Qədim Misirin əfsanəvi kraliçası Kleopatraya aid olduğu ehtimal edilən məzarın yeri hələ də sirr olaraq qalır. Lakin son kəşflər bu müəmmanın həllini bir addım da irəli aparıb. Misirdəki Taposiris Maqna məbədində aparılan qazıntılarda Kleopatranı təsvir edən yüzlərlə sikkə tapılıb.
Daha.az xəbər verir ki, qazıntılara rəhbərlik edən arxeoloq Ketlin Martinez uzun müddətdir ki, Kleopatranın itmiş məzarını axtarır və bu tapıntıların məzarın Taposiris Maqnada ola biləcəyinə bir işarə olduğunu düşünür. Lakin iddiaya şübhə ilə yanaşan alimlər də var.
Martinez bildirir ki, ilahə İsisə həsr olunmuş məbəddə 500-dən çox sikkə tapılıb. Bu sikkələrin əksəriyyəti bürüncdən hazırlanıb və Kleopatranı təsvir edir. Bundan əlavə, məbədin yaxınlığında hazırda su altında olan qədim liman aşkar edilib. Tədqiqatçılar bu limanın Kleopatranın hakimiyyəti dövründə aktiv istifadə olunduğunu qeyd edirlər.
Bu diqqətçəkən tapıntılar “Kleopatranın son sirri” adlı yeni sənədli filmdə tamaşaçılara təqdim ediləcək. Sənədli film 25 sentyabr tarixində National Geographic kanalında, daha sonra isə Disney+ və Hulu-da yayımlanacaq.