Qardaşlar, bizi bu hala kim saldı? – Ədəbiyyatımızın  kədərli dəqiqələri

Daha.az  “Ədəbiyyatımızın  kədərli dəqiqələri”  rubrikasından Fərid Hüseynin növbəti yazısını təqdim edir. 

Görkəmli türkoloq alim, ictimai xadim Aydın Məmmədov 47 yaşında avtomobil qəzası nəticəsində dünyadan köçüb. Bu yaş elə bir yaşdır ki, adətən, çox adam o vaxta qədər sənət, fikir meydanında artıq sözünü demiş, özünü təsdiqləmiş olur. Elə Aydın Məmmədov da o sinnidə sözünü demiş, elmi adını almış, Tərcümə Mərkəzini yaratmış, siyasi partiya qurmuş, millət vəkili seçilmiş və daha neçə-neçə mötəbər, daim xatırlanası işlərə imza atmışdı. Lakin bütün bunlarla yanaşı Aydın Məmmədov ölümdən sonra onun barədə yazılan yazıları oxuyanda sövqi-təbii düşünürsən ki,  elə bil sütül bir cavan dünyadan ayrılıb və onun daha heç zaman görə bilməyəcəyi neçə-neçə millətə lazımlı işləri, arzuları yarımçıq qalıb.

Aydın Məmmədov onun haqqındakı yazılardan, müxtəlif dost-sirdaşından eşitdiyim əhvalatlardan, olmuşlardan anladığım qədər ölüb mifləşənlərdən olmayıb, mifləşib cahandan ayrılanlardan olub. Ona görə də onun nəhayətsiz potensialını onu tanıyan heç kəs yaddaşında dəfn edə bilməyib. Adətən, adamlar öləndən bir müddət sonra onun edə bilmədiklərini başqaları həyata keçirir və beləcə, daha həmin adamın aşkara çıxmamış gücü də da özüylə qəbir evinə köçmüş olur. Xalq şairi Ramiz Rövşən əbəs yerə Aydın Məmmədova ünvanladığı şeirin əvvəlindəki qısaca yazısında dostuna üz tutaraq onun potensialının həyata keçirə bilmədiyi işlərdə gizləndiyini yada salmırdı: “Sənin yazmadıqlarının nə böyük itki olduğu yazdıqlarından duyulur”.

***

Bu yazımdasa daha  çox Aydın Məmmədovun həyat dahisi olmuş atası Mirsalah kişidən bəhs etmək istəyirəm. Mirsalah kişi barədə deyilənləri, yazılanları düşünürkən, əsasən, onunla bağlı bu üç xatirəni yenidən yada salmaq istəyirəm. Bu xatirələr, o yaddaşlardakı situasiyalar, o anlardakı təssüratlar hesab edirəm ki, ədəbiyyatımızın ən kədərli dəqiqələrindəndir…

***

Aydın Məmmədovun ölümü ilə bağlı jurnalist Saleh Məmmədov 91-ci ildə geniş bir məqalə yazıb və o mətndə həmin qəza barədə hərtəfli məlumat verib. Həmin yazıda Mirsalah kişi obrazı bizə belə görükür: “Aydın Məmmədovun atası gəlib, çox təmkinlə oğlunu cəsədini evinə aparıb. Və bütün söz-söhbətlər bir yana, bu ağsaqqal deyib ki: “Allahın qəzasıdır olub da. Vəssəlam”.

***

Yazıçı, millət vəkili Aqil Abbasın qələmə aldığı bu hadisəsə Aydın Məmmədovun dəfnində baş verib:

 “Aydın Məmmədovun nəşini həyətdə çiynimizə qaldırıb qəbiristanlığa aparırıq. Darvazadan çıxanda atası bir söz dedi:

– Mən bir də Bakıya oğul vermərəm.

Mənim üçün çox dəhşətli bir söz idi. Aydın Məmmədov ailənin yeganə oğlu idi. Və atasının da indən belə oğul əkmək imkanı yox idi. Atası bu sözü dedi, özü də, ağlayıb-eləmədən dedi. İlahi, bu nə deməkdi, bu nə ağrıdı, bu nə acıdı, bu nə faciədi, bu nə söyüşdü: “Mən bir də Bakıya oğul vermərəm”.

***

Aydın Məmmədov

Əgər Əlisəmid Kür zamanında  gördüklərinə bu qədər həsssas yanaşmasaydı, indi biz bu dərin müşahidələrdən doğan xatirədən məhrum qalardıq: “…Aydın Məmmədovun anadan olmasının 50 illiyi münasibəti ilə yanvar 16-da Şəkidə keçiriləcək “Xatirə günü”nə tələsirdik. Yol boyunca hər tərəfdə kökündən kəsilmiş ağacları görəndə ürəyim ağrıyırdı…

…və Aydının ata ocağındakı xatirə məclisində kəsilib-doğranan ağaclardan söhbət düşəndə kimsə dedi ki, bir ağac böyüdüb boya-başa yetirmək bir övlad yetirmək qədər çətin işdir. Həmin anda Aydının o nurani atasının başını aşağı salıb çox yavaşca köksünü ötürdüyünü eşitdim…”

Aydın Məmmədov timsalında ağacı, özü də, bəhərli ağacı kəsilən və bütün ömrünü təsərrüfatla məşğul olan, hər gülün, hər çiçəyin, hər ağacın böyüməsi üçün nə qədər zəhmət sərf olunduğunu gözəl bilən Mirsaleh kişi köks ötürməyəydi, bəs neyləyəydi?!

Meyvəsiz da olsa, kölgəli ağac elə bəhrəli kimidir, təki yerində olsun, qurumasın, qol-budağı haçalansın bəsdir, eləcə də övlad, nə şanlı ad sahibi olsun, nə nəhayətsiz şöhrət zirvəsinə ucalsın, eləcə gözünün qabağında olsun, varlığını duyasan, bunun özü də elə böyük nemətdi…

Mirsalah kişinin oğul adlı ağacısa kökündən qoparılmışdı və hələ bu azmış kimi Aydın Məmmədovun qəzaya uğradığı maşının çırpıldığı ağacı da onun ölümündən bir ay sonra nədənsə kəsiblərmiş…

***

Aydın Məmmədov öldüyü qəzadan bir müddət öncəsə Qarabağda başqa bir qəzaya düşəndən sonra yaman heyfislənirmiş. Deyirmiş ki, kaş ordakılarla birgə öləydim, mən ölsəydim, bəlkə, camaat hiddətlənib ermənilərə hücum edib itirilmiş torpaqları geri alardı. Aydın Məmmədova qismət olmayan bu tale yazısı illər sonra general Polad Həşimova nəsib oldu…

***

Və sonda Xalq yazıçısı Elçinin Aydın Məmmədovla bir xatirəsini də yada salmaq istəyirəm:

“Bir dəfə Marxalda yeyib-içədən sonra keflənmişdik. Birdən Aydın Lenin heykəlini arxadan qucalayaraq dedi:

– Qardaşlar, bizi bu hala kim salıb?

Təəccüblə yan-yörəmizə baxdığımızı görüb əlavə etdi:

– Bizi bu hala, Lenin salıb. Müsəlman hara, araq hara?!”

İlk baxışdan bu lətifəsayaq əhvalat eşidən kəsdə gülüş doğurur, amma bu xatirənin kökündə din ilə gündəlik yaşayış arasında sıxılıb qalan, bu günün reallığı ilə keçmişin qaydaları arasında çıxılmazlığa düşən, həzz ilə İlahi qadağa arasında çırpınan milyonlarla insanın faciəsi dayanır. Eyni zamanda bu əhvalatın özəyində Azərbaycanı müstəqil görmək istəyən insanın Sovet vətəndaşlığı ilə fəxr etmək məcburiyyətində qalması həqiqəti də var. Daha neçə-neçə mənalar da o baməzə xatirədə yaşamaqdadır…

Və elə indiki durumda mən də həmin sualı sirdaşım olan həmkarlarıma ünvanlayıram:

– Qardaşlar, bizi bu hala kim salıb?

Cavabım elə belədir:

Bizi bu hala həyata keçməyən gözəl ədəbi arzularımız, bizi bu kökə böyük ideyalarla yaşayan və ürəyi həqiqi sözlə döyünən bir sıra gözəl söz adamının vaxtsız dünyadan gedişi, onların yerini ancaq öz başının hayında olan bəzilərinin tutması, bizi bu aqibətə tuş edən çırtdan ideyaları ilə böyük ümidlərimizi çürüdənlər, “söz” dəstəbazları, şeytandan çox bilən “mələk” qiyafəli ədəbi fürsətkeşlər, kiminsə acığına düşüb “sözün ətəyi”ndən bərk-bərk tutanlar, könül ağaclarımızın dibinə “kəllə suyu” töküb qurudanlar, ancaq həyati boşluğa düşəndə, ayaqları büdrəyəndə qələm adamı, şair, yazıçı olduqları yadına düşənlər, daha kimlər, daha kimciyəzlər bu duruma salıblar, qardaşlar…

OXŞAR XƏBƏRLƏR