Loren Oyler haqqında – Qismət

DAHA.az filologiya üzrə fəlsəfə doktoru, şair, essesit, tərçüməçi, ədəbiyyatşünas Qismət Rüstəmovun Loren Oyler haqqında yazısını təqdim edir.

Üçüncü sevgi məktubunu 38 yaşlı amerikalı tənqidçi Loren Oylerə yazacağam. Oyler xanım yazır ki, postmodernistlər “hər şeyə icazə var” deməklə, kütləvi ilə elitar arasındakı sərhədi götürməklə, ədəbi tənqidi də öldürdülər. Ancaq indiki çağda ədəbi tənqidə daha çox ehtiyacımız var, çünki rəqəmsal platformaların xaosunda bədii-estetik meyarlar heçə sayılır, beləlik, birdəfəlik istifadəyə yararlı mətnlər düz dünyanı tutur.

Oylerin fikrincə, çağdaş ədəbiyyat ekosistemində ucuz populizm hökm sürməkdədir, nəşriyyatlar və ədəbiyyat qurumları elə bir illüziya yaratmağa çalışırlar ki, guya bütün sənət əsərləri estetik baxımdan bərabərdir. Ancaq zövq məsələsini bunca şərtiləşdirmək, subyektivləşdirmək, hər şeyi eləcə “bəyəndim-bəyənmədim” səviyyəsinə endirmək işin asanına qaçmaqdır, intellektual tənbəllikdir, estetika tarixinin və sənət fəlsəfəsinin min illik prinsiplərinə, qənaətlərinə xəyanət etməkdir.

Loren Oyler
Loren Oyler

Oyler yazır ki, xüsusilə “goodreads” kimi platformalar mədəni diskursu kəmiyyətlər, rəqəmlər vasitəsilə manipulyasiya edirlər, bax elə buna görə də peşakar ədəbi tənqid indi daha lazımdır işdir. Onun fikrincə, nəşriyyatlar artıq özlərini mədəniyyət mərkəzi kimi yox, hər şeyin satıldığı qarışıq mallar dükanı kimi aparırlar, nəyi gəldi satmaq üçün yüksək ədəbi standartlara qəsdən “elitist” damğası vururlar, əslində isə bu “psevdo-demokratiya” maskası altında mədəniyyət düşmənçiliyi ilə məşğuldurlar.

Oylerin fikrincə, indi əlinə qələm alan əksər yazıçılar əsərə öz avtobioqrafik travmalarını səpələməklə özlərinə bir zireh düzəldirlər. Oyler buna “dəymədüşərlik rəqsi” deyir; milli obraza çevirsək, əksər yazıçılar dəymədüşərlik yallısı, həssaslıq uzundərəsi, əzabkeşlik tərəkəməsi oynayır ki, heç kimin onlara tənqidi nəsə deməyə ürəyi gəlməsin, yoxsa qəddar, qəlbiqara adam kimi görünəcək.

Loren Oylerin əsas tənqid hədəfi avtofiksiyadır. Belə ki, o özü “Saxta hesablar” adlı bir roman yazaraq avtofiksiyanı praktik olaraq sınaqdan çıxarıb. Oyler yazır ki, avtofiksiyada təhkiyəçi ilə müəllif arasındakı sərhəd silinir, bu da rəqəmsal əsrin transparanlığı, hamının sosial mediada könüllü şəkildə öz həyatını “ifşa” etməsiylə paralellik təşkil edir. Sosial medianın yaratdığı daim özünü sərgiləmə və daim başqalarının həyata tamaşa etmək meyli gətirib ona çıxarıb ki, əksəriyyət öz həyatından serial düzəldir, bu da yeni növ narsisizmdir. Vaxtilə gülüş obyekti olan “həyatımı danışım, roman yaz” klişesi indi normallaşıb. Hamı düşünür ki, öz bioqrafiyasında bütün dünyanın bilməli olduğu dərin travma, öz ailə tarixçəsində isə ifşa olunası nəsə vacib bir hadisə var.

Oylerdən soruşanda ki, sən də avtofiksiyada özünü sınamısan, ordakı neçə faiz sənsən, ironiya belə cavab verib: 72 faiz! Deyir, baxdım ki, hamıda statistika, data, dəqiq rəqəm xəstəliyi var, mən də istehza ilə çox dəqiq bir rəqəm dedim.

Oyler deyir ki, bədii əsər müəllifin dünyadan (həyatdan) götürdüklərini öz daxili laboratoriyasında bişirərək yeni bir dünya qurması, yəni gündəlik reallıqdan paralel reallıq yaratmaqdır. Belə ki, bütün yazıçıların materialı öz həyatıdır, ancaq ədəbiyyat həyatın surətini çıxarmaq, çiy ekvivaletini yaratmaq yox, onu istedad qazanında bişirmək, fantaziya dəzgahında rəngləmək, intellekt “qutu”sunda təqdim etməkdir.

Oyler yazır ki, internet həyatımızın reallığı, “içində üzdüyümüz su” olsa da, tənqidçi gərək bu axına qoşulub nəyi gəldi bəyənməsin, hər şeyi bir boyda göstərmək istəyən nəşriyyatlara aldanmasın, ötəri olana üz verməsin, çünki axına qoşulub şöhrət tapmaq olar, ancaq mədəniyyət yaratmaq olmaz.

 

OXŞAR XƏBƏRLƏR