ChatGPT-nin yaradıcısı OpenAİ süni intellekt əsaslı yeni iş axtarış platforması olan “OpenAİ Jobs Platform”un üzərində işlədiyini təsdiqləyib. Xidmətin 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır. Bu addım OpenAİ-nin əsas sərmayədarlarından biri olan Microsoftun sahibi olduğu Linkedİnə birbaşa rəqib kimi qiymətləndirilir.
Daha.az xəbər verir ki, Linkedİn 2024-cü ildən etibarən süni intellekt alətlərini iş axtarışı prosesinə daha çox inteqrasiya etməyə başlamışdı. Yeni platforma isə iş axtaranlarla işəgötürənlər arasında daha effektiv əlaqələr qurmağı hədəfləyir. Bu layihə yalnız texnoloji yenilik deyil, həm də əmək bazarında yeni imkanlar yaradacaq. Süni intellektin insanları işsiz qoyacağını düşünənlərin əksinə yeni platforma yeni işlər üçün daha çox fürsət yaradacaq.
Qeyd edək ki, OpenAİ işəgötürənlərə ən uyğun namizədləri tapmağa kömək edəcək alətlər, namizədlərə isə bacarıq və təcrübələrinə uyğun vakansiyalara çıxış imkanı təqdim etməyi vəd edir.
Mütəxəssislər hesab edirlər ki, OpenAİ-nin bu addımı süni intellektin işə qəbul sahəsində rolunu daha da artıracaq və 2026-cı ildən etibarən bu texnologiyalar prosesə əsaslı təsir göstərəcək. Bu da Linkedİn və digər oxşar platformalarla rəqabətin daha da güclənəcəyini göstərir.




