Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Türkan Hüseynin “Ölü Həsən” bədii filmi “TRT 12 Punto” platformasının qrant qaliblərindən biri olub.
Daha.az xəbər verir ki, Azərbaycan və Türkiyənin ortaq istehsalı olan yeni filmin süjetinə görə, səhvən ölü bilinən Həsən gözlərini açır və kənd əhalisi onun mistik güclərə sahib olduğuna inanır. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda, mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.
Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli və Vaqif Kərimov rol alıblar.
Qeyd edək ki, “TRT 12 Punto” Türkiyənin dövlət kanalı TRT tərəfindən 2019-cu ildən etibarən təşkil olunan, ssenari inkişafı və beynəlxalq ortaq istehsal sahəsində fəaliyyət göstərən ən böyük platformadır. Platforma beynəlxalq ssenaristlər, prodüserlər və ekspertləri bir araya gətirərək həm Türkiyədən, həm də digər ölkələrdən layihələrin dəstəklənməsinə şərait yaradır.