ADA Universitetində memarlıq, şəhərsalma və innovativ dizayn sahəsində nüfuzlu platformalardan birinə çevrilən “Baku Archifest 2025” festivalının açılışı keçirilib.
Daha.az xəbər verir ki, ikinci dəfə təşkil olunan festival memarlıq şirkətləri “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə keçirilir.
Bu festival gələn il (17-22 may 2026-cı il) Bakının ev sahibliyi edəcəyi 13-cü Dünya Şəhər Forumu (WUF13) ilə bağlı Azərbaycan şəhərsalma kampaniyasının ilk tədbiridir.
Festivalın builki mövzusu “Şəhərliliyin axtarışında” – şəhər məkanının idarə olunmasında yeni yanaşmalar, dayanıqlı dizayn modelləri və gələcək şəhər mühitinin formalaşdırılmasında çoxşaxəli əməkdaşlığın rolunu gündəmə gətirir.
Tədbirdə ADA Universiteti ilə “PAŞA Real Estate Qrup” arasında anlaşma memorandumu imzalanıb. Sənəd çərçivəsində əsası qoyulan Dizayn, Yaradıcılıq və Sahibkarlıq Mərkəzinin növbəti beş ildə əsas tərəfdaşı “PAŞA Real Estate Qrup” olacaq. Bu mərkəzdə universitetlə dövlət və özəl sektor bir araya gələrək tələbələrə öz ideyalarını biznesə çevirmək üçün dəstək verəcəklər.
Festival müddətində Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və dizaynerlər “İdeal şəhərin dizaynı”, “Bakının keçmişi, bu günü və gələcəyi” və digər mövzularda panel müzakirələrində çıxış edəcəklər. Builki “Baku Archifest”in əsas çıxışçısı İtaliyanın “One Works” şirkətinin qurucusu və idarəedici partnyoru, memar Leonardo Kavallidir.




