Netfliks animasiya janrında çəkilmiş “Kpop Demon Hunters” (“K-pop: Şeytan ovçuları”) filminin platforma tarixində ən çox izlənilən film olduğunu açıqlayıb.
Daha.az xəbər verir ki, iyun ayında yayımlanan film cəmi bir neçə ayda 236 milyon baxış sayı toplayaraq, daha əvvəl rekord sahibi olan 2021-ci istehsalı “Red notice” (“Qırmızı bildiriş”) komediya filmini geridə qoyub.
Sony Pictures Animation tərəfindən istehsal olunan film K-pop qız qrupunun üzvlərinin həm musiqi, həm də döyüş bacarıqlarıyla insanları şeytanlardan qoruması ətrafında cərəyan edir.
Filmin uğurunun əsas səbəblərindən biri onun rəngarəng animasiyası və Koreya mədəniyyətinin həm ənənəvi, həm də müasir elementlərini əhatə etməsidir.
Ən çox diqqət çəkən isə filmdə səsləndirilən K-pop mahnıları olub. Filmdəki “Golden” adlı mahnı bu ayın əvvəlində “Billboard Hot 100” siyahısında birinci yerə yüksəlib. “Your Idol” adlı digər mahnı da ABŞ Spotify siyahısına liderlik edib. Bu iki mahnını ifa edən uydurma qruplar – Huntr/x və Saja Boys, real K-pop ulduzları BTS və Blackpinki belə geridə qoyaraq Spotify tarixində ən yüksək reytinqli K-pop qrupları olublar. Filmin musiqiləri üzərində BTS və Twice kimi qruplarla işləmiş tanınmış prodüser və bəstəkarlar çalışıb.




