Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında dahi Azərbaycan şairi və Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş “Xəmsə”dən “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin təqdimat mərasimi keçirilib.
Daha.az xəbər verir ki, “Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi və nəşri ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır.
Qeyd edək ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunur.
7 oktyabra tarixinədək davam edəcək sərgiyə giriş pulsuzdur.




