Psixoloji trillerlərin müəllifi kimi tanınan Ketrin Kroft yeni romanının qaralama versiyasını yeddi gün ərzində hər kəsin gözü önündə tamamlayıb.
Daha.az xəbər verir ki, Kroft sentyabrın ilk həftəsi hər gün səkkiz saatını “Paper Moon” kitab mağazasının bir köşəsində roman yazaraq keçirib. O, bu addımını heyrətamiz və eyni zamanda həyatda yaşadığı ən çətin təcrübə kimi dəyərləndirib.
Əslində, məqsədi 80.000 sözlük əsər yazmaq olsa da, yazıçı ilk mərhələdə 50.000 sözlük qaralamanı bitirib. Kroft adətən gündə 2000 söz yazdığını və bu sınaq ərzində maksimum söz sayını 10.000-ə çatdırdığını bildirib. Bu, Kroftun sayca 20-ci kitabı olacaq. Romanın 2027-ci ildə nəşr olunması planlaşdırılır.




