“Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” – Laçında

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə üçüncü dəfə Laçın Şəhəri Günü keçirilir.

Daha.az xəbər verir ki, builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını daşıyır.

Şəhər Günü çərçivəsində Laçın Azərbaycan da daxil olmaqla MDB-nin bəzi ölkələrindən yaradıcı gəncləri bir araya gətirib.

Azərbaycanın bu dilbər guşəsi “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev sahibliyi edir.

Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

Avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub.

Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR