“Müqəddəs mətnlər erotikdir…” – Bön Çul Xan

Daha.az Bön Çul Xanın “Gözəli xilas etmək” kitabının növbəti fəslini təqdim edir.

ƏVVƏLİ BURADA

Kantın subyekti həmişə öz-özlüyündə qalır. Heç vaxt özünü itirməz, heç vaxt özündən kənara çıxmaz. Avtoerotik batinilik subyekti başqasının və ya kənarın hər pozuntusuna qarşı qoruyur. Subyekti  sarsıtmır. Təbiətin əzəməti qarşısında Adorno özlüyündə tamamilə başqasının fərqində olan başqa bir ruh axtarır. Əzəmətli olan subyekti öz zindanından azad edir: “Təbiət qarşısında ruh Kantın istədiyi kimi öz üstünlüyündən çox, öz təbiiliyinin fərqinə olur. Bu məqamda subyekti əzəmətli olanın hüzurunda ağlamağa göndərir. Təbiəti anmaq onun özünü yerləşdirməsinin inadını aradan qaldırır: “Göz yaşları fışqırır, yer üzü yenidən mənə sahib olur!”

Burada “Mən” öz içindəki ruhani həbsindən bayıra çıxır. Göz yaşları “subyektin təbiət üzərindəki sözlərini/ sehrini” yox edir”. Ağlayarkən subyekt özündən kənara çıxır. Adornoya görə, həqiqi estetik təcrübə subyektin özünün Fərqinə varmaq həzzi deyil, subyektin sarsılması və ya özünün sonlu olduğunu dərk etməsidir. “Kəskin bir şəkildə adi təcrübə anlayışına zidd olan sarsıntı “Mən”in (Ich) xüsusi məmnunluğu deyil, həzz almağa bənzəmir.

Daha çox “mən”in yox olduğunun bildirişidir, bu şəkildə sarsılan “mən” öz hüdudlarından və sonluluğundan xəbərdar olur”.

“Təbiət gözəli” dərhal qiymətləndirilən bir şey deyil. Gözəl olan mənzərəyə bənzəməz: “Mənzərə üçün “necə də gözəldir” sözü sükutu pozur və mənzərənin gözəlliyini azaldır; görünən (erscheinen) təbiət sükut tələb edir…”. İnsan təbiətə nə qədər çox baxırsa, [əksinə] o qədər az gözəlliyinin fərqinə varar, əgər özü də bilmədən fərqində olmayıbsa”. Təbii gözəllik kor, şüursuz qavranır. “Hələ var olmamış şeyin şifrəsi” olaraq, “hərfi mənada orada olandan daha çox görünəcək olana” işarə edir.

Adorno “var olanları qavramağa çalışaraq hələ var olmayanın insanı yaralamasından” qaynaqlanan “təbii gözəlliyin utancından” bəhs edir. Təbiətin nəcibliyi “hələ var olmayıb; bu ifadə ilə qəsdən insanlaşdırma dəf edilir”. Hər hansı bir istifadə rədd edilir. Buna görə də təbii gözəllik istehlakdan və “ünsiyyətdən” qaçır ki, bu da yalnız “ruhun faydalılığa uyğunlaşmasına” gətirib çıxararaq ruhun əmtəələşməsini təmin edir”.

Avtoerotikin həmişə sahib olduğu həqiqi həzz təbiətin gözəlliyində  qapalıdır. Yalnız əzab üçün əlçatandır. Əzab subyekti avtoerotik batiniliyindən ayırır. Əzab  tamamilə başqasının özünü elan etdiyi boşluqdur: “Gözəllik qarşısında əzab, təbiətin təcrübəsində ən canlı yerdir. Gözəlliyin vəd etdiyi şeyə olan həsrət qədərdir”. Təbii gözəlliyə duyulan həsrət fərqli bir həsrət tərzinə, tamamilə fərqli şiddətə yol açmayan bir həyat formasına həsrətdir.

Təbiətin gözəlliyi rəqəmsal gözəlliyin əksidir. Rəqəmsal gözəllikdə özgənin neqativliyi tamamilə aradan qaldırılır. Buna görə də tamamilə hamardır. Rəqəmsal gözəllikdə çatlar, boşluqlar olmamalıdır. Onun əlaməti neqativlikdən təmizlənmiş həzzdir, yəni məni “bəyən”dir. Rəqəmsal gözəllik özündə heç bir özgəliyə və ya başqalığa icazə verməyən eyniliyin hamar məkanını yaradır. Hər hansı zahirilikdən məhrum olan mütləq məzmunu onun görünmə  üsuludur. Təbiəti belə özünə bir pəncərəyə çevirir. Varlığın tam rəqəmsallaşması ilə insanın yalnız özü ilə qarşılaşa biləcəyi tam humanistləşdirmə, mütləq subyektivləşdirmə əldə edilir.

Təbii gözəlliyin zamanla bağlılığı hələ mövcud olmamasıdır. O, gələcək olanın utopik üfüqündən çıxır. Rəqəmsal gözəlliyin zamana bağlılığı isə, əksinə, gələcəyi və hətta tarixi olmayan, vasitəsiz bir indidir. Yalnız indidə mövcuddur. Təbiətin gözəlliyi uzaqlıqda var olur. “Özünü ən yaxın yaxınlıq anında gizləyir.” “Auralı uzaqlığı onu hər cür istehlakdan qoruyur. “Onun aşkarlığa zidd olan gizliliyi təbii gözəlliyi qeyri-müəyyən edir və bununla da musiqiylə birləşir…

Musiqidə olduğu kimi, təbiətdəki gözəllik də onu tutmağa çalışdığınız anda yox olur”. Təbiətin gözəlliyi sənətin gözəlliyinin əksi deyil. Daha doğrusu, sənət “özündə təbiətin gözəlliyini”, “təbiətin lal dilini” təqlid edir. Sənət bunu özündə gizlədir. Sənətin gözəlliyi “içində yalnız təbiətin danışdığı sükunətin sonrakı görüntüsü/imitasiyasıdır”.

Təbiətin gözəlliyi özünü “universal eyniliyin sehrində şeylərin qeyri-bərabər izi” kimi təsdiq edir. Rəqəmsal gözəllik fərqliliyin bütün neqativliyini aradan qaldırır. Yalnız istehlak edilə bilən, istifadə edilə bilən fərqlərə icazə verir. Özgəlik yerini çoxçeşidliliyə verir. Rəqəmsallaşmış dünya, insanın sanki öz tor qişaları (retina) ilə toxuduğu bir dünyadır. Bu insancıl dünya (narsisistik) daimi özünə baxışa səbəb olur. Şəbəkə nə qədər böyüyürsə, bu dünya da bir o qədər özünü özgədən, ətrafdan gizlədir və qoruyur.

Rəqəmsal tor qişa dünyanı bir şəkilə və nəzarət ekranına çevirir. Bu avtoerotik görmə məkanında, bu rəqəmsal interyerdə heç bir heyrət və ya maraq mümkün deyil. Burada insanlar sadəcə olaraq özlərini bəyənirlər.

 

Örtməyin estetikası

Gözəllik gizlidir. Gizlətmək gözəllik üçün vacibdir. Şəffaflıq gözəlliklə yola getməz. Şəffaf gözəllik oksimorondur, ziddiyyətlərin toqquşmasıdır. Gözəllik zəruri görünüşdür (Schein). Qeyri-şəffaflığı ehtiva edir. Qeyri-şəffaf kölgəli deməkdir. Pərdəni qaldırmaq sehri dağıdar və onu məhv edər. Deməli, gözəllik öz təbiətinə görə örtüyü qaldırlmayandır. Açıq və sehrsiz çılpaqlıq olaraq pornoqrafiya gözəlliyin əks fiqurudur. Pornoqrafiya üçün ideal yer vitrindir: “Pornoqrafik fotoqrafiyadan daha homogen bir şey yoxdur. O, həmişə sadəlövh, qəsdən və hesablanmazdır. Cilanmış bir mücəvhəri nümayiş etdirən vitrin kimi yalnız bir şeyin özünü göstərir: Cinsi əlaqəni. Hətta onu yarı gizləyən, gecikdirən və ya diqqəti yayındıran ikinci dərəcəli, uyğun olmayan motivləri yoxdur.”

Gizləmək, gecikdirmək, diqqəti yayındırmaq gözəlliyin məkan-zaman strategiyalarıdır. Yarıgizli olanın hesablanması cazibədar bir parıltı yaradır. Gözəllik görünməkdən çəkinər. Diqqəti yayındırması birbaşa təmasdan qoruyur. Bu erotizm üçün əsasdır. Pornoqrafiyada diqqəti yayındırmaq deyə bir şey yoxdur. Birbaşa mətləbə keçir. Diqqətin yayındırılması pornoqrafiyanı erotik fotoqrafiyaya çevirir: “Daha bir əks arqument: Meppltorp (amerikalı rəssam) alt paltarını yaxından çəkərək, cinsiyyət orqanlarının yaxından çəkilmiş fotoşəkillərini pornoqrafikdən erotikə çevirir: “Fotoqrafiya artıq monolit deyil, ona görə də mən parçanın tərkibi ilə maraqlanıram”. Fotoqrafiya baxışı əsas məsələnin (Sache) kənarında diqqətdən yayındırır. İkinci dərəcəli məsələni (Nebensache) əsas məsələyə çevirir və ya onu mərkəzə qoyur. Gözəllik əsas məsələnin yanında, küncdə (Nebensdchlich) baş verir. Gözəl məsələ, şey (Sache) mövcud deyil”.

Valter Benjamin üçün Hötenin poeziyası “rəngli şüşənin sındırdığı örtülü işığın düşdüyü yerdən içəri” baxmaqdır. Örtük daim Höteni “gözəllikdəki daxili sifət uğrunda mübarizə gedən yerə” çağırır. Benjamin Hötenin “Faust” əsərindən aşağıdakı sitatı gətirir:

Möhkəm tutun, hər şeydən səndə qalanı.
Buraxma bu paltarları, dartır indidən
Cinlər yapışıb ətəklərindən.
Səni yeraltına dartmaq istəyirlər, bərk yapış.
O itirdiyin tanrıça olmasa belə,
Hələ də ilahədir, bundan yararlan.

İlahi olan paltardır. Gözəllik üçün örtük vacibdir. Ona görə də gözəllik libasını və ya örtüyünü çıxara bilməz. Örtüyünün qaldırıla biməməsi  gözəlliyin zatındandır.

Gözəl olan öz örtüyündə, örtünməsində və gizlədilməsində obyektdir. Gözəl obyekt ancaq örtüyünün altında özü olaraq qala bilər. Örtünməklə “ifrat dərəcədə gözə çarpmayan” olur. Gözəl olmaq əslində örtülü olmaqdır. Buna görə də Beniamin sənət tənqidindən örtünmənin hermenevtikasını tələb edir: “Sənətin tənqidi örtüyü  qaldırmaq deyil, daha çox sənəti örtük olaraq dəqiqliklə bilmək, onu gözəlliyin həqiqi görünüşünə bir daha ucaltmaqdır. Sənəti özünü heç vaxt empatiyaya açmayan və yalnız qüsurlu bir şəkildə sadəlövh olanın həqiqi müşahidəsinə açan, sirr olaraq gözəlliyin görünüşünə ucaltmaqdır.

Əsl sənət əsəri özünü qaçılmaz bir şəkildə sirr olaraq təmsil edər və onu başqa bir şey kimi də qavramaq olmaz. Nəhayət, örtüyün vacib elementi olan bu obyekti başqa cür tanımaq olmaz”. Gözəllik nə ani empatiya ilə, nə də sadəlövh müşahidə ilə özünü bölüşür. Hər iki yanaşma örtüyü qaldırmağa və ya örtük vasitəsilə  baxmağa cəhd edər. Sirr olan gözəlin görünməsinə ancaq örtüyün  özünü bilməklə nail olmaq olar. Örtülü olanın nə olduğunu bilmək üçün əvvəlcə örtüyün özünə baxmaq lazımdır. Örtük örtülü  obyektdən daha vacibdir.

Örtmək mətni də erotikləşdirir. Avqustinə görə, Tanrı Müqəddəs Kitabını mətni arzu obyektinə çevirmək üçün qəsdən metafora və “simvolik mantiya” ilə örtüb. Metaforaların gözəl geyimi yazını erotikləşdirir. Buna görə də paltar mətnin, hətta gözəlliyin vacib elementidir. Örtmə texnikası erotik olanın hermenevtikasını yaradır. Mətnə olan arzunu ifrat səviyyəyə qaldırır və oxumağı sevgi aktına çevirir.

Tövrat da  örtmə texnikasından istifadə edir. Kitab özünü gizlədən və üzünü yalnız sevgilisinə qısa bir baxış üçün açan məşuq kimi təsvir edilmişdir. Mütaliə erotik macəraya çevrilir: “Şübhəsiz ki, Tövrat öz qılıfından çıxmağa imkan verir və bu söz bir anlıq üzə çıxır və anidən  gizlənir.

Özünü qılıfından çıxarıb anidən gizləməsi yalnız tanıdığı və dost olduğu kəslər üçündür. Tövrat saraydakı öz otağında gizlənən gözəl və xeyirxah böyüdülmü bir məşuq kimdir. Heç kimin tanımadığı bir sevgilisi var və o da gizlidir. Bu sevgili ona olan eşqindən məşuqun evinin ətrafında dolaşır və gözləri (onu görmək üçün) hər yerdə onu axtarır. Məşuq sevgilisinin onun evinin ətrafında dolaşdığını bilir. Bəs o nə edir? Gizli otağında pərdəni aralar.

Bu aradan bir anlıq üzünü sevgilisinə göstərər və qəfildən geri çəkilər”.  Tövrat “açıq və gizlidir”. O, “alleqorik sözlərin nazik pərdəsiylə”  danışır. O, sevgilisinə “ilk gündən ürəyindəki bütün sirləri və gizli yolları” deyir.

İnformasiyalar mahiyyət etibarıyla gizlənə bilməz. Əsasən şəffafdırlar. Sadəcə mövcud olmağa məhkumdurlar. Hər cür metafora, hər hər cür örtən geyimdən imtina edirlər. Birbaşa danışırlar. Məhz buna görə bilgidən fərqlənirlər, çünki bilgi sirrə geri çəkilə bilər. İnformasiya  tamamilə fərqli bir prinsipə əsaslanır. O, örtüyü qaldırmağa, son həqiqətə yönəlir. Mahiyyət etirabıyla pornoqrafikdir.

Barta görə, örtünmə erotikliyin əsas elementidir. Bədənin “ən erotik nöqtəsi” “paltarla örtülməyən boşluqda”dır, vücudun “iki paltar (şalvar və kofta), iki tərəf (yarı açıq köynək, əlcək və ya paltarın qolu) arasından parlayan hissəsindədir.” Erotika “görünən hala gəlməyin və yox olmanın səhnələnməsdir” “Çatlaqlar, qırıqlar və dəliklər erotizmi təşkil edən şeylərdir. Mətnin erotik həzzi tədricən açılmaqla ortaya çıxan “bədənin striptiz həzzindən” fərqlidir. Pornoqrafik olan da  yadda saxlanılması asan olan romandır, qəti şəkildə açılmağa, son həqiqəti görməyə cəhd edir: “Bütün həyacan cinsi əlaqəni görməyin (bütün partnyorların xəyalı) və ya hekayənin sonunu yaşamağın (romantik doyma) ümidinə sığınmaqdadır. Erotika həqiqət olmadan idarə edə bilər. Bir görüntüdür, bir örtük-hicab fenomenidir.

Açiq olmaq “başqasına əbədi gizli qalan, heç vaxt ona aid olanı  bilməyəcəyim, amma yenə də gizləndiyi örtüyün arxasından məni özünə cəlb edən şeyin” öncədən sezilməsidir.  Aşiq olma “uzaqlığın pafosu”na (mərhəmət yaratmasına), örməyin pafosuna daxildir. Hətta məhəbbətin yaxınlığı da aşiq olmaq üçün vacib olan sirli məsafəni aradan qaldırır. Pornoqrafiya son nəticədə bunu tamamilə məhv edir: “Aşiq olmaqdan sevgiyə, arzulamaqdan seksuallığa, nəhayət, sadə və bəsit pornoya, yəni bir formadan digərinə getdikcə daha az gizləməyə, daha az müəmma, açıqca ünsiyyətə, ifadə, örtüyü açmağa doğru daha çox irəliləyərsən”. Sadəcə, bədən deyil, ruh da özünü ifşa edər, örtüyünü atar. Ruhun pornoqrafiyası aşiqliyin sonudur. Həqiqətdən daha çox oyundur.

Tərcümə etdi: Aqşin Yenisey

OXŞAR XƏBƏRLƏR