Daha.az Elay Məmmədovun “Monoxrom rəng səthləri, işıq sınması və portretlər” yazısını təqdim edir.
Zamanın izlərini görməmək , gerçəklikdən qopmaq, unutmaq üçün alternativ gerçəklik yaradan və illüziyaları xəyaldan gerçəkliyə gətirən incəsənətdən yalnız “gerçəklik” istəmək “memento mori” həqiqətini qəbul edə bilməmək qədər acıdır.
Sənət və elmin gerçək həyatın alternativləri üzərində inkişaf etməsinin dərk edilməz olması adi insan üçün anlaşılmaz olduğundan gerçəklikliyi mütləqiyyət qəbul etməsindən başqa çarə qalmır. İnsanın da daxilində öz alternativi var. Özü üçün qəbul etdiyi qəlib bəyənilməyəndə digər “öz” kimliyini ortaya çıxarıb onun xüsusiyyətlərinə bürünür.
Gerçək dünyanın illuziyası qədər inandırıcı və mütləqiyyətçi gerçəkliyin bənzərini köçürən rəssam da gerçəkliyin həqiqət olmadığına inanaraq illuziya çərçivəsindən çıxmaq üçün başqa ölçü axtarışındadır.
Ölüm anı və yoxluğun ürkütücülüyünü gizlədən insan xəyalı rəsm edilmədən öncə gerçəyin özü təsvirdən sonra avatarına çevrilir. İnsan yox olur, bir sözdə gizlənir, insanın özü də sözə ya bir rəsmə çevrilir, bir kəlmə, ya bir nağıl olur, ya da əfsanə. Bir qəhraman olur bəşəri qurtaran, sülhə çağıran, ya da keçilməz tələlər quran antiqəhraman.
Təsvir edilən kimliklər zinciri hamısı insana aiddir. Zaman bizi şəkillərə köçürərək dəyişir, indi buradakı mümkün hərəkətlərin hamısı hər an bir-birinə köçürülərək davam edir. İndi, qarşıdakı indi, sonrakı indi. Hərəkətlərinin mümkün anları zamanla indi oldu, indi yenə olacaq. Zaman indilərdir.

Rəssam bu mürəkkəbliyi rəsmdə təsvir edə bilmədiyindən, sadəcə, bir anı köçürə bilir.
İncəsənət daha mürəkkəb formalardan daha sadə formalara yönəlir.
Məzmunca dərin, quruluşca sadə formalar müasir incəsənətin təməlinə çevrilir.
Rəsm əsərinin mövzusu sənət baxımından çox zaman əhəmiyyətli deyil. Mövzu sadə bir insan portreti, düz xətt, kəsik bir kətan ola bilər. Rəsm köçürülmədən öncə də şəkil halındadır və istədiyimiz qədər mükəmməldir.
Onu eynilə rəsmə köçürmək, demək olar ki, mümkünsüzdür. Çünki o rəsm xəyalınızda başqa bir fəzadadır . Onu bizim ölçülərimizə salmaq üçün yetərli müstəvilərimiz yoxdur.
Xəyalınızda bir xətt çəkin, çox böyük ehtimal ki, xəyalınızdakı xətt qara rəngdədir. Bu da rəsm əsəridir. Bu rəsm metafizik aləmdə mövcuddur, silinməzdir.
Silmək istəsəniz, surətini silə bilərsiniz. O zaman xəyalınızda iki rəsm olacaq: daha öncə çəkdiyiniz xətt və silmək istədiyiniz xətt. Bu sadə formalı bir rəsmdir.
Seçdiyimiz xətt mövzusu sadə olduğu kimi, kimisi üçün düşündürücü və mənalı da ola bilər. Rəssam üçün o, sadəcə, xətdir.
Mövzu cəmiyyətin və dövrün dəyişmələri ilə mənasını itirə bilər. Formalar, qavramlar isə əbədidir. Hafizədə düz qara xətt, sadəcə, bir qavramdır, hec bir mənası yoxdur. Bu rəsmi bəyənməsəniz də, o artıq hafizənizdə “Tək qara xətt” rəsmi kimi qalır.
Əsərin necə qarşılanacağı rəssamı düşündürmür. Rəssamın istəyi özünü tanıtmaq deyil, düşündüklərini göstərmək də yox, hafizədə yer salmış düşüncələrlə iç-içə keçmiş rəsmi tapmaqdır. Zamanla unudulmayan və vaxtaşırı xatırlanan rəsmin niyə təkrar-təkrar qayıtdığının fərqinə varmaq, yeni bir qavram yaradır. Zamanda xatırlanan hər hərəkət və söz şəkil olaraq yadda qalır. Ehtimal ki, zamanın özü də anbaan hər şeyi şəkil kimi qeyd edir. Bir an milyardlarca şəklin toplandığı bir nöqtədir. Biz isə o anların içindəki şəkillərik. Rəsm isə anın təsvirdir. Sənətçinin iz qoymaq kimi bir arzusu yoxdur.
Əgər sənətkar belə düşünürsə, sənət onu tərk edə bilər. Rəsmdə mövzunun bənzərsizliyi əhəmiyyətli deyil, çünki rəsm ən sadə halı ilə gözə görünən hər şey ola bilər. Dan yerindəki günəş, bir kənd mənzərəsi, yemək hazırlayan qadın və sair. Güldanda mavi kölgələrlə təsvir olunmuş bahar gülləri. Yaxud pəncərə önündə məktub oxuyan qız… Görən, o məktubda nə yazılıb? – Maraq və həyəcan yaranır tamaşaçıda. Ya o mirvari sırğalı qız… o kimdir? Belə sadədir.
Başqa bir qadın portreti… tamaşaçıya baxır, sadə görünsə də, qadının oturduğu otağın pəncərələri portretin gözünə əks olunub. Otağın dərinliyi hətta portretin gözlərində görünür. Rəssam o an, o zaman kəsiyində bizə harada olduğunu, nələri gördüyünü çatdırır. Pəncərədəki işıqlar azalır, axşam düşür. Dəniz sahilində qadınlar balıqçıları gözləyir və kənarda qumların üstündə uşaq kağızdan qayıq duzəldir.
Təbəssümlü qadın portreti… hamı onun sirli olduğunu deyir, sirr nədədir? Bir dəfə zarafatla demişdim, arxasında mənzərə olan ilk portretdir.
Bu zarafat idi, ciddi qəbul olunmuşdu. İşıq, kölgələr də zarafat edir; işıq inandırır ki, kölgə oradadır. Kölgəyə baxırsan, orada da işıq var, ancaq tam sezilmir.
Başqa bir portret daha: “Bilinməyən göy”.
Göy kölgələrdən arınmış, təbi işıq, sarışmalar… bir az gerçək, bir az da tamaşaçının xəyalında tamamlanır. Kölgələr gerçək deyil, əsl olan işığın özüdür.
Öncə göy bir kətan görünürdü, ancaq yaxından… portret olduğu qədər həm də işıq sarışmalarıdır. Rəsmə baxa-baxa yerimi dəyişirəm, rəsm dəyişir, zaman və məkan nisbiliyini xatırladır.
İşıqdan yonulmuş portret bir anın rəsmidir, həm də işığın yaddaşıdır. Bir azdan pəncərədən düşən işıq yerini dəyişir, portretin üz ifadəsi dəyişilir, işıq-kölgələr yerini dəyişir. İndi həmin portret öncəki kimi görünmür, sabah eyni saatda yenə elə görünəcək. İşıq hərəkət etdikcə o da dəyişilir. İşıq azalır, portret yox olur, sadəcə, göy kətan qalır.
Monoxrom səth üzərində sarışmalar, işıq yansımaları, işıq şüalarını gücləndirən və zəiflədən fırça izlərinin istiqaməti bu uslubu yaradan əsas xüsusiyyətlərdir.
Reflektionizm (yansımacılıq) üslubu qavramsal olaraq işıq şüalarının fırça izləri üzərində şəkillənməsindən yaranıb. Rəsm üzərindəki fırça izlərinin istiqaməti işıq şüalarını qıraraq müxtəlif işıq və rəng tonları yaradır.
Bu üslubda yaradılmış rəsmlər fərqli istiqamətlərdən baxanda fərqli işıq kölgələri ilə görülə bilir və eyni zamanda portretlərin üz ifadələri dəyişə bilir: Portretlər bir nöqtədən qəmli, digər nöqtədən təbəssümlü görünə bilir; bir nöqtədən gözəl, başqa nöqtədən çirkin görünə bilir.
Öncə bəhs etdiyimiz kimi, bir insanın fərqli anlarını toplayan rəsm…
Bu an öz formasını tapmaqda zaman və zamansızlıq arasında gerçəklik üzərindən bənzər gerçəklər yaradır. Zamanın axışı indi ve indisizlik arasında davam edərkən hər indiki andan yeni indilər yaranır. Zamanın kəsilməzliyi, məkanın aramsız olaraq öz əksini yaratması maddənin və cismin oz mahiyyətini itirərək basqa bir cismə çevrilməsi açılmaz qalır.




