DAHA professor, Avstraliya Melburn Universitetinin müəllimi, praqmatist siyasi düşüncə, analitik və kontinental yanaşmalar, multikulturalizm ilə milli kimlik arasındakı əlaqələr üzrə tədqiqatçı Klayton Çinlə müsahibəni təqdim edir.
Dr. Rəşad İlyasov: Salam, hörmətli professor. Sizi Bakıdan, Azərbaycandan salamlayırıq. Sizinlə tanış olmağımıza çox şadıq. Qeyd edim ki, müsahibədə həmkarlarım Elnurla Nərmin də iştirak edir.
Prof. Klayton Çin: Salam, mən də eləcə.
– Hörmətli professor, multikulturalizmi anlayış kimi və müasir cəmiyyətlər üçün bir model kimi necə təqdim edərdiniz?
– İlk növbədə, məni dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. Sizinlə danışmaq fürsətini, həqiqətən, yüksək qiymətləndirirəm. Deyəcək dəyərli sözlərim olduğunu düşündüyünüz üçün minnətdaram. Mənim üçün multikulturalizm müxtəlif cür tərif edilə bilər və düşünürəm ki, bu sahədə çalışan hər kəs, yəqin ki, siz də, bunun fərqindəsiniz. Ona müəyyən qruplara yönəlmiş spesifik hüquqlar və uyğunlaşdırma tədbirləri həyata keçirən ictimai siyasət proqramı kimi baxmaq olar. Eyni zamanda, müəyyən siyasi institutlar qurmağa çalışan, özünəməxsus dəyərlər və öhdəliklər sistemi olan daha geniş bir ideologiya kimi də düşünmək mümkündür.
Daha tənqidi yanaşma baxımından və bu istiqamətdə çalışan çoxlu həmkarlarım var – multikulturalizmə azlıq qruplarını idarə və nəzarət etmək proqramı kimi də baxmaq olar. Dövlət perspektivindən yanaşdıqda, bu, azlıqların müəyyən mənada “düzgün” tip azlıq qrupu və “düzgün” tip demokratik vətəndaşa çevrilməsini təmin etməyə yönəlmiş bir mexanizm kimi qiymətləndirilə bilər. Mənim üçün bu yanaşmaların hamısı müəyyən mənada doğrudur – ya konkret bir baxış bucağından, ya müəyyən bir tədqiqat proqramı və ya suallar toplusu çərçivəsində.
Amma mənim öz tədqiqatım, əsasən, multikulturalizmə “mənsubiyyət” anlayışı prizmasından yanaşmağa yönəlib. Yəni insanların cəmiyyətin üzvü olması, onların özlərini həmin cəmiyyətə aid hiss etməsi nə deməkdir və dövlətlə hökumətin insanlarda bu mənsubiyyət hissini formalaşdırmağa çalışması nə ifadə edir? – Bu suallar üzərində düşünürəm.
Bu baxımdan həm insanların keçirdiyi hisslər, həm də dövlətlərin öz cəmiyyətlərinin necə göründüyü barədə düşünərkən qurduqları üzvlük strukturları mənim üçün önəmlidir. Mən, xüsusilə, multikulturalizmin “mənsubiyyət” ölçüsü ilə maraqlanıram. Mən bunu daha çox multikulturalizmin simvolik siyasəti kontekstində dəyərləndirirəm; yəni multikulturalizmin siyasi icmanı necə təqdim etməsi, hansı “təsəvvür olunan” siyasi icmanı formalaşdırması baxımından. Burada kanadalı filosof Çarlz Teylorun istifadə etdiyi mənada “təsəvvür edilən siyasi icma” anlayışını nəzərdə tuturam, siyasi icmanı müəyyən şəkildə düşünmək və təsəvvür etmək üsulu. Bu yanaşma cəmiyyətin necə birgəyaşayışını anlamağa və rəngarəngliyi, xüsusilə, mədəni, etnik və irqi müxtəlifliyi siyasi icmanın tam şəkildə uzlaşdırıla bilən və ayrılmaz bir hissəsi kimi görməyə çalışır. Yəni müxtəliflik siyasi icmanın dəyərlərini, motivlərini və fəaliyyət istiqamətlərini formalaşdıran bir amil ola bilər.

Mənim üçün multikulturalizm və xüsusilə, maraqlandığım istiqamət daha geniş simvolik layihədir. Bu, vətəndaşlıq və üzvlük haqqında danışmağın vətəndaş yönümlü bir proqramıdır; insanların bu cəmiyyətə aid olmaq, özlərini onun üzvü, həm də tamhüquqlu üzvü kimi hiss etmək bacarığına və hüququna diqqət yetirən bir yanaşmadır. Mən, adətən, multikulturalizmi bu şəkildə anlayıram və öz tədqiqatlarımda üstünlük verdiyim tərif də məhz budur.
– Çox təşəkkür edirik, professor. Bir ay əvvəl Bixu Parex və Tariq Modudun multikulturalizmə dair görüşləri barəsində dəyirmi masasındakı çıxışınızı dinləmişdim. Çox maraqlı idi. Yeri gəlmişkən, biz professor Bixu Parex və Madud ilə də müsahibələr aparmışıq.
– O halda yəqin ki, dediklərimin bəzilərində həmin alimlərin təsirini hiss edə bilərsiniz. Bəli, mən mütləq şəkildə bu cür alimlərdən ilham almışam. Tariq dostumdur; Bixu ilə şəxsən tanış deyiləm, amma Tariq yaxın dostumdur və bu mövzularda düşüncə tərzimə çox təsir göstərib, mənə dəstək olub.
– Milli kimliyin qorunması ilə multikultural dəyərlərin təşviqi arasında sağlam tarazlığı necə qorumaq olar?
– Mən ixtisasca siyasi nəzəriyyəçiyəm, yəni əsasən ideyaların, anlayışların və siyasi icmaların nə olduğu, vətəndaşlığın necə işlədiyi, millətçilik və milli kimliyin müasir siyasi icmalardakı rolu ilə bağlı fərziyyələrin tarixi ilə maraqlanıram. Uzun illər bu ədəbiyyatda belə bir fərziyyə üstünlük təşkil edib ki, milli kimliklə multikultural dəyərlər arasında demək olar ki, zəruri bir qarşıdurma və ya gərginlik mövcuddur. Yəni nə qədər çox multikultural dəyərlərə yer versəniz, milli kimlik bir o qədər az ənənəvi və ya zəif olar. Tez-tez belə düşünülüb ki, burada sıfır-cəmli (zero-sum) münasibət var: milli kimliyi gücləndirdikcə o, müxtəlifliyə və ya multikultural dəyərlərə qarşı daha düşmən mövqe tutacaq. Əlbəttə, multikulturalizm bu sualla birbaşa üzləşəndə baxmayaraq ki, bir çox multikulturalistlər bunu etməyiblər və son 10 ilin ədəbiyyatının əhəmiyyətli hissəsi məhz bu boşluğu aradan qaldırmağa çalışıb. Belə ki, multikulturalistlər göstərməyə çalışıblar ki, bu gərginlik o qədər də sadə deyil və mütləq xarakter daşımır.
Milli kimliyin elə formaları və onu elə düşünmə üsulları var ki, onlar multikultural dəyərlərlə zəruri qarşıdurma yaratmır. Eyni zamanda, multikulturalizmin də elə formaları mövcuddur ki, onlar milli kimliklə daha yaxşı uyğunlaşa bilir. Biz milli kimliyi də, multikulturalizmi də müxtəlif formalarda ifadə edə bilərik.
Məsələn, əgər biz multikulturalizmi yalnız hüquqlara əsaslanan bir yanaşma kimi görsək, o zaman belə bir təsəvvür yaranır ki, multikultural dəyərlər azlıqların dövlətə və çoxluq qruplarına qarşı istifadə etdiyi alətlərdir – yəni istədiklərini əldə etmək üçün qurulmuş mexanizmlərdir. Digər tərəfdən, əgər milli kimliyi yalnız dərin mədəni və uzun tarixi köklərə, millətlərin sanki ilkin (primordial) təbiətinə bağlasaq, o zaman onun müxtəliflik və immiqrasiya şəraitində yaranan fərqli qruplarla zəruri gərginlik içində olduğunu düşünəcəyik.
Amma hər iki anlayışı daha axıcı və çevik şəkildə düşünsək, onların bir-birinə daha uyğun olan formalarını görə bilərik. Bu isə o demək deyil ki, milli kimlik dərin və möhkəm ola bilməz. Sadəcə olaraq, o, özünü müəyyən dəyərlər və prinsiplər ətrafında ifadə edə bilər.
Məni, xüsusilə, maraqlandıran məqam milli kimliklərin müxtəlifliyi özlərinin əsas komponentinə çevirməyə çalışmasıdır. Bu cəhdlər həmişə uğurlu olmur, amma belə təşəbbüslər mövcuddur. Mənim doğulduğum Kanadada, həmçinin hazırda yaşayıb işlədiyim Avstraliyada bunun müəyyən nümunələri olub. Bu ölkələrdə multikultural dəyərləri sadəcə müasir immiqrasiya tarixi ilə məhdudlaşdırmamağa, onları daha geriyə – bəzən immiqrasiya tarixindən də əvvəlki dövrlərə aid etməyə çalışıblar. Onları ölkənin əsas tarixi dinamikasının bir hissəsi kimi təqdim etmək cəhdləri olub; yəni müxtəlif tərkib qruplarının birlikdə yaşamağa və ortaq siyasi icma qurmağa başlamasının təməl xüsusiyyəti kimi göstərmək istiqamətində yanaşmalar mövcuddur.
Əlbəttə, bütün milli kimliklərdə olduğu kimi, burada da müəyyən qədər “uydurma”, müəyyən qədər “konstruksiya” var; bəzi münaqişələrin üstü örtülür, keçmiş hekayələr bir qədər sadələşdirilir. Lakin bu proses milli kimliyin müxtəlifliyi öz mərkəzi elementi kimi qəbul etməsi istiqamətində atılan addım kimi başa düşülə bilər.
Amma bu yanaşma çox güclü bir mexanizm ola bilər; çünki adətən gərginlik içində olduğu düşünülən bu anlayışların, əslində, mütləq şəkildə qarşıdurma yaratmadığı məcburiyyətində olmadığını göstərməyə imkan verir.
Sualınıza cavab olaraq deyərdim ki, milli kimlik və multikultural dəyərləri mütləq şəkildə “tarazlıqda saxlanmalı” iki əks qütb kimi düşünməyə ehtiyac yoxdur. Yəni bir istiqamətə çox getsək birini, digər istiqamətə çox getsək o birini üstün tutmuş olarıq kimi yanaşma zəruri deyil.
Əsas məsələ onları qarşılıqlı şəkildə bir-birini dəstəkləyən formada ifadə etməkdir. Elə bir şəkildə ki, biz onları bir-birinə töhfə verən anlayışlar kimi görə bilək. Məsələn, multikultural dəyərlərə sadiqlik milli kimliyin özünü ifadə etmə forması ola bilər. Və ya milli kimliyin əsas komponentlərindən biri müxtəlif qruplarla bərabərlik və birgəyaşayış münasibətlərində yaşamaq arzusu ola bilər. Mən bu məsələyə belə yanaşıram. Əlbəttə, bu anlayışların bir çox mövcud izahları bu cür məna daşımır, amma daşıya bilər.
– Uğurlu multikultural cəmiyyət qurmaq istəyən ölkələrə hansı üç əsas tövsiyəni verərdiniz?
– Multikulturalizm ədəbiyyatının ilkin mərhələlərində diqqət daha çox konkret siyasətlərə və həyata keçirilə bilən konkret siyasi proqramlara yönəlmişdi. Dövlətlərin təqdim edə biləcəyi hüquqlar və uyğunlaşdırma mexanizmləri məsələn, müxtəlif hüquqi təminatlar çox vacibdir. Lakin bu gün məni daha çox maraqlandıran məsələ müasir kontekstin məhsuludur. Çünki, hətta, köklü multikultural ənənəyə malik ölkələrdə belə, multikulturalizmin bəzi aspektlərinə qarşı reaksiyalar və ya geriləmələr müşahidə olunur. Xüsusilə immiqrasiya ilə bağlı gərginliklər kontekstində bunu görürük.
Ən “oturuşmuş” multikultural ölkələr hesab edilən Avstraliya, Kanada, Yeni Zelandiya, İngiltərə və digərlərində bu tip siyasətlər mövcuddur. Hətta multikulturalizm mübahisəli və ya təhdid altında görünəndə belə, bu proqramlar davam edir. Çünki bunlar daha “sakit” və praktik proqramlardır: məsələn, insanların inteqrasiyasına yardım etmək, xaricdə əldə edilmiş diplom və peşə ixtisaslarının tanınması, dil dəstəyi vasitəsilə yerli dili öyrənməyə imkan yaratmaq və s. Bütün bunlar olduqca vacibdir və məncə, zəruri ilkin şərtlərdir.
Amma bu gün məni daha çox maraqlandıran məqam məhz müasir gərginliklərə cavab verən daha geniş mənalı suallardır: mənsubiyyət, simvollar, kollektiv məna və siyasi kimlik məsələləri. Əgər ölkələrə bu sahədə yəni, multikulturalizmi milli kimliyin mərkəzinə və ya əsas siyasi simvollar sisteminin bir hissəsinə çevirmək istiqamətində tövsiyə verməli olsam, deyərdim ki, bu çox böyük və uzunmüddətli bir vəzifədir. Haradan başlamağın belə, çətin olduğu bir prosesdir.
Bu baxımdan ilk və ən vacib addım belə bir layihədə ciddi, qətiyyətli siyasi və ictimai öhdəlik formalaşdırmaqdır. Yəni multikulturalizmin sadəcə texniki siyasət deyil, uzunmüddətli simvolik və mənəvi layihə olduğunu qəbul etmək, buna sadiq qalmaqdır. Bu, əhalinin yalnız bir hissəsinin və ya kiçik bir qrupun dəstəklədiyi proqram ola bilməz, belə olarsa, işləməyəcək. Bunun üçün illər və hətta onilliklər boyu geniş ictimai dəstək formalaşdırmaq lazımdır. İnsanlarda bu istiqamətdə iradə yaratmaq və multikulturalizmi artıq güclü dəstəyi olan digər siyasi layihələrlə əlaqələndirməyin yollarını tapmaq vacibdir.

Bir nümunə kimi Kanada kontekstinə baxa bilərik. Kanadada multikulturalizm rəsmi öhdəlik kimi 1970-ci illərin əvvəllərində formalaşdı və bu, bir sıra digər siyasi proseslərin nəticəsi idi. Bunlardan biri fransız və ingilis dilləri arasında rəsmi federal ikidillilik siyasətinə keçid idi. Fransız və ingilisdilli kanadalılar arasındakı bölünmə ölkənin kolonial əsaslarının qoyulduğu dövrdən bəri mövcud idi. Yalnız 1960-cı illərdə federal səviyyədə bu məsələni ciddi şəkildə həll etmək istiqamətində addımlar atıldı: fransızdilli azlığın hüquqlarını təmin etmək və federal hökumətin ölkənin ikidilli xarakterini əks etdirməsini təmin etmək məqsədilə. multikulturalistlər çox tez bu prosesi fürsət kimi dəyərləndirdilər. Onlar dedilər: əgər biz artıq fərqli qrupların birlikdə necə fəaliyyət göstərəcəyi barədə danışırıqsa, onda digər qrupları da nəzərə almalıyıq — miqrantları və mədəni baxımdan müxtəlif üzvləri də düşünməliyik.
Bu siyasətlər ayrı-ayrı qanunvericilik aktlarında əks olunsa və fərqli dövlət qurumları tərəfindən idarə olunsa da, simvolik baxımdan Kanadada ikidillilik, multikulturalizm bir-birinə bağlı şəkildə təqdim olundu. Kanadalıların milli kimliyinin bir hissəsinə çevrildi ki, onlar yalnız fransızdilli azlıqla barışığa meyllənmədilər, eyni zamanda mövcud dəyərlər əsasında ortaq siyasi icma quraraq miqrantları da əhatə etməyə sadiqliklərini nümayiş etdirdilər. Bu yanaşma Kanada üçün uğurlu oldu, çünki artıq mövcud olan bir bölünmə üzərindən formalaşmış öhdəlik sonradan daha geniş mədəni müxtəliflik məsələsinə tətbiq edildi. Mədəni müxtəliflik daha çox immiqrasiya ilə əlaqələndirilsə də, bu, artıq mövcud olan bərabərlik və ortaq icma dəyərləri çərçivəsində əsaslandırıldı.
Beləliklə, güclü və davamlı siyasi öhdəlik son dərəcə vacibdir. Böyük siyasi məqamlar ictimai dəstəyi səfərbər etmək üçün fürsət yaradır. Uzun müddət Kanadada multikulturalizm mərkəzi və güclü siyasi diskurs formasına çevrilmişdi və demək olar ki, müzakirə mövzusu olmayan, “danışıqsız” qəbul edilən prinsip kimi görünürdü. Bütün əsas siyasi qüvvələr multikulturalizm dilindən istifadə edirdi. Təəssüf ki, son illərdə xüsusilə immiqrasiya ətrafında gedən müzakirələr fonunda bu konsensus müəyyən qədər sual altına düşür. Gələcəyin necə olacağını görəcəyik. Mən də bunu böyük maraqla izləyirəm və təbii ki, şəxsi motivasiyamda saxlayıram.
Amma əsas mesaj budur: geniş ictimai və siyasi öhdəlik formalaşdırmaq, bu istiqamətdə böyük və inklüziv proqram qurmaq və bunu, məsələn, qanunvericilik səviyyəsində təsbit etmək multikultural cəmiyyət qurmaq istəyən ölkələr üçün fundamental əhəmiyyət daşıyır. Məsələn, müxtəlifliyə hörmət və onun tanınması kimi prinsiplər ətrafında uzunmüddətli proqram formalaşdırılmalıdır. Bu, onilliklər ərzində həyata keçirilən və fərqli siyasi qüvvələr arasında körpülər quran bir proses olmalıdır. Ən azı geniş miqyasda müəyyən dəstək olmadan bunu zorla tətbiq etmək yalnız gərginlik yaradacaq. Bu, mənim birinci əsas tövsiyəmdir: geniş və davamlı ictimai-siyasi öhdəlik formalaşdırmaq.
İkinci, mühüm məqam ondan ibarətdir ki, multikulturalizmlə bağlı məsələlərin çoxu keçmişlə əlaqəlidir. Söhbət vaxtilə ədalətsiz rəftara məruz qalmış, tamhüquqlu üzv kimi qəbul edilməmiş və ya irqçilik, ayrı-seçkilik və kənarlaşdırma yaşamış qruplardan gedir. Hətta Tariq Madud kimilər hesab edirlər ki, multikulturalizm bərabərsizlikdən doğan bir cavabdır. Bu baxımdan keçmişi nəzərə almaq vacibdir. Amma eyni zamanda keçmişdə ilişib qalmaq da olmaz. Bu, çox həssas bir tarazlıqdır: baş vermiş haqsızlıqları, xüsusilə, bərabərsizlik, zorakılıq və hökmranlıq formalarına gətirib çıxaran halları tanımaq lazımdır. Lakin həddən artıq keçmişə fokuslanmaq qruplar arasında inciklik və sərhədləri sərtləşdirə bilər. Buna görə həm keçmişi tanımaq, həm də gələcəyə yönəlmək bacarığı əsasdır. Bu balansı qurmağın əsas yollarından biri yeni simvollar yaratmaqdır. Multikulturalizmin simvolik ölçüsündə uğur qazanmış ölkələr yeni rəmzlər formalaşdırıblar: bayraqları dəyişiblər, dövlət institutlarında islahatlar aparıblar, azlıq qruplarına aid simvolları siyasi icmanın ümumi simvolikasına daxil ediblər. Bu, müxtəlifliyin hamı üçün görünən və paylaşılan dəyər kimi təqdim olunmasına imkan yaradır. Çünki multikulturalizm yalnız azlıqlar üçün ola bilməz o, çoxluq üçün də məqbul və mənalı olmalıdır. Çoxluğun kifayət qədər üzvü bunu ölkənin simvolik quruluşunu ifadə etməyin müsbət və düzgün yolu kimi qəbul etməlidir ki, layihə uğurlu olsun.
Bu isə cəsarətli və böyük qərarlar tələb edir. Məsələn, Avstraliya bayrağını dəyişmək istiqamətində güclü hərəkat olsa da, bu təşəbbüs uğursuz oldu və sonradan yenidən gündəmə gəlmədi. Digər tərəfdən, Kanada bu cür simvolik dəyişiklikləri həyata keçirə bildi və müəyyən uğur qazandı. Belə böyük və prinsipial qərarlar tələsik qəbul edilə bilməz, onlar uzunmüddətli planlaşdırma tələb edir. Lakin, düzgün icra olunduqda, multikulturalizmi institusional şəkildə möhkəmləndirə və onu cəmiyyətin strukturunun ayrılmaz hissəsinə çevirə bilər.
Beləliklə, mənim üç əsas tövsiyəm bunlardır:
- Geniş və uzunmüddətli ictimai-siyasi öhdəlik formalaşdırmaq;
- Keçmiş haqsızlıqları tanımaq, amma gələcəyə yönəlmiş balansı qorumaq;
- Yeni və inklüziv simvollar yaradaraq multikulturalizmi milli kimliyin institusional və simvolik əsasına çevirmək.
Buyurun, Nərmin, söz sizindir.
– Hörmətli professor, hər vaxtınız xeyir. Bu gün qlobal səviyyədə multikulturalizmin qarşısında duran əsas çağırışlar hansılardır?
– Bu, həqiqətən, çox böyük, çox çətin və cavablandırılması asan olmayan bir sualdır. Əlbəttə, qlobal problemlər mövcuddur. Yəqin ki, cavabımı belə bir qeydlə başlamalıyam ki, mən əsasən nümunə kimi göstərdiyim ölkələr üzərində işləyirəm və bunlar əsasən Qərbin liberal demokratiyalarıdır. Xüsusilə də, müasir dövrdə multikulturalizm ideyasının formalaşdırılması ilə sıx bağlı olan və multikulturalizm sahəsində ilkin siyasət və çərçivələri inkişaf etdirmiş Qərb liberal demokratiyalarını nəzərdə tuturam. Burada yalnız qeyd etdiyim Kanada və Avstraliya kimi ölkələri deyil, eyni zamanda Yeni Zelandiya, Böyük Britaniya və Niderland kimi ölkələri də düşünürəm. Buna görə də mənim qlobal baxışım müəyyən qədər bu kontekstlərin təsiri altında formalaşıb.
Mənim gördüyüm əsas problemlər bir-biri ilə kəsişən məsələlərdir; onlar ayrı-ayrı deyil, bir-biri ilə bağlıdır. Son onillikdə baş verən dönüş məni xüsusilə düşündürür və motivasiya edir. Belə ki, artıq formalaşmış multikultural yanaşmalara qarşı immiqrasiya kontekstində bir geriyə dönüş müşahidə olunur. İmmiqrasiya bir çox dövlətlərdə həmişə siyasi həssas mövzu olub. Mövcud əhali adətən immiqrasiyanın miqdarı, növü və onun artıq mövcud olan vətəndaşlara təsiri ilə bağlı narahatlıq keçirir. Bu həmişə belə olub və immiqrasiyaya qarşı mənfi münasibətdə artım var. Hətta, qeyd etdiyim ölkələrdə belə, əhalinin böyük hissəsi immiqrasiyaya qarşı getdikcə daha çox narahat və ya düşmən mövqe sərgiləyir. Bu tendensiya davam edir və seçkilərin nəticələrinə də təsir göstərir.
Bu tendensiya siyasi partiyaların davranışına da təsir göstərir və hökumətlərin nə etməsinə, hətta müxtəliflik, post-immiqrasiya icmaları və multikulturalizm haqqında necə danışmasınada öz izini qoyur. Məncə, immiqrasiyaya qarşı bu dönüş çox böyük və mühüm məsələdir. Çünki immiqrasiya ilə multikulturalizm arasındakı əlaqə çox vaxt insanlar tərəfindən avtomatik şəkildə qəbul olunur. Amma əslində bu əlaqə düşündüyümüz qədər sadə deyil. Multikulturalizm tərəfdarları həmişə daha çox immiqrasiyanın lehinə olmurlar. Onlar mütləq şəkildə “nə qədər çox immiqrasiya, bir o qədər yaxşıdır” mövqeyini müdafiə etmirlər.
Məsələn, siyasi icmaların immiqrasiyanı tənzimləmək və nəzarətdə saxlamaq hüququna malik olması ilə bağlı daha güclü bir anlayışın olması insanı multikultural siyasətə qarşı mövqedə qoymur. Hazırda üzərində işlədiyim məsələlərdən biri də məhz budur: bir tərəfdən “miqrasiya etikası” adlandıra biləcəyimiz düşüncə sahəsi ilə, digər tərəfdən multikulturalizmlə əlaqələndirdiyimiz dəyərlər arasında real münasibətlərin nədən ibarət olduğunu araşdırmaq. Aydındır ki, onların arasında əlaqələr var. Lakin bu əlaqələr tam və birbaşa deyil. Məsələn, siyasi icmalar müəyyən formalarda immiqrasiyanı nəzarətdə saxlamağa özlərini haqlı hesab edə bilərlər. Amma bu, mütləq şəkildə onların artıq vətəndaş olan insanlar arasında münasibətlərin qurulması üsulu kimi multikulturalizmə düşmən yanaşdıqları anlamına gəlməməlidir.
İmmiqrasiyaya qarşı dönüş böyük bir məsələdir. Bununla əlaqəli digər mühüm məsələ isə yeni irqçilik formalarının və mədəni irqçiliyin yüksəlişi və ya davam etməsidir. Əgər siz 15–20 il əvvəl bir alimdən Avstraliya və ya Kanada kimi ölkələrdə irqçiliyin inkişafı və istiqaməti barədə soruşsaydınız, çox güman ki, onun davamlı şəkildə azaldığını deyərdi. Yəni irqçilik tamamilə yox olmasa da, əvvəlki onilliklərlə müqayisədə daha az açıq, daha az institusional və daha az geniş yayılmış hesab olunurdu. Lakin indi vəziyyətin belə olmadığını görürük. Bir çox ölkələrdə əsas siyasi fiqurların yenidən açıq şəkildə irqi çalarlar daşıyan ritorikaya qayıtması, alimlərin “yeni irqçilik formaları” və ya “mədəni irqçilik” adlandırdığı halların müşahidə olunması ciddi narahatlıq doğurur. Bu, irqçiliyin dinamik və dəyişən, yeni formalar alan bir fenomen olduğunu göstərir. Bu isə xüsusilə vacibdir, çünki multikulturalizmin tarixi böyük ölçüdə müəyyən qrupların kənarlaşdırılması və onların məhz irqçiliyə bənzər və ya açıq şəkildə irqçi xarakter daşıyan istisna formalarına qarşı mübarizə apararaq inklüzivlik tələbi irəli sürməsi tarixidir.
Nəhayət, qeyd edəcəyim son problem – və bunların hamısı yenə də bir-biri ilə sıx bağlıdır – “əksəriyyət–azlıq qütbləşməsi” adlandıra biləcəyimiz məsələdir. Yəni bir çox bu tip dövlətlərdə getdikcə daha dərin siyasi bölünmə müşahidə olunur: bir tərəfdə özünü əksəriyyət qrupuna aid edənlər, digər tərəfdə isə özünü azlıq qrupunun üzvü kimi görənlər. Digər qütbləşmə formaları ilə yanaşı, bu qrupların bir-birindən daha da uzaqlaşması multikulturalizmin vahid siyasi icma kimi dərk olunmasına ciddi təsir göstərir. Əgər biz ortaq dəyərlər əsasında siyasi mənsubiyyət ideyasından danışırıqsa, bu vəziyyət həmin anlayışa böyük təsir edir. Bu isə “əksəriyyət” anlayışının nə olduğu, onu necə müəyyən etdiyimiz, “azlıq” olma təcrübəsinin nə demək olduğu barədə daha dərin düşünməyi tələb edir. Xüsusilə, fərqli siyasi və ictimai kontekstlərdə bu sahədə çox iş görülməlidir. Məncə, müəyyən qruplar arasında artan qütbləşmə ideyası çox ciddi bir çağırışdır. Beləliklə, mənim üçün üç əsas problem bunlardır: immiqrasiya məsələsi, irqçiliyin yenidən güclənməsi və ya yeni formalar alması, eləcə də əksəriyyət və azlıq qrupları arasında artan qütbləşmə. Hazırda məni ən çox düşündürən və narahat edən məhz bu məsələlərdir.

Buyurun, Elnur, söz sizindir.
– Salam, hörmətli professor. Sizi yenidən görməyə şadam. Təhsil sistemləri multikultural şüurun, tolerantlığın və sosial birliyin formalaşdırılmasında hansı rolu oynaya bilər?
– Bu gözəl suala görə çox təşəkkür edirəm. Mən həmişə təhsil sistemləri haqqında fikirləşirəm. Xüsusilə də, azyaşlı övladlarım olduğu üçün onların necə təhsil aldıqları barədə tez-tez düşünür və bunu dəyərləndirirəm. Təhsil sistemləri həqiqətən maraqlı sahədir. Mən təhsil üzrə alim deyiləm və bu mövzuda çox yazmamışam. Amma dediklərimdən yəqin ki, təəccüblənməzsiniz, mən dövlətlərin rolu ilə çox maraqlanıram. Dövlətlər siyasi icmalarda böyük aktorlardır, hətta müəyyən mənada ən böyük siyasi aktorlardır. Lakin onlar yeganə aktor deyillər və hər şeyə də tam nəzarət etmirlər.
Bir çox kontekstlərdə təhsil sistemləri dövlət tərəfindən idarə olunur — ya birbaşa dövlət məktəbləri vasitəsilə, ya da milli kurikulum vasitəsilə. Bu baxımdan dövlət təhsilin necə formalaşdırılması və necə həyata keçirilməsi məsələsində böyük rol oynayır. Təhsil də, dövlət kimi, çox vaxt “neytral” bir sahə kimi təqdim olunur, ölkədəki bütün vətəndaşlar arasında ortaq və tərəfsiz mövqedə dayanır.
Lakin təhsil ətrafında yaranan bir çox siyasi münaqişələr məhz müəyyən qrupların təhsil sistemini qərəzli hesab etməsi ilə bağlı olur. Əgər hansısa qrup düşünürsə ki, təhsil sistemi müəyyən siyasi ideologiyanı təbliğ edir və ya yalnız konkret qrupların maraqlarına xidmət edir, bu zaman ciddi mübahisələr yaranır. İnsanlar övladlarına məktəbdə nə öyrədildiyi, bunun onların şəxsi inancları ilə necə toqquşduğu barədə narazılıq bildirirlər. Bu baxımdan təhsil sistemləri çox çətin bir tarazlıq xətti üzərində hərəkət etməlidir. Bir tərəfdən dövlət müəyyən şeylərin qəbuledilməz olduğunu açıq şəkildə göstərməlidir. Məsələn, məktəblərdə irqçiliyə, açıq diskriminasiyaya və ya açıq kənarlaşdırma formalarına yer ola bilməz. Multikultural yanaşma baxımından bunlar qətiyyən qəbulolunmazdır. Dövlətin uşaqlara müasir vətəndaşlıq anlayışı ilə uyğun gəlməyən siyasi davranış formalarının qəbuledilməz olduğunu öyrətməsi tamamilə əsaslıdır.
Digər tərəfdən isə təhsil sistemi legitim müzakirə sahələrinin harada başladığını və harada bitdiyini müəyyən etməlidir. Elə mövzular var ki, burada təhsil sistemi hökm verən mövqedə dayanmamalı, “bu doğrudur, bu yanlışdır”- deyə sərt sərhədlər çəkməməlidir. Əksinə, şagirdləri müxtəlif baxışlar və alternativlər ətrafında açıq və əsaslandırılmış müzakirələrə cəlb etməlidir. Bir çox təhsil sistemləri və müəllimlər fəaliyyət göstərdikləri yerə, yerli icmanın xüsusiyyətlərinə və şəxsi inanclarına bağlı olaraq bu tarazlığı fərqli şəkildə qururlar. Məhz bu tarazlığın necə təmin olunması multikultural şüurun, tolerantlığın və sosial birliyin formalaşdırılmasında təhsil sistemlərinin əsas çağırışlarından biridir.
Çox güman ki, bəzi müəllimlər tələbələri ilə immiqrasiya kimi mövzular ətrafında geniş və dərin müzakirələr aparmaq istəməzlər. Çünki, bəzi insanlar bu məsələlərdə çox güclü və emosional mövqelərə malikdirlər. Amma, bir mənada təhsil sistemlərinin və uşaqlarla gələcəyin vətəndaşları ilə bu mövzular haqqında necə danışmağımız son dərəcə vacibdir. Bu uşaqlar gələcəkdə seçici olacaqlar və bu məsələlər ətrafında ictimai-siyasi dialoqda bu və ya digər dərəcədə iştirak edəcəklər. Onlar məktəbdə bu müzakirələri necə aparmağı öyrənirlərsə bu çox böyük əhəmiyyət daşıyır.
Məncə, təhsil sistemlərinin əsas rolu insanlara legitim və mübahisəli mövzular ətrafında hörmət çərçivəsində debat aparmağı öyrətməkdir. Cəmiyyət daxilində baxış müxtəlifliyi mövcuddur və bu, demokratik qərarvermə sahəsinə aiddir. Adətən düşünürük ki, dövlət bizə nə düşünməli olduğumuzu deməməlidir. Dövlət və təhsil sistemi müxtəlif mövqelərin mövcud olduğunu izah edə bilər — məsələn, müasir cəmiyyətimizdə hansı əsas mövqelərin olduğunu göstərə bilər. Amma o, hansı mövqeni seçməli olduğumuzu diktə etməməlidir. Bu isə çox çətin bir tarazlıqdır. Dövlətlər ənənəvi olaraq yalnız “qəbul edilən” siyasi mövqelərin mövcud olduğu bir çərçivə yaratmaq istəyirlər. Buna görə də “qəbul edilən” və “qəbul edilməyən” mövqelər arasında sərhəd çəkməli olurlar və bu, olduqca mürəkkəb məsələdir. Çox vaxt bu sərhədi müəyyənləşdirmək üçün insan hüquqları kimi prinsiplərə istinad edirlər.
Lakin eyni zamanda həmin çərçivə daxilində elə bir mühit yaradılmalıdır ki, insanlar təzyiq və ya damğalanma olmadan, sərbəst şəkildə öz fikirlərini ifadə edə bilsinlər. Bu fikirlərdən bəziləri digər qruplar arasında populyar olmaya və ya problemli hesab oluna bilər. Bəzi insanlar başqalarının mövqelərinə emosional reaksiya verə bilər. Amma biz bir növ bunu öyrənməliyik. Təhsil sistemləri insanlara, legitim çərçivə daxilində qalmaq şərtilə, xoşlarına gəlməyən fikirləri dinləməyi və onlarla əsaslandırılmış, ciddi debat aparmağı öyrətməlidir. Bu, həm sərhədi düzgün müəyyənləşdirmək, həm də sağlam dialoq üçün uyğun şərait yaratmaq baxımından çox çətin vəzifədir. Açığını desəm, bu baxımdan müəllimlərin işinə həsəd aparmıram — həqiqətən də çox mürəkkəb və məsuliyyətli bir missiyadır.
Dr. Rəşad İlyasov : Çox sağ olun, hörmətli professor. Çox gözəl müsahibə oldu. Bu müsahibəni Azərbaycan dilinə tərcümə edəcəyik və Azərbaycandakı Daha.az saytında dərc edəcəyik. Daha sonra elektron poçt vasitəsilə sizə göndərəcəyik.
Kleyton Çin: Çox sağ olun, mənə danışmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm.




