ABŞ-ın kosmik agentliyi NASA Mars planetində tapılan bir qaya nümunəsində “leopard ləkələrinə” bənzər izlərin keçmişdə orada həyatın mövcud olduğuna dair indiyəqədərki ən aydın işarə ola biləcəyini açıqlayıb.
Daha.az xəbər verir ki, qaya nümunəsində xaşxaş toxumuna və leopard ləkələrinə bənzər rəngli strukturlar aşkarlanıb. Bu cür formalar Yer üzündə, adətən, mikrobial fəaliyyət nəticəsində yaranan minerallara uyğun gəlir.
Mütəxəssislər bu qaya nümunələrini astrobioloji baxımdan ən həyəcanverici tapıntı hesab edirlər.
“Sapphire Kanyonu” adlandırılan nümunə Marsda yerləşən Jezero Kraterinə 3 milyard il əvvəl su axını zamanı formalaşmış “Neretva Vadisi” yaxınlığındakı qayalıq ərazidən tapılıb.
Qeyd edək ki, bu kəşf bizi insanları daim maraqlandıran “kainatda tək olub-olmadığımız” sualına cavab tapmağa bir addım daha yaxınlaşdırır.




