“Mənim adım Neftdir” adlı qısametrajlı sənədli film Tehran Beynəlxalq Qısametrajlı Film Festivalında əsas mükafatı qazanıb.
Daha.az xəbər verir ki, film 2025-ci ildə Ultra Production (Azərbaycan) və Sinqapurun birgə istehsalı kimi hazırlanıb.
Filmin dünya premyerası Sheffield DocFest festivalında keçirilib. Film həmçinin i-Fest, Beijing International Short Film Festival, Bogotá Short Film Festival, Festival Tous Courts və digər festivallarda nümayiş olunub.
Xronometrajı 14 dəqiqə olan filmin rejissoru və ssenari müəllifi İqor Smola, operatoru Alisa Tareliçeva, səs üzrə mütəxəssisləri Teymur Abdullayev və İqor Smoladır.
Obrazları Mahir Əsədov, Kamran İbişov, Elşən Məmmədov, Əli Əliyev və Ramil Baxşalıyev canlandırıb. Prodüserlər İqor Smola, Qreqori Baqayev, Emil Nəcəfov, Vladimir Nadein və Duyğu Dəvəlidir. Yaş həddi 12+ olan filmdə neft canlı bir varlıq kimi təsvir olunur və hekayə neft platformasında diqqətdən qaçan kiçik bir detalın yaratdığı partlayış təhlükəsi üzərində qurulub. Ekran işi sənaye proseslərində xırda səhvlərin nəticələrinə diqqət çəkir.
Qeyd edək ki, filmin distribüsiya hüquqları “Gargantua Film Distribution”a (İtaliya) aiddir.




