Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.
Daha.az xəbər verir ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq “3 №li küp məzarı” kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.
Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.
Qeyd edək ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.





