Müharibə qurtardımı? – Mətanət Vahid

Daha.az Nərmin Kamalın “Müharibə qurtardı…” hekayəsi haqqında Mətanət Vahidin “Müharibə qurtardımı? – Səngərdən ədəbiyyata” yazısını təqdim edir.

Qələbədən sonra ədəbiyyat nədən və necə bəhs etməlidir? Səngəri, döyüş səhnələrini təsvir edərkən qəhrəman(lar)ı və qəhrəmanlığı tərənnüm etməli, yoxsa döyüşlər bitəndə belə, müharibəni içərisində gəzdirən insanın yaralarını nişan verməlidir?

Zəfər günü ərəfəsində əksər müəlliflər vətənpərvərlik mövzusunda yazmağı, yaxud daha öncə yazdıqlarını üzə çıxarmağı özlərinə borc bilirlər. Çoxusunun “vətən”, “qələbə”, “zəfər”, “yaşasın” deyə çığırdığı bu mətnlərin elə ilk sətirlərindəncə hay-küyündən diksinib oxunu saxlayırsan. Çünki hisslərin dərinliyinin deyil, küyün ön plana keçdiyi sözlər təsir gücünə malik olmur.

Ədəbiyyat isə düşüncəyə xidmət etməlidir; müharibə sonrası mətnlərin dəyəri yalnız zəfər coşqusunun tərənnümü ilə deyil, təcrübənin mənalandırılması, mahiyyətinin insan taleləri üzərindən şərh etməyə çalışılması ilə ölçülməlidir. Yaxşı mətn sevinc və şadlıqla bayramı qeyd edən izdihama qarışsa da, zəfər sədasının içərisində itib-batmamalıdır. Ədəbiyyat qarşıya suallar qoyub bədii həllinə yol açmalıdır: Zəfər bizimdir, bəs bu qələbə naminə itirdiyimiz nə oldu? İtkilərimizin yerini nə ilə doldururuq, indi necə yaşayırıq? Otuz ildir əsas obrazımız müharibə insanı idi, bəs indi beş ildir postmüharibə insanının obrazını yarada bilirikmi? Bu sualların emosional çəkisi, ekzistensial xarakteri qalib əsgərin\vətəndaşın içindəki müharibəni üzə çıxarır.

Qələbə yeri dolmayacaq itkilər müqabilində qazanıldığı üçün sənət onun zahiri təmtərağına uyub arxa planı gözdən qaçıranda ağrıları ilə birgə insanı unutmuş olur. (Elə isə o kimə və nəyə xidmət edir?) Ədəbiyyatın\sənətin işi isə nə döyüşə səsləməkdir, nə düşmənə nifrət aşılamaq, nə də zəfəri tərənnüm etmək; bütün bu yaşananların mərkəzindəki insanı öyrənməkdir.

Müharibə, qələbə, vətənpərvərlik mövzusunda təmtəraqlı ritorikanın üstünlük təşkil etdiyi mətnlər bolluğu fonunda Nərmin Kamalın “Müharibə qurtardı…” hekayəsi başqa tonda səslənir: burada qələbə, sadəcə, həyat faktıdır – döyüşün nəticəsidir: “Payızın axırları, gənclər döyüşdən analarının, atalarının yanına qayıdan gün Teymur da qayıdırdı, amma başqa bir davadan. Arvadıyla illərin müharibəsi, dava-dalaşı nəhayət, sona çatmışdı. Əsgərlər necə yorğun qayıdırlarsa, o da elə qayıdırdı.” Teymurun avtobusun pəncərəsindən baxmasından tutmuş, əsgərləri qarşılama mərasiminin ortasına düşməsinə qədər hər detal ön cəbhə ilə arxa cəbhə arasında paralellik yaratmağa xidmət edir. Əsas prinsipi polivalentlik olan hekayədə “müharibə” anlayışı iki fərqli qatda işlənir: dövlət düşmənlə savaşarkən Teymur da “döyüşürmüş” – illərlə davam edən ailə qavğaları, yorucu güzəran, tənələr, sevgisizliyin hökm sürdüyü münasibətlərin formalaşdırdığı “kiçik müharibə” ön cəbhədəki müharibənin bədii qarşılığına çevrilir.

Nərmin Kamal
Nərmin Kamal

Qalib əsgərləri alqışlayan “insan dənizi”nin arasına təsadüfən düşmüş protaqonistin ürəyində təkrarladığı “başa vurdum”, “qurban verdim”, “tab gətirdim”, “bəsdir” ifadələri Teymuru çoxluqdan ayırdığı kimi, həm də onlarla birləşdirərək müharibə şəraiti və əhvali-ruhiyyəsinin ondakı əks-sədası şəklində səslənir. Müəllif müharibə və qələbə mövzusunu düşmənlə sərhəddəki səngərdən çıxarıb insanın ailəsinin, məişətinin və özünün içindəki “səngər”ə gətirir. Hekayə qələbənin ancaq savaş meydanında qazanılmadığını, bəzən bir evdən çıxmağın, bir münasibətə son qoymağın da müharibədən dönmək qədər çətin bir zəfər olduğunu göstərir – ikisindən də yaralı qayıdırsan: ikincidən isə yalnız qəlbin, ruhun yaralı.

Hekayənin vizual rakursu sürətlə kadrdan-kadra keçir, müəllif/rejissor kamerası hər səhnədə fokusunu yeniləyir: “Bayraqlar və gül dəstələriylə əsgərləri qarşılamağa çıxan məktəb uşaqlarından ikisi, qulaqları fincan qulplarına bənzəyən balaca oğlanla qız Teymuru da əsgər sanıb qucağına gül dəstəsi və bayraq verdi. Uşaqlar çox da haqsız deyildilər. Teymur da bu əsgərlər kimi cavandı, onun da kürəyində bez çanta vardı, çantasında pal-paltarı. Hər şeyini yığıb çıxmışdı. Bircə paltosu qalmışdı, onu da dərhal aşağıdan qızını eyvana səsləyib dedi:

“Ata qurban, paltom qaldı.”
“Ana, paltosu qaldı.”

Elə bil uşaq deyil, heç atasının dalınca ağlamadı, uşaqlar kimi “Getmə, ata, atacan!” çığırıb özünü yerə atmadı, “Ana, qoyma getsin, siz ayrılsanız, evdən qaçaram, özümü öldürərəm” deyib yalandan da olsa hədə-qorxu gəlmədi. Dayça kimi sakitcə durdu bir kənarda, atasının ilxıdan ayrılmasına at gözləriylə tamaşa etdi. Teymur gözlədi, paltosu eyvandan qara qağayı kimi uça-uça gəlib yerə qondu. Bununla da döyüş meydanında heç nəyi qalmadı. Heç bir şeyi. Bu əsgərlər kimi diş fırçası da kürəyindəki çantadaydı.”

Bu sürətli fokus dəyişmələri hekayə boyunca vizual ritm yaratmaqla mənəvi kontrastı dərinləşdirir. Müəllif rakursu küçə, avtobus, izdiham, evin dəhlizi, balaca otaq kimi məkanlara yönəltməklə müharibə və qələbənin kollektiv mənzərəsini fərdin təkbaşına təcrübəsinə bağlayır. Səngərdəki müharibə bitib və qələbə sevindirir, bayramla qeyd edilir; Teymurun müharibəsinin bitməsi isə onun içərisində yeni bir cəbhə açır – bu vaxta kimi ailəsinin içində, həyat yoldaşı və övladı ilə birgə yaşadığı tənhalığı indi anasının onun üçün ayırdığı xudmani otaqda, bacılarının qınaqlarına qulaq qapayaraq yaşayacaq. Zəfər izdihamın sevinci qədər gurultulu, təkliyə çəkiləndə isə təkadamlıq otaq boşluğu qədər səssizdir. Ədəbiyyatın vəzifəsi həmin o “otağın içini” yazmaq, qaynayan izdihamın fərdlərinin ruhunu duymaq və duyurmaqdır.

Azər Turan “İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Ən əvvəl də İsmayıl bəy Qaspıralının…” sərlövhəli yazısını belə bir cümlə ilə başlayır: “Qarabağdakı Zəfərimizin beşinci, Türkoloji Qurultayın 100-cü ildönümü ərəfəsində, Milli Elmlər Akademiyamızın 80-ci yubiley törənində Prezident İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Onlar nə demişdilərsə, nəyi arzulamışdılarsa, nəyin uğrunda vuruşmuşdularsa, İlham Əliyev hamısını etdi. İndi isə söz Azərbaycan elminindir…” Azər bəyin bu fikrinə bir əlavəm də var: indi söz həm də ədəbiyyatındır.

Pafos və emosiyalara qapılmadan, populizm və sentimentallığa yuvarlanmadan, eyni zamanda, mətni tamamən publisistik notlara kökləmədən, bədii məkanından qoparıb köşə yazısına çevirmədən müharibəni və müharibə insanını yaza bilən əsərlər nə qədərdir?! Axı məsələ yalnız döyüşçünün səngərdə torpağa verib gəldiyi ayağının sızıltısından yazmaq deyil, həm də və daha çox necə yazmaqdır. Əlbəttə, var yaxşı mətnlər, amma ədəbiyyatlaşa bilməyən iddiası özündən böyük mətnlər bolluğunda onlar azlıqda qalır.

Bəs müharibə, qələbə mətni necə olmalıdır, hansı suallara cavab variantları kimi formalaşmalıdır: Səngərdə silahlar od yağdıranda özünü, yoldaşlarını və torpağını qoruyan, düşmənə qan udduran döyüşçü nə hiss edir? – Axı o da balasına sevgi ilə sarılmağa həsrət bir ananın bağrına sıxılmağa möhtac övladdır, bu da. Müharibə bitdi, silahlar susdu, ana fəryadları səngidi; bəs atasız qalan övladların gözləri yollardan yığıldımı? Anaların boş qalan qucağı təskinlik tapdımı? Az öncə birlikdə papiros çəkib “müharibə qurtarsın, qayıdan kimi…” deyə heç vaxt gəlməyəcək gələcəyin birgə xəyallarını qurduğu döyüş yoldaşının gözlərini son dəfə qapayan keçmiş döyüşçü indi nə hiss edir, hansı yuxuları görür, xəyalları necədir?.. Ədəbiyyat bunları da bədiiləşdirə bilməlidir; müharibə qurtarsa da, savaşların bitmədiyini, sadəcə, formasını dəyişdiyini göstərməlidir.

Nərmin Kamalın “Müharibə qurtardı…” hekayəsi ənənəvi “qələbə ədəbiyyatı” anlayışının özünəməxsus variantını təqdim etməklə oxucunu nə zəfər sevincinə şərik etmək məqsədi güdür, nə də Teymurun ailə dramının üzüntüsünə. Hekayə “müharibələr”i paralel proses kimi təqdim etməklə, bir növ, “döyüş bitəndə həyat başlayır” qəlibini dağıdır. “Müharibə qurtardı…” deməklə müəllif qələbə narrativini qapatmır, əksinə, yeni bir mərhələ açır – burada sınağa çəkilən yenə də sevgi, sədaqət və məsuliyyət hissidir, amma şəxsi münasibətlər müstəvisində. Ədəbiyyat bu mərhələni yazanda müharibənin nəticəsini deyil, mahiyyətini göstərmiş olur; savaşlar bitsə də, səngərlərin qaldığına vurğu edir. Belədə isə sual verməli oluruq: müharibə, doğrudan da, qurtardımı?!

OXŞAR XƏBƏRLƏR