Nəsimi festivalının bağlanış mərasimi – Bakıda

Üçüncü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı iştirakçıları orta əsr Azərbaycan memarlığının mоnumеntаl dеkоrаtiv sənətinin möhtəşəm nümunəsi sayılan Şirvanşahlar Sarayı Kompleksində Bakuvi məqbərəsinin qarşısına toplaşıb.

Daha.az xəbər verir ki, İçərişəhərin tarixi abidəsi önündə Nəsiminin “Məst” qəsidəsi əsasında qoyulmuş “Məst-i Dərviş” tamaşası təqdim edilib. Səhnə əsərinin ssenari müəllifi İlqar Fəhmidir. İçərişəhərin qədim divarları və küçələri Nəsiminin qəzəllərinə qərq olub. Həmin qəzəllər Nəsimi yaradıcılığına xas olan insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi fikrini vurğulayıb. Tamaşanın rejissoru Bəhruz Vaqifoğlu jurnalistlərə açıqlamasında deyib: “Əsəri ritual-performans adlandırmaq daha doğru olar. Cəmi iki həftə ərzində tamaşanı səhnəyə gətirdik. İstərdim ki, belə tədbirlərin sayı artsın, çünki xalqımız bu ruhdan qidalanacaq”.

Daha sonra “Eşq-i nur” layihəsi təqdim edilib. Əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın mentorluğu, həmçinin müasir Azərbaycan rəssamları və kuratorlarının iştirakı ilə hazırlanan layihə Nəsiminin poeziyası və fəlsəfəsini çağdaş incəsənətin çoxqatlı ifadə imkanları vasitəsilə yeni estetik müstəvilərə daşımağı hədəfləyib.

Sərgi insan varlığının ən dərin qatlarını əks etdirən anlayışlardan üç ideyanı eşq, işıq və işarə ətrafında qurulmuş metafizik səfərdir. Sərgidə təsviri incəsənət əsərləri, canlı ekspozisiyalar, monitorda nümayiş olunan ideyalar var. Məqsəd eşqi yalnız romantik və ya emosional bir hal deyil, əksinə, mövcudluğun əsasında duran bir mənəvi çağırış, ilahi cazibə kimi təqdim etməkdir.

Nümayiş olunan layihələrdən biri də Lenay Seyidəlizadənin “Sözün soyundurulması” adlı təqdimatı olub. Təqdimat həqiqəti bədənində daşıyan bir insan haqqındadır. Dərisi soyulur, amma sözü qalır.

Daha sonra Nəzrin Məmmədova Nəsiminin qəzəllərinin muğamla, elektron musiqi ilə sintezini təqdim edib.

Nəsimi Festivalının bağlanışı “Atəşgah Məbədi” Tarixi-memarlıq qoruğunda “Savalan” qrupunun ifasında Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə ilə yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR