Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi “Kimera” 35-ci Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında (The Quimera International Festival of Art and Culture) iştirak edib. Meksikanın Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu tədbirə oktyabrın 10-da start verilib və 9 gün davam edəcək. Azərbaycandan gəlmiş teatr truppası rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasını böyük uğurla təqdim edib.
Daha.az xəbər verir ki, məşhur “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğaç” boyu əsasında hazırlanan bu tamaşa oktyabrın 16-da “Teatro Quimera”nın səhnəsində təqdim edilib. Qeyd etmək lazımdır ki, bu, əlyazmanın orijinalında – oğuz dialektində səhnələşdirilən yeganə tamaşadır.
Tamaşanın quruluşçu rejissoru Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əsgərova məxsusdur. Tamaşada (iki heyətdə) rolları teatrın aktyorları – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, həmçinin Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər.




