Mədəniyyət, yoxsa mədə niyyət? – Simran Qədim

Daha.az Simran Qədimin “Mədəniyyət, yoxsa mədə niyyət?” yazısını təqdim edir. 

 

İnsan olmaq təkcə bioloji varlıq olmaq deyil, həm də mənəvi və mədəni məsuliyyətdir.  Bəzən düşüncə səviyyəmizə, sosial münasibətlərimizə görə ibtidai mərhələlərdə – instinktlərin, ilkin davranış sxemlərinin diktəsində ilişib qalırıq. Özünüinkişaf zaman və zəhmət tələb edir. Əgər inkişafa zaman ayırıb zəhmət çəkməsək, ibtidai mərhələləri adlaya bilmərik.

Cəmiyyətdə həm nümunələr, həm də antinümunələr var. Əgər nümunəvi insanlar danışıqları və davranışları, fikirləri və fəaliyyətləri ilə bizə yol göstərirlərsə, antinümunələr bizi yoldan çıxarır, yanlış istiqamətlərə yönəldirlər. Antinümunələr nə etməli yox, nə etməməli olduğumuzu göstərirlər. Bu baxımdan onlar, bir növ, nümunədirlər – səhvlərindən dərs çıxara biləcəyimiz nümunə!..

Əslində, mühitin təsirinə düşən və düşməyənlərin fərqi də məhz bundadır: bəziləri antinümunələrə bənzəməyə, onları təkrarlamağa çalışır, digərləri isə onlar kimi olmamağa, onlardan qaçmağa can atırlar.

Britaniyalı bioloq, etoloq Riçard Dokins “Eqoist gen” kitabında “mem” anlayışını irəli sürür. Dokins vurğulayır ki, ideyalar, inanclar, davranış formaları və simvollar da genlər kimi çoxalır, özlərini kopyalayıb nəsildən-nəslə ötürür. Genlər bioloji, memlər isə mədəni irsi daşıyır. Mahnının dillərdə dolaşması, dəbin sürətlə yayılması, yaxud dini ayinlərin əsrlərlə təkrarlanması – bunların hamısı memlərin çoxalıb yayılma gücünü göstərir.

Beləliklə, cəmiyyətdə saysız faydalı və zərərli memlər var. Antinümunələr məhz zərərli memləri daşıyır, onları virus kimi yoluxdurub insanları xəstələndirirlər. Nəticədə, cəmiyyətdə irrasional davranışlar, çürük stereotiplər, absurd təfəkkür formaları artır, proqresin əvəzinə reqres edirik.

İbtidai reflekslərlə yaşayanlar – xüsusən bunun yolverilməz olduğu müasir cəmiyyətlərdə – sərbəstlik qazandıqca dağıdıcı olurlar. Mədəni səviyyə zəifdirsə, ünsiyyət alınmır, sağlam fikirlərin yerini emosional partlayışlar, aqressiv davranışlar tutur. Əgər kimliyimizlə özümüz nümunə göstərməsək, doğru davranış modellərini başqalarına aşılaya bilmərik.

Bəzən ən rasional seçim öz inkişafına yönəlmək, enerjini və vaxtını daha səmərəli istiqamətlərə sərf etməkdir. İronik olsa, kobud səslənsə də, belə bir həqiqətlə razılaşmalıyıq: həyatda insanabənzər meymunlarla yanaşı, meymunabənzər insanlar da var.

Nəzərə alaq ki, mədəniyyət yalnız musiqi, kino, ədəbiyyat deyil, həm də təfəkkür tərzi, dünyagörüşüdür. Hadisələrə münasibətimiz, nə vaxt danışıb nə vaxt susmağımız mədəniyyətimizin tərkib hissəsidir. Müasir informasiya ekosistemində çoxları mədəniyyətə laqeyd yanaşır, düşük kontentlərə meyillənirlər. Beyin boşluq sevmir, axır-əvvəl nə iləsə dolur. Məsələ də məhz beynimizi nə ilə doldurmağımızda, nə oxuyub, nəyə baxmağımızdadır.

Beynimizi kitabxana kimi təsəvvür etsək, hər gün oraya yeni kitablar – məlumatlar, düşüncələr, ideyalar daxil olur. Əgər rəflərə yalnız ötəri, önəmsiz belletristikaları yığırıqsa, lazım olanda həmin kitabxanada yararlı heç nə tapa bilmərik.

Dövrümüzün başlıca problemlərindən biri də diqqət çatışmazlığıdır. “Diqqət iqtisadiyyatı” anlayışı ilə məşhur amerikalı iqtisadçı, koqnitiv psixoloq Herbert Saymona görə, informasiya bolluğu diqqət qıtlığı yaradır. Çünki hər yeni məlumat məhdud diqqət resursumuzu azaldır. İnformasiya çoxaldıqca diqqət dəyər qazanıb düşüncənin əsas valyutasına çevrilir.

Digər tərəfdən, informasiyanı seçmək, çeşidləmək, mənalandırmaq da çətinləşir. Bu gün mübarizə təkcə məlumat əldə etmək uğrunda yox, həm də diqqəti nəyə yönəltmək uğrunda gedir. Diqqət təsadüfi və manipulyativ informasiyalarla tükənirsə, düşüncə qabiliyyəti dayazlaşır, qərarvermə bacarığı zəifləyir. Əksəriyyət diqqətini gündəmə yönəldib müasirliyə can atsa da, mədəni olmağa cəhd belə göstərmir. Yeri gəlmişkən, çoxumuz müasirliyi də doğru-düzgün anlamırıq.

Bəs müasirlik nədir? Müasirlik, adətən, zahiri əlamətlərlə – brend geyinib lüks restoranlara getməklə, sosial şəbəkələrdə aktivlik edib trendlərə qoşulmaqla ölçülür. Halbuki bunlar sadəcə görüntüdür, nə maddi zənginlik müasirlikdir, nə də brend geyim-kecim.

Müasirlik təfəkkür zənginliyidir. Əgər fərqli fikirlərə açığıqsa və həyata baxış bucağımız genişdirsə, deməli, irəlidəyik. Dünyanı obyektiv qiymətləndirə bilmir, elmi-rasional baxışlardan məhrumuqsa, əksinə, geridə qalmışıq.

Müasirlik empatiyadır. Hətta başqalarından üstün olsaq belə, hər kəsə yuxarıdan aşağı baxıb insanları anlamağa çalışmırıqsa, deməli, eqoist və narsist meyillərimizdən, komplekslərimizdən xəbərsizik. Elmdən, psixologiyadan xəbərsiz adamın baxışları müasir ola bilərmi?

Müasirlik düşüncə azadlığıdır. Məsuliyyətlərini başqalarına yükləyən, öz həyatını özü qurmaqdan boyun qaçıran adam geridə qalıb. Ya olduğumuz kimi görünməli, ya da göründüyümüz kimi olmalıyıq. Daxilən müasirləşməsək, yeni geyimlərin içində köhnə qəliblərin əsiri olaraq qalacağıq.

Mədəniyyətsiz üstünlük güc deyil, zorakılıqdır. Əgər insanlar bir-birini susdurmağa çalışırsa, orada nə müasirlik var, nə də mədəniyyət. Mədəniyyətdən məhrum güc yalnız dağıdır, dəyər yaratmır. Həqiqi güc başqalarını dinləyib anlamağa çalışmaqda, arqumentlər ortaya qoymaqdadır.

Yəhudi əsilli polşalı–britaniyalı sosioloq Ziqmunt Baumana görə, müasir cəmiyyətdə insanların kimlikləri sabit deyil. Dəyərlər, geyimlər, münasibətlər sürətlə dəyişdiyindən heç nə qalıcı olmur, kimliyimiz daim dağılır, axıb gedir. Reklamların, sosial şəbəkələrin, qlobal mədəniyyətin təsiri altında gah bir, gah da digər tərəfə meyillənir, başqa-başqa şəxslərə çevrilirik. Axıcı modern dünyada məsələ tək kimliyimizi tapmaq deyil, həm də onu qorumaqdır.

***

Həyatda hər kəsin çatışmazlıqları var. Odur ki kölgə tərəflərimizlə (Yunqun kölgə arxetipi) üzləşməsək, psixoloji bütövlüyümüzü, daxili tarazlığımızı qoruya bilmərik. Emosional impulslar, gizli arzular, eqoist meyillər və nəzarətsiz güc istəyi kimi kölgə tərəfləri görməzdən gəlmək əvəzinə, qəbul edib yönləndirməliyik. Əks halda, bu meyillər nəinki ətrafımız, həm də özümüz üçün destruktiv – dağıdıcı gücə çevrilər.

Daim başqalarında səhv tapmaq bizi yanıldır, özümüzü qüsursuz sayırıq. Çevrəmizdəkilərin çatışmazlıqlarına fokuslanmaq içimizdə üstünlük hissi yaratsa da, reallığı ifadə etmir. İnkişaf yalnız işıqlı yox, həm də qaranlıq tərəflərimizi tanımaqla mümkündür.

Çox adam hər şeydə qüsur tapmaqda gizli bir həzz duyur: “Əgər səhv tapa bildimsə, deməli, daha ağıllıyam, üstünəm!”; “Əgər qarşıdakının da çatışmazlıqları varsa, mənim öz səhvlərimi aradan qaldırmağa ehtiyacım yoxdur!”; “O, göründüyü kimi deyil, hətta təhqirə də layiqdir! Alim olmaq asandır, insan olmaq çətin!”… Natamamlıq kompleksi diktə edir ki, qabağına kim çıxsa, baltala, linçlə. Heç nədən və heç kəsdən (xüsusən öndə gedənlərdən) razı qalma, məmnun olma!..

Cəmiyyətdə tez-tez iki tip düşüncə ilə qarşılaşırıq:

1) Bizdə nə varsa pisdir, amma xaricdə hər şey yaxşıdır.
2) Bizdə nə varsa yaxşıdır, amma xaricdə hər şey pisdir.

Bir-birinə zidd görünən bu iki fikir, əslində, eyni səhvləri təkrarlayır: mütləq hökm çıxarmaq, ifrata varmaq, “ya elədir, ya da belədir”in tələsinə düşmək!.. Sözsüz ki, hər şey haradasa nə tam yaxşıdır, nə də tam pis. İfrat şəkildə başqalarına da, özünə də heyranlıq zərərlidir.

Eynşteynə aid edilən sitatda vurğulanır: “Bir problemi onu yaradan düşüncə tərzi ilə həll edə bilməzsən”. Pessimizm də hərəkətsizlik yaradır, optimizm də. Əgər heç nəyin düzəlməyəcəyinə inanırıqsa, dəyişiklik üçün əlimizi tərpətməyəcəyik. Əgər hər şeyin yaxşı olacağına əminiksə, yenə də, hərəkət etməyəcək, nikbin fikirlərlə çatışmazlıqların düzəlməsini gözləyəcəyik. “Bizdə nə varsa pisdir” və ya “bizdə nə varsa yaxşıdır” deməyə davam etsək, nə özümüz dəyişəcəyik, nə də cəmiyyətimiz.

Əslində, “biz niyə eləyik?”, “biz hansı səbəbdən beləyik?” kimi suallar daha zəruri, faydalıdır. Hər şey səbəb-nəticə əlaqəsinə bağlıdır, səbəbləri dəyişməsək, nəticələri dəyişə bilmərik.

“Biz eləyik, biz beləyik” deyənlər bir çox hallarda irad tutmaqla fərqli görünməyə çalışır, kollektiv kimlik pərdəsi altında “mən hamıdan üstünəm!” mesajını verirlər. Hətta “mən də beləyəm” deyilsə də, adətən, burada saxta təvazökarlıq, təkəbbür gizlənir.

Digər tərəfdən, bəzən dünyadakı bütün insanlara xas universal xüsusiyyətləri “bizimkilər belədir, bizimkilər elədir” kimi təqdim etmək “biz və onlar” dualizmini (ikililiyini) dərinləşdirir, ayrı-seçkiliyə yol açır. Halbuki insan psixologiyasının əsasları, məsələn, Freydin libidinal enerjisi, Yunqun arxetipləri, Maslovun ehtiyaclar iyerarxiyası dünyanın hər yerində bənzərdir. Cəmiyyəti aşağılamaqla fərd yüksəlmir, əksinə, içindəki qaranlığı yayıb özünü alçaldır.

Cəhaləti gecə-gündüz istehza obyektinə çevirməklə “cəhalət bataqlığı”ndan çıxmaq mümkün deyil. Həqiqi dəyişiklik problemlərin kökünü anlamaqdan, onları araşdırıb real həll yolları üzərində düşünməkdən keçir.

İnsan instinktlərlə yaşamağa meyillidir. Mədəniyyət instinktlərimizi cilovlayır, nizamlayır, səmərəli istiqamətlərə yönəldir. Mədəniyyətə qoyulan sərmayə itmir: bir tərəfdən, kütləyə özünü idarə etmə gücü qazandırır, digər tərəfdən isə, xarici mədəniyyətlərin və ideologiyaların hökmranlığının qarşısını alır.

Mədəniyyət yalnız estetik və ya mənəvi deyil, həm də strateji önəm daşıyır. Mədəniyyətsiz kütlə idarə edilə bilinmir, xarici təsirlərə açıq olur. Mədəniyyət fərdləri indinin dar çərçivəsindən çıxarıb gələcəyə yönəldir. Beləliklə, bugünkü menyumuzu tamamlayaq. Mədə niyyətli həyatdan mədəniyyətə keçməsək, hələ çox əziyyət çəkəcəyik.

OXŞAR XƏBƏRLƏR