Mədəni bazar: Satıcı Sİ, alıcı yazıçı

Daha.az Rəvan Cavidin “Mədəni bazar: Satıcı Sİ, alıcı yazıçı” yazısını təqdim edir.

İndustriya 4.0 dövrü texnoloji yeniliklərin və rəqəmsallaşmanın həyatın bütün sahələrinə nüfuz etdiyi bir mərhələdir. Bu dövr yalnız sənaye istehsalını deyil, eyni zamanda sosial münasibətləri, insan psixologiyasını və mədəni sahələri, xüsusilə də, ədəbiyyatı ciddi şəkildə təsirləndirmişdir.

Rəqəmsal transformasiyanın ən mühüm elementlərindən biri olan süni intellekt (Sİ) artıq yalnız texnoloji alət deyil, həm də yaradıcılıq sahələrinə nüfuz edən bir faktor kimi çıxış edir. Bu şəraitdə ortaya çıxan suallardan biri də budur: süni intellektin ədəbiyyata və yaradıcı insan fəaliyyətinə təsiri hansı istiqamətdə inkişaf edir və bu təsirin mənfi tərəfləri nədən ibarətdir?

Ədəbiyyat — tarix boyu insanın daxili dünyasını, emosiyalarını, sosial münasibətlərini və yaşadığı dövrün ruhunu əks etdirən əsas vasitə olmuşdur. İndustriya 4.0 çağında isə bu funksiyalarla yanaşı, ədəbiyyat yeni və öncədən tanınmayan texnoloji çağırışlarla qarşı-qarşıyadır.

Belə olan halda, süni intellektin ədəbiyyata və daha geniş mənada yaradıcı düşüncəyə olan mənfi təsirlərini araşdırarkən və bu kontekstdə insan təxəyyülünün gələcəyinə dair sualları cavablandırarkən rəqəmsallaşmanın həyatımızdan çıxartdığı peşələri və ya minimum səviyyədə istehlaka və istehsala təsir edən sahələri də gözümüzdə canlandırırıq.

Ötən əsrin ortalarından kitab, sadəcə, intellektin və sosial düşüncələrin bir bazası olmaqla kifayətlənməyib, qloballaşmanın yaratdığı yeni əmtəə vasitələrindən birinə çevirildi.

Süni intellektin yaradıcılıq sahələrinə daxil olması bir tərəfdən innovativ imkanlar yaratsa da, digər tərəfdən ədəbiyyatın mahiyyətinə və funksiyasına ciddi təhdidlər formalaşdırır. Ədəbiyyat – təkcə mətnlərin yığımı deyil, həm də insan ruhunun, duyğularının və fərdi baxış bucağının məhsuludur. Bu baxımdan, süni intellektin empatiya hissindən və şəxsi təcrübədən məhrum olması onun “ədəbiyyat yaratmaq” fəaliyyətini texniki reproduksiya ilə məhdudlaşdırır.

Ədəbiyyat yazıçının həyat təcrübəsi, ictimai müşahidələri və daxili emosional zəmində formalaşır. Süni intellekt isə ancaq mövcud məlumat bazalarına əsasən işləyir. Bu, ədəbiyyatın əsas xüsusiyyəti olan orijinallığın və fərdi yaradıcılığın texnoloji sistemlər tərəfindən təqlid edilə bilməyəcəyini göstərir. Nəticədə, Sİ-nin yazdığı mətnlər, bədii dəyəri az olan və təkrarlanan strukturlara malik məhsullar şəklində meydana çıxır.

Süni intellekt tərəfindən hazırlanmış mətnlərin sürətlə artması yaradıcı insan fəaliyyətinin kommersiyalaşmasına səbəb olmuşdur. Yuxarıda qeyd etdiyim əmtəə prosesi kimi. Ədəbiyyat artıq çox vaxt oxucuların emosional ehtiyaclarını ödəmək və ya cəmiyyətə güzgü tutmaq funksiyasından uzaqlaşaraq, daha çox istehlak mədəniyyətinə xidmət edən məhsula çevrilir. Bu kontekstdə, süni intellektin yazdığı mətnlər bazara uyğunlaşdırılır, alqoritmik olaraq “oxunaqlılığı” artırılır, lakin dərin məzmun və mənəvi yük çox zaman itir.

Bunun nəticəsində yazıçılar öz əsərlərini bazarda Sİ tərəfindən yazılmış “effektiv” mətnlərlə rəqabətə girməyə məcbur qalırlar. Bu, yaradıcı fəaliyyətin kütləviləşməsi və bədii keyfiyyətin ikinci plana keçməsi kimi nəticələr doğurur. Ədəbiyyat, artıq fərdin dünyagörüşünü əks etdirmək yerinə, geniş auditoriyaya “xoş gələcək” şəkildə formalaşır – bu isə sənətin əsas funksiyalarından uzaqlaşmadır.

Süni intellektin sosial sahəyə daxil olması, xüsusilə, virtual köməkçilər və süni sosial platformalar vasitəsilə, insan-insan əlaqələrini zəiflədir, insan-robort münasibətlərini dərinləşdirir. İnsanlar artıq real münasibətlər qurmaq yerinə, texnoloji vasitələrlə emosional boşluqlarını doldurmağa çalışırlar. Bu, ədəbiyyatda da öz əksini tapır – müasir bədii əsərlərdə məhz bu səbəbdən tənhalıq, yadlaşma və mənəvi izolyasiya kimi mövzuların artması da diqqət çəkir.

Ədəbiyyat bu yeni sosial reallıqlar qarşısında ya süni sosial münasibətləri tənqid edən bir güzgüyə, ya da bu reallıqları normallaşdıran bir vasitəyə çevrilir. Hər iki halda, insan təbiətinin dərinliklərinə enmək imkanları azalır, çünki texnologiyanın təqdim etdiyi “mükəmməl” dünya real insan duyğularının və konfliktlərinin yerini almağa çalışır.

Süni intellektlə yaradılmış mətnlərdə tez-tez oxşar ifadə tərzi, təkrarlanan sintaktik quruluşlar və bənzər mövzu seçimi müşahidə olunur. Bu, ədəbiyyatda fərdiyyətçiliyin və üslubun zəifləməsinə gətirib çıxarır. Halbuki ədəbiyyatın ən önəmli dəyərlərindən biri – hər bir yazıçının özünəməxsus dilini, dünyagörüşünü və estetikasını ortaya qoymasıdır.

Əgər ədəbiyyat süni şəkildə istehsal edilirsə və oxucular bu “mətnlərə” alışırsa, gələcəkdə insan tərəfindən yazılmış orijinal əsərlər daha “çətin anlaşılan” və ya “çox emosional” hesab edilə bilər. Bu isə ədəbi irsin və dil zənginliyinin tədricən itməsi ilə nəticələnə bilər.

İndustriya 4.0 dövrünün gətirdiyi texnoloji imkanlar həyatın bir çox sahəsində inkişafı təmin etsə də, ədəbiyyat və incəsənət sahəsində ciddi etik və estetik suallar doğurur. Süni intellektin ədəbiyyat sahəsinə inteqrasiyası, bədii yaradıcılığın mahiyyətini sual altına qoyur. Bu təsir bir sıra mənfi nəticələrə – yaradıcı insan fəaliyyətinin dəyərdən düşməsi, ədəbiyyatın kommersiyalaşması, emosional səthilik və dilin standartlaşmasına səbəb olur.

Ədəbiyyat insan ruhunun və təxəyyülünün təzahürüdür və bu baxımdan texnologiya onu əvəz edə bilməz. Süni intellekt, yaradıcı fəaliyyətə yalnız köməkçi funksiyada inteqrasiya edilməli, heç bir halda onun yerini tutmamalıdır.

Əks halda texnoloji tərəqqi bəşəriyyətin mədəni və mənəvi irsini kölgədə qoya bilər. Belə bir şəraitdə ədəbiyyatın əsas missiyası – insani olanı qorumaq və gələcək nəsillərə insan təcrübəsinin dərinliyini çatdırmaq olmalıdır.

İnsan və texnologiya müharibəsində kitab bazarda bir iqtisadi dəyər olduqca mənəvi və sosial mahiyyətini itirə bilər. Bu isə insanlığın əlindəki ən böyük jokeri – şüuru yox edəcək.

OXŞAR XƏBƏRLƏR