Daha.az s.f.d. dosent Asəf Qənbərovun “Dünyanın dini mənzərəsi: 2010-2020” – Pyu Araşdırma Mərkəzinin hesabatı əsasında hazırladığı araşdırmanı təqdim edir.
Pew Araşdırma Mərkəzi 2025-ci ildə “Qlobal Dini Mənzərə Necə Dəyişir: 2010-dan 2020-yə” adlı genişmiqyaslı hesabat hazırlamışdır. Bu sənəd 2020-ci ildə dünya üzrə dini mənzərəni və onun 2010-cu ildən bəri keçirdiyi dəyişiklikləri hərtərəfli şəkildə təhlil edir. Hesabatda əsas diqqət yeddi əsas dini kateqoriyaya yönəldilmişdir: xristianlar, müsəlmanlar, hindular, buddistlər, yəhudilər, digər dinlərə mənsub olanlar və heç bir dini mənsubiyyəti olmayan şəxslər. Sənəd həm qlobal miqyasda, həm də regionlar üzrə dinamikaları müqayisəli şəkildə təqdim edərək, dini mənsubiyyət sahəsindəki uzunmüddətli meyilləri üzə çıxarır.
“Başqa dinlər” kateqoriyasına bəhailər, daoistlər, şintoistlər, siqhlər və müxtəlif ənənəvi yerli inancları təmsil edən kiçik dini qruplar daxildir. “Dini mənsubiyyəti olmayanlar” isə ateist, aqnostik və ya sadəcə olaraq “heç bir dinə inanmıram” cavabını verən insanları əhatə edir.
Hesabatın təhlili 2700-dən çox müxtəlif məlumat mənbəyinə, o cümlədən rəsmi siyahıyaalmalara, genişmiqyaslı demoqrafik və ümumi əhali sorğularına əsaslanır. Sorğuların əksəriyyətində iştirakçılara “Sizin dininiz nədir?” sualı ünvanlanmışdır. Araşdırma 2010 və 2020-ci illərdə əhalisi azı 100.000 nəfər olan 201 ölkə və ərazini əhatə edir ki, bu da dünya əhalisinin 99,98%-ni təşkil edir.
Dini mənsubiyyəti olmayanlar dünya əhalisinin dörddə birini (¼) təşkil edir
Dünya əhalisinin dini mənsubiyyətə görə nisbəti Qrafik-1-də təsvir edilir. Bu məlumatlara əsasən, dünya əhalisinin 28.8%-ni xristianlar, 25.6%-ni müsəlmanlar, 24.2%-ni dini olmayanlar, 14.9%-ni hindular, 4.1%-ni buddistlər, 2.2%-ni başqa dinlər, 0.2%-ni isə yəhudilər təşkil edir. Dini mənsubiyyəti olmayan kateqoriya dünyada sayına görə 3-cü böyük “inanc qrupu” və dünya əhalisinin 4/1-ni təşkil etməklə diqqəti cəlb etməkdədir.
Dini mənsubiyyəti olmayanlar haqqında, xüsusilə nəzərə çatdırmaq lazımdır ki, bu kateqoriyaya daxil olanların hamısını, heç də ateist və ya aqnostik hesab etmək olmaz. Çünki bu kateqoriya içində dini mənsubiyyəti olmadığı halda “yaradıcı” və ya “tanrı” inancına malik olan çoxsaylı insanlar vardır. Məsələn, ABD-də aparılan araşdırmada məlum olmuşdur ki, “dini olmayanlar”ın (Nones) 50%-dən çoxu “universal ruha”, və ya “insan ruhuna” inanmaqdadır.
Müsəlmanlar dünyada ən sürətli artan dini qrupdur
Qeyd etdiyimiz kimi, bu hesabat dünyanın dini mənzərəsinin dəyişmə dinamikasını öyrənməyə fokuslanır. Dünya əhalisinin dini mənsubiyyətə görə bölgüsünün 2010-dan 2020-yə olan dəyişikliyi nəzərdən keçirdikdə, xristianların 1.8% geriləyərək, 30.6%-dən 28.8%-ə düşdüyü, müsəlmanların 23,9%-dən 25.6% çoxaldığı, dini olmayanların 23.3%-dən 24.2%-ə yüksəldiyi, digər dini qruplarda isə cüzi azalmanın və ya ciddi dəyişikliyin olmadığı müşahidə olunur (baxın: Qrafik – 2).
Dinlər içərisində müsəlmanların ən sürətli artan dini qrup olduğu, müsəlmanlardan sonra ən sürətli çoxalan qrupun “dini mənsubiyyəti olmayanlar” kateqoriyasının təşkil etdiyi xüsusilə diqqəti cəlb etməkdədir.
Dini olmayanlar din dəyişdirmək və ya ənənəvi inancları tərk etmək hesabına artır
Dini qrupların artım dinamikasının say miqdarını isə aşağıdakı Qrafik – 3-də müşahidə etmək mümkündür.
Qrafik-3-də təqdim olunan məlumatlara əsasən, 2010-cu ildən etibarən müsəlmanların sayı 346.8 milyon artaraq 2 milyard sayına çatmışdır. Xristianlar 121.6 milyon, dini olmayan kateqoriya isə, müsəlmanlardan sonra, 270.1 milyon olmaqla, ən çox artım göstərən ikinci qrupu təşkil edir. Buddistlər isə sayında 18.6 milyon azalma baş verən yeganə dini qrupdur.
Müsəlmanlar ilə dini olmayanların çoxalması arasında önəmli bir fərqin olduğunu diqqətə çatdırmaq, fikrimizcə, böyük əhəmiyyətə malikdir. Belə ki, müsəlmanların sayca çoxalması, “təbii artım”, yəni əhalinin doğum əmsalında çoxalma hesabına baş verdiyi halda, dini olmayanların sayca çoxalması, əsasən, “din dəyişdirmə” (conversion) və “ənənəvi inancı tərk etmə” (switching) hesabına həyata keçməkdədir. Çünki müsəlmanlar dünya əhalisi içərisində ən yüksək doğum və nəsilvermə əmsalına malik dini qrupdur. Dini mənsubiyyəti olmayanların isə doğum əmsalı aşağıdır, beləliklə, onların dünyada çoxalmasının əsas səbəbi uşaqlıqda yetişdirildiyi dinləri tərk etmək sayəsində baş verir. Bu tendensiya xristian inanclı insanlar arasında daha geniş yayılmışdır. Xristianlar və digər dinlərdə azalma, fikrimizcə, bununla izah edilə bilər.
Azərbaycanda dinlərin inkişaf dinamikası qlobal trendlərlə uyğunluq təşkil edir
Qrafik – 4-də Pyu Araşdırma Mərkəzinin hesabatına əsaslanan, Azərbaycan əhalisinin 2020-ci ildə dini mənzərəsini görə bilərik. Bu məlumatlara görə, Azərbaycan əhalisinin 94.7%-i müsəlmanlar, 0.4%-i (400.000) xristianlar, 0.1% (10.000-dən az), 4.8%-i isə (480.000) dini mənsubiyyəti olmayanlardan ibarətdir.
Bir daha vurğulamaq lazımdır ki, 4.8% təşkil edən dini mənsubiyyəti olmayanlar kateqoriyası, sadəcə, ateist və ya aqnostiklər deyil, həm də ilahi bir varlığa inandığı halda, dini mənsubiyyəti olmayan fərdləri də ehtiva edir. Araşdırmalar və müşahidələr göstərir ki, dini mənsubiyyəti olmadığı halda ilahi bir varlığa inananların sayı, dünyada olduğu kimi, Azərbaycanda da sürətlə çoxalmaqdadır.
Dini olmayanlar, Azərbaycanda müsəlmanlardan sonra ən böyük inanc qrupudur.
Yenə də, Pyu Araşdırma Mərkəzinin hesabatına görə, Azərbaycanda 2010-cu ildən etibarən 2020-ci ilə qədər dini mənzərənin dəyişmə dinamikasını nəzərdən keçirdiyimizdə (Qrafik – 5), ümumi əhalinin tərkibində müsəlmanların payının 2.3% azalmaqla, 97.1%-dən 94.7%-ə, xristianların payının 1.6%-dən 0.4%-ə düşdüyü, yəhudilər və digər dinlərin də cüzi azaldığı müşahidə olunur.
Dini mənsubiyyəti olmayanlar Azərbaycan əhalisi içərisində 1.1.%-dən 4.8% yüksəlməklə, ciddi artım göstərən yeganə qrupdur. Digər tərəfdən, dini mənsubiyyəti olmayanlar, artıq müsəlmanlardan sonra ikinci ən böyük kateqoriya təşkil etməkdədir. Dünyada müsəlmanların təbii artım sayəsində çoxalmasını, dini mənsubiyyəti olmayanların isə “din dəyişdirmə” hesabına çoxaldığını nəzərə aldıqda, Azərbaycanda dini dəyişmə dinamikasının qlobal trendlərlə uyğunluq təşkil etdiyi nəticəsinə gəlmək mümkündür. Bununla birlikdə, Azərbaycanda dini olmayanların sayının çoxalmasına töhfə verən “din dəyişdirmə” və ya “dini tərk etmə” prosesi xristianlar içərisində olmaqla yanaşı, müsəlman mənsubiyyətinə mənsub olmuş fərdlər arasında da geniş yayıldığı aydın olur. Fikrimizcə, ümumi əhalinin sayında müsəlmanların payının azalması prosesini, məhz, dini mənsubiyyəti olmayan kateqoriyanın çoxalması ilə izah oluna bilər.
Hesabatın yekun nəticələrindən biri də ondan ibarətdir ki, dünya əhalisinin təxminən dörddə üçü (¾) özünü hər hansı bir dinə mənsub hesab edir, dörddə biri (¼) isə dini mənsubiyyəti olmayan şəxslərdən ibarətdir. Ən sürətli artım tempinə malik dini qrup müsəlmanlar olsa da, dinsizlər kateqoriyası da din dəyişdirmə və dünyəviləşmə (sekulyarlaşma) meylləri fonunda geniş yayılmağa başlamışdır. Bu, müasir dövrdə cəmiyyətlərin dini dəyərlərə münasibətində baş verən dəyişikliklərin, xüsusilə də sekulyarizasiya tendensiyalarının bariz göstəricisidir.
Nəticə etibarilə, Azərbaycanın dini mənzərəsi dəyişməkdədir: müsəlmanlar hələ də ən böyük dini qrupu təşkil etsələr də, dini mənsubiyyəti olmayanlar artıq ikinci yeri tuturlar. Bu faktlar, ölkəmizdə dini strukturun dəyişməsi və onun qlobal dini proseslərlə uyğunluq təşkil etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
