Murakami Norveç şahzadəsi ilə görüşüb

Norveç şahzadəsi Mette-Marit və yapon yazıçısı Haruki Murakaminin Lillehammerdə keçirilən ədəbiyyat festivalında görüşü baş tutub.

Daha.az xəbər verir ki, söhbət zamanı Murakami: “Yazıçı olmağımı möcüzə sayıram”, – deyib. Şahzadənin cavabı isə zalda gülüş doğurub: “Mən də həyatımı möcüzə sayıram!”

Murakami festival çərçivəsində yazı prosesindən, yaradıcılıq üçün ilham mənbələrindən və insanın fərqli həyat yollarını ədəbiyyat vasitəsilə sınamaq imkanından danışıb.

Dünyaşöhrətli yazıçı bildirib ki, həyatda bəzi seçimlərə görə peşman ola bilərik, amma yazı prosesində istədiyimiz qədər seçim imkanımız var. O, yazdığı zaman özünü “yerin altına enirmiş” kimi hiss etdiyini, bəzən bunun qorxulu, bəzən isə gözəl olduğunu bildirib. Bir qayda olaraq, hər səhər saat 4-5-də oyanaraq 2-3 saat yazmaqla məşğul olduğunu da əlavə edib.

Qeyd edək ki, böyük marağa səbəb olan görüşün biletləri satışa çıxan kimi bir neçə dəqiqəyə satılıb.

Şahzadə Mette-Marit ədəbiyyata böyük maraq göstərir və 2014-cü ildən “Ədəbiyyat qatarı” təşəbbüsü ilə Norveçi dolaşaraq kitabsevərlərlə görüşür. Onun əsas şüarı belədir: “Hər kəs üçün uyğun bir kitab var.”

OXŞAR XƏBƏRLƏR