Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının maliyyə dəstəyilə “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabı çapdan çıxıb.
Daha.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rəssam, sənətşünaslıq elmləri namizədi Səyyad Bayramovun qələmə aldığı kitabda Azərbaycanın tanınmış kino rəssamlarının fəaliyyətindən, bu tarixdə kino sənətinin keçdiyi inkişaf yolundan bəhs olunur.
İki hissəli kitabın 1-ci hissəsində bədii kino sənətində rəssam işinin məzmunu, mahiyyəti və estetik xüsusiyyəti, bədii kino sənətinin mahiyyəti, kino təsviri sənət, bədii kinonun sənət mahiyyəti, təsviri yaradıcılıq və kino, kino əsərinin yaradılması prosesində təsviri sənət, onun vasitə və imkanları diqqətə çəkilir; 2-ci hissəsində kino sənətində rəssam işinin məzmunu, mahiyyəti və estetik xüsusiyyəti, Azərbaycan kino rəssamlığının təşəkkülü və inkişaf mərhələləri haqqında danışılır.
Qeyd edək ki, kitabın redaktoru – Əməkdar incəsənət xadimi Rafiq Quliyev, rəyçilər – Xalq artisti Həmidə Ömərova, sənətşünaslıq üzrə fəlsəfə doktorları – Vidadi Qafarov, Fəridə Quliyeva, naşir Elnarə Abbasova, texniki redaktor Asim Səfərov, dizayner İradə Əhmədova, operator Röya Nəsirovadır.




