Daha.az Roberto Bolanyonun qısa hekayə yazmaq barədə təkliflərni təqdim edir.
Artıq qırx dörd yaşım olduğu üçün qısa hekayə sənəti barədə təkliflər verə bilərəm.
- Qətiyyən biroturmada bir qısa hekayə yazmağa çalışmayın. Əgər biroturmada bir qısa hekayə yazmağa çalışsanız, düzünü deməliyəm, ölənə qədər eyni qısa hekayə yaza-yaza qalacaqsınız.
- Ən yaxşısı biroturmada üç, yaxud dörd qısa hekayə yazmaqdır. Əgər gücünüz çatırsa, doqquz, hətta on beş dənə yazın.
- Diqqət: sizi biroturmada iki qısa hekayə yazmağa sürükləyən istək, biroturmada bir qısa hekayə yazmağa vadar edən qədər təhlükəlidir; hətta adamı yoldan çıxaran bu istək, əsasən aşiq və onun qoşa görünüş yaradaraq melanxoliya istehsal edən aynası arasındakı qarşılıqlı münasibətə oxşayır.
- Horasio Quirqo, Felisberto Hernandez və Xorxe Luiz Borxes oxumalısınız. Xuan Rulfo və Auqosto Monterroso oxumalısınız. Bu yazıçılara heyran olan qısa hekayə müəllifləri qətiyyən Xose Kamila Selanı, yaxud Fransisko Umbralı oxumayacaq; halbuki, əslində, Kortasar və Adolfo Bioy Kasares oxuyacaqlar, amma qətiyyən Sela və ya Umbral oxumayacaqlar.
- Birdən hələ aydın olmaz ha, bir də təkrar edim: Qətiyyən Sela ya da Umbralı oxumayın.
- Qısa hekayə müəllifi qətiyyətli olmalıdır. Bunu qəbul etmək çətindir, bu çox həzin həqiqətdir, amma belədir.
- Qısa hekayə müəllifləri Petrus Boreli (Cozef-Pyer Borel) oxumaqla fəxr edirlər. Əslində, xeyli hekayə müəllifi Boreli təqlid etməyə çalışdığı üçün dilə-dişə düşüblər. Yepyekə bir səhv! Borelin yazıçılığını yox, onun geyim-kecim tərzini təqlid etsinlər. Həqiqət budur ki, onun haqqında çox az şey bilirlər – ya da Teofil Qotye, yaxud Jerar de Nerval haqqında!
- Gəlin bir razılaşma edək: Petrus Boreli oxuyun, onun kimi geyinin, amma bunun yanında Jül Renarı və Marsel Şvobu da oxuyun. Xüsusilə, Şvobu oxuyun, sonra Alfonso Reyeslə davam edin, sonra isə Borxesə keçin.
- Əslində, hamı Edqar Punun yazdıqlarında oxunası xeyli yaxşı şey tapacaq.
- 9 nömrəli bənd haqqında bir az düşün. Düşünüb daşının. Hələ vaxtımız var. 9 nömrəli bənd haqqında düşünün. Kifayət qədər ətraflı düşünmək üçün dizlərinizin üstünə çöküb düşünün.
- Üstəlik, bir neçə tövsiyə edilən kitabı və müəllifi də oxumalısınız – məsələn, “Peri hypsous” – müəllifi aristokrat Psevdo-Longin; Lord Bruk tərəfindən bioqrafiyası yazılan, bəxtsiz, ancaq cəsur Filip Sidninin sonetləri; Edqar Li Mastersin yazdığı “The Spoon River Anthology” (1916), Enrike Vila -Matasın yazdığı “İbrətlik hekayələr” (1991), Xavier Mariasın yazdığı “Qadınlar yatarkən” (1990).
- Bu kitabları oxuyun, bir də, Çexovu və Reymon Karveri oxuyun, çünki ikisi də XX əsrin ən yaxşı yazıçılarıdır.
Tərcümə edən: Qismət