Kim deyir ki, ilham pəriləri asanlıqla gəlir?

Mütləq hər bir oxucu hansısa bir kitabı mütaliə edərkən ona dərindən təsir edən bir fikrin, təsvirin, heyrətə gətirən bir hadisənin yazıçının ağlına necə gəldiyi, onun hansı şərtlər altında yazdığı ilə maraqlanmışdır. Belə ki, hər bir yazıçının yazma tərzi, yaradıcılıqla məşğul olduğu mühit, onlara ilham verən mənbələr özünəməxsusdur. Əsərləri ilə milyonlarla insanın qəlbində taxt quran dünyaşöhrətli yazıçıların bu gün ədəbiyyat dünyasına adlarının qızıl hərflərlə yazılmasında müəyyən rolu olan qəribə ilham qaynaqları ilə tanış olaq.

Fransız yazıçı Viktor Hüqo özünü yazmağa məcbur etmək üçün qəribə bir metod tapmışdı. O, masa arxasına keçərkən əynindəki hər şeyi çıxarıb lüt-üryan yazma prosesinə başlayardı. Hətta katibindən paltarlarını gizlətməyi də xahiş edirdi. Bu üsulla işinin üstündən durub harasa getmək ehtimalını sıfıra endirir, fikrini cəmləyə bilib yaradıcılıqla məşğul olurdu.

 

Detektiv romanlar şahzadəsi Agata Kristi yaradıcılıqla vanna otağında məşğul olurdu. Əlində alma, vannada uzandığı zaman ilham gəldiyini etiraf edən yazıçı, suyun sakitləşdirici təsiri ilə yeni kitabı üçün asanlıqla fərqli bir cinayət hadisəsi uydurmağı bacarırdı. “Cinayət işini suda olarkən açmaq daha rahatdır” deyən Aqata bir çox əsərini bu üsulla oxucusuna təqdim etmişdir.  Sevilən yazıçı, həmçinin disqrafiya adlanan, yazmaqda çətinlik törədən öyrənmə qüsuru olduğu üçün əsərlərini diqtə edərək yazdırırdı.

Çarlz Dikkens yuxuda belə beynini işlətmək, ilham almaq üçün bir yol tapmışdı. Maqnit sahələrinin insan sağlamlığına və yaradıcılığına təsir etdiyinə inanan yazıçı, həmişə üzü şimala tərəf yatırdı! Yanında daim kompas gəzdirən Dikkens, getdiyi yerlərdə belə yataq otağını düzəldib başını şimala çevirib yatardı. Belə yatmağın ona zehin aydınlığı gətirdiyini etiraf edirdi. Yaradıcılıqla məşğul olarkən mütləq mavi kağız və həmin tonda olan qələmdən istifadə edirdi.

 

Dan Braun ilhamı başıaşağı qarşılayan yazıçıdır. Yaradıcılıq maneələrini aşmaq məqsədilə məşq üçün olan çərçivələrdən sallanaraq düşünən yazıçı, bu maraqlı üsulla xeyli uğura imza atmışdır. Digər bir qəribə xüsusiyyəti, stolunun üstündə qum saatı saxlamasıdır. Hər bir saatdan bir yazdıqlarını bir kənara qoyub idman hərəkətləri edir.

 

Məşhur ingilis şairi və dramaturqu Tomas Eliotun qeyri-adi xüsusiyyəti onun yaradıcılıqla məşğul olarkən üzünü yaşıl rəngə boyayıb yazmağa başlamasıdır.

 

 

 

Virciniya Vulf özünü rəssam olan bacısına oxşadaraq əsərlərini molbertdə, bənövşəyi rəngli mürəkkəblə ayaq üstə yazırdı. Yazı işini bitirdikdən sonra isə bərkdən oxuyaraq düzəlişlər aparırdı.

 

Fransız yazıçı Onore de Balzak qəhvə aludəçisi idi. O, yaradıcılıqla məşğul olarkən həddindən artıq qəhvə içirdi. Gündə 50 stəkana qədər qəhvə içən Balzak, qəhvə hazırlamağa vaxt ya da ətrafda onu hazırladacaq adam tapmayanda qəhvə dənələrini çeynəyirdi. Masa arxasına keçərkən qəhvənin yanında mütləq bir şam yandırar, başına yun şal sarıyıb, ayaqlarını suya qoyaraq yazı yazardı. Ən maraqlısı isə qabaqcadan özü üçün nə qədər söz yazacağını müəyyən edər və bu rəqəmə çatmadan yerindən qalxmazdı.

 

Fərqli mövzularda yazan Aleksandr Düma yazdıqlarını qruplaşdırmaq üçün rəngli kağızlardan istifadə edirdi. Ədəbi əsər yaradarkən mavi, ədəbiyyatdan kənar mövzularda çəhrayı, şeir yazanda isə sarı rəngli kağızlarda yazmağa üstünlük verirdi.

 

Alman filosofu və yazıçısı Fridrix fon Şiller yaradıcılıq prosesində qoxulara böyük əhəmiyyət verirdi. Xüsusilə çürük alma qoxusuna! Şillerin yazı masasında həmişə çürük alma olurdu. Bu qoxunun onun üçün ilham qaynağı olduğunu, zehnini açdığını etiraf edirdi. Ən qəribəsi isə budur ki, o, almadan ilham almayanda hamam otağında vannada uzanaraq ilham pərilərini gözləyirmiş.

 

Müasir Yapon ədəbiyyatının ən mühüm simalarından biri olan Haruki Murakami yazı prosesində ciddi nizam-intizamlı bir iş rejiminə malikdir. Hər səhər tezdən oyanır, dörd saat yaradıcılıqla məşğul olur, sonra isə qaçmağa və meditasiyaya başlayır. Murakaminin fikrincə, yazı bir növ fiziki dözüm tələb edir və buna görə də o, ağlını, eləcə də bədənini daim formada saxlamalıdır.

 

Ceyms Coys uşaqlıqdan gözündəki zəiflikdən əziyyət çəkdiyi üçün yazılarını çarpayısına uzanıb mavi rəngli karandaşla kartona yazırdı. Mavi karandaşla yazmağı onu nə yazdığını aydın görməyə imkan yaradırdı. Həmçinin, yazı işi ilə məşğul olarkən əynində mütləq ağ köynək olmalı idi. Beləliklə, köynəkdən əks olunan işıq xüsusilə qaranlıqda görməyi asanlaşdırırdı. Görmə problemləri getdikcə artan yazıçı əsərlərini yazmaq üçün belə bir üsul tapmışdı.

 

Con Steynbek öz qaralamalarını karandaşla yazmağı çox sevirdi. O, həmişə stolunun üstündə çox sayda əla yonulmuş karandaş saxlayırdı. Karandaşların markası da onun üçün əhəmiyyət daşıyırdı.

 

 

Qorxulu romanları ilə məşhurluq qazanan amerikalı yazıçı Stiven Kingin yaradıcılıqla məşğul olarkən uğursuzluq rəmzi hesab etdiyi 13 rəqəmi ilə qarşılaşdığı zaman narahat olur və ona uğur gətirən rəqəmə qədər yazmağa davam edir.

 

 

Amerikalı yazıçı Truman Kapote yazılarını çarpayısında yanına mütləq isti və ya soyuq içki qoyaraq yazırdı.

 

 

 

Dedektiv romanlar müəllifi Edqar Uolles yazı yazmazdan əvvəl işçi kombinezonu geyinərdi. Daha çox gecə yazmağa üstünlük verən yazar yaradıcılıqla məşğul olarkən şüşə pəncərələrlə əhatə olunmuş otağında əyləşər, çoxlu şirin çay içərdi. Diktofondan istifadə etdiyi üçün dəqiqədə 60 söz yaza bilməsi ilə də məşhurdur.

 

 

Tarixi roman janrının banisi sayılan Valter Skott hər səhər tezdən oyanıb, yeməkdən əvvəl yazmağa başlayıb. Hətta ən məşhur romanı  “Ayvənhəu”nu yazmağa səhər çağı başlayıb və fasilə vermədən bir nəfəsə bitirmişdir.

 

 

Amerikalı şair və pedaqoq Henri Lonqfello yazı işi ilə heç vaxt bağlı məkanlarda məşğul olmurdu. Əsərlərini hər zaman təbiət qoynunda tək qalaraq yazmışdır.

 

 

İngilis teatrının ikinci ən məşhur dramaturqu Corc Bernard Şou evindən kənarda kottec tikdirmişdi, əsərlərini evində deyil, bu tikilidə yazırdı. Əvvəlcə stenoqrafiya ilə yazan müəllif, sonradan yazı makinasında yazmağa başlamışdır. Ancaq yazı makinasının lentlərinin solğunlaşmasını sevmədiyi üçün tez-tez makinanı ya dəyişdirməli, ya da təmir etdirməli olmuşdur.