Məna dəllaları: İdeyalar nə zaman əmtəəyə çevrilir?

Daha.az Etimad Başkeçidin “Məna dəllaları: İdeyalar nə zaman əmtəəyə çevrilir?” yazısını təqdim edir. 

 

Etimad Başkeçid
Etimad Başkeçid

Məzuniyyətimin son günündə bir tərif də mən versəm, yəqin iribuynuzlu filosofların ruhu inciməz: İnsan təkcə düşünən yox, həm də mənaya aclıq duyan varlıqdır.

Çoxumuz hər şeyi bir əlamət, işarə və ya əsər kimi görür, hər şeydə (sevgi, əzab, uğur və ölüm kimi anlayışlar da daxil olmaqla) bir məna axtarırırq.

Hadisələrin, üzlərin, təsadüflərin siluetinə baxır, istər-istəməz hər dəfə soruşuruq: niyə? nə üçün? bu nə deməkdir? Bu suallar bizi uşaqlıqdan son nəfəsimizə qədər müşayiət edir. Məna – şaxtalı-ayazlı mənasızlıq gecəsində isinməyə çalışdığımız ocaq, çox zaman da intəhasız səhralıqda ilğım kimidir.

Aydın məsələdir ki, istənilən canlı bazarda olduğu kimi, tələbat olan yerdə təklif də yaranır. Bu zaman məna satanlar peyda olur. Belə bəlağətli, xarizmatik, özündərazı sənətkarlar: “Həqiqətmi axtarırsan? Bizdə var. İstərsən həyatı sənə izah edək. Qısaca, başa düşülən şəkildə, ilk seansı endirimlə.”

Onlar səndən “Dərdin nədir? Haran agrıyır?” – soruşmurlar, belə şeylər onların vecinə deyil. Onların artıq cavabı var. Hamı üçün eyni.

Müasir dünyada mənalar təkcə şəxsi axtarış sahəsi deyil, həm də ticarət obyektinə çevrilib. Beləcə, “mənaların satıcısı” obrazı meydana çıxır, yəni həyatı izah etməyi təklif edən (və ya məcbur edən) və bunun qarşılığında konkret fayda əldə edən şəxs.

Məna satanlar təkcə filosof və ya mütəfəkkir deyil.

Bu, ideyanı mala, həqiqət axtarışını isə xidmətə çevirən adamdır.

O, siyasi texnoloq, dini lider, motivasiyaçı natiq və ya başqalarını “doğru yaşamağa” inandıran roman qəhrəmanı ola bilər.

Onun məqsədi həqiqəti tapmaq deyil, başqalarını onun artıq həqiqəti bildiyinə inandırmaqdır.

Ədəbiyyatda bu cür obrazlara tez-tez rast gəlinir. Oruellin “1984” romanındakı O’Brayen obrazı bunun bariz nümunəsidir. O’Brayen Uinstonu dəyənəklə yox, sözlə sındırır. Ona yeni bir reallıq, elə bir dil “satır” ki, orada fərqli düşüncəni ifadə etmək mümkün deyil; elə bir məntiq ki, orada “2 + 2 = 5” eləyir…

Bu, sadəcə, zorakılıq deyil, həqiqət alış-verişidir: yaddaşınla, vicdanınla, ağlınla ödə, əvəzində rahatlıq al. O, təkcə əsas qəhrəmanı manipulyasiya etmir, yeni reallığın mənasını “satır”: riyakar düşüncə tərzi, itaət və kor-koranə inam. O’Brayenə görə mənanın obyektivliyi yoxdur, onu yenidən yazmaq, məcbur etmək, şüura yeritmək olar. Bu cür mənanın qiyməti də bəllidir.

Melvillin məşhur “Fırıldaqçı” əsərində baş qəhrəman (etimad taciri) sadəcə dələduz deyil, o, müxtəlif simalar altında gizlənərək insanlara fəlsəfi ideallar və ya mənəvi həqiqətlər “satır”, onların zəif cəhətlərindən və etibarından istifadə edir.

Başqa bir nümunə Balzakın “Qorio ata” romanındakı Votren obrazıdır. Onun satdığı “məhsul” əxlaqsızlıq yolu ilə əldə olunan uğurdur. O, gənc Rastinyakı etikadan imtina edib qazanca üstünlük verməyə çağırır. Bu, illüziyası olmayan cəmiyyətdə həyatın mənasının qüvvə ideologiyasına bürünmüş formasıdır. Onun satdığı vicdanın dəbdən düşdüyü, sinizmin valyuta olduğu bir dünyada həyatın mənasıdır.

Müasir mədəniyyətdə isə “mənaların satıcısı” obrazının yeni formaları meydana şıxıb – qurular, kouçlar, spikerlər, çeşidli “fenomen”lər. Onlar dərin ekzistensial sualları məhsula çevirirlər. “Özünü tap”, “komfort zonasından çıx”, “içindəki mürgülü adamı oyat” kimi vədlərlə çıxış edirlər. Bu “mənalar” mühazirələr, marafonlar və kitablar şəklində təqdim olunur. Məqsəd isə kömək etməkdən çox, satmaqdır. Bu dünyada mənalar asanlıqla ölçülə bilir, sadələşdirilir və dərinliyini itirir.

Bu cür satıcıların təhlükəsi ondadır ki, şəxsi axtarışı hazır formullarla əvəz edirlər.

Ekranların işığında, brendlərdən, spikerlərdən, marafonlardan yeni tanrılar düzəldilir. “Özünü tapmaq – 999 manat. Həyat mənası üçün meditasiya hədiyyə olunur!”

Qeyri-müəyyənlikdən yorulan insanlar isə, hər hansı bir dayaq hiss etmək üçün istənilən konsepsiyadan yapışırlar.

Amma başqasının mənası, nə qədər inandırıcı olsa da, sənin həqiqi mənana çevrilmir, əgər sən onu daxilində yaşamamısansa.

Əlbəttə, ideya təklif edən hər kəs dələduz deyil. Bəziləri söylədiklərinə həqiqətən inanır. Amma əsl bələdçi ilə mənaların satıcısını bir-birindən fərqləndirən motivasiyadır. Biri səni cavabı özünün tapacağın yerə aparır. Digəri isə özü qazanc götürəcəyi yerə.

Təhlükə nədədir?

Onda ki, həqiqi mənanı almaq mümkün deyil.

O, zorla sırınmır.

O, səhraya yağan yağış kimi gəlir – qrafik üzrə yox, sən onu qəbul etməyə hazır olanda.

Çox zaman ağrıyla, şübhəylə birgə gəlir, sakitcə.

İnsafən, bu həmişə belə olub, onların səsləri həmişə eşidilib. İbtidai tayfaların tonqalları ətrafında, qurbangahlar və minbərlərdə, meydanlarda və saraylarda.

Məna satanlar o zaman da vardı. Onlar pıçıldayırdılar: “Qasırğadan qorxursan? Bu, tanrının qəzəbidir. Qurban ver, qorxun keçəcək.” “Kasıbsanmı? Bu, sənin karmandır. Səbir elə, gələn həyatında hər şey düzələcək.” “Əzab çəkirsən? Burada ali bir məqsəd var: döz, qəhrəman olacaqsan.”

Kəlmələrlə guya ali mənanı dilə gətirməyi bacaranlar digərlərindən üstün olurdu və qılıncdan daha kəskin bir şey əldə edirdilər: zehinlərə təsirdən söhbət gedir.

Amma o zamanlar hər şey yavaş idi. Məna insana zəvvar kimi gəlirdi, uzun müddətə, fasilələrlə. Kitablar, moizələr, müharibələr vasitəsilə.

Bu gün hər şey fərqlidir.

İndi məna bildirişdə gəlir. Reels formatında. 30 saniyəlik mentor çıxışında.

“İşlərin düz gətirmir? Çünki düzgün düşünə bimirsən.”

“Xoşbəxt deyilsən? Çünki öz həyatını yaşamırsan.”

“Abunə ol, biz sənin gözlərini açarıq.”

Məna indi fastfud kimi satılır. İsti-isti.

Fəlsəfə əvəzinə şüar.

Yol əvəzinə marafon.

Gerçək şəxsiyyət əvəzinə şəxsiyət brendi.

Amma mahiyyət dəyişməyib.

Əvvəllər olduğu kimi, bəziləri axtarır, bəziləri isə təklif edir.

Amma yenə də məna satanları dərhal mühakimə etmək istəmirsən.

Bəlkə onlar da bir vaxtlar axtarırdılar.

Bəlkə, onlar da yorulublar.

Bəlkə də. məna onların əlində qalan son nəsnədir və indi onu satırlar.

Xristian məbədlərində şam satan kasıb çarəsizlər kimi…

OXŞAR XƏBƏRLƏR