir.
– Baltik ölkələrinin və Azərbaycanın çoxmədəniyyətli sənət təcrübələri arasında hansı oxşarlıqları və fərqləri görürsünüz?
– Bu ölkələr – Litva, Latviya, Estoniya və Azərbaycan kifayət qədər fərqlidir, Sovet keçmişini paylaşmalarına baxmayaraq. Millətlər, dinlər, mənzərələr, ənənələr, həmçinin hazırkı geosiyasi və iqtisadi vəziyyət bizi çox fərqli şəkildə formalaşdırıb.Amma gəlin əvvəlcə mənim ən çox maraqlandığım şeydən başlayım: Mən Azərbaycanı dərindən sevirəm. Burada artıq iki il yaşamışam və bu, mənim üçün, özümü müşahidə etmək və Avropa-mərkəzçilik, individualizm və kollektivizm, estetik standartlar, innovasiya və tərəqqi, gender rolları və dəyərlər, həmçinin ənənə ilə modernləşmə arasındakı gərginliyi düşünmək üçün fantastik bir zəmin olub. Sənəti necə görüb yaratmağımızı formalaşdıran çox sayda mövzu var.
Məni təəccübləndirən isə budur: hətta çağdaş dünyamızda, hər şeyə Google və ya ChatGPT ilə bir kliklə çatmaq mümkün olsa, instagram qlobal səviyyədə eyni meydançadır – biz insanlar hələ də çox fərqli ola bilirik. Mən bu insan təbiətinin müxtəlifliyini və mürəkkəbliyini, xüsusilə insanların qarşı-qarşıya duran xüsusiyyətlərini çox sevirəm. Bakıdakı fərdlərlə tanış olmaq – güclü ənənəvi dəyərləri saxlayarkən eyni zamanda müasir düşüncəyə sahib olan insanlarla – ilhamverici olub. Bunlar ziddiyyət deyil, bunlar incə inteqrasiyalardır.
Hər iki region Sovet mədəniyyət siyasətinin mirasını yaşadır; bu siyasət tez-tez həqiqi mədəni xüsusiliyi əzməyə çalışan “internasionalist” sənət yaratmağa çalışırdı. Hər ikisi Qərb-dominant sənət dünyasında periferiyada yerləşmək çətinliyi ilə üzləşir. Hər ikisində çox bacarıqlı, lakin coğrafi səbəblərlə beynəlxalq görünüş üçün mübarizə aparan sənətçilər var, bacarıqsızlığa görə deyil. Hər iki region həmçinin zəngin sənətkarlıq ənənələrinə malikdir – tekstil, keramika, metal işləri – və müasir sənətçilər bunları yenidən təfsir edirlər. Burada oxşar müzakirələr aparılır: irsi necə hörmətlə anmaq, folklorizmə qapılmadan bunu etmək, müasir olmaq, lakin sadəcə Qərb modellərini təkrarlamamaq.
Fərqlərə gəldikdə: Azərbaycanın İslami və sekulyar ənənələr arasında, həmçinin Asiya və Avropa arasında körpü rolu mədəni mürəkkəblik yaradır ki, bu Baltik ölkələrindən fərqlidir. Buradakı vizual dil miniatur ənənələrindən, İslami geometrik naxışlardan və Baltik sənətində olmayan Qafqaz estetik lüğətlərindən ilham alır. Baltik ölkələri Avropa Birliyinə qoşulduğu üçün Qərb institusional strukturlarına daha çox inteqrasiya olunub – həm faydaları, həm də məhdudiyyətləri ilə. Azərbaycan isə daha çox avtonomiyanı saxlayır, lakin beynəlxalq görünüş və bazar çıxışı baxımından fərqli çətinliklərlə üzləşir.
Ailə strukturları və sosial təşkilat da əhəmiyyətli dərəcədə fərqlidir, bu isə sənətçilərin işinə, patronajın funksiyasına və müasir praktikada ortaya çıxan mövzulara təsir göstərir. Fərdi ifadə ilə kollektiv kimlik arasındakı münasibət hər kontekstdə fərqli oynanır. Mən güclü inamdayam ki, fəal çoxmədəniyyətli təcrübələr və təhsil insan inkişafını və innovasiyanı təşviq edir, həyatda mənanı formalaşdırır və etikaya mənbə olur. Sürətli texnoloji dəyişiklik dövründə – AI-nin cəmiyyət və mədəniyyət üzərindəki təsirinə dair narahatlıqlarla – bu cür dərin mədəniyyətlərarası iştirak daha da vacib olur. Bu, bizi müxtəlif humanitar sahələrimizdə sabit saxlayır, algoritmlərin homogenləşdirməsinə qarşı qoruyur.
Fərqli mədəni kontekstlərdə işləmək mənə inandırdı ki, müasir sənət inkişaf etdirmək və mədəni infrastruktur qurmaq üçün tək bir yol yoxdur. Baltik modeli Baltik ölkələrinə uyğundur; Azərbaycan isə öz unikal mövqeyini və güclü tərəflərini əks etdirən yanaşmalar inkişaf etdirməlidir. Məqsəd hər kəsin Qərb modellərini və ya bir-birini təkrarlaması deyil – məqsəd fərqli yanaşmaların bir-birini məlumatlandıra biləcəyi, lakin öz fərqli kimliklərini qoruyub saxlaya biləcəyi həqiqi mübadilə yaratmaqdır.
Bütün bu işin sonsuz maraqlı edən şey budur: hər bir mədəni kontekst mənə vizual mədəniyyətin necə işlədiyini, mənanın necə yarandığını və sənətin dərin fərqliliklər arasında həqiqi insan əlaqəsini necə təşviq edə biləcəyini öyrədir.
Dr. Rəşad İlyasov: Ornela xanım maraqlı müsahibə və intellektual müzakirə üçün təşəkkür edirəm. Əminəm ki, gələcəkdə sizinlə müsahibədə qeyd olunan mövzular ətrafında daha geniş platformalarda görüşlərimiz və əməkdaşlığımız olacaq.
Dr. Ornela Ramasasuskaite: Təşəkkür edirəm Rəşad bəy, məmnun oldum və əməkdaşlıq üçün hazıram.




