Müəllifin intiharı – Səfa Qarayev

Daha.az filologiya elmləri doktoru Səfa Qarayev “Müəllifin intiharı” essesini təqdim edir.

Postmodern diskursda “müəllifin ölümü” anlayışı müəllifin real və ya yaradıcılıq subyekti kimi aradan çıxması anlamına gəlmir. Bu anlayış sırf metaforik və hermenevtik xarakter daşıyır və əsasən,  müəllifin konkret bir əsər üzərində interpretativ mütləqliyinin azaldılması məqsədilə işlədilir. Yəni, hər hansı mətnin mahiyyətinin açılması üçün müəllifin niyyəti, bioqrafiyası və ya psixoloji vəziyyəti yeganə və həlledici açar kimi qəbul edilə bilməz. Əsərin anlamı müəllifdən kənarlaşaraq mətndaxili münasibətlərdə, semantik qatlarda və oxu prosesində formalaşır. Bu baxımdan, Rolan Bartın vurğuladığı kimi, “Yazının gələcəyinin olması üçün mifi (müəllifin mütləqliyi məsələsini – S.Q.) tərsinə çevirməli olduğumuzu bilirik: oxucunun doğuluşu müəllifin ölümü bahasına gerçəkləşir” (Barthes 2013, s. 68)

Yəni bu metafora fərdin deyil oxucunun mütləqləşdirilməsini hədəf olaraq müəyyənləşdirir.  Bu kontekstdə postmodern düşüncə mətni müəllifin “şəxsi etirafı” və ya “subyektiv ifadəsi” kimi deyil, semiosferanın tərkib hissəsi kimi qavrayır. Rolan Bartın vurğuladığı kimi, mətn müxtəlif mədəni kodların, işarə sistemlərinin və əvvəlki mətnlərin kəsişməsində yaranan açıq strukturdur. Burada əsas diqqət müəllifin kim olduğuna deyil, mətnin necə işlədiyinə, hansı interpretativ imkanlar yaratdığına yönəlir. Çünki “danışan müəllif yox, dilin özüdür” (Bart 2018). Bu mənada əsərin gücü mənalanma qabiliyyətindədir.  Bu baxımdan “müəllifin ölümü” estetik və ideoloji qiymətləndirmə mexanizmidir, müəllif-yazar münasibətinin yenidən düşünülməsi cəhdidir və sırf yaradıcılığın öyrənilməsi metodologiyası ilə bağlıdır. Həmçinin, Bartın qeyd etdiyi kimi, ” ibtidai cəmiyyətlərdə nağılçılıqda sadə bir adam yox, xüsusi mediator-şaman, yaxud nağılçı məşğul olurdu; nə deyirsiniz deyin, onun təhkiyə kodları ilə rəftarından (“performasiya”) lap şövqə də gəlmək mümkündür, amma heç vəchlə “düha”sından yox….” (Bart 2018) fikri də müəllifliyin mütləq dəyər daşımamasının tarixi köklərini də göstərir.

Beləliklə, postmodern düşüncədə müəllifin əsər üzərindəki rolu tam inkar edilmir, lakin onun mətnin mənasını qəti şəkildə müəyyən edən instansiya  olması qəbul olunmur. Əsər müəllifin həyatını öyrənməklə “həll edilən” obyekt deyil, o müstəqil yaradıcılıq hadisəsi kimi, hermenevtik interpretasiyalar vasitəsilə dərk edilməlidir. Bu, mahiyyət etibarilə metaforik oxu ilə bağlı bir mövqedir və müəllifin faktiki yoxluğu ilə heç bir əlaqəsi yoxdur.

Müəllifi mətndən nə qədər uzaqlaşdırsaq da əslində hər bir müəllif öz əsərinin metaforik obrazıdır. Yəni müəlliflər əsrələrinin bir parçasıdırlar.  Təsadüfi deyildir ki, oxucular müəyyən müəllifləri öz məna dünyasına qəbul etməyə razılıq verir, bəzilərinə yox. Çünki müəllif doğulur, mövcud olduğu dünyagörüş içərisində semiosferanın bir parçasına çevrilir, özünə haqıqında çoxsaylı etik-estetik stereotiplər formalaşdırır. Daha sonra klassik düşüncəyə görə ölməzlik qazanır, postmodern düşüncəyə görə hər əsərin sonunda müəllif ölür. Amma yazar hər daim öz əsərinin metaforası olmaqda davam edəcəksə o zaman “müəllif ölümü”nün şərtiliyinin izahına geniş ehtiyac yoxdur.  Amma artıq zaman bizi müəllifi öldürməyə yox, “diriltməyin yolları”nı axtarmağa sövq edir.

Belə ki,  müasir kütləvi texnoloji mühitdə, xüsusilə, süni zəka və avtomatlaşdırılmış yazı alətlərinin geniş istifadəsi fonunda tamamilə fərqli bir proses baş verir. Burada artıq postmodernizmin estetik metaforadan deyil, müəlliflə mətn arasındakı real əlaqənin qopmasından danışmaq olar. Müəllif texnologiyanı öz yaradıcılıq konseptinin tərkib hissəsinə çevirmədən, onu idrak və estetik filtrdən keçirmədən, sadəcə məhsul istehsalı mexanizmi kimi tətbiq edir. Nəticədə müəllif və mətn arasındakı üzvi bağ nazilir, bəzən isə tamamilə itir.

Bu şəraitdə müəllif artıq yazmamaqla deyil, əksinə, çox və məsuliyyətsiz yazmaqla özünü sıradan çıxarır. Mətn bolluğu yaranır, lakin bu bolluq ideya, üslub və yaradıcılıq kimliyi yaratmır. Müəllif sadəcə adı daşıyan, lakin mətni ilə identifikasiya olunmayan bir kimliyə çevrilir. Yəni müəllif anlayışı formal olaraq qalır, lakin mahiyyətini itirir. Bu artıq “müəllifin ölümü” deyil, çünki burada metaforik interpretativ mövqedən söhbət getmir.

Məhz bu nöqtədə yeni bir anlayış meydana çıxır: müəllifin metaforik intiharı. Bu, müəllifin kənar nəzəriyyə və ya estetik konsept tərəfindən “öldürülməsi” deyil, onun öz davranışı nəticəsində, texnologiyanın kor-koranə tətbiqi, ideya məsuliyyətinin itirilməsi və mətni sadəcə informasiya “yığını”na çevirməsi nəticəsində baş verən prosesdir. Müəllif “texnoloji üsulla” yazdıqca, lakin yazının mənasını daşımadıqca, tədricən öz yaradıcılıq kimliyini itirir.

Beləliklə, postmodern diskursda “müəllifin ölümü” metaforik, estetik və hermenevtik anlayışdırsa, müasir texnoloji şəraitdə üzə çıxan “müəllifin intiharı” artıq real yaradıcılıq böhranını ifadə edən yeni interpretativ anlayış kimi qavramaq olar. Məsələ estetik cərəyanın tələblərindən deyil, etik pozuntunun nəticəsi kimi özünü göstərir. Burada problem yazının miqdarında deyil, yazının məsuliyyətsizliyində və müəlliflə mətn arasındakı mənəvi-intellektual əlaqənin itməsindədir.

Əvvəllər belə bir anlayış vardı: filankəs görünmür, yazısı-filan gözümə dəymir. İndi isə təxminən belə sual yarana bilər: “filankəs gözümə dəymir, əlində bir yığın mətn və ölmüş müəllif kimliyi” var.

Müasir yazı praktikasında bir çox müəllif kimi “mətni yaradan” yaradıcı subyekt kimi deyil, onu şəkilləndirən və bu üsulla “fərdi bioqrafiya” yaradıcısına çevrilir. Beləliklə “nəsə yazmaq istəyi”nin intellektual emal olmadan texnologiya ilə görüşü baş tutur. Yaradıcı subyektin özünün bu iş üçün xarakterik olan ənənəvi yaradıcılığa çağırış motivasiyasında baş verən dəyişiklik “müəllifi” humanitar ideya olmaqdan çıxarıb,  texnoloji imkanların uyğun istehsal edən “performativ” vahidə çevirir. Bu prosesdə yazmaq istəyi yerini “say göstərmə istəyi“nə verir və müəllif könüllü şəkildə infokratiyanın nəzarətinə daxil olur. Beləliklə, infokratik mətn paradiqması zorakılıxla deyil, arzu və kəmiyyət ehtirası vasitəsilə reallaşır.

Deməli müəllifin özünüreallaşdırma iddiasının elmi-etik prinsiplər işığında yaradıcılıq süzgəcindən keçmədən texnologiyayla görüşü tədrici intiharın reallaşmasına səbəb olur. Belə bir şəraitdə Azərbaycanın filosof-filoloqu Yaşar Qarayevin bir konsepti özünü çox ciddi şəkildə təsdiqləyir: “Təsadüfi deyil ki, “İnsan nədir?” sualına ən nikbin cavablar ən radikal və inqilabi mənəvi sərbəstliklər dövründə verilmişdir. Məhz həyatda şəxsiyyət “Mən” deyə özünü dərk edəndə sənətdə də insan-tanrıların obrazı yaranıb…. Hər yerdə və həmişə intibahın meyarı dəzgahın və maşının yox, ruhun və şəxsiyyətin möhtəşəmliyi olub. İnsan robot və avtomat anlayışına ən çox yaxınlaşanda yox, ondan ən çox uzaqlaşanda intibah anlayışına yaxınlaşıb. Sivilizasiyanın orbitini hər yerdə texniki yox, mənəvi, insani yüksəliş təyin etmişdir” (Qarayev. 1988. s. 37).

Təbiidir ki, Yaşar Qarayevin bu fikirindəki şərtiliyi dəqiq şəkildə qavramaq lazımdır. Burada söhbət nə texnologiyadan, nə də zamandan uzaqlaşmaqdan gedir. Məsələ ondan ibarətdir ki, insan varlığının mahiyyətini və sivilizasiyanın istiqamətini müəyyənləşdirən əsas diskurs texniki imkanlar deyil, məhz humanitar ideya, yəni şəxsiyyətin mənəvi və intellektual özünüdərkidir. Texnoloji inkişaf yalnız bu ideyanın daşıyıcısı və aləti ola bildiyi halda mənalandırıcı məzmun qazanır, əks halda isə o, insanı mərkəzdən çıxaran, varlıq ölçüsünü daraldan mexaniki bir sistemə çevrilir.

Beləliklə, texnoloji imkanların genişləndiyi, yazı prosesinin texniki baxımdan asanlaşdığı bir şəraitdə hər bir müəllif “İnsan nədir?” sualına artıq “Müəllif nədir?” diskursu daxilində cavab axtarmalıdır. Bu cavabın istiqamətini və dəyərini isə texniki bacarıqlar deyil, şəxsiyyət meyarı müəyyənləşdirəcəkdir. Çünki görünən odur ki, texnoloji meyarlar hələ də süni zəkanın mətn istehsalının zahiri tərəflərini ölçə bilsə də, yaradıcılığın mənəvi-intellektual dərinliyini, müəllifin yaradıcı işinin miqyasını və etik məsuliyyətini müəyyənləşdirməkdə hələ uzun müdət aciz qalacaqdır. Başqa sözlə, texnologiya yazını təqlid edə bilər, amma müəllifi əvəz edə bilməz,  burada həlledici olan yenə də şəxsiyyətdir.

Ədəbiyyat
  1. Qarayev Yaşar. 1988. Meyar Şəxsiyyətdir. Bakı: Yazıçı 1988 .456 s.
  2. Barthes Roland. 2013. Dilin Çalışma Sesi (Çev. A.Ece, N.K.Sevil, E. Gökteke) İstanbul: YKY
  3. Bart Rolan 2018. “Müəllifin ölümü”  Esse (tərcüməçi. Cavanşir Yusifli). Kulis.az

 

OXŞAR XƏBƏRLƏR