Fransız rəssam Jorj-Pyer Söranın 1884-cü ildə bitirdiyi “Bathers at Asnières” (Senada çimənlər) əsəri vaxtında tənqid olunsa da, bu gün həm yay mövsümünün ruhunu mükəmməl əks etdirən tablo, möcüzəvi sənət əsəri kimi qiymətləndirilir.
Daha.az xəbər verir ki, əsərdə Sena çayının sahilində istirahət edən işçilər təsvir edilib.
Bu əsərin ən vacib elementlərindən biri əsərin mərkəzindəki zavodun bacasından çıxan tüstüdür. O, sənayenin insan həyatına təsirini və sənətin elmi əsaslarla, xüsusilə də, rəng nəzəriyyəsi üzərində qurulmasını simvollaşdırır. Belə ki, Söranın rəsmində rənglərin qarşılıqlı təsiri və optik effektlərini nəzərə almağı fransız kimyaçı Mişel Ejen Şevrölün rəng kontrastları haqqında nəzəriyyəsinə əsaslanır. Onun fikrincə, tamamlayıcı rənglər bir-birini daha canlı və parlaq göstərir. Məşhur rəssam bu texnika ilə nöqtəçilik (pointilizm) cərəyanının formalaşmasına töhfə vermişdir. Söra əsərlərini mozaikaya bənzər şəkildə kiçik nöqtələrlə rəngləyirdi. O, rənglərin birbaşa kətan üzərində deyil, insan beynində qarışaraq bütöv bir təsvir yaradacağına inanırdı. Bu texnikada bütün konturlar aradan qaldırılmış, kompozisiyanın nizamını qorumaq üçün təsvir sadələşdirilmişdi. Nöqtəçilik texnikasının öncüsü olan rəssam nöqtələrin beyində birləşərək bütöv və ahəngdar bir görüntü yaradacağını iddia edirdi.
Qeyd edək ki, “Bathers at Asnières” rəsm əsəri cəmiyyətin sinif və status kimi süni təbəqələrindən azad edilən rəngin təmiz təcəssümü kimi dəyərləndirilir. Əsər əvvəl böyük etirazlara səbəb olsa da, 20-ci əsrin ortalarından sonra sənət dünyasında önəmli yer qazandı. 1924-cü ildə Londondakı Tate Gallery-də nümayişə başlanan əsər, indiyə qədər yay mövsümünün ruhunu ən yaxşı ifadə edən və görmə və dərk prosesinə incəsənətdə yeni məna bəxş edən nadir tablolar sırasındadır.