Məna yalnız başda deyil… – Çəlləkdəki beyin

Daha.az Bicoy Boruanın Amerika alimi və filosofu Hilari Patnam haqqında yazdığı “Özünü təkzib etməkdən çəkinməyən elm filosofu” adlı yazısını təqdim edir

Fizika və riyaziyyat sahəsində güclü bir təmələ sahib idi, lakin o, elmçiliyin  hökmranlığına şiddətlə müqavimət göstərirdi. Həqiqətlərin yenidən şərh edilməyə layiq olduğunu düşündüyü məqamlarda isə öz arqumentlərini ortaya qoymaq bacarığı ilə tanınırdı.

XX əsrin ən görkəmli analitik filosoflarından biri kimi tanınan professor Hilari Vaytholl Patnam 13 mart 2016-cı ildə, 89 yaşında vəfat etmişdir. O, 1965-ci ildən bəri fəaliyyət göstərdiyi Harvard Universitetindən 2000-ci ildə “Cogan Universitet Professoru” (Cogan University Professor) ünvanı ilə təqaüdə ayrılmışdı.

Patnam, Aristotelin universallığı ilə müqayisə edilə biləcək bir təfəkkür dərinliyi ilə tanınırdı. Fəlsəfənin fundamental sahələrindəki arqumentlərinin əksəriyyəti təhrikedici bir tərzdə yozular və canlı təqdim edilərdi. Bu töhfələr son onilliklərdə fəlsəfi düşüncənin paradiqmasını radikal şəkildə dəyişdirilmiş mövqelər və yeni konseptual hərəkətlərlə yenilədi. Onu ən yaxşı xarakterizə edən xüsusiyyət, məhz özünü sorğulamaq ehtirası və fəlsəfənin əbədi problemlərinə dair fikrini dəyişməyə hazır olması səbəbindən doqmatizmə qarşı immunitetidir.

Patnam metafizika, epistemologiya, riyaziyyat və fizika fəlsəfəsi, dil və zəka fəlsəfəsi, o cümlədən etika və aksiologiya (dəyər nəzəriyyəsi) sahələrini əhatəli şəkildə tədqiq etmişdir. Onun intellektual karyerası, digər üç riyaziyyatçı ilə birlikdə David Hilbertin onuncu probleminin həlli üzərində işləməklə başlamışdı. Bundan əlavə, Martin Devislə birgə fəaliyyəti nəticəsində Bul məntiqindəki ödənilmə problemi üçün Devis-Patnam alqoritmini inkişaf etdirmişdi.

Patnam elm fəlsəfəsində elmi realizm cərəyanına, yəni elmin nəzəri hökmlərinin həqiqəti vəsf etməsi gərəkdiyi əqidəsinə və elmin aləmdəki varlıqların əsl təriflərini ortaya qoymaq qayəsində olduğu fikrinə tərəfdar çıxmışdır. Bu realist mövqe, onun “möcüzəsizlik arqumenti” (no miracles argument) ilə əsaslandırılır: “Realizm, elmin müvəffəqiyyətini bir möcüzə statusuna endirməyən yeganə fəlsəfi sistemdir”. Əgər empirik proqnozlaşdırmada və təbiətin mürəkkəb səbəb-nəticə nəzarətində fövqəladə dərəcədə uğurlu olan elmi nəzəriyyələrin bu uğurunu izah edən amil onların reallıq haqqındakı həqiqətə yaxınlaşması olmasaydı, bu, sadəcə bir möcüzə olardı.

Patnam fizika və riyaziyyat elmlərində çox yaxşı bir bünövrəyə sahib olmasına baxmayaraq, bütün həqiqi elmin sonda təbiət elmlərinə endiriləcəyi fikrinə söykənən “elmçiliyin” hökmünə şiddətlə qarşı çıxırdı. Bu dirəniş onun məntiqi pozitivizm tənqidi idi ki, bu baxışa görə elmin yeganə təməli elmi yolla isbat edilən şeylərdir. Faktiki olaraq, Patnam Harvardda etika, estetika və dindən gələn müdrikliyi əhatə edən “Elmi Olmayan Bilik” başlıqlı bir dərs tədris etmişdir.

Fakt-Dəyər qarışıqlığı

Elmçilik inanır ki, elm ancaq faktlara əsaslanır və dəyərlərdən uzaqdır. Amma Patnam buna qarşı çıxırdı. O deyirdi ki, elmdə faktla dəyər bir-birinə dolaşıb. Məsələn, bir alim iki nəzəriyyə arasında qalanda, təkcə quru faktlara baxmır. O həm də baxır ki, hansı nəzəriyyə daha sadədir, hansı daha “qəşəng” və zərifdir. Yəni alim də seçim edəndə dəyərlərə söykənir.

Patnama görə, etika və siyasətdə faktlar və dəyərlər bir-birinə qarışır.  Etik və siyasi fikirlər, sadəcə, şəxsi rəy deyil, çünki onların içində faktlar var. Məsələn, bir namizədə “korrupsioner” deyirsinizsə, bu, sadəcə, sizin subyektiv fikriniz deyil. Siz bunu deyərkən, əslində, onun etdiyi konkret əməllərə, yəni danılmaz faktlara söykənirsiniz!

Patnam, Devid Yumdan bəri müasir analitik fəlsəfəyə qədər geniş yayılmış fakt-dəyər dixotomiyasını rədd etməsi ilə önə çıxsa da, o, həmçinin zəka və bədən, məna və həqiqət, bilik və skeptisizm kimi fundamental mövzularda orijinal fikirləri ilə məşhur idi. Zəka fəlsəfəsində o, zehni vəziyyətin bir sistemin duyğu girişi, davranış çıxışı və daxili vəziyyəti arasındakı əlaqə baxımından tərif olunmalı olduğunu müdafiə edən “funksionalist” görüşü ilə tanınırdı. Qısacası, “ağla sahib olmaq” daxilimizdəki bu mürəkkəb giriş-çıxış sisteminin düzgün işləməsi deməkdir.

Patnamın fəlsəfədə ən çox səs salan fikri məna haqqında idi. O, bunu “Məna yalnız başda deyil” ifadəsi ilə ortaya qoyur. Daha doğrusu, bircə sözlə nəyi nəzərdə tutduğumuz, əhəmiyyətli dərəcədə onun xarici dünya ilə olan səbəb-nəticə əlaqəsi tərəfindən müəyyən edilir. Buna “semantik eksternalizm” deyirlər. Bu nəzəriyyə həm də şübhəçiliyə qarşı güclü bir silahdır. Məntiq sadədir: əgər sözlərin mənası xarici dünyadan gəlirsə, deməli, bizim xarici dünya haqqında danışdıqlarımız və bildiklərimiz də həqiqətə əsaslanır.

Çəlləkdəki Beyin

Məna və bilik kontekstində Patnama ən çox istinad edilən iki fəlsəfi düşüncə eksperimenti “Əkiz Dünya” və “Çəlləkdəki Beyin” (BIAV) hadisəsidir. İkinci eksperiment, epistemoloji skeptisizmin təməllərini sarsıtmaq və epistemoloji eksternalizmi (xariciliyi) əsaslandırmaq üçün tətbiq edilir. BIAV arqumenti, beyninizin bədəninizdən çıxarılaraq, həmin cisimsiz orqanı canlı saxlayan qidalandırıcı mayelərlə dolu bir çəlləyə yerləşdirildiyi elmi-fantastik fərziyyəyə əsaslanır. Daha sonra beyin, onu stimullaşdıran elektrik impulsları istehsal edən bir superkompüterə qoşulur və bu da tamamilə normal bir ssenarinin illüziyalarını, məsələn, qarşınızdakı bir ağacın görüntüsünü yaradır.

Əgər siz çəlləkdəki bir beyinsinizsə, gördüyünüz ağac sizə tamamilə real gələcək. Lakin aydındır ki, ağacla bağlı kompüter mənşəli bu təcrübəniz həqiqi ağac təcrübəsi deyil, çünki BIAV vəziyyətində ağac mövcud deyil. Və əgər BIAV vəziyyəti dərk edilə biləndirsə və hazırda bir BIAV olmadığınızı bilməyin heç bir yolu yoxdursa, o zaman qarşınızda bir ağacın olduğunu bilmək iddianız, sadəcə, bir ağac illüziyasıdır. Bu, epistemoloji skeptisizmin əsas arqumentidir.

Patnam bu məsələni çox ağıllı bir yolla həll edir. Deyir ki, bu çəllək hekayəsi əslində yalandır, çünki özü-özünü yalanlayır. Əgər mən çəlləkdəki bir beyinəmsə, mənim “beyin” və ya “çəllək” sözlərim real beyinə və ya çəlləyə istinad etmir, çünki bu ifadənin onlarla səbəb-nəticə əlaqəsi yoxdur. Deməli, “beyin” və “çəllək” deyəndə əslində nə danışdığınızı bilmirsiniz, sadəcə, kompüterin göstərdiyi xəyali şəkillərdən danışırsınız. Ona görə də, “mən çəlləkdəki beyinəm” desəniz belə, bu cümlə səhv olur, çünki sözlərinizin real mənası yoxdur. Patnam bununla demək istəyir ki, bu hekayə ilə şübhəçilik yaratmaq boş işdir.

Daha çox Bertran Rassel və Vilyam Ceymsə bənzər şəkildə, Patnam ənənəvi olaraq insan həyatına bələdçilik etmək, onu tənzimləmək və ilham vermək rolunu yenidən ortaya qoyan fəlsəfə imicinə üstünlük vermişdir. Onun son işlərindən dördü — “İnsan Üzlü Realizm” (1990), “Sözlər və Həyat” (1994), “Həyat Bələdçisi Kimi Yəhudi Fəlsəfəsi” (2008) və “Elm Dövründə Fəlsəfə” (2012) — bu yanaşmanın əyani sübutudur.

Patnamın Kembric, Massaçusetsdə bir icmada (kommunada) ömür sürməsi maraqlı və olduqca nadir bir haldır. O, 1960-cı və 70-ci illərin Amerika Mülki Hüquqlar Hərəkatının fəal bir tərəfdarı idi və Amerikanın Vyetnama hərbi müdaxiləsinə qarşı hərəkatlar tərtib edirdi. Harvardda rəsmi Fakültə Müşaviri sifəti ilə “Demokratik Cəmiyyət Tələbələri” ilə rabitə qurmuş və Kommunist Partiyasının bir qolu olan Mütərəqqi Fəhlə Partiyasına daxil olmuşdu.

Patnamın Hindistanla akademik tərəfdaşlığına gəlincə, onun həyatının son Skype çıxışını 2015-ci ildə Mumbayda, Hindistan Texnologiya İnstitutunda Hilari Putnemin fəlsəfəsinə həsr olunmuş beynəlxalq konfransda “Düşüncə və Dil” başlığı altında etməsi diqqətəlayiq faktdır.

Patnam bir yerdə duran alimlərdən deyildi. Onun bütün karyerası özü ilə mübarizə, daxili narahatlıq və daim yenilik axtarışı ilə keçmişdi. O, illərlə inandığı fikirləri bir kənara atıb, yeni fikirlərin arxasınca gedə bilirdi. Tənqidçilər onu buna görə ələ salanda isə, o, heç vecinə almadan belə deyirdi: “Filosofun funksiyası bir X fikri istehsal etmək və mümkünsə, Cənab X və ya Xanım X görüşü olaraq tanınmaqdır”.

Patnamın ölümü ilə əlaqədar qələmə alınan iki təsirli xatirə yazısı sitat gətirilməyə layiqdir. Çikaqo Universitetindən Marta Nussbaum “Huffington Post”da Patnamın “bu millətin yetişdirdiyi ən böyük filosoflardan biri” olduğunu yazmışdır. O, Patnamı “yaradıcı və fundamental töhfələri” baxımından Aristotellə müqayisə etmişdir. Patnamın Filadelfiyadakı lisey yoldaşı, MIT-dən Noam Çomski isə onun haqqında “indiyə qədər rastlaşdığım ən yaxşı zəkalardan biri” deyərək onu mədh etmişdir.

Doğrudan da, xüsusilə, dünya fəlsəfi ictimaiyyəti və ümumilikdə intellektuallar, ötən əsrin Qərbdə yetişdirdiyi ən məhsuldar və çoxyönlü zəkalardan biri olan Patnamın yoxluğunu hiss edəcəklər.

Tərcümə: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR