Mari Löbe: Tərcümə tarixinə qısa nəzər – XIX əsrdən XXI əsrə  

 Dillərin və mədəniyyətin zənginliyinə töhfə verən tərcüməçilər, tarixin hansı dövründə olur-olsun, cəmiyyətdə böyük iş görürlər. Onlar bir tərəfdən mövcud bilik saxlancımızın artmasına kömək edirlər, digər tərəfdən isə mədəniyyətlər arasında körpü vəzifəsi görməklə ictimai münasibətləri inkişaf etdirir, çağdaş dilləri formalaşdırırlar.

XIX əsrin tərcümə anlayışı 

XVIII əsr boyunca kitabları lüğətlərdən ön planda tutan və orijinal mətnə uyğunluqdan daha çox mətnin rahat oxunub-oxunmamasını əsas götürən, bunun üçün də bəzi ixtisarlar etməkdə heç bir problem görməyən tərcümə anlayışı, XIX əsrin ilk rübündə yavaş-yavaş dəyişməyə, tərcümə mətnlər məsələsində yeni standartlar formalaşmağa başladı.

Ancaq orijinal mətnə uyğunluq məsələsində aşkar istisnalardan biri ingilis yazıçısı və şairi Edvard Fitsceraldın farscadan tərcümələridir. Fitscerald, iranlı şair, riyaziyyatçı və astronozm Ömər Xəyyamın şeirlərindən tərtib etdiyi bir antologiyanı sərbəst üsulda tərcümə etmiş, “Ömər Xəyyamın rübailəri” adıyla çap olunan kitab qısa müddətdə bestsellerlər siyahısına düşmüşdü. Maraqlıdır ki, Fitsceraldın tərcüməsi bu gün də Ömər Xəyyam adı gələndə yada düşən ilk tərcümələrdəndir və orijinala sadiq olan daha keyfiyyətli tərcümələr olsa da, hələ də ən çox müraciət edilən tərcümədir.

Yenə XIX əsrin ilk rübündə, Alman romantizminin vacib fiqurlarından olan teoloq və mütəfəkkir Fridrix Şleymaher, “Özgələşdirici tərcümə” nəzəriyyəsini formalaşdırdı. Şleymaher, 1813-cü ildə oxuduğu “Fərqli tərcümə metodları haqqında” adlı məşhur mühazirəsində, yazıçını oxucuya yaxınlaşdıran tərcümə metodları ilə oxucunu yazıçıya yaxınlaşdıran tərcümə metodları arasında bir ayrım etmiş və ikinci metodu seçdiyini demişdir. Şleymaherin yerliləşdirmə (yazıçını oxucuya yaxınlaşdırmaq) və özgələşdirmə (oxucunu yazıçıya yaxınlaşdırmaq) arasında etdiyi bu ayrım, Antuan Berman və Lourens Venuti kimi sonrakı əsrin tanınmış nəzəriyyəçilərinə yol göstərmişdir.

XIX əsrin sonlarında isə çinli tərcüməçi Yan Fu “Üç tərcümə prinsipi” adlı öz tərcümə nəzəriyyəsini ərsəyə gətirmişdir. Funun ifadə etdiyi üç prinsipdən birincisi sədaqətdir, yəni bir tərcümənin məna və düşüncə baxımından orijinal versiya ilə uyğunluq göstərməsi. İkinci prinsip, tərcümənin ifadə gücüdür ki, bu, bir tərcümənin oxucu tərəfindən rahatca başa düşülmək məsələsinə uyğun gəlir. Üçüncü prinsip isə zərafətdir, yəni tərcümənin və tərcümə ediln dilin hazırlıq səviyyəsi.

Yan Fu bu tərcümə nəzəriyyəsini öz təcrübələrinə, ingiliscədən çinçəyə tərcümə etdiyi sosial elmi mətnlərə əsasən formalaşdırıb. Funun fikrincə, sözügedən üç prinsipdən ən vacibi ikinci prinsipdir, yəni ifadə gücü. Çünki tərcümənin mənası oxucu üçün çatımlı deyilsə, yəni tərcümədən heç nə başa düşülmürsə, onda həmin mətnin tərcümə olması ilə olmaması arasında heç bir fərq olmur.

Yan Fu anlaşıqlılığı artırmaq üçün söz sırasında dəyişiklik etməyin mümkünlüyünü, ingiliscə nümunələr yerinə çincə nümunələrdən istifadə oluna biləcəyini və çincə xüsusi isimlərin daha anlaqlı olması üçün modifikasiya oluna biləcəyini qeyd edir. Funun “Üç tərcümə prinsipi” dünya çapında nəzərəçarpan dərəcədə effektiv oldu, ancaq əfsus ki, ədəbi əsərlərin tərcüməsində olduqca yanlış formada tətbiq edilib.

XX əsrin tərcümə anlayışı

XX əsrin əvvəlinə hakim olan tərcümə anlayışı çərçivəsində əksər tərcüməçi, xüsusilə də akademik, elmi və tarixi mətnlərin tərcüməsində, sözbəsöz tərcüməni seçmiş, əsas mətnə riayət etməyi ön planda tutaraq idiomatik bir tərcümə emal etməmək üçün hədəf dilin sərhədlərini zorlamışdır. Bununla yanaşı, bədii əsərlərin tərcüməsində fərqli bir baxış bucağı mövcud idi və bunu ən yaxşı şəkildə ifadə edən, çox güman ki, əsərləri əmisi oğlu Aniela Zaqorska tərəfindən polyak dilinə çevrilən ingilis-polyak yazıçısı Cozef Konrad idi.

Konradın fikrincə, tərcümə, eynilə digər sənətlər kimi, öz orqanizmində bəzi seçimləri ehtiva edirdi və bu seçimlərin mümkün mənalarından biri də şərh etmək idi. Buna görə də Konrad, yazdığı məktublardan birində əmisi oğluna belə tövsiyə edirdi: “Sözbəsöz tərcümə etməkdənsə, öz şərhini qatmaq daha yaxşı nəticə verir. Yəni bu, əslində kəlmələrin ekvivalentini tapmaqla bağlı məsələdir. Ona görə də, əzizim, sənə yalvarıram, tərcümə edərkən sənə bələdçilik edən qatı vicdan yox, anadangəlmə temperamentin olsun.” (Zdislav Nayderin Cozef Konrad bioqrafiyasından götürülüb.)

XX əsrin bəlkə də ən məşhur tərcüməçilərindən biri, argentinalı şair, hekayə və esse ustası Xorxe Luiz Borxesdir. Borxes, 1960-cı illərdə ingiliscədən, fransızcadan və almancandan ispan dilinə çoxsaylı ədəbi əsəri çevirib və bu tərcümələr – əslində, daha çox yenidən yazma – arasında Vilyam Folkner, Andre Jid, Herman Hesse, Frans Kafka, Redyard Kiplinq, Edqar Po, Valt Vitmen və Virciniya Vulfun əsərləri vardı.

Borxes tez-tez tərcümə sənəti haqqında yazmış və iştirak etdiyi seminarlarda, yaxud konfranslarda, “bəzən tərcümənin orijinal əsəri daha keyfiyyətli mətnə çevirdiyini, beləliklə, orijinal mətnə sadiq qalmağın həmişə yaxşı seçim olmadığını və eyni əsərlə bağlı alternativ, potensial olaraq ziddiyyətli şərhlərin də eyni dərəcədə keçərli olduğunu” – iddia etmişdir.

1970-ci illərdə isə Tərcüməşünaslıq (Traductologie) adlandırılan yeni bir sahənin yaranmasına şahidlik edirik; belə ki, ingiliscə orijinal adı “Translation Studies” (Tərcümə araşdırmaları) olan termini ilk dəfə istifadə edən, 1972-ci ildə çap “The Name and Nature of Translation Studies” adlı məqaləsiylə şair Ceyms S. Holms olub. Üstəlik, qeyd etməliyik ki, Ceyms S. Holms təkcə şair yox, eyni zamanda, Hollandiyalı və Belçikalı şairlərin tərcüməsidir, Amsterdam Universiteti tərəfindən 1964-ci ildə qurulan “Mütərcim tərcüməçilər İnsitutu”nda hələ də tərcümə sənətiylə bağlı dərslər keçir.

XX əsrdəki proseslərin tərcümə üsullarına və tərcüməçilik peşəsinə ən gözə çarpan təsirlərindən biri də əsrlərdir eyni çətir altında olan mütərcimlik (yazılı tərcümə) ilə tərcüməçiliyin (şifahi tərcümə) müxtəlif sahələr halına gəlməsi və internetin kəşfiylə birgə tərcüməçilikdə baş verən köklü transformasiyalardır.

XXI əsrin tərcümə anlayışı

Tərcüməçilər, keçmişdə olduğu kimi, bu gün də vacib yerə sahibdirlər, yazıçılarla yanaşı, tərcüməçilərin də adını unutmaq olmaz. Ancaq əfsus ki, bu gün tərcüməçilərin ictimai inkişafımız baxımından nə qədər əhəmiyyətli rola malik olduğu yavaş-yavaş görməzdən gəlinməyə başlayıb və bu görünməzliyə əlavə olaraq etibarsızlığın baş göstərdiyi belə bir dövrdə, xüsusilə də onlayn məcralarda bu ehmal etmə halı get-gedə yayğınlaşır.

Halbuki bunu həmişə yadda saxlamaq lazımdır: tərcüməçilər və tərcüməçilərin çəkdikləri zəhmət olmasaydı qədim biliklərin əksəriyyəti bu günə çatmamış yox olardı, çağdaş biliklərin böyük hissəsi isə məhdud azlığın, yəni bir əsəri orijinaldan oxuya bilənlərin monopoliyasında qalardı və indi texnologiyasına bel bağladığımız modern cəmiyyətin yerində tamam başqa cəmiyyət olardı.

 

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR