Bu gün nasir, dramaturq, publisist, ictimai-siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın anım günüdür.
DAHA Orxan Pamukun “Mario Varqas Lyosa və Üçüncü Dünya ədəbiyyatı” essesini təqdim edir.
Üçüncü Dünya ədəbiyyatı deyilən şey varmı? Üçüncü Dünya ölkələrindəki ədəbiyyatların əsas xüsusiyyətlərini dar düşüncənin, qərəzin və vulqarlaşmağın tələsinə düşmədən təyin etmək mümkündürmü? Üçüncü Dünya ədəbiyyatı termini məntiqli şəkildə ifadə ediləndə –Edvard Səidin yazılarındakı kimi – mərkəzdən-kənar ədəbiyyatların öz müxtəlifliyini və zənginliyini aşkarlamağı, Qərbli olmadıqlarını və milliyətçiliklə əlaqələrini saf-çürük etməyə yardımçı oldu. Üçüncü Dünya ədəbiyyatı anlayışı pis şəkildə istifadə ediləndə isə (məsələn Frederik Ceymisonun “Üçüncü Dünya ədəbiyyatları milli alleqoriyalardır” tezisində olduğu kimi) mərkəzdən-kənar ədəbiyyatların qarışıqlığını və zənginliyini görməzlikdən gəlməyin mədəni forması oldu, vəssalam. Borxes qısa hekayələrini və esselərini 1930-cu illərin Argetinasında, yəni tamamən Üçüncü Dünya ölkəsində yazmışdı, amma bugün dünya ədəbiyyatının düz mərkəzində mübahisəsiz yeri var.
Amma qəbul etmək lazımdır ki, Üçüncü Dünya deyilən bu ölkələrin özünəməxsus “hekayə və roman”ları var. Bu məxsusilik ondan qaynaqlanır ki, yazıçı dünya ədəbiyyatının mərkəzindən uzaqda yazdığını bilir, bu uzaqlığı içində hiss edir. Əgər Üçüncü Dünya ədəbiyyatını fərqli edən bir cəhət varsa, bu, kənarda qalmış bir ölkənin yoxsulluq, şiddət, siyasi qarışıqlıq və s. kimi ictimai problemləri deyil, onu fərqli edən şey yazıçının məşğul olduğu roman sənətinin tarixinin yazılıb-yarandığı mərkəzlərdən uzaqda olduğunu bilməsi və bu uzaqlığı nəzərə alıb yazmasıdır. Burda vacib olan məsələ Üçüncü Dünya yazıçısının dünya ədəbiyyatının mərkəzindən tamamilə sürgün olduğunu bilməsidir. Üçüncü Dünyadan olan bir yazıçı, Lyosa kimi, öz ölkəsi Peruda yox, Avropada, Qərb mədəniyyətinin mərkəzlərindən birində də yazıb-yarada bilər. Bütün bunları ona görə deyirəm ki, Üçüncü Dünya yazıçısının “sürgün” vəziyyətinin coğrafi məsələ yox, ruhi halət, kənarda qalmışlıq, öz sənətinin tarixi haqqında daim içində gəzdirdiyi ögeylik duyğusu olmağına işarə vurum.
Amma digər tərəfdən də bu kənarda qalmaq vəziyyəti yazıçını bəzi yaradıcı problemlərin əndişəsindən də xilas edir. Üçüncü Dünya yazıçıları öz şəxsiyyətlərini, kimliklərini formalaşdırmaq üçün özlərinə örnək və ustad seçdikləri bir ata-yazıçı obrazı ilə kompleksli bir şəxsiyyət davasına girişməyə bilərlər. Çünki, eynilə Lyosanın Perunun ictimai problemləri, tarixi və sairə ilə çulğalaşan romanlarının bizə göstərdiyi kimi, Üçüncü Dünya yazıçısının coğrafi mənsubiyyəti, mövzularının yepyeni və işlənməmiş olmağı, hətta ölkəsində xitab etməyi arzuladığı oxucuların yeniliyi, saflığı və müxtəlifliyi, avtomatik şəkildə ona orjinallıq, səhihlik bəxş edir.
Lyosa gənclik illərində Simona de Buvuarın “Gözəl görüntülər” romanı barəsində yazdığı bir essedə bu dediyim məsələylə bağlı ipucları verir. Buvuarı təkcə parlaq bir roman yazdığı üçün yox, o zamanda – 1960-cı illərdə – Fransada çox dəbdə olan “Yeni roman”çıların kölgəsində qalmadığı üçün də təbrik edir. Gənc Lyosanın fikrincə, Simona de Buvuarın romanının əsas xüsusiyyəti odur ki, Allen Rob-Qriye, Natali Sarrot, Mişel Byutor və Bekket kimi yeni romançıların roman formalarını və yazı metodlarını öz məqsədinə xidmət etdirə bilib.
Başqa yazıçıların metod və formalarından “istifadə” etmək mövzusu Lyosanın başqa bir yazısında da (Sartr haqqında yazdığı) ortaya çıxır. Lyosa yetkinlik illərində Sartrın romanlarını yumordan və əsrardan məhrum, esselərini açıq, amma siyasi olaraq çaşdırıcı, romanlarını isə dəbdən düşmüş və yaradıcılıqdan uzaq sayacaq, Marksist olduğu gənclik illərində Sartr təsirinə düşdüyü üçün özünü qınayacaqdı.
O, Sartrla bağlı tam mənada xəyal qırıqlığına uğramasını, 1964-cü ildə “Le Monde” qəzetində oxuduğu bir müsahibəylə əlaqələndirir. Türkiyədə də səs-küyə səbəb olmuş bu məşhur müsahibəsində Sartr, Biafrada, bir Üçüncü Dünya ölkəsində acından ölən zənci uşaqla ədəbiyyatı əxlaqi olaraq müqayisə etmiş, belə fəlakətlər varkən yoxsul ölkələrdə ədəbiyyatla məşğul olmağın bir “lyuks” olduğunu demiş və Üçüncü Dünya ölkələrində yazıçıların ədəbiyatın lyuks zövqlərindən təmiz vicdanla faydalana bilməyəcəklərinə eyham vuraraq həqiqi ədəbiyyatı zəngin ölkələrin məşğuliyyəti saydığını söyləmişdi. Digər tərəfdən, Lyosa onu da yazır ki, Sartrın məntiqli fikirləri, ədəbiyyatın qətiyyən bir oyun olmayacaq qədər ciddi iş olması ilə bağlı düşüncələri onun üçün “faydalı” və “praktik” olub. Bu fikirlər sayəsində ədəbiyyatın və siyasətin qarışıq labirintində yolunu tapıb, kəsəsi, Sartr ona “faydalı” bir bələdçi olub.
İlham deyilən şeyə bu cür məntiqi yanaşma, başqa yazıçıların texniki kəşflərininin yararlı olmasından danışmaq və mərkəzdən uzaq olmağın daim fərqində olmaq, müəyyən bir saflığa (Lyosanın fikrincə, Sartr ədəbiyyatçı üçün müəyyən dozada lazımlı olan saflıq və sadəlövhlükdən şikəstdir) və həyatiliyə işarə edir. Bu şəxsi özəlliklər – həyatilik və saflıq – Lyosanın təkcə romanlarında yox, tənqidi yazılarında da, esselərində də, xatirə yazılarında da görünür.
Lyosa oğlunun Rastafarianlar təriqətiyilə olan əlaqəsindən bəhs edən şəxsi bir xatirə yazısında da, Nikaraquanın marksist Sandinista partizanlarının əlinə düşməyinin siyasi tablosunu çəkən anlayışlı repotajında da, yaxud futbol üzrə dünya çempionatı haqqında yazılmış bir essesində də, ədəbi qəhrəmanlarından biri kimi Kamünün yeri var, hərçənd təkrar-təkrar deyir ki, gəncliyində Sartrın pis təsiri ucbatından Kamünü ötəri və pis oxuyub: Lyosa neçə ildən sonra Limada bir terroristin hücumuna məruz qalanda, Kamünün tarix və şiddət haqqında yazdığı “Üsyankar İnsan”ı adlı uzun essesini oxuyur və görür ki, əslində, Sartrdan çox Kamüyə yaxındır. Lyosanın Sartrın esseləri haqqında dediyi, “məsələnin mahiyyətini tez tutan yazılardı” sözü onun öz məqalələrinə də aiddir.
Aydın şəkildə görünür ki, Sartr onun üçün “problemli” bir şəxsiyyət, hətta bir növ ata fiqurudur. Sartrın heyran olub təsirləndiyi Con Dos Passos, eyni səbəblərlə, Lyosa üçün də çox önəmli yazıçıdı: romanlarında ucuz sentimentalizmə yer verməməsi və yeni təhkiyə metodları kəşf etdiyi üçün. Eynən Sartr kimi, Lyosa da bir növ kollaj, yan-yana gətirmə, montaj, yapışdırma və bütün bunların ustalıqla orkestrasiyasına söykənən roman texnikasını sonralar öz əsərlərində istifadə edib. Loysa başqa bir məqaləsində Doris Lessinqin “Qızıl dəftər” romanını “sözün Sartrçı mənasında azartla” yazıldığı üçün ürəkdən tərifləyir. Bu mənada “azartlı” kitab öz fundamentini dövrün mübahisələrindən, əfsanələrindən və şiddətindən götürən kitab deməkdir, bu termin Lyosanın gənclik dönəmi sol romançılığına çox yaxşı örnəkdir. Amma bu, yaradıcı, oyunbaz bir “sol” romançılıqdır. Aralarında Coys, Heminquey, Batal da olan və əsərləri haqqında yazdığı yazıçıların içində Lyosanın ən çox heyran olduğu, təsirləndiyi yazıçı isə Folknerdir. “Müqəddəs sığınacaq” haqqında yazdığı essedə Folknerin roman sənətinin əsas özəllikləri, səhnələrin sıralanması, zamandakı sıçrayışlar və sujetin yenidən qurulmasıyla bağlı dediyi şeylər Lyosanın öz romanları üçün də keçərlidir. Hətta “Müqəddəs sığınacaq”da səhnələrin klassik romanlarda olduğu kimi bir-birini izləməkdən çox, bir-birinin içinə keçərək əriməsi düşüncəsi, Lyosanın romanlarına daha çox aiddir. Bu metod, yəni səslərin, hekayələrin, şərhlərin davamiyyətinin qəddarlıqla kəsilməsi, Lyosanın son romanı “And dağlarında terror”da da israr və ustalıqla tətbiq edilib.
Romanda hadisələr And dağlarının ucqar guşələrində, tərk edilmiş balaca qəsəbələrdə, boş vadilərdə, mədən yataqlarında, dağ yollarında, təhlükəl ərazilərdə baş verir; roman bəzi itkilərin, böyük ehtimalla günahkarı naməlum olan cinayətlərin hekayəsi və araşdırmasıdır. Cinayətlərin arxasındakı məntiqi həlqənin adı Lyosanın digər romanlarını oxuyanlara tanış gələcək. Çavuş Lituma və onun silah yoldaşı Tomas Correno. İki əsgər, iki zorən dost dağlıq ərazidə başlarını girləyir, qabaqlarına çıxan şübhəliləri sorğu-suala tutur, bir-birlərinə keçmiş sevgi hekayətləri danışır və Maoçu “Aydınlıq yol” partizanlarının tələsinə qarşı daim ayıq olmağa çalışırlar. Təhqiqat işini aparan əsgərlərin qarşılaşdığı müxtəlif insanlar və onların danışdığı hekayələr, dostlaşmış çavuşların keçmiş hekayələri ilə birləşərək bu günkü Perunun səfalətini və ağrısını, realist, panoramik bir şəkildə təqdim edir.
Cinayət şübhəliləri, həm “Aydınlıq Yol”un maoçu partizanları, həm də bölgədə bufet işlədən, İnka törənlərini xatırladan qəribə tamaşalar çıxardan bir cütlükdür. Romanda “Aydınlıq Yol”un məntiqdənkənar qəddarlıqla bölgədə törətdiyi siyasi cinayətlərin təsviri və üstü açılmamış suçların qədim İnka törənlərindəki qurbanvermə rituallarından təsirlənmiş ola biləcəyi ilə bağlı getdikcə artan şübhələr And Dağlarının vəhşi mənzərəsiylə birləşərək güclü bir irrasioanlizm havası yaradır. Kitabda ölüm hər yerdədi; ölümün daimi yaxınlığı Perunun kasıblığı, partizan döyüşlərinin təbiətindən və ümidsizlikdən daha güclü şəkildə hiss edilir.
İnsan düşünür ki, elə bil modernist Lyosa optimizmini itirib, həqiqi postmodern bir antropoloq kimi ölkəsini anlamaq üçün onun irrasionalizminə, şiddətinə, maarifçilik öncəsi dəyərlərinə və törənlərə diqqət kəsilmək qərarına gəlib. Bu əsər sujetin tələb etdiyindən də artıq əfsanələr, əski tanrılar, dağ ruhları ilə, şeytanlar, iblislər və cadugərlərlə doludur. “Çünki bu cinayətlərin məntiqlə açıqlanacaq heç bir tərəfi yoxdur”.
Digər tərəfdən, qəribədir ki, “And dağlarında terror” roman kimi öz bətnindəki irrasionalizmdən heç bir iz daşımır. Kitabın bir-biriylə ziddiyət təşkil edən iki məqsədi var: bir tərəfdən Dekartçı rasionalizmin və məntiqi mühakimə yürütməyin bir növ tamaşası olan detektiv roman qurmaq, digər tərəfdən isə şiddət və qəddarlığın gizli köklərinə eyham vuran bir məntiqsizlik atmosferi yaratmaq. Bir-biriylə toqquşan bu məqsədlər romanda üçüncü və yeni bir şeyin – xəyalın ortaya çıxmasına qəti kömək etmir. Çünki “And dağlarında terror” nəticə etibarilə tipik bir Lyosa romanıdır, yəni müəllif aradakı hədsiz qatmaqarışıqlığı boşlasa belə, hiss olunur ki, təhkiyənin həmişə nəzarətdədir. Kitab boyunca qəhrəmanların səsləri planlaşdırılmış orkestrasiya ilə idarə olunur. Kitabın gücü və gözəlliyi əla qurulması, yaxşıca səhmana salınmasındadır.
“And dağların terror” əsərində Üçüncü Dünya ölkələri haqqında olan köhnəlib yıpranmış modernist ehtimalları heçə saymaq kimi bir niyyət olsa da, bu kitab, məsələn, Tomas Pinçonun “Cazibənin göyqurşağı” əsəri kimi postmodern bir roman deyil. “Özgə” mədəniyyətlərdən olanların məntiqsiz məxluqlar kimi təsəvvür edilməsi və bu cür kobud məntiqi mühakimələrlə bağlı ünsürlər – sehr, qəribə törənlər, təsirli mənzərələr və vəhşilik – kitabda boldur. Amma digər tərəfdən də insan bu kitabı anlaşılmaz mədəniyyətlər haqqında sıralanmış kobud hökmlər, qərəzlər paradı kimi yox, bu günkü Perunun gündəlik həyatı içində baş verən adi, sıradan hadisələri nəql edən, güvənli bir tarix kimi, əyləncəli, oyunbaz və çox vaxt da gülməli bir realist mətn kimi oxuyur. Balaca bir qəsəbənin partizanlar tərəfindən işğal edilməsi və sonra gələn ittihamlar, ya da bir əsgərlə bir fahişə arasındakı melodramatik, hədsiz sentimental eşq hekayəti reportaj qədər inandırıcıdır. “And dağlarında terror” romanında təsvir edilən Peru “heç kimin başa düşməyəcəyi” yerdi; hamının öz səfil maaşından şikayət etdiyi, amma yenə də onu qazanmaq üçün həyatını təhlükəyə atdığı bir ölkə. Həmişə eksperimental olsa da, Lyosa latın amerikan yazıçıları içində həm də ən realistlərindəndir.
Kitabın əsas personajı çavuş Litumanı Lyosanın digər romanlarından da xatırlayırıq. Başqa bir detektiv roman olan “Polomino Moleronu kim öldürüb?” əsərində əsas personaj idi; Yaşıl ev” romanında fahişəxanada ikili həyat yaşayan adam idi; “Culiya xala və cızmaqaraçı”da isə görünüb, itir. Lyosa ayağı həmişə yerə dəyən, orduda xidmət edə bilmək üçün xoşməramlı şəkildə əlindən gələn hər şeyi ifrata və təəssübkeşliyə varmadan, dürüstcəsinə icra edən, sağ qalmaq üçün həmişə ayıq fəhmi və qara yumora yaxınlaşan istehza qabiliyyəti olan bu realist qəhrəmanı çox böyük uğurla, sevgiylə təsvir edir.
Özü də Perudakı hərbi litseylərdən birində təhsil almış Lyosa, onsuz da hərbi mühitini həmişə böyük uğurla və ləzzətlə təsvir edib: məsələn, “Şəhər və itlər” romanında gənc əsgərlər arasındakı rəqabəti və çəkişməni nəql edəndə, ya da “Yüzbaşı və qadınlar tabor”unda hərbi bürokratiya və ordudakı cinsi məsələlərdən yazarkən, ləzzətlə və həyəcanla yazdığı o saat hiss olunur. Kişilərin dostluğundakı incəliklərə diqqət yetirərkən, sərt kişi xasiyyətinin qırılma nöqtələrini araşdırarkən, fahişələrə ümidsizcəsinə aşiq olan sərt kişilərdən bəhs edərkən, ifrat görünən kişi sentimentalizminə qəfil nöqtə qoyan kobud bir zarafatı yerində işlədərkən, Lyosa, doğurdan da, çox parlaqdır. Onun qəddar yumoru həmişə çox əyləncəlidir; heç vaxt da səbəbsiz və boşuna deyil. İlk romanlarından başlayıb diqqətlə oxunsa, o saat görünəcək ki, o, radikal utopiya düşkünlərindən və fanatiklərin aşırılığındansa, üstünlüyü həmişə ağıllı realistlərə və ironik mülayimlərə verir.
Bu kitabın – “And dağlarında terror”un nisbi müsbət qəhrəmanları əsgərlərdi. Digər tərəfdən, romanda “Aydınlıq Yol” partizanlarını anlamaq üçün çox da cəhd edilmir. Onlar daha çox xalis məntiqsizliyin və absurda çıxan şərin təmsilçisi kimi görünürlər. Lyosanın bu anlayışsızlığı təbii ki, inkişaf xəttini illər boyu yazdığı məqalələrdə gördüyümüz siyasi düşüncəsindəki dəyişikliklərlə də bağlıdır. Cavanlığında Kuba İnqilabından təsirlənən modernist-marksist Lyosa, yetkinlik illərində şüurlu bir liberal oldu və 1980-ci illərdə “bütün Latın Amerikası Kuba nümunəsini örnək almalıdır” deyən Günter Qrass kimi düşünənləri tənqid edib yarızarafat, yarıciddi “Dünyada Marqaret Tetçerə heyran olub, Fidel Kastrodan nifrət edən iki yazıçıdan biriyəm” – dedi. O biri yazıçı, daha doğrusu şair Filip Larkin idi.
“And dağlarında terror”da “Aydınlıq Yol” partizanlarının təsvirini oxuyandan sonra Lyosanın gənclik dövrü məqalələrindən birində, 1965-ci ildə “Peru ordusuyla bir münaqişədə” öldürülən marksist partizan bir dostu üçün yazdığı şəfqət dolu, təsirli xatirə yazısını oxumaq sarsıdıcıdır. Bizimkimilər gəncliyi bitib-gedəndən sonra düşünməyə başlayır ki, partizanların da insan olduğu dərk olunurmu, ya da müəyyən bir yaşdan sonra insanın partizanların arasında döyüşən bircə dostu belə qalırmı? Lyosanın yazdıqları elə cazibədar və düşüncələri elə canlıdır ki, adam onun siyasi fikirləri ilə razılaşmadığı yerlərdə belə, ən azından onun bu düşüncələrə hər şeyi ürəkdən eləyən balaca oğlan uşağının saflığı ilə bağlanmasını sevir.
Perunun ən parlaq, amma nakam yazarlarından olan Sebastian Salazar Bondinin cavan ölməsinə yazdığı erkən dönəm esselərindən birində bizi də kədərləndirən bu təməl sualı verir: “Peruda yazıçı olmaq nə deməkdir?” Təkcə Peruda düz-əməlli oxucu kütləsi və ciddi naşirlik sənayesi olmadığı üçün yox, həm də ona görə ki, diqqətə, yoxsulluğa, cəhalətə, düşmanlığa qarşı dirənən və ayaqda qalmağa çalışan bütün yazıçılara ölkədə başdanxarab kimi baxırlar, bu yazıçılar irreal bir həyata məhkum edildikləri üçün də “Perulu hər yazıçı axırda məğlubiyyətə məhkumdur” deyən Lyosanın gənclik qəzəbiylə özümüzü eyniləşdirmək o qədər də çətin deyil. Lyosanın gəncliyində “o birilərinin hamısından axmaq” dediyi və heç kitab oxumamaqlırını qəzəblə tənqid etdiyi Peru burjuaziyasından nifrət etməsini, Dünya ədəbiyyatından Perunun xidmətinin heyf ki, az və zəif olmasını deməsindəki kədəri, Perudan kənardakı ədəbiyyata olan aclığını görəndə, insan onun güclü yazıçı səsinin arxasında bir başqa qüssəni, dünya ədəbiyyatının mərkəzindən uzaq olmağın nə demək olduğunu başa düşməyin qüssəsini hiss edir. Bu, bizimkimilərin çox yaxşı başa düşdüyü ruh halıdır…
Tərcümə edən: Qismət




