Daha.az italyan filosofu Giorgio Aqambenin “İtmiş Obyekt” yazısını təqdim edir.
1917-ci ildə Freydin nadir mətnlərindən biri olan “Matəm və Melanxoliya” məqaləsi “Internationale Zeitschrift für Psychoanalyse” jurnalında nəşr olundu.
O məqalədə qədim insanların qəmgin, qaraqabaq xasiyyətinin psixoanalitik yozumunu verirdi.
Psixoanalizi on altıncı əsrdən günümüzə qədər gəlib çatmış təbabətin qollarından ayıran yol, melanxoliyanı psixi xəstəliklərin ağır növlərindən biri kimi təsnif edən müasir psixiatriya elminin yarandığı və inkişaf etdiyi yolla kəsişir. Buna görə Freydin melanxoliya analizində iki köhnə elementi yenidən görmək bir az təəccüblüdür. (Freyd bu analizi libidonun dilinə tərcümə edir).
Bu iki element bunlardır: obyektdən uzaqlaşmaq və düşüncələrə dalıb özünə qapanmaq. Bu elementlər qədim kilsə atalarının akedia (ruh düşkünlüyü) təriflərində və qara öd təbiəti haqqındakı yazılarda da var idi. Bu elementlərin Freydin yazısında da olması göstərir ki, melanxoliya zamanla çox da dəyişməyib. Freydə görə, melanxoliyanın dinamik mexanizmi əsas xüsusiyyətlərini qismən matəmdən, qismən də narsistik reqressiyadan (özünəvurğun geriləmədən) götürür.
Matəmdə sevilən şəxsin artıq mövcud olmadığı faktına reaksiya olaraq libidonun (cinsi enerjinin) sevilən obyektin hər bir xatirəsinə və onunla bağlı olan hər bir obyektə bağlanması kimi, melanxoliya da sevilən obyektin itkisinə verilən bir reaksiyadır. Ancaq bu itkidən sonra libido başqa birinə yönəlmir. Əksinə, libido narsistik şəkildə itirilmiş insanla özünü eyniləşdirən eqoya doğru geri çəkilir.
Freydin bu fikirləri, əslində, ondan beş il əvvəl Abraham adlı başqa bir alimin yazdığı bir şeyə əsaslanırdı. Abraham bunu çox sadə izah etmişdi: Deyirdi ki, melanxolik adam sevgisini kimdənsə çəkəndə, o sevgi qayıdıb özünə yönəlir. Elə bil ki, itirdiyi adamı da götürüb öz içinə qoyur. Amma matəmin necə yarandığına baxanda, görürsən ki, melanxoliya ilə matəm arasında elə bir qəribə əlaqə var ki, bunu başa salmaq çox çətindir.
Matəmin real bir itkini təqib etməsinə rəğmən, Freyd melanxoliyada təkcə itirilmiş obyektin nəliyinin deyil, hətta bir itkinin baş verib-verməməsinin belə qeyri-müəyyən olmasına dair danılmaz dəlillər qarşısındakı narahatlığını gizlətmir. Freyd müəyyən bir narahatlıqla qeyd edir: “Əslində, nəyin itirildiyi məlum olmasa da, bir itkinin baş verdiyi qəbul edilməlidir”. Bir az sonra o, itirilmiş bir obyekt yox ikən itki olmasının yaratdığı çətinliyi həll etmək üçün “naməlum bir itkidən” və ya “şüurdan qaçan bir obyekt itkisindən” danışır.
Əslində, Freyd və Abrahamın izahlarında bir yer var ki, orada işlər kor tənlik kimi qalır. O da libidonun geri çəkilməsidir. Bu işi anlamaq üçün, bəlkə də, belə düşünməliyik: melanxoliya nəsə itəndən sonra yaranan kədər deyil. Əksinə, hələ heç nə itməmişdən əvvəl gələn, o itkini, sanki, qabaqcadan duyan qəribə bir matəm hissidir. Burada psixoanaliz, ruh düşkünlüyünü (miskinlik) hələ itirilməmiş bir nemətdən uzaqlaşma olaraq görən və bu halın ən pis qardaşlarından biri olan çarəsizliyi məyusluğun və lənətlənmənin xəbərçisi kimi şərh edən kilsə rahiblərinin (atalarının) fəhminə olduqca bənzər nəticələrinə gəlmiş kimi görünür.
Akediada (ruh düşkünlüyü) insan bir yoxluqdan qaçmır, çox güclü bir arzudan qaçır. Bu arzu, obyekti itirməkdən qorxduğu və ona yoxluğunda belə bağlanmağa çalışdığı üçün obyekti əlçatmaz edir. Melanxoliyada da libidonun (sevgi enerjisinin) geri çəkilməsinin tək məqsədi eynidir: sahib olmağın, əslində, mümkün olmadığı bir vəziyyətdə, bu sahiblənməni özü üçün gerçək kimi göstərmək.

Yəni belə çıxır ki, melanxoliya bir şeyi itirdiyin üçün kədərlənmək deyil. Əksinə, heç vaxt sənin olmayan bir şeyi, guya, itirmiş kimi göstərmək bacarığıdır. Əgər libido reallıqda heç bir şey itirilmədiyi halda, sanki bir itki baş vermiş kimi davranırsa, bunun səbəbi libidonun elə bir simulyasiya səhnələşdirməsidir ki, burada heç vaxt sahib olunmadığı üçün itirilə bilməyəcək bir şey itirilmiş kimi təzahür edir və ehtimal ki, heç vaxt mövcud olmadığı üçün sahiblənilməsi qeyri-mümkün olan bir şey, mümkün olduğu qədər, itki kimi mənimsənilir. İndi melanxoliyanın əsl niyyəti aydın olur. Normal matəmlə müqayisə bu işi bir az qarışdırır. Melanxoliyanın dərdi budur: o, sadəcə, haqqında düşünməli olduğu bir şeyi, inadla qucaqlamaq istəyir. Melanxoliya öz obyektini matəmə bürüyərək ona “itirilmiş” bir şeyin xəyali reallığını verir. Ancaq bu matəm əlçatmaz bir obyektə görə olduğu üçün, melanxoliyanın strategiyası belədir: O, real olmayan bir şeyin var ola biləcəyi bir yer yaradır. O, elə bir səhnə qurur ki, orada eqo həmin obyektlə əlaqə qura bilir, heç nə onunla rəqabət apara bilmir və onu itirmək təhlükəsi də yoxdur..
Əgər bu nəzəriyyə doğrudursa və melanxoliya öz obyektinə yalnız onu itirdiyini təsdiqləməklə sahiblənə bilirsə, Freydin melanxolik meylin qeyri-müəyyənliyinə niyə bu qədər təəccübləndiyi aydın olur. Hətta o, bu qeyri-müəyyənliyi xəstəliyin əsas xüsusiyyətlərindən biri kimi təyin etmişdir. Melanxoliyada sevgi ilə nifrət bir-biri ilə dalaşır. Biri sevgini ayırmaq istəyir, o biri isə qoymur. Onlar ancaq insanın şüursuzluğunda barışa bilirlər. Bu barışığın adı da “eyniləşmə”dir, yəni adamın itirdiyi şeyin yerinə özünü qoyması. Deyirlər ki, psixoanalizin psixologiyaya verdiyi ən böyük töhfələrdən biri elə bu fikirdir.
Fetişist inkarı (Verleugnung) vəziyyətində, uşaq reallıqla arzusu arasında bir münaqişə yaşayır. Uşaq eyni anda iki şeyi edir: bir tərəfdən gördüklərini inkar edir, digər tərəfdən isə bir simptom vasitəsilə reallığı qəbul edir. Eynilə, melanxoliyada da obyekt nə mənimsənilə, nə də itirilə bilər; əksinə, ona eyni anda həm sahib olunur, həm də o itirilir. Fetiş eyni anda həm bir şeyin varlığının, həm də yoxluğunun işarəsidir və bu ziddiyyəti öz xəyali statusuna borcludur.
Melanxoliyanın obyekti də belədir: o, eyni anda həm real, həm də qeyri-realdır; həm bədənə daxil edilib, həm də itirilib; həm təsdiq, həm də inkar edilib.
Bu vəziyyətdə Freydin “obyektin eqo üzərindəki zəfəri”ndən danışması bizi təəccübləndirmir. O, aydınlaşdırır ki, obyekt “əlbəttə, basdırılsa da”, “eqodan daha güclü” olur. Bu, qəribə bir qələbəyə bənzəyir. Adam öz düşmənini beyninin dərinliklərinə basdırıb məğlub edir. Amma onu basdırdıqca, əslində, ona nə qədər bağlı olduğunu göstərir. Elə bil ki, bir şeyi yox etmək üçün ona daha möhkəm sarılırsan.
Bu baxımdan yanaşdıqda, həm Freydin (Abrahamın ardınca gedərək) melanxoliya ilə “libidonun inkişafındakı oral və ya kannibalistik mərhələ” arasında qurduğu əlaqəni (bu əlaqədə eqo öz obyektini onu udmaqla mənimsəməyi şiddətlə arzulayır), həm də on səkkizinci əsrin məhkəmə psixiatriyasının, dövrün dəhşətli cinayət qeydlərini dolduran adamyeyənlik (kannibalizm) hallarını inadla melanxoliyanın bir növü kimi təsnif etməsini anlaya bilərik.
Bir sözlə, melanxolikin öz sevgisi ilə olan o qəribə münasibəti, sevgi enerjisinin (libidonun) sevdiyi şeyi həm yox etməsinə, həm də onu “yeyib” özünə qatmasına bənzəyirdi. Elə 19-cu əsrin arxivlərindəki o “melanxolik canavarlar” hekayələrinin də arxasından, öz uşaqlarını yeyən və həmişə melanxoliya ilə əlaqələndirilən tanrı Saturnun qorxunc kölgəsi boylanırdı.
Tərcümə etdi: İbrahim Aziz




