Dünyaca məşhur rəqəmsal incəsənət ustası Rəfiq Anadolun Lionel Messinin ən sevdiyi qolundan ilham alaraq yaratdığı əsər 1 milyon 865 min dollara satılıb.
Daha.az xəbər verir ki, Argentinanın ulduz futbolçusu 2009-cu ildə UEFA Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə başla vurduğu qolu öz karyerasının ən yaddaqalan anı kimi qiymətləndirib.
Anadol həmin qolu süni intellekt dəstəyi ilə multisensorlu rəqəmsal təcrübəyə çevirib. Messi qol vurduğu anda 17 bədən nöqtəsi kameralarla izlənilib, onun nəfəsi, ürək döyüntüsü kimi biometrik göstəricilər analiz olunub. Nəticədə 8 dəqiqəlik, 16K keyfiyyətində “yaddaş məbədi” adlı installyasiya hazırlanıb.
Əsər 12–22 iyul tarixlərində Nyu-Yorkda sərgilənib və eyni zamanda onlayn hərraca çıxarılıb. Nəticədə 1 milyon 865 min dollara satılıb. 64,8 milyon baxış sayı qazanan rəqəmsal installyasiyanı sərgidə 3500 nəfər canlı izləyib.
Qeyd edək ki, əsərin satışından əldə edilən vəsait Inter Miami CF Fondu və UNICEF-in birgə əməkdaşlığı ilə Latın Amerikası və Karib hövzəsindəki təhsil layihələrinə yönəldiləcək.




