Çoxdan deyilmiş bir fikir var: Yenilik unudulmuş köhnəlikdir.
Bu fikir yeniliyin, innovasiyanın ənənəyə, gələcəyin keçmişə bağlılığını ifadə edən bir hikmətdir. Ən aydın sübutlarından biri Avropa Renesansıdır. Renessans yeni avropalının yunan-Roma ənənəsi ilə yenidən bağ quran innovativ bir sıçrayışı idi. Yenilik keçmişlə gələcəyin buludları toqquşan zaman parlayan şimşəyin adıdır. Yenilik mədəniyyətin zərurətidir, yenilənməyən mədəniyyət ölümə məhkumdur. Buna görə də bütün ənənələr həmişə yeniliyə hamilədir.
Ənənə öz innovasiyasını həmişə öz bətnində gəzdirər. Çünki ənənə özü də keçmişdə yaşanmış bir innovasiyadır. Ənənə özü də nə vaxtsa yenilik olub. İnnovasiya postənənədir, ənənədən sonrakı ənənədir. Həmişə ənənə olaraq qalan heç bir ənənə olmadığı kimi, həmişə yeni olaraq qalan heç bir yenilik də yoxdur. Mədəniyyət ənənə ilə doyar, yeniliklə acar. Yenilik özünü ənənənin təcrübələri ilə risklərdən qoruyar.
Ənənə ilə innovasiyanın əlaqəsi canlı əlaqədir, mədəni, elmi-texniki, ədəbi-fəlsəfi olduğu qədər həm də bilojidir, ontolojidir, intellektual olduğu qədər instinktiv dövrandır. Çünki həyatın var olmasını təmin edən bir qanunauyğunluqdur. Şüurlu olduğu qədər təhtəlşüurdur. Etik olduğu qədər estetikdir. İnnovasiya ənənəni yenidən mənalandırmaqdır. Yenidən mənalandırılan ənənə yeni məzmunla yanaşı, həm də yeni forma qazanır. Ənənə və innovasiya ata-oğul kimidir; biri yaradan, biri qoruyandır. Ənənə olmasa, yenilik də olmaz. Heçdən heç bir şey yarana bilməz, heçdən ancaq başqa bir heç yaranar. Ənənənin öhdəliyi ölüləri, yeniliyin missiyası diriləri yaşatmaqdır. Hələ iki min beş yüz il öncə qədim yunan ənənələri ilə döyüşən Sokrat deyirdi ki, dəyişiklik istəyirsinizsə, bütün enerjinizi köhnəni dağıtmağa deyil, yenini qurmağa yönəldin. Bernard Şou Sokratın bu sözünə modern çağda belə bir əlavə etdi: fikirlərini dəyişdirməyənlər heç bir şeyi dəyişdirə bilməzlər.
İdeoloji çağdan texnoloji çağa keçid mədəniyyət anlayışının da yenidən mənalandırılmasını tələb edir. İdeoloji çağda mədəniyyət icra edən idi, texnoloji çağda icra olunandır. İdeoloji mədəniyyət gücünü siyasi ideyalardan alırdı, texnoloji mədəniyyət iqtisadi gücə bağlıdır, daha doğrusu, “yumşaq güc” adı verilən iqtisadi sahədir. Bu qlobal reallıq mədəniyyətin idarə olunmasında yeni ideya və praktikaların zərurilik şərtini yaradır. Mədəniyyətə yeni yanaşmalar ortaya mədəniyyət sənayesi ifadəsini çıxarır. Ənənəvi mədəniyyət messenatların himayəsində yaranırdı, yeni mədəniyyət menecerlərin fəaliyyətinə bağlıdır. Ənənəvi mədəniyyət ianə əsaslı idisə, yeni mədəniyyət layihə əsaslıdır.
Yeni mədəniyyət portfel idarəetmə məntiqinə əsasən, qrantlar, əməkdaşlıq layihələri, sponsorluqlar, bilet gəlirləri və digər müxtəlif mənbələrdən faydalanaraq öz əsərlərini yaradır. Yeni mədəniyyət idarəetməsi hər nə qədər fərdiliyi önə çəksə də, bir o qədər korporativ və strateji məsuliyyət daşıyır. Çağımızda mədəniyyətin “yumşaq güc” faktı kimi qəbul olunması onun strateji önəmini gücləndirir.
Yaradıcılıq hər nə qədər müəlliflərdən tərk-dünyalıq tələb etsə də, əsərlər həmişə daha böyük kütlələrə can atırlar. Yaradıcılıq özünün əsas sayılan NƏ, NECƏ və NƏ ÜÇÜN suallarına, adətən, çağın şərtləri daxilində cavab axtarır. Sənəti buna görə tarixin şahidi adlandırırlar. Çağımızın yaradıcı insanı artıq bir sahibkardır, sahibkar kimi davranmaq zorundadır. Bu cür yaradıcı sahibkarların öz xəyallarını reallaşdırmağa can atması, sadəcə, yaradıcılıq hadisəsinin özünün baş verməsi ilə məhdudlaşır. Yaradıcılıq hadisəsinin mədəniyyətə çevrilməsi isə onun sənayeləşməsi, menecerlər, agentlər vasitəsilə daha irimiqyaslı prosesə cəlb edilməsi ilə reallaşır.
Mədəniyyətin idarə olunmasının əsas çağırışı da bundan ibarətdir: fərdi yaradıcılığı özünün məhdud ərazisindən çıxarıb kollektiv mühitə qazandıraraq mədəniyyət hadisəsinə çevirmək. Bundan ötrü mədəniyyətin idarə olunması məsuliyyətini öz üzərinə götürən mütəxəssis özündə birləşdirdiyi həm yaradıcının, həm kollektivin niyyətini dərindən bilməlidir. İnnovasiya da bu zaman baş verir; ideya prosesə çevriləndə. Mikelancelonun sözləri ilə desək, hər qaya parçasının içində bir heykəl vardır, heykəltaraşın işi onu üzə çıxarmaqdır. Mədəniyyət o heykəlin sonrakı taleyinin adıdır.
Hər bir mədəniyyətin insanı və insanlığı qoruyan milli və bəşəri olmaqla iki xassəsi var. İkisindən biri gücünü itirdikdə mədəni böhran baş verir. Mədəniyyətin idarə olunmasının bir missiyası da mədəni tarazlığı qorumaqdır. Bu işdə dövlətin rolu mədəniyyət strategiyalarının hazırlanmasından, özəl sektorla sənət arasında əlaqələndirici missiyanı öz üzərinə götürməkdən, ictimai resursları sənətə yönəltməklə onları gəlirli sahələrə çevirməkdən ibarət olmalıdır.
Bu gün mədəniyyət həm idxal, həm ixrac prosesində iştirak edən bir sənaye sahəsidir. Digər istehsal sahələrindən fərqli olaraq mədəniyyətin idxaldan asılı olması milli-sosial strukturun pozulmasına gətirib çıxardığı üçün dövlətin müxtəlif fondlar vasitəsilə mədəniyyətin inkişafında maraqlı tərəf kimi çıxış etməsi zəruridir. Dünya dövlət-sənət münasibətlərini tənzimləyən mədəniyyət starteqiyası modelləri mədəniyyət sənayesi layihələrinin həyata keçirilməsində dövlət və özəl sektorun iş birliyinə əsaslanır.
Mədəniyyət geniş anlamda dövlətin keçmişini, indi və gələcəyini təmsil etdiyi üçün dövlət onun maliyyə xəstəliyinə yoluxmasına imkan verməməlidir. Özəl sektor isə müxtəlif mədəni, yaradıcı sənayelərin inkişafına dəstək verməklə onların özünü gəlirlə təmin edən biznes sahələri kimi formalaşmasına töhfə verə bilər.
Çağımızın mədəniyyəti texnologiya ilə bitişik doğulan siəm əkizidir. Mədəniyyət artıq texnologiyaların köməyi ilə dəyər yaradır. Hətta süni zəka insana belə ehtiyac duymadan mədəni dəyər yaradıcısı kimi çıxış edə bilir.
Yaradıcılıq hadisəsi günümüzdə insanın emosional-intellektual fəaliyyətinin sərhədlərini aşaraq rəqəmsal prosesə çevrilməkdədir. Kağız dövrünün yazılı mədəniyyəti yerini elektron alətlərin yaratdığı rəqəmsal mədəniyyətə təhvil verir. Mədəniyyət demokratikləşir. Bu gün artıq rəqəmsal mühitdə yaşayan hər bir fərd mədəni məzmun yaradıcısı kimi istedadını təkcə lokal məkanda deyil, qlobal məkanda da gerçəkləşdirmək imkanına sahibdir.
Rəqəmsal texnologiyalar insanların həyatının ayrılmaz hissəsinə və 21-ci əsrin hakim yaradıcı sənayelərinə çevrildiyindən, bu gün ənənəvi ideyalar belə özlərini rəqəmsal platformalar vasitəsilə realizə edirlər. Artıq yeni dünyanın renesansını süni zəkasız təsəvvür etmək mümkün deyil. Bir peşəkarın dediyi kimi, yeni texnologiyalar heç nə əlavə etmir, heç nəyi də silmir, amma hər şeyi dəyişdirir.
Dünya artıq rəqəmsal yerlilərlə rəqəmsal köçərilərin yaşadığı dünyadır. Kim ki, rəqəmsal mədəniyyət yarada bilir, o yerlidir; kim ki, bu mədəniyyəti sadəcə istehlak edir, o köçəridir. Seçim azaddır.