Musiqiçilər üçün ustad dərsləri keçiriləcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə oktyabrın 18-dək bu idarələrin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil olunacaq.

Daha.az xəbər ki, dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təşkil olunan layihənin əsas məqsədi musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir.

Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, violonçel, klarnet, vokal və rəqs ixtisaslarını əhatə edəcək.

Qeyd edək ki, dərslər Bakı, Xırdalan və Sumqayıt şəhərlərində respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək.

OXŞAR XƏBƏRLƏR