Daha.az ədəbiyyatşünas Sərvanə Dağtumasın “Müasir poeziyamızda nağıl transformasiyaları: Eminquey Akifin “Köhnə darıxmaqdı bu”, Günel Şamilqızının “Məlikməmmədə” və Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirlərində gerçəklik və fantaziyanın kəsişməsi” essesini təqdim edir.
Romanların əsasında filmlər çəkilir, filmlərin əsasında romanlar yazılır. Hətta bədii əsərlərə musiqilər də bəstələnir. Məsələn, yazıçı, ifaçı Qaraqan (Elxan Zeynallı) Frans Kafkanın “Çevrilmə” (“Metamarfoza”) romanına musiqi həsr edib. Həmçinin, müəllifi olduğu “Mələk”, Hitlerin “Mənim mübarizəm”, Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” (“Esmeralda”) romanlarına da ifalar həsr edib. Bəs nağıla yazılan şeirlər? Bəstələnən musiqilər necə?
Nağıllardan təsirlənərək yazılan bədii nümunələr az deyil. Hətta nağıl personajlarına musiqilər də bəstələnir. Məsələn, Qaraqan “Mərcan ağacı” ifasında nağıl motivlərinə müraciət edir. İfada “Məlikməmməd” nağılının qəhrəmanı olan Məlikməmməd introspektiv səyahətə hazırlıq və mənəvi aləmə keçidi təmsil edir. Qaraqanın “Mərcan ağacı” ifası ümumilikdə milli-mədəni yaddaş, nağıl qəhrəmanları, tarixi, mifoloji obrazlar və ədəbi qəhrəmanların bədii sintezidir. Mərcan ağacı həyat verir, diridir, onun budaqları, yarpaqları var və (ifada) biri nağıl, digəri tarix, biri ədəbiyyat, digəri mifologiyadır. Bu ağac müəllifin (dinləyicinin) daxilində yetişib, suladıqca böyüyür. Beləliklə, “Mərcan ağacı” ifası müəllifin (dinləyicinin) çoxqatlı daxili aləminin poetik kompozisiyasıdır. “Mərcan ağacı”nın budaqlarından biri olan nağıl motivlərinə məqalədə fərqli pəncərə açılacaq.
Müasir dövr ədəbiyyatımızda gənc müəlliflərin nağıl motivləri əsasında şeir nümunələri yaratması ədəbi hadisə və yenilikdir. Tədqiqat zamanı əsas diqqət gənc şairlərimiz Eminquey Akif, Günel Şamilqızı və Qismət Rüstəmin yaradıcılığına yönəlib.
Giriş
Nağıl janrı yalnız uşaqlıq xatirələrinin hissəsi olmaqla yanaşı, mədəniyyətin, qorxuların və arzuların poetik şifrəsidir. Nağıl janrı insan təxəyyülünün arxaik qatlarını, fərdin daxili aləmini, bəşəriyyətin kollektiv dünyagörüşünü və ənənəvi dəyərlər sistemini özündə birləşdirir. Nağıllar bizə fərdiləşmək, müstəqil şəxsiyyət kimi formalaşmaq və kamilləşməyin necə baş verə biləcəyini göstərən janrdır. Sual yaranır ki, nağıllar kimə yazılıb? Uşaqlara, yoxsa böyüklərə? “Çocukken hayran olduğumuz bu dünyanın var olmadığını bilsek de bu dünyanın hep bir parçası olmak ya da en sevdiğimiz karakterler gibi olmak isteriz”. [10, s.757].
Nağıllarda qarşılaşdığımız hər qəhrəman psixikanın strukturunu təmsil edir. Psixiatr Ziqmund Freyd “Nağıl materialının yuxularda baş verməsi” (1913) məqaləsində qeyd edir ki, nağıllar uşaqların psixi həyatında əhəmiyyətlidir. O, nağılları yuxu ilə müqayisə edir və nağılların da yuxular kimi basdırılmış duyğuların üzə çıxarılmasında, həqiqi arzuların, fantaziyaların, (“id”) həyata keçirilməsində rol oynadığını vurğulayır. “Freud’un halk masallarına yönelik araştırmasının önemi, rüyaların, çocuğun hayal gücünün ve arkaik insan ırkları arasındaki temel bir yakınlığın keşfinden kaynaklanır”. [10, s.759].
Psixoloq Karl Qustav Yunqa görə, nağıllar kollektiv şüursuzluqda yer alan arxetiplərin əksidir və şəxsin daxili potensialının kəşfini, öz kölgəsi ilə üzləşməsi, kamilliyə çatmasını ifadə edir. Nağıllardakı qəddar cadugər, ögey ana, qurd, qəhrəman ana, müdrik qoca, əjdaha bu arxetipin simvollarıdır. Arxetipik fiqurlar və hadisələr insan ruhunun bəşəri həqiqətlərini ifadə edir. Bir qəhrəmanın meşəyə girib təhlükələrlə üzləşməsi, savaşması əslində onun şüuraltında basdırdığı arzularına, ifadə edə bilmədiyi hisslərinə işarədir. İnsan qaranlıq tərəfləri ilə hesablaşır, mənəvi transformasiya mərhələsinə çatır. Nağıllar toplumun kollektiv şüursuzluğunu ifadə edir. Buradakı ünsürlər adətən, cəmiyyətin basdırdığı aqressiya və tabulaşdırılmış cinsəllik kimi impulslardır. Şüuraltı hissə qaranlıq və qeyri-müəyyən mühitləri sevir. Biz basdırdığımız istəklərlə üzləşmək istəmirik. Yalnız qalanda isə üzləşmək ehtimalımız artır. Tək qalmaq (qəbiləndən ayrı düşmək), və qaranlığın (yırtıcılara yem olmaq) pis bir şey olması beynimizdə öncədən kodlanıb. “Jung, bu imgelerin, temel zihinsel yapının bir ifadesi olduğu kanaatindedir. Ona göre bunlar bilinçsizce hareket ederek, ruhun ruhsal ve içgüdüsel işlevlerini harekete geçirmektedir. Jung bu imgelerin dayandığı güçleri arketipler olarak tanımlar. Arketip kendi içinde belirsizdir, dolayısıyla belirli bir mitolojik imgeyle özdeş değildir. Aksine, imgeler, temel arketipin tek bir tasarımını temsil eder. Masal, arketipi nispeten saf bir biçimde gösterir ve soyut bir biçimde insan ruhunun yasalarını netleştirir”. [10, s.759].
XIX əsrin sonu – XX əsrin əvvəllərində nağıl janrı alman ədəbiyyatında artıq uşaq dünyasının məzmunundan çıxaraq psixoloji və metaforik anlamlar kəsb etməyə başlayır, XX əsrdə folklorşünas Vladimir Proppun “Nağılların morfologiyası” (1928) əsəri ilə nağılın sabit funksiya və bölgüləri (31 funksiya, 7 bölgü) müəyyən olunmuş, nağılların struktur elementləri təsnif edilmişdir. Onun fikrincə, nağıl ünsiyyət vasitəsidir və bütün nağılları variasiya prosesi kimi qiymətləndirmək olar: “Soruna ancak iki açıdan bakılabilir: Ya her dönüşüm yeni bir konu yaratmaktadır ya da bütün masalların, çeşitli değişkeleri altında bir tek konusu vardır. Gerçekte bu iki yaklaşım da aynı şeyi açıklar: Bütün olağanüstü masalları bir değişkeler süreci olarak ele almak gerekir”. [16, s.114].

Digər folklorşünaslar – Jan-Mişel Adam nağılı kodların deşifrə edilmə vasitəsi kimi qəbul edir. E. M. Meletinskinin fikrincə, nağıllar mədəni ünsiyyətin məhsuludur, hər hansı bir xalqın dəyər və düşüncələri haqqında müəyyən təsəvvürlər yaradır. Bu cür yanaşmalar nağılları təhlil etməyə və onların dünyasını daha yaxşı anlamağa imkan verir.
Nağıl zamanla yazılı ədəbiyyatın ruhuna nüfuz edərək, fərqli estetik parametrlərlə transformasiya olunur. Postmodern ədəbiyyatda nağıla məxsus ənənəvi sabitlik pozulur, nağıl janrı transformasiya olunur, yeni mənalarla yüklənir. Linda Hutcheonun “Postmodernizmin poetikası: tarix, nəzəriyyə, fantastika” (1990) kitabında intertekstuallıq və mətnlərarası oyunlar kontekstində nağıl və mif kimi ilkin janrların müasir mətnlərdə parodiya, dekonstruksiya və ya ironik yanaşma ilə işlənməsini ədəbi yenilənmə aktı kimi dəyərləndirir. Folklorşünas Jack Zipes “Qarşısıalınmaz nağıl: bir janrın mədəni və sosial tarixi” (2012) əsərində nağılın transformasiyasından bəhs olunur.
Nağıl transformasiyası nağılların zaman keçdikcə məzmun, forma və kontekst baxımından çevrilişini ifadə edir. Buna səbəb odur ki, folklor nümunələri hər yeni dövrün sosial, mədəni və ideoloji tələblərinə uyğunlaşdırılır.Transformasiya nağıllarda özünü necə göstərir? Nağılların süjeti, bədii məzmunu, sosial mesajlar yenidən qurulur, personajların və hadisələrin arxasında gizlədilən hadisələr, detallar simvollaşdırılır. Nağıllar rəqəmsal dünya ilə ayaqlaşır, kino və animasiyalar formasında təqdim edilir. Bu janr bəşəriyyətin kollektiv yaddaşında formalaşan ən qədim bədii nümunələrdən biridir, feminist, psixoanalitik və ya ekoloji perspektivdən interpretasiya olunur. Nağılların transformasiyalarında bədii mətn yenidən şərh edilir, nağıllar semantik və funksional baxımdan yeni məna yükünə çevrilir.
Nağıllar hər oxunuşda yenidən doğulur, canlanır, nağıl personajının keçdiyi yol insanın mənəvi transformasiyasının metaforasıdır. Personajlar həm fiziki, həm də metafizik dəyişimlərdən keçərək, mənəvi kamilliyə çatmağa çalışırlar. Fərqli coğrafiyalara və mədəni kodlara mənsub nağıllarda transformasiyanın müxtəlif formalarına rast gələ bilərik. Məsələn:
“Göyçək Fatma” nağılında (Azərbaycan nağılı) qəhrəmanın yetkinliyi, özünüdərki və ruhani transformasiyasını müşahidə edirik. Nağıldakı işlənən simvollar arxaik qatlara malikdir. Burada üç qadın obrazı matriarxal üçlüyü simvollaşdırır. Qız, ana və nənə yunan mifologiyasında Hekate tanrısının üç surətidir. Qız hələ menstruasiya dönəmində deyil, ögey ana bu dönəmdədir və reproduktivdir, qəhrəmanın “kölgə” arxetipidir, qarı isə artıq menopauza (klimaks) dövründədir, müdrik qoca arxetipidir, kosmik balansı qoruyur. (“Alt dodağı yer süpürür, üst dodağı göy”) Padşahın oğlu xilaskardır, “ata” arxetipidir, inək ana ruhunu təmsil edən qoruyucu qəhrəmandır, sümük ruhun evidir, yeni həyatdır, qızın suda yuyunması daxili gözəlliyinin xaricə əks olunmasıdır, su tərkibcə eyni sudur, sadəcə yuyuna şəxsə görə dəyişir, insanın daxilini zahirində əks etdirir, (transformasiya mərasimi) qarının verdiyi suallar qızın xarakterini sınaqdan keçirmək üçündür.
“Qırmızı papaqlı qız” nağılında da (alman nağılı) üç qadın obrazı (matriarxal üçlük) mövcuddur. Qız hələ menstrual mərhələdə deyil, ana bu dönəmdədir və reproduktivdir, nənə isə artıq menopauza (klimaks) dövründədir. Meşə reproduktiv qadın bədəninin simvoludur. Dərin meşə mistik və qoruyucu ana bətninə işarədir, qızın meşədən keçib nənəsinin yanına getməsi yetkinlik (inisiasiya) və menstrual mərhələyə keçid (qızın əlindəki bir küp qırmızı şərab və qırmızı papağı menstruasiyanın simvoludur) dövrünü göstərir. Qurd isə qadın bədəninə yönəlmiş təhlükə (kölgə arxetipi) və insan-təbiət harmoniyasının pozulmasına işarədir. Qızı xilas edən ovçu “ata arxetipi” dir. “Qırmızı papaqlı qız” nağılı menstruasiya mərhələsinə girmiş, qızlıq dönəmindən qadınlıq dönəminə keçid edən gənc bir qızın yetkinləşməsini (inisiasiya) ifadə edir və qızın namusunu-bəkarət pərdəsini qoruması, (ana qızına tövsiyə edir ki, yolu tərk etmə, yolunu azma, yoxsa yıxılıb stəkanı sındıra bilərsən, yəni “bəkarətin pozular”) əks halda başına nələr gələ biləcəyi əks olunur. Ananın qızına verdiyi tövsiyə nağılın əsas ideyasına xidmət edir. “Qırmızı papaqlı qız” nağılında qəhrəmanın bioloji, psixoloji və mənəvi transformasiyası təsvir olunub. [13].
“Qırmızı papaqlı qız” nağılı ilə bağlı bir çox versiyalar mövcuddur. Ən populyar versiyasını az öncə qeyd etdik. Həmin versiya XIX əsrdə yazılıb və Qrimm qardaşlarına məxsusdur. Onlar nağılı sıfırdan kəşf etməyiblər, əvvəlki versiyalardan bəhrələnərək belə bir hekayə ortaya qoyublar.
Nağılın başqa bir versiyasında qurd sonda qızı yeyir, hətta bu versiyada narahatedici cinsəl istismar motivləri də işlənib. Versiyaların birində isə qurd qızı yeməzdən əvvəl şam yeməyinə dəvət edir (La Finta Nonna – saxta nənə) və ilk öncə qıza nənəsinin ətini yedizdirir, qanını içizdirir, sonda isə qız canını qaçmaqla xilas olur. Diqqət etsək, nağılla bağlı bir çox versiyalar travmatik xarakter daşıyır və üstəlik bu nağıllar uşaq ədəbiyyatının bir parçasına çevrilib. Halbuki, bu kateqoriyaya daxil edilmiş nağılların uşaqlarla bir əlaqəsi yoxdur, bəlkə də bu nağıllar heç vaxt uşaqlar üçnn yazılmayıb. [12].
“Qırmızı papaqlı qız” nağılına illər sonra fransız yazıçısı Çarlz Perrault dəyişikliklər edir, qıza qırmızı papaq geyindirir, gözəl qız olduğunu vurğulayır. Qırmızı rəng nağılda təhlükə, arzu, günahsızlıq itkisi və cinsəllik anlayışlarını ifadə edir. Perrault da öz versiyasında bu mövzulara diqqət çəkir. Yazıçının verdiyi mesaj budur ki, gənc qızlar yadlarla danışmasın, əks halda qurdun axşam yeməyi olarlar. Burada xristianlığın təsiri də aydın şəkildə duyulur. Xristianlıqda Allah çoban, ona inananlar isə qoyunlardır. Qoyun xristianlıqda Allahın yolundan gedən insanları təmsil edir, qoyun da qurddan qorxur və qurd insanın Tanrıdan uzaqlaşması və şeytana yaxınlaşmasının rəmzidir. Digər versiyalarda qız qurddan xilas olmağı bacarır, ancaq o qurd hardasa qurban axtarışındadır, ovçuluğa davam edir. Qrimm qardaşları isə nağılda qurdu “öldürürlər”. Bir şeyi bilməliyik ki, qurddan qurtulmaq kifayət etmir, hekayənin tamamlanması üçün o “qurd”la üzləşməyimiz mütləqdir. [12].
“Məlikməmməd” nağılında da (Azərbaycan nağılı) şifrələri, simvolları, qəhrəmanın mistik və mənəvi transformasiyasını görürük. Məsələn, alma ilk cazibə nöqtəsi hesab edilir, Adəmlə Həvvanın hekayəsini (ilk günah) xatırladır. Qəhrəman divlə, yəni öz “kölgəsi” ilə (“kölgə” arxetipi) vuruşur, ağ qoça minmək istəsə də qoç onu qara qoçun belinə atır, çünki qəhrəman hələ ruhani mərhələyə çata bilməyib, kamilləşməyib, müdrikliyə, özünüdərkə çata bilməsi üçün qaranlıq dünyadan keçməlidir. Sanki üç qardaş elə eyni adamdır, (“kölgə” arxetipi) üç burada fikrimizcə, nəfs, hiss və ağıla işarədir. İnsanın kölgəsi onun düşməni olmaqla bərabər kontrol olunması vacib hesab edilən gücdür. (üç qardaş-üç qız-üç div) Məlikməmmədin quyuya girərkən yanması Məhəmməd peyğəmbərin meracını – Allaha yaxınlaşmağı bizə xatırladır, quyu metafizik keçid, sakral və profan dünyanın sərhədidir. Qəhrəmanın sonda qardaşlarını öldürməsi Habil-Qabil hekayəsini bizə xatırladır. (ilk paxıllıq, ilk cinayət) Zümrüd quşu, yəni insanın ruhani oyanışı, kamilləşməsi qaranlıq dünyada – öz “kölgəsi”ndədir. Məlikməmmədin aşiq olduğu qız onun “anima”sıdır. (tamamlanma hissi) Məlikməmməd öz “quyusuna” düşməmiş, öz qorxularını və kölgəsini tanımamış inkişaf edə bilməzdi.
“Hansel və Qretel” nağılında da (alman nağılı) matriarxal üçləməni görürük: ögey ana, (menstruasiya dönəmində olan reproduktiv qadın, “kölgə” arxetipi) Qretel (menstruasiya dönəmində olmayan qız) və cadugər qoca (menopauza dövründə olan yaşlı qadın, “kölgə” arxetipi) Yaşlı nənə evini çörək, tort və konfetdən düzəldir, bunu da boşuna etmir, uşaqları bu şəkildə tələyə salır, çünki bir məqsədi var – onları yemək. (uşaqlıqdan yetkinlik – inisiasiya mərhələsinə keçid) Uşaqlar da tortu, konfeti yeyirlər. (cinsəlliklə tanış olurlar) Qretelin yetkin olması bu üç qadının doğum və ölümü ilə təmsil olunur. Bu da zəncirvari prosesdir. Hanselin yetkinləşməsi fallik çağırışın simvoludur. (cinsi yetkinlik dövrü) Cadugər onu yemək üçün dar qəfəsdə kökəlməsini, böyüməsini gözləyir. (cinsi həyatın başlaması üçün yetkinləşməlidir) Bunun üçün Hanselin barmağını hər gün kontrol edir. (barmaq və Freydə görə, dar qəfəs cinsi anlamda simvolikdir) Patriarxal qadın qorxusu Qaradul fantaziyasında da özünü göstərir. Qaradul hörümçəyi kişini yanına çəkir, cinsi münasibət yaşadığı kişini sonra onu öldürür. Cadugər də eynilə Hanselin yetkinlik yaşına çatmasını gözləyir, onu “müqəddəs evliliyə” hazırlayır. Cadugər də, ögey ana da Qretelin özüdür. Nağılın sonunda cadugər sobaya-alova atılır. (Novruz tonqalına işarədir-bahar gəlir, qış bitir) Cadugər artıq vəzifəsini bitirir, gənclər evliliyə hazırdır, (bioloji, mənəvi və psixoloji transformasiya) yəni cadugər sobaya atıldı, qış və qıtlıq bitdi, həyat başladı. Nağılda bu iki qəhrəmanın uşaqlıqdan yetkinlik mərhələsinə keçid dövrü təsvir edilir. Meşə qarışıq duyğuların, tortdan, konfetdən düzəldilən ev, soba, barmaq cinsəlliyin – libidonun metaforasıdır. [14].
“Ələddinin sehrli çırağı” nağılında (“Min bir gecə” ərəb nağılları) qəhrəmanın başına gələnlər nağılı psixoloji və fəlsəfi transformasiyasını ifadə edir. Ələddin nağılın əvvəlində tənbəldir, yəni həyatın gerçək üzündən qaçır, hələ özünü kəşf etməyib. Ələddinə özünü əmi kimi təqdim edən Səlim adlı cadugər (“kölgə” arxetipi) onu sınayır, quyuya (şüuraltına) salır. Çünki quyudakı çırağı (insanın daxilindəki işıq, özünü kəşf edən simvol) ancaq Ələddin (qorxuları ilə üzləşmək istəməyən, ruhani mərhələyə çatmaqdan qorxan qəhrəman) çıxara bilər. Çırağı ancaq öz “kölgəsi”ndən keçən adam əldə edə bilər. Ələddin quyuya- “şüuraltına” ensə də, çırağı vermək- “kölgəsi” ilə üzləşmək istəmir. Ələddin çıraq vasitəsilə sevdiyi qızla (“anima” arxetipi- qəhrəmanın daxilindəki qadın təbiəti, “tamamlanmaq hissi”) ailə qurur, şad-xürrəm yaşayır. (Ələddin daxilindəki bütövlüyü, yin-yang tarazlığını tapmağa, tamamlamağa çalışır) Hadisələrin məcrası sonradan dəyişir. Cadugər Ələddinin çırağın sayəsində əldə etdiyi xoşbəxtliyinin sorağını eşidib (“kölgəsi”, basdırdığı və üzləşmək istəmədiyi duyğuları) ona əngəl olmağa çalışır. Ələddinin arvadı (“anima” arxetipi) çırağın sehrindən xəbərsiz olduğu üçün onu (öz gücünü) bilmədən cadugərə verir. (“anima” ilə əlaqə zəifləyir) Ələddin saray tikib (mənəvi zənginliyin inşası, dəyər yaratmaq simvolu) ailə qursa da hələ də güc anlayışını, daxili gücünü dərk etməyib, yetkinləşməyib, formalaşmayıb. “Kölgəsi” (Səlim) və “sevgisi” (evləndiyi şah qızı) ilə üzləşən Ələddin nəhayət, gücü (çırağı) ilə barışır, gücünü kəşf edir. (ruhani, psixoloji transformasiya) Ələddinin tale yolunun xəritəsini bu şəkildə çəkə bilərik: çağırış-tənəzzül-qurtuluş-bütünlük-transformasiya. Ələddin sonda özünə xas dəyərini yarada bilir. Çıraq, cin, cadugər, ana, qız, saray- hər biri insanın daxilində baş verən inkişaf mərhələlərini simvollaşdırır.
Çağdaş dövrdə nağıl artıq xəyali və mifik bir dünyanın deyil, gerçəkliklə fantaziyanın kəsişdiyi, insanın varlığını sorğulayan və janrın özünü deqredasiyaya uğradan poetik struktura çevrilir. Məqalədə Müasir Azərbaycan poeziyasında nağıl motivlərinin transformasiyası, onların hansı funksional və semantik dəyişikliklərə məruz qalması, nağıl elementlərinin bu gün hansı estetik-fəlsəfi məna daşıması araşdırılır. Gənc şairlər Eminquey Akifin “Köhnə darıxmaqdı bu”, Günel Şamilqızının “Məlikməmmədə” və Qismət Rüstəmin “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirlərində nağılın transformasiyası, gerçəkliklə fantaziyanın poetik müstəvidə necə qarşılaşması, nağılın simvolik məzmununun psixoloji-fəlsəfi kontekstdə dəyişdirilərək şairlərin fərdi dünyagörüşlərinə uyğunlaşdırılması tədqiq olunur. Tədqiqatın məqsədi ənənəvi nağıl modelinin müasir şeirlərdə yenidən hansı formada “doğulması” və “transformasiyasını”, bu dəyişimin, “doğuluşun” bədii-estetik dəyərlər sisteminə təsirini müəyyən etməkdir. Nağıllarda artıq qəhrəman xilaskar biri kimi yox, xilas olunmağa ehtiyacı olan subyekt kimi önə çıxır. Nağıllardakı möcüzəvi sonluq tənhalıq və darıxma hissləri ilə əvəzlənir, qəhrəmanın arzuları gerçəkləşmir, bir sözlə klassik nağıl kodları sındırılır…Göydən düşən almaları tutmağa hazırsınız?
Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeirində nağılvari darıxmağın və ya tənhalığın melanxoliyası

in “Köhnə darıxmaqdı bu” şeirinə melanxolik ruh hakimdir. Boşluq, həsrət, təklik hissləri lirik qəhrəmanı sanki ağuşuna alıb. Lirik qəhrəmanımız tənhalığın melanxoliyasını yaşayır. Şeirdə təkrarlanan “Başqa nə var, başqa nə yox, soruşma” misrasını oxuyanda görürük ki, qəhrəmanın həyatında bir yenilik yoxdur, təkliyi və darıxmağı ilə məşğuldur. Şeiri oxuduqca insan daxili təkliyi və həsrəti xatırlayır. Hər birimizi daxilində o tənhalıq var. Darıxmaq bəzən hiss deyil, ömrümüzü yeyən bir “divdir”. Əslində, darıxmaq şeirdə həm də bir obrazdır, lirik qəhrəmanın həmdəmi, sirdaşıdır. Nağıllarda div qəhrəmanın qarşılaşdığı maneədir, burada isə insanı içdən-içə “yeyib-bitirən” varlıqdır.
Şeirdə əsas mövzular darıxmaq və daxili təklik hissi, keçmişin yaddaşı, həyat-nağıl qarşılaşmasıdır. Şair ustalıqla göstərir ki, həyat monotondur, keçmişdən xatirə, gələcəkdən ümidsizlik qoxusu gəlir. Müəllif oxucuya demək istəyir ki, təklik yalnız fiziki deyil, eyni zamanda mənəvi əzabdır, insan tənha olanda onun “mən”i də sızıldayır.
Lirik qəhrəman təkliyi ilə mübarizə aparır, amma xilas ola bilmir. Keçmiş xatirələri, yaşanmışlıqları və həsrət hissi onu əsarətə alıb. O, güclü olduğu qədər də zəifdir. Onun gücündə bir zəiflik, zəifliyinin arxasında da bir güclük hissi var. Niyə güclüdür? Çünki təkliyi ilə barışıb. Niyə zəifdir? Çünki darıxmaq adlı o “bıçaq” onu hər gün “kəsir”, öldürmür, ancaq incidir. Darıxmaq emosional tükənmə, həyatın absurdluğunu dərk etmə və reallıqla savaşmaqdır. Görəsən, lirik qəhrəman həyat üçün darıxır, yoxsa ölüm üçün? Bəlkə özü üçün?
Gənc şair Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeiri “Başqa nə var, başqa nə yox, soruşma” misrası ilə başlayır. Bu misra nağılın klassik başlanğıcına (“Biri var idi, biri yox”) işarə edir. Lirik qəhrəman sanki nağıl danışmağa hazırlaşır. Həmçinin, həmin misrada həyatın təkrarlanması və mənasızlığı əks olunub. “Köhnə təklik, köhnə darıxmaqdı bu” deyəndə həyatında bir zamanlar yaşadığı təklik və darıxma mərhələlərinə işarə edir. O, nə vaxtsa “yas sindromu”nu yaşayıb və bu cür təkrarlanan, keçmişə bağlı, neqativ düşüncələr, ruh halı “köhnəlsə də” təsiri uzun müddət davam edir. (ruminasiya halı) Eyni zamanda şair danışmağa hazırlaşdığı nağılın klassik nağıllarda olduğu kimi xoşbəxt sonluqla bitməyəcəyini də öncədən bildirir. Şeirdə “qadın gözü” deyəndə şair burada metaforik anlamda insanı öz daxili dünyasına baxmağa dəvət edir və qadının baxış pəncərəsinin fərqli, sehrli və dərin olduğunu vurğulayır. Burada baxış deyəndə qəhrəman emosional və psixoloji baxışı nəzərdə tutur, oxucunu darıxmağı və daxili boşluğu daha dərindən dərk etməyə çağırır. Şeirdəki “köhnə”lik nostalji və keçmişin izlərini özündə cəmləşdirir. Köhnələn zamandır, duyğular isə həmişə təzədir:
Başqa nə var, başqa nə yox, soruşma,
Köhnə təklik, köhnə darıxmaqdı bu.
Gəl, bir gün özün bax, qadın gözüylə,
Gör nə təklik, gör nə darıxmaqdı bu…
Lirik qəhrəmanımızın həyatını qəhər kontrol edir. İnsanın burada psixosomatik vəziyyəti izah olunur: boğazın sıxılması, boğaz ağrıları, udqunma problemləri yığılmış kədərin, deyilməmiş, həzm olunmamış sözlərin nəticəsidir. Adətən, mədə ağrıları da həzm olunmamış sözlərdən qaynaqlanır. Qəhrəmanın daxilində yığılıb qalan yarımçıq hisslər və deyilməmiş sözlər onu həm fiziki, həm də psixoloji olaraq boğur. Burada psixoloji və somatik əlaqə açıq şəkildə ifadə olunur. Qəhrəman tükənməsinə rəğmən, hələ də yaşayır, bədənlə ruh əlaqədədir, ancaq bu əlaqə zəifdir. Qəhrəmanımız “arabir” gedənləri unudur, (nağıllardakı möcüzəvi unutqanlıq motivi) gedənlər unudulsa da, yaddaşdan ki silinmirlər, xatırlanma potensialındadırlar. Unutmaq burada dincəlmək deyil, “müvəqqəti istirahətdir”. Ardınca da şair deyir ki, həyat ona təzyiq etsə də “hərdən” rahatlaşır, dincəlir. Ancaq unutmayaq ki, şair “hərdən”, “hələ ki” deyir. Onun “daxili istirahəti” davamlı deyil. Həyat yavaş-yavaş təkrarlanır və şair hələ də keçmişin təsirindədir. Boğazı sıxılır, ayağı yerdə qalıb, hələ də mübarizə aparır:
Boğazım sıxılır qəhər əliylə,
Üzülmür ayağım yerdən hələ ki.
Arabir yadımdan çıxır gedənlər,
Yəni dincəlirəm hərdən hələ ki…
Lirik qəhrəmanın “yuxuları darıxmağa yozulur”. Bu iki mənada başa düşülə bilər:
- Yuxu nağıllarda böyük yeniliklərə və mistik elementlərə işarədir. Şeirdə isə yenilik və möcüzə gözlənilmir. Əksinə, yuxular tənhalığın bir hissəsinə çevrilir.
- Yuxunun mənası, görülən yuxu “darıxmaqdır”, yuxunun yozumu “darıxmaqdır”. Yuxu şüuraltına işarədir və qəhrəmanın daxilinə darıxmaq o qədər nüfuz edib ki, onun yuxusunun da yozumu kədər və darıxmaqla bağlıdır, yuxusunda da darıxmağı görür. Bu daxili təklik yuxuya belə təsir edir. Şair qıza müraciət edərək diqqəti lirik qəhrəmana yönəldir, həmçinin nağılvari atmosferi gücləndirməyi bacarır.Qəhrəman istəməsə də yuxuları çindir, Çin çıxmaq şeirdə həyatın plansız tərəflərini, sürprizlərini simvollaşdırır. Lirik qəhrəmanın fikrincə, sevgi insanın həyatını işıqlandırır, ən qaranlıq anlarında belə ora nur saçır, “çıraq” funksiyasını icra edir. Sevgidən başqa heç nəyin, cinin də, arzunun da önəmi yoxdur, həyatda müvəqqəti, irreal olan cin və arzu belə sevgi qarşısında acizdir. Sevginin gücü onları üstələməyə qadir olan ilahi həqiqətdir. “Ələddinin sehrli çırağı” nağılı şeirdə transformasiya edilir. Ələddin klassik nağıl qəhrəmanıdır və əldə etdiyi sehrli çıraq onun arzularının reallaşmasında böyük rol oynayır. Şair “İçindən darıxan Ələddin çıxır” deyərək sevgi ilə bağlı arzuların reallaşmadığını göstərir. Bu sevginin insana səadət yox, həsrət gətirməsini vurğulayır. Necə? Çünki içindən çıxan ənənəvi nağıllardan fərqli olaraq, “darıxan Ələddindir”. Nağıldakı sehr burada pozulur. “Darıxan Ələddin” kədəri və həsrəti bir növ çıxış yoluna çevirir. Ələddinimiz belə darıxırsa, bir şeylər yolunda getmir. Hər birimizin içində o “Ələddin” var. Ələddin obrazı arzu və ya məqsədi deyil, darıxmanın, tənhalığın içindən doğan yenilənməni, bərpanı simvollaşdırır. İnsan həsrət və daxili boşluqdan özünüdərklə qurtula bilər. Ələddinin bu şeirdə yer alması da özünəqayıdışa işarə edir (gerçəkliklə arzular arasındakı uçurum):
Yuxum da yozulur darıxmağa, qız
Tərslikdən hamısı hələ çin çıxır.
Sevgi çıraq imiş, nə cin, nə arzu,
İçindən darıxan Ələddin çıxır.
Şeirdə insanın içindəki məğlubiyyət və yenidən doğuluş prosesi aydın şəkildə ifadə olunur. İnsanın həyatında fərqindəlik qazanıb qəbullanmalı və barışmalı olduğu həyat dərsləri var. Lirik qəhrəman öz səhvlərini görməli və bundan dərs almalı, ağlı başına gəlməlidir. Şair bəlkə də ömrün deyil, ağlın “qulağını burmalıdır”, “ağlının ağlı başına gəlməlidir”. Lirik qəhrəmanın həyatına kimsə gəlir, onu xoşbəxt hiss edir və ya dəyişdirir. Ancaq həyatından gedən birindən ötrü darıxmaq ona güc gəlir. Həyatın təkrarlanan nağılları sonradan sadəcə küldən ibarət olur. Həyat nağıl kimi qarşına yeni səhifələr açır, amma külə çevrilərək, müvəqqət və dəyişkən olur. İnsan ömrününü bu anlarından dərs çıxarıb özünü dəyişməlidir. Kül nağıldakı klassik gedişatın pozulmasını simvollaşdırır, nağıl motivi bir daha alt-üst edilir:
Gərək qulağını burum bu ömrün,
Bəlkə, bir gün gələ ağlı başına.
Bir adam verirsən, darıxmaq düşür,
Kül olur bu ömrün nağıl başına.
Xoşbəxtlik zamanla insanın həyatına daxil olur. Lirik qəhrəmanımızın həyatına gizli və tələsik daxil olur. Ona çox yaxındır, ancaq tez çıxıb gedir, toxunmaq olmur. Xoşbəxtlik gəlir və tez gedir, an etibarilə yoxa çıxır. İnsanın həyatına o qədər yaxın olur ki, “düz yanından keçir”. Lirik qəhrəman onu görmür, çünki onu dərk etmir, dəyərləndirmir, qaçırır. Xoşbəxtlik həm də az-az yığılmış xatirələrin toplusudur. Tənhalıq o qədər dəhşətli bir hissdir ki, şair onu divlə simvollaşdırır. Div daxili təkliyin, təhnalığın simvoludur, insanın ömrünü yavaş-yavaş yeyir. İnsan bir növ qurban rolunda çıxış edir. Bu “div” insanı istənilən yerdə ələ keçirir, gözlənilməz anda ortaya çıxır və yeyir. Burada “görməmiş” sözü iki məqamda işlənib, ancaq mənalar fərqlidir:
- Görmür: klassik nağıldan fərqli olaraq, xoşbəxtlik görmədən xəbərsiz keçib gedir. Xoşbəxtlik burada obrazdır.
- Görməmişdir: həris, tamahkar və acgözdür. Burada isə ömrü yeyən div adlı tənhalıq nəzərdə tutulur. Tənhalıq divlə identifikasiya edilir.
Şeirdə tənhalıq və xoşbəxtliyin təbiəti aydın şəkildə təsvir olunur. Xoşbəxtlik tez və çətin gəlir, o saat da qaçır. İnsanın ondan çox vaxt xəbəri olmur. Tənhalıq isə həyata yavaş və təbii şəkildə daxil olur, tədricən irəliləyir. Eynilə şikarını ovlamaq istəyən ovçu kimi. “Tıkkatık” burada saatın ritmini, zaman dilimini ifadə edir. Şair elə bil nağıllardakı “bəxtəvərliyin” xiffətini çəkir:
Gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,
Keçir düz yanımdan görməmiş kimi.
Tənhalıq elə bir divdi ki, ömrü,
Yeyir, harda tutdu, görməmiş kimi.
Qəhrəmanımız həyatı sorğulayır, həyatın mənasını və dəyərini anlamağa çalışır. Həyat həm doludur, həm də boşdur. Lirik qəhrəmanın fikrincə, həyat hamı üçün bir nağıldır, hər kəs öz nağılını, hekayəsini yazır. Bu zaman darıxma və itki ilə də qarşılaşır. Həyatından kimsə gedir və darıxırsan, boşluqda olursan, gedənlərə maraqlı deyil, sənin yaşadıqların. Həyata qarşı ümidsiz olsan da darıxmaq adlı bu hisslə- cəzanla barışmalısan. Bu cəzanı kim verib sənə? Tərk edən, yoxsa tərk edilən? Bəlkə Tanrı?
Şair şeirin sonunda sükutunu qoruyub saxlayır, heç nəyin dəyişməyəcəyi, yaşamın davam edəcəyi, ancaq içindəki boşluğun qalıcı olacağı qənaətinə gəlir. Bütün nağıllar hər zaman xoşbəxt sonluqla bitmir. İnsan birtəhər darıxsa da, acı çəksə də həyat davam edir:
De görüm, bu necə ömürdü axı,
Hamıya bir nağıl yazısı düşür.
Çıxıb gedənlər də demir bu ömrə
Neçə il darıxmaq cəzası düşür.
Başqa nə var, başqa nə yox, soruşma,
Hələ ki, birtəhər darıxıram da…
Həyat xoşbəxtliklə bədbəxtliyin birləşməsidir. Yazıçı Uraqan Abdullayev “Hərbidən qeydlər” kitabında yazır: “Həyatımızın rəsmi çoxdan çəkilib, bizə isə sadəcə onu rəngləmək qalır. Başımıza gələn hər hadisədə ona rəng verib, qiymətləndirən bizik”. [22, s.4]. Şeirdə də ifadə olunur ki, başımıza itki də gəlir, tənhalıq da qonağımız olur, darıxmaq da bizə öz yönünü çevirir. Bütün bunlar həyatımızın bir parçasıdır. İnsana sadəcə rəng verib qiymətləndirmək qalır. Darıxmaq və ayrılıq əbədidir, qaçınılmazdır.
Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeirində nağıl transformasiyasının işlənməsi ədəbiyyata yenilik gətirir. Şair həyatın müxtəlif aspektlərini nağıl janrı konteksində şərh edir. Bu yanaşma şeirə də, şairin dünyasına da dərin məna qatır. Həyatın nağıla çevrilmə prosesi, nağıl motivlərinin şeirə nüfuz etməsi, gerçəklik-fantaziya kəsişməsi şeirin əsas ideyasını təşkil edir. Nağıllar xoşbəxt sonluqla bitsə də, müəllif nağılların içində darıxma və itkilərin də olduğunu, hər zaman xoşbəxtliklə bitmədiyini də göstərir. Burada xoşbəxtlik yanımızdan xəbərsiz keçib gedir. Nağıl transformasiya olunur və həqiqətə çevrilir. Bu çevriliş şeiri oxuduqca tədricən müşahidə olunur. Şair nağıl janrını müasir formada şeirlə əlaqələndirir. Bəzən “həyat” adlı Nağılın müəllifi biz deyilik, ona görə də sonluğu dəyişə bilmirik. Görəsən, qəhrəman içindəki “nağıldan” qurtulmaqmı istəyir, yoxsa artıq bu “nağıla” öyrəşib?
Nağıllarda giriş olaraq verilən “Biri var idi, biri yox” ifadəsi fantaziya ilə reallığı ayıran xəttdir. Şeirdə bu giriş tərsinə çevrilir. “Başqa nə var, başqa nə yox, soruşma”. Bununla şeirdə nağılvari atmosfer yaradılır, amma nağıllardan fərqli olaraq, ümidsizlik hiss olunur. Klassik nağıllar möcüzələrlə zəngin olduğu halda burada hər şey monotondur. Şair oxucuya xəbərdarlıq edir ki, mən sənə fərz et ki, nağıl danışıram, şeirə nağıl kimi yanaş, özünü buna hazırla, amma diqqətli ol, çünki bu nağıl sənin oxuduğun o nağıllara bənzəməz, sonluq fərqli olacaq..
Şeirdə həyat nağıla çevrilir, nağıl transformasiyası həyatın acı tərəflərini özündə birləşdirir. İlk başda gözəl tərəflərlə diqqət çəkən nağıl sonradan həyatın əsl üzünü göstərərək, həyatın obrazına “girir”, metamorfoz edir, kədərli və tənha tərəfini göstərir. Nağılın xoşbəxt və möcüzəvi tərəfləri öz yerini tənhalıq və darıxma hisslərinə verir. Nağıllarda acılar, pis günlər arxada qalır, qəhrəman səadətinə çatır. Burada isə tənhalıq şeirin ruhuna hakimdir, qəhrəman hələ də darıxır, səadət, xoşbəxtlik ondan uzaqlaşır, nağıl konsepti tərsinə çevrilib. Nağıllardakı o möcüzə şeirdə baş vermir. Bu şeirdə hər şey tərsinədir, qəhrəman sanki mistika və nağıl dünyasında deyil, gerçəklik dünyasında tələyə düşüb. Tənhalıq divdir, möcüzə baş vermir, xoşbəxt sonluq hər zaman əbədi deyil. Şeirdə nağıldakı ideal dünyaya keçid yoxdur, ideal dünyadan uzaqlaşma hissi var. Həyat döngüdür, bu döngü insanı bitirir. Həyatda hər kəs öz nağılını yaradır, həyatını mənalandırır, daxilindəki “Ələddin”ini bir növ yaradır.
Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeiri açıq finalla bitir, nağıl sanki davam edir, sonluq oxucunun ixtiyarındadır. Nağılvari elementlərdən istifadə edən şair nağıla xas əsas və ənənəvi qaydanı pozur və həyatın reallığını göstərir. Arzular gerçəkləşmədi, qəhrəman muradına çatmadı, möcüzə baş vermədi, göydən üç alma belə düşmədi, oxucum…
Günel Şamilqızının “Məlikməmmədə” şeirində daxili qaranlıq və nağılvari məhbusluq

Günel Şamilqızının “Məlikməmmədə” şeiri Məlikməmmədə (nağıl qəhrəmanına) müraciətlə başlayır. Şeir metaforalar və simvollarla zəngindir. Məsələn, nağıllarda qarşılaşdığımız quyu şeirdə şüuraltının rəmzi olmaqla bərabər tənhalığın, dərinliyin, qaranlıq dünyanın və çətinliyin də simvoludur.
Şeirdə quyu həm də metaforadır. Burada çətinliklərdən çıxış yolunun olmaması və çətinliklər içində boğulmanın metaforasıdır.
Lirik qəhrəman öz “quyu”sunda- gizli dünyasında, şüuraltında tənhadır. Bu quyu eyni zamanda həyatın əzabverici və acı tərəflərini simvollaşdırır. Həmin qəhrəman “quyu”sunda azıb, Məlikməmmədi buraya dəvət edərək, ona “alma” vəd edir.
Xatırladaq ki, “Məlikməmməd” nağılında da bu simvolla qarşılaşmışıq.
Alma şeirdə quyuya düşüb, ancaq qəhrəman onu Məlikməmmədə verə bilmir, (Məlikməmməd elə almanın “bəlasına düşdü”) çünki əngəlləri aşa bilmir, həyatın sərt üzü ilə qarşılaşır:
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
Nağıllarda qarşılaşdığımız obrazlardan biri divdir. Şair div obrazını şeirə daxil edir. Mifik və qorxunc varlıq hesab edilən div şeirdə insanın daxilindəki “canavarı”, onun kölgə arxetipini, daxili qaranlığını təmsil edir. Div qəhrəmanın saçlarına toxunur, həyatına müdaxilə edir. Nəticədə lirik qəhrəmanın “edamı” uzanır, həyatı zəhərlənir. Sanki qəhrəman divlə, yəni qaçdığı qaranlıq tərəfləri ilə istəmədən üzləşərək əzab çəkir, tükənir. Sonda ona kül-daxili boşluq, darıxma hissləri qalır. Biz görürük ki, nağıllardakı klassik gedişat və nağılın ənənəvi süjet xətti pozulur:
Bir div saçlarıma toxunan gündən,
Uzanıb, uzanır bu edam, oğlan.
Mən bu div oğlanla tükəndim, bitdim,
Sənə külüm qaldı, ay adam oğlan…
Məlikməmməd qardaşları tərəfindən quyuya məhkum edilir. Şeirdə o, həm dost, həm də düşmən kimi təsvir olunur. (dualizm) Lirik qəhrəman Məlikməmmədə üzünü tutaraq, ondan “sonra”larını çıxartmasını istəyir. “Sonra”lar şairin keçmişdən gətirdiyi yüklər, sarsıntıların və ağrılı xatirələrin simvoludur. “Sonra”lar həm də itirilmiş zamanın və gələcəyin metaforasıdır. Nağılda Məlikməmməd almanı yeyən divin izinə düşmək üçün barmağını kəsərək, duz tökür və yuxusuna haram qatır. Məlikməmmədin barmağında duz qalıb, yəni köməksizdir, əzab çəkir. Onun çəkdiyi əzablar lirik qəhrəmanın da “yarasını” göynədir. Məlikməmmədin ağrısı fiziki ağrıdırsa, lirik qəhrəmanın ağrısı mənəvi ağrıdır. Şair istəyir ki, Məlikməmməd həyatındakı boşluğu doldursun, tənhalığına şərik olsun, yaşadığı əzabları silsin. O, ənənəvi nağıl personajından kömək umur:
Düşmən Məlikməmməd, dost Məlikməmməd,
Çıxart bu quyudan “sonra”larımı.
Sənin barmağında duz qalıb, oğlan,
Göynədir mənim də yaralarımı…
Lirik qəhrəmanın fiziki və mənəvi ağrıları bir-birinə qarışıb, alın yazısı belə qara sözlərdən ibarətdir. O, kədərli xatirələrlə qarşı-qarşıya gəlib və bu durumu ilə barışmaq istəyir, hardasa gələcəyə qarşı ümidlidir. Qəhrəman acılarını öz içində yaşayır. O, öz “quyu”sunda sıxışıb qalıb, özünü yenidən yaratmaq istəyir:
Alnımda yazılar yaman gündədir,
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm,
Məni öz içimdən kim çıxardacaq?
Nağıllarda işlənən “yuxu” motivinə burada da rast gəlirik. Lirik qəhrəmanın həyatından, yaşantılarından keçən qaranlıq yuxu nağılın qaranlıq tərəfidir. O, həyatındakı xaotik vəziyyətdən çıxmağa çalışır. Zahirən güclü görünsə də, daxili mübarizə onu bitirir. Həyatın ikiüzlü tərəfinə işarə edən şair insanın da dualist təbiətinə işarə edir. “Ağ qoç” olduğu kimi “qara qoç” da var:
Bu nə pis yuxudur, ayılmaq çətin,
Hər gün diri olmur, sağ görünənlər.
Nə olar, qoçların rənginə baxma,
Həmişə ağ olmur ağ görünənlər…
Məlikməmmədi qısqanan qardaşları onu quyuya atır. Lirik obraz Məlikməmmədin dərdinə şərik çıxır və qardaşlarını divlə müqayisə edir, hətta onlar qəhrəmanımızın fikrincə, divdən də betərdir. Şair sanki burada ona zərər verən insanların güvəndiyi və yaxın insanlar olduğuna da işarə edir. Necə ki Məlikməmmədə zərbə divdən yox, qardaşlarından gəldi. Məlikməmmədin vasitəsilə lirik qəhrəman keçmişi ilə üzləşir və keçmişin ona yaşatdığı duyğuları obrazlı şəkildə ifadə edir. Həmçinin, simurq lələyi vasitəsilə Məlikməmmədi köməyə çağıran lirik qəhrəmanımız yenidən və ikinci dəfə doğulmaq, dirçəlmək arzusundadır. “Simurq quşu türk etno-mədəni sistemində gücün, yenidəndoğuşun, yardımsevərliyin rəmzi kimi özünü dəfələrlə təsdiq etmiş ortaq hekayələrdən qidalanır”. [5, s.317]. Hər birimizin içində o “Məlikməmməd” var:
Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
“Məlikməmmədə” şeiri nağıl kimi kədərli notlarla irəliləyir, ancaq xoşbəxt sonluqla bitmir, tədricən gerçək həyatın gerçək üzünü açıb göstərir. Həyat nağıl kimi başlamır, amma nağıl bir yolla həyatımıza daxil olur, həyatın qaranlıq tərəfləri ilə bizi üzləşdirir. Nağılın real tərəfləri var və müəllif şeir vasitəsilə bunu bizə çatdırır. Bu daxili qaranlıq və darıxma hissləri əbədidir…
Günel Şamilqızının “Məlikməmmədə” şeiri klassik nağıl personajı hesab olunan Məlikməmmədə “ithaf olunub”. Lirik qəhrəman-quyudakı qız onunla “danışır”, “dərdləşir”, “kömək istəyir”. “Məlikməmmədə” şeirində tənhalıq və daxili qaranlıq motivləri öz əksini tapır. Müəllif həyatında yaşadığı çətinlikləri nağıl janrı ilə ifadə edir və yaşanılan duyğular nağılın transformasiyası ilə birləşir. Həyat və insanın daxili dünyası da bir növ nağıla bənzəyir, ancaq bu nağılın finalında həmişə xoşbəxtlik gözlənilmir. Şair həyatın gözəl və rahat tərəflərini “kəsib” kədər və boşluq hissləri ilə “calaq verir”. Beləliklə, həyatın qaranlıq tərəfi ortaya çıxır və nağıl transformasiyası baş verir..
Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirində Məlikməmmədin poetik tənəzzülü və ya tələyə düşən Nağıl

Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeiri 14 bənddən ibarətdir. Şeir Məlikməmmədin dilindən verilir və lirik qəhrəmanın qıza müraciəti ilə başlayır, süjet xətti boyunca quyudakı qızla söhbət edir.
Burada Məlikməmməd obrazı klassik nağılın kontekstindən uzaqlaşır və psixoloji-fəlsəfi mənanı ifadə edir.
Şeirdə quyu zamanın donması və tərk edilmənin rəmzidir. Quyu burada qadın bətni ilə müqayisə edilir, ancaq burdakı qaranlıq əbədi qaranlıqdır. Şeirdə qaranlıq metaforik anlamda işlənib: ana bətninin qaranlığı və quyunun qaranlığı.
Ana bətnindəki qaranlıq yeni həyatın başlanğıcıdır. İnsan hər zaman bətn halını yaşayır, ana bətnindən bu dünyanın bətninə düşür. Hər insanın bu həyatda ikinci dəfə doğulmağına ehtiyac var. (üçüncü qız yenidən doğuluşun rəmzidir-sonuncu mərhələ) Quyudakı qaranlıq isə ümidsizlik və yalnızlığın metaforasıdır:
Zalım qardaşların yamanlığından,
İçimi yeyirəm gün boyu, ay qız.
Bir qadın bətninin qaranlığından,
Daha qaranlıqdı bu quyu, ay qız.
Divi almalıqda güddüyüm təki,
Yuxulu gözlərlə açılır səhər.
İndi mən yarama duz basıram ki,
Səni fikirləşim səhərə qədər…
Ay və ulduzların quyuya “qonaq gəlməsi”, münəccim torpağın quyu adlı durbinlə göylərə baxması (yerlə göyün əlaqəsi, sonsuzluq) metaforikdir. Maddi dünya (torpaq) göyə (mənəvi aləmə) baxır. İnsanı dünyanı tərk edir, maddi aləmdən mənəvi aləmə yüksəlir. O, müşahidə və ağlıyla ucala biləcək qədər potensial varlıqdır. Quyu burada keçmşini və yaddaşın simvoludur. Keçmişin qara xatirələri insanın yaddaşına qara ləkə kimi düşür. İnsan tənha qalanda daxili çöküşünün daha yaxşı fərqində olur:
Quyuya hər gecə gümüş ay qonaq…
Hər gecə quyuya ulduzlar axır…
Quyu-durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır…
Qara xatirələr ağlanan kimi,
Çoxaldı quyuda sənin azlığın…
Ümidin gözləri bağlanan kimi,
Açıldı gözləri adamsızlığın…
Şeir bədii təsvir və ifadə vasitələri ilə zəngindir. Məsələn, xəyanətin qanaması, quyuda zildən oxuyan sükut, nəqarət olan “ümidsizlik” notu, qara xatirələr, quyunun şüşə kimi olması, (şəffaflıq və kövrəkliyin simvolu) ulduzun sürüşməməsi, (baş verməyən möcüzə, çin çıxmayan arzular) “Mənə üç almadan bir alma düşmür” (bədbəxt sonluqla bitən nağıl, nakam tale) ifadələri metaforikdir. Şeir nümunələrinə diqqət yetirək:
Mənə deyən lazım, ay Məlikməmməd,
Sevməli yaşında nə div, nə alma?..
Min ildi anlaya bilmirəm, ay qız,
Mənim bu nağılda nə divim azıb?!
Qeyd olunan misralarda bədii sual işlənib. Nağıl personajı özünə müraciət edir. Div həm həbs edən, həm də həbs olunan obraz kimi oxucuya təqdim olunur, (nağılın transformasiyası) alma isə əldə edilməyən ədalətin, kədərin simvoludur.
Müəllif “Cavanlıq içimdə çürüdü getdi, Qocalıq içimdən başladı, ay qız” deyərkən, lirik qəhrəmanın ruhən qocalmasını vurğulayır. Adamların quyunu daşlaması isə onun xatırlanmaması və ətrafdakıların laqeydliyidir. “Qu” – dedim, quyuya atdılar məni, “Qa” – dedim, qardaşlar qayıtmadılar…” misrası ilə “Məlikməmməd” nağılının əfsanəvi qəhrəmanı Zümrüd quşuna işarə edir.
Qismət Rüstəmovun şeirində işlənən quyu şüşə kimi şəffaf və kövrəkdir, keçmişin və yaddaşın simvolu, donan zaman, psixoloji-mənəvi baryer, ümidin və ölümün olmadığı boşluqdur. Külək azadlığın rəmzi, insan kimi var olmanın gətirdiyi məsuliyyətlərdən qurtuluşdur. İnsan külək kimi azad, sərhədsiz və qayğısız olmaq istəyir. Min il uzun və mənasız keçən zamana işarədir. Ağ qoç xilaskarlığın, simurq lələyi isə az öncə qeyd etdiyimiz kimi yenidən doğuluşun simvoludur:
Bir simurq lələyi yandır bu gecə,
Yoxdu bu quyuya gedib qayıdan…
Bu şüşə quyunu sındır bu gecə,
Mənim div canımı çıxart quyudan.
Kaş külək olaydım, adam yox, külək
İndi mənim üçün külək-azadlıq
Nə vaxtsa, demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi? Bilmirəm artıq…
Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirində nağıllarla real həyat arasında uçurum var, bu Nağıl bizə ədalətin hər zaman olmayacağını, sevginin hər zaman xilas etməyəcəyini, quyudan çıxmağın hər zaman mümkün olmayacağını göstərir. (poetik transformasiya) Klassik nağıllardakı “xilaskarlıq” funksiyası bu şeirdə təəssüf ki, yerinə yetirilmir. Ağ qoç, sevgi anlayışı bu şeirdə “işləmir”, keçmir. Digər şeirlərdən fərqli olaraq lirik qəhrəman “Yoxmuş bu nağılda ədalət, ay qız…” deyir. (bədii tənəzzül)
Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirinin lirik qəhrəmanı Nağılın içində ilişib qalıb, quyudakı qaranlıq təkamül etmiş həqiqətin qaranlığı ilə əvəz olunub. Burada Nağıl da “inqilab edib”. Məlikməmməd artıq qəhrəman deyil, unudulan, yaddan çıxan, tərk edilən, öz-özünə çürüyən bir insandır. Məlikməmməd klassik nağılda xilas edirdisə, burada özünün xilas edilməyə ehtiyacı var. Məlikməmməd həmin qorxusuz və ideal Məlikməmməd deyil, çox dəyişib. Şeirdə Nağıl simvolik həbsxana formasında təqdim olunub. Lirik qəhrəman Nağılın içində sıxışıb qalıb. Nağıl tələdir, ümidsizlikdir. Zaman anlayışı şeirdə Nağıl qəhrəmanı kimi yolunu azıb…
Nəticə
Gənc və istedadlı şairlərimiz Eminquey Akifin “Köhnə darıxmaqdı bu” və Günel Şamilqızının “Məlikməmmədə” şeirləri arasında bir sıra oxşar və fərqli cəhətlər var:
- Nağıl motivləri, nağıl metaforası və nağıl transformasiyası. Hər iki şeirdə də həyat nağıl kimi təqdim edilir, ancaq həyatın nağıllara bənzəməməsi vurğulanır.
- Kül hər iki şeirdə nağıldakı klassik gedişatın pozulmasını simvollaşdırır, ənənəvi nağıl motivi alt-üst edilir.
- Daxili boşluq, tənhalıq və darıxmaq hisslərinin ifadə olunması.
- Hər iki şeirin başlanğıcı daxili boşluq hissinə işarədir.
- Yuxu motivi. (yuxunun yozulması və yuxudan ayılmaq)
- Div obrazının şeirə gətirilməsi. (acgözlük və kölgə arxetipi)
- Nağıl qəhrəmanlarının işlənməsi-Ələddin və Məlikməmməd.
“Köhnə darıxmaqdı bu” şeirində nağılın varlığı çox da hiss olunmur, açıq şəkildə nağılın şeirə nüfuz etdiyini görə bilmirik. Şair özü danışır, nağıl isə susub. “Məlikməmmədə” şeirində isə şair sanki nağılla ünsiyyətdədir, nağıl onu saçlarından asıb, nağıl quyunun dibində azıb. Bu şeirdə nağıl canlı bir varlıqdır, dinamikdir.
“Köhnə darıxmaqdı bu” şeirində lirik qəhrəmanın həyatı monoton və mənasızdır. O, nağılı həyatına daxil edib. Nağıl obrazın “daxili həbsxana”sında “məhbusdur”, nağıl qəhrəmanın “içindədir”. “Məlikməmmədə” şeirində isə lirik qəhrəmanın həyatı dərdlidir və o həyatını nağıl kimi görür, qəhrəman nağılın “içindədir”.
“Köhnə darıxmaqdı bu” şeirində qəhrəman sanki nağıl danışır, digər şeirdə qəhrəman nağılı danışdırır, danışmır. O, nağılın həyatına daxil olub, nağıl qəhrəmanın dünyasına çevrilib. Nağıl “məhbusdur”, lirik qəhrəman onu “həbs edib”. “Məlikməmmədə” şeirində isə qəhrəman nağılın dünyasına çevrilib. Lirik qəhrəman “məhbusdur”, “nağıl” adlı həbsxanadadır. Onu məhkum edən özüdür. (nağılvari məhbusluq)
“Köhnə darıxmaqdı bu” şeirində fəlsəfi və ruhsal yanaşma mövcuddur. Nağılvari atmosfer daha qabarıqdır. “Məlikməmmədə” şeirində mistika aparıcıdır. (quyu, alma, div) Hər iki şeir göstərir ki, həyat nağıllar aləmindəki qədər hər zaman xoşbəxt və gözəl deyil, həyatın əzablı tərəfləri var.
“Köhnə darıxmaq bu” şeirində sanki romantik abu-hava daha çoxdur, nağıl idealizasiya edilmiş dünyadır, buradakı nağıldan sevgi, ümid və arzunun qoxusu gəlir. Buradakı nağıl motivi daxili təcrübəyə əsaslanır, keçmişin və tənhalığın yüküdür, darıxmaq və təkliyin təcrübə qazandıran yol olduğu izah olunur. Şair gerçək dünya ilə xəyali, fantastik dünya (nağıl) arasındakı sərhədləri aşır. Hardasa nağılı psixoloji bir durum kimi təqdim edir. Belə olan halda nağıl real və təkrarlanan hisslərin simvoluna çevrilir. “Məlikməmmədə” şeirindən dərdin, kədərin qoxusu gəlir.
“Məlikməmmədə” şeirində şeirə bu adın əlavə edilməsi transformasiyanın başqa formasını ortaya qoyur. Bu nöqteyi-nəzərdən Məlikməmməd ideallıqdan uzaqlaşıb reallığa doğru yönəlir. Şeirin adı mifoloji, əfsanəvi və real elementlər arasındakı keçidi təşkil edir. Məlikməmməd qəhrəmanlıq və qaranlıq motivlərinin fonunda həmin keçiddə “dayanan” qəhrəmandır. “Köhnə darıxmaqdı bu” şeirinin adı emosional və psixoloji duruma, təkrarlanan və keçmiş darıxmalara işarədir. Şair darıxmağını “köhnəldərək” keçmişdən gətirdiyi yükləri və bu yüklərdən xilas ola bilməməsini göstərir. “Köhnə darıxmaqdı bu” şeirində nağıl motivlərinin fəlsəfi və ruhsal dünyaya əsaslanan transformasiyasını görürük, “Məlikməmməd” şeirində isə daha kökə- qəhrəmanlığa, günahkarlıq və mistikaya dayanan nağıl transformasiyasını müşahidə edirik. Hər iki şeir bu prizmadan uğurlu və ahəngdar alınıb.
Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” və Günel Şamilqızının “Məlikməmmədə” şeirləri arasında bir sıra oxşar və fərqli cəhətlər:
- Hər iki şeirdə quyu ümidsizliyin simvoludur, xilasa ehtiyacı olan qəhrəman var.
- Nağıl idealizmini itirir.
- Qadın (quyudakı qız) mövqeyindən Günel Şamilqızı, kişi (Məlikməmməd) mövqeyindən Qismət Rüstəmov çıxış edir.
Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” və Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeirləri arasında bir sıra oxşar və fərqli cəhətlər:
- Eminquey Akifin nağıla yanaşması sərt, nihilist və postmodernist xarakter daşıyır. O, klassik qəhrəmanlıq, tale anlayışına qarşı çıxaraq, nağıl dünyasına zərbə endirib onun içindəki “süni” romantikanı ifşa edir.
- Qismət Rüstəmovun şeirinə tənhalıq və qaranlıq hakimdir. Eminquey nağıla ironik və destruktiv yanaşır, Qismət isə Nağılı psixoloji qatlarla izah edir. Bəlkə də “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirini Eminquey yazsaydı, o, ya Məlikməmmədi quyudan çıxmaq istəməyən pessimist biri kimi təsvir edəcəkdi, ya da onu quyudan div kimi çıxaracaqdı.
- Hər iki şair həyatın absurd olması qənaətindədir. (nağıl köhnəlib və dəyərini itirib)
- Eminquey nağılın kodlarını sındırır, Qismətin şeirində isə Nağıl özü öz kodlarını itirib, daxilən çürüyür. Nağıl burada çarə axtarır. Məlikməmməd çarəsizliklə dolu quyusunda çırpınır.
Eminquey Akifin “Köhnə darıxmaqdı bu” şeirinin lirik qəhrəmanı ədaləti axtarır, amma tapmır. Günel Şamilqızının “Məlikməmmədə” şeirinin lirik qəhrəmanı ədaləti axtarmır, öz daxilində yaradır. Qismət Rüstəmovun “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirində isə lirik qəhrəman ədaləti inkar edir, bir sözlə onun varlığına inanmır…
Müasir poeziyamızda nağıl ilahi ədalətin, haqqın təntənəsi, xilaskarlıq, ədalətin bərpası, möcüzə mövqeyində çıxış etmir. Transformasiyaya uğraya bu janr mifə, məhbusa, yaddaşa, zamana, taleyə, tələyə, hətta “əzab verən canlıya” çevrilir…
Ədəbiyyat / References
- E. Şeirləri. https://525.az/news/112101-gerek-qulagini-burum-bu-omrun-eminquey-akifin-seirleri
- Çıblak, N. Propp’un masal çözümleme metodu. Dil ve edebiyat dergisi. 2005, 638, s.127-140.
- Demir, R. V. Propp’un yapısalcı kuramı bağlamında bir masal çözümlemesi: “Felaket şimdi mi gelsin sonra mı?”. Amasya Üniversitesi Sosyal Bilimler Dergisi (ASOBİD). 2022, 12, s. 205-224.
- Ələddinin sehrli çırağı.(“Min bir gecə” nağıllarından) https://portal.azertag.az/az/node/7938
- Əliyeva, L. XX əsr Azərbaycan ədəbiyyatında simurq quşu obraz-simvol kimi: mifik və dini-mistik qaynaqları (Abdulla Şaiqin “Simurq quşu” əfsanə-poeması və Yusif Səmədoğlunun “Simurq quşu” hekayəsi əsasında). Filologiya məsələləri, № 9, 2021, s.317-325.
- Göyçək Fatmanın nağılı, https://anl.az/el/k/fk_m/gf001.htm
- Grimms’ fairy tales. Little Red Riding Hood. https://www.grimmstories.com/en/grimm_fairy-tales/little_red_cap
- Hutcheon, L. A poetics of postmodernism. History, theory, fiction. London, Transferred to Digital Printing, 2003, 268 s.
- Hüseynli, Ş. Azərbaycan folklorunda epik formullar. Bakı: “Elm və Təhsil” nəşriyyatı, 2019, 181 s.
- Karabulut, M. Freud ve Jung ışığında masal ve psikanaliz. RumeliDe Dil ve Edebiyat Araştırmaları Dergisi, 2022, (26), s.756-764.
- Kempbell, J. Min sifətli qəhrəman. Bakı, Qanun nəşriyyatı, 2022, 544 s.
- Kırmızı başlıklı kız. (büyükannenin etini yemek ve kanını içmek?) https://youtu.be/FVGDXRUT7z0?si=oDJaVk_Vn_EY9spL
- Kırmızı Başlıklı Kız’dan ilk günaha. https://www.youtube.com/watch?v=v5TBTCddjAk
- Masallar neden korkutucudur: Hansel ve Gretel. https://www.youtube.com/watch?v=ZnmvO224puw&t=159s
- Nağıllar-Məlikməmməd. https://www.nagillar.az/article/a-210.html
- Propp, V. Masalın biçimbilimi. İstanbul, Kent Basımevi, 1985, 142 s.
- Propp, V. Morphology of the folk tale. The American Folklore Society and Indiana University, 1928, 46 s.
- Rüstəm, Q.Şeirləri. https://www.facebook.com/incilerimiz/posts/qismet-rustemov-m%C9%99likm%C9%99mm%C9%99din-quyudan-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-q%C4%B1zayazd%C4%B1qlar%C4%B1-zal%C4%B1m-qarda%C5%9Flar%C4%B1n-ya/10151186363076066/
- Şamilqızı, G. Şeirləri. https://525.az/news/39220-gunel-samilqizinin-seirleri
- The Grimm Brothers’. Hansel and Gretel. https://sites.pitt.edu/~dash/grimm015.html
- Türk, S. Kültürel İletişim Ürünü Masallara Analitik Yaklaşımlar. Uluslararası Medeniyet Çalışmaları Dergisi. 2023, Sayı: 2, s. 230-243
- Hərbidən qeydlər. Bakı: “Xan” nəşriyyatı, 2018, 168 s.
- Zipes, J. The Irresistible Fairy Tale: The Cultural and Social History of a Genre.https://www.jstor.org/stable/j.ctt7sknm




