Daha.az dos. Rafiz Manafovun “Karl Popper Aklı” əsəri haqqında dr. Rəşad İlyasovun fikirlərini təqdim edir.
Türkiyə Cümhuriyyəti Muş Alparslan Universiteti fəlsəfə müəllimi dosent Rafiz Manafovun “Karl Popper Aklı” adlı əsəri XX əsrin (1902-1994) dahi filosofu, “Ser” ləqəbli Karl Raymond Popperin çoxşaxəli fəlsəfi düşüncələrini tədqiq edən ciddi elmi əsərdir.
Müəllif ilkin olaraq Popperin intellektual həyatını, onun uşaqlıq, tələbəlik, müəllimlik dövrlərini, o cümlədən, dövrünün dəyərli düşüncə adamlarından olan Karl Buhler, Kurt Godel, Alfred Tarski, Filip Frank, Şrodinger və nəhayət Albert Eynşteynlə olan elmi diskusiyalarından bəhs edir. Məhz bu dövrdə o, 1934-cü ildə daha sonralar onu elm fəlsəfəsi sahəsində məşhur edəcək “Elmi Araşdırmaların Məntiqi”(The Logic of Scientific Discovery) kitabını yazamasına səbəb olur.
Rafiz Manafov əsərdə çox dəqiq şəkildə müəyyən edir ki, Popperin fəlsəfi düşüncələri elm, siyasət və metafizika kimi nəhəng sahələri əhatə edir. Bu mənada, Popperə görə, elmi və fəlsəfi zehniyyətlə bağlı olaraq təşəbbüslər, digər insanları anlamağı, dialoq qurmağı, onlar tərəfindən tənqid olunmağı, dolayısyla onları da ağıl sahibi varlıqlar olaraq qəbul edib bərabər davranmağı ehtiva edir.
Elmi fəaliyyət din, irq, dil və cinsiyyət ayrımı etmədən funksional və kreativ düşüncənin ən mükəmməl sahəsidir. Bu kontekstdə A. Çexovun məşhur sözünü xatırlamaq yerinə düşər: Milli vurma cədvəli olmaz.
Məhz Popper elmi-fəlsəfi fəaliyyəti ən sonda əxlaqi prinsiplərə istinad edir; elm nəzəri və praktik uğurları, aclıq, səfalət, xəstəliklərə qalib gəlməklə yanaşı əsasında bərabərlik, açıq cəmiyyət, insanpərvərlik ideyası üçün etik məzmun və mahiyyət daşıyır və daşımalıdır.
Müəllif ağıla “iman” və ağıla “üsyan” məfhumları ilə Popperin idrak nəzəriyyəsini izah edir. Bu mənada fəlsəfi ənənə olaraq rasionallıqla emprisizmin qarşı-qarşıya olduğunu vurğulayır. Ancaq ona görə, sırf əqli proses ziddiyyəti yox, eyni zamanda təcrübəni, müşahidəni və yanılmanı da ehtiva edir. Popperə görə, kainat təbiəti etibarı ilə rasional mahiyyətdə deyil. Məhz elmin də vəzifəsi onu rasionallaşdırmaqdır. Bu baxımdan,” tənqidi rasionalizm onun əsas fəlsəfi açar terminidir” deyə bilərik.
Ağlın ictimai məzmunu ilə bağlı Popper Hegelə qarşı çıxır. Çünki Hegel ağlımızın işləyişinin cəmiyyətə bağlı olduğunu, hər şeyin kollektiv mahiyyət daşıdığını iddia edərək fərdi düşüncəni görməzdən gəlir. Halbuki Popper ağlın ictimai mahiyyət daşıdığını deyərkən buradakı konkret fərdlərin rasional funksionallığını, fərdlərarası münasibətlərdən yaranan rasionallığı nəzərdə tutur. Bu anlayış etik əsaslandırma ilə ağlın da elm kimi qarşılıqlı tənqidlər sayəsində inkişaf etdiyini, başqalarının düşüncələri sayəsində həqiqqətə yaxın analayışlara çata biləcəyimizi vurğulayır.
Məhz tənqidi azadlıq təcrübəni də əhatə edərək rasional biliyin əsasını təşkil edir. Popper bu kontekstdə Sokratın rasionallığını qəbul edərək insanın öz əqli hüdüdlarının fərqində olmasını, səhv edəbilməyi və əldə edəcəyi biliklərin eyni zamanda başqalarından da asılı oluğunu qeyd edir. Bu tərz biliyin avtoritar olması başqalarının bu prosesdə vacibliyini iddia edən etik tendensiyadır.
Bu mənada Popper Platona qarşı çıxaraq maksimum həqiqqətə çatmaq üçün təcrübənin köməyi olmadan yalnız əql vasitəsilə ona çatmağın qeyri-mümkünlüyünü qeyd edir. Onun rasionallıq anlayışı tənqidi rasionalizm (critical rationalism) adlanır. Tənqidi rasionalizm ümumi olaraq biliyin heç bir zaman dəqiq olmayacağı, hər zaman yeni etirazlara, tənqidlərə açıq olmasının vacibliyini vurğulayır. Popper ilk növbədə düşüncə və davranışlarımıza istiqamət verən anlayışların tənqid süzgəcindən keçməsini qeyd edir. Popper bu cümlələr ilə fəlsəfəsini belə açıqlayır: mən xəta edə bilərəm, sən haqlı ola bilərsən və ortaq təşəbbüs nəticəsində, bəlkə, həqiqətə biraz yaxınlaşa bilərik.
Belə bir düşüncə hərkəsin səhv edə biləcəyi, səhvini ya özü, ya da başqalarının tənqidi vasitəsilə tapa biləcəyi fikri ilə yaxından əlaqəlidir.
Popper siyasi düşüncə olaraq başqlarını xoşbəxt etməyə təşəbbüs etmənin ən təhlükəli situasiyalara gətirib çıxara biləcəyini söyləyir. Belə ki, Popper bu görüşün şiddət tərəfdarlarının ən güclü bəhanəsi olduğunu iddia edir. Popper bu anlayışın etik mahiyyətini də təhlil edərək belə deyir: başqalarına kömək etmək kimi bir öhdəliyimiz var, fəqət onları xoşbəxt etmək kimi bir vəzifəmiz yoxdur.
Müəllif kitabda haqlı olaraq qeyd edir ki, Popperin əsas fəsəfi sistemi iki sütuna istinad edir: birincisi, içində yaşadığımız dünya (kosmologie), ikincisi isə ona aid biliyə malik olub-olmadığımız, dolayısı ilə özümüzü və biliyimizi anlama problemi. Popperin ən çox tənqid etdiyi filosoflardan biri Platondur. Ümumi olaraq, o, Platonçu fəlsəfəni, dəyişməyi xor gördüyü, azad düşüncədən qorxduğu və irqçi xüsusiyyətləri səbəbilə ciddi tənqid edir.
Kitabın bilgi ilə bağlı bölmələrində müəllif qeyd edir ki, Popperə görə, elm rasional tənqid ilə işləyər və elmin itici gücü tənqiddir. Bu kontekstdə o, deduksiyanın tənqidinə yer verərək kainatın sonsuz olması ilə bağlı intəhasız müşahidələr apara bilməyəcəyimizi bizə göstərdiyi üçün nəyin doğru olduğunu deyil, nəyin səhv olduğunu diqqətə alaraq işə başlamalıyıq. Bu mənada indiyə qədər müşahidə edilən qu quşlarının ağ olması bütün “qu quşları ağdır” nəzəriyyəsinin empirik əsaslandırmasını mümkün etsə də, məntiqi geçərliliyi üçün yetərli deyil. İki qara qu quşunun mövcudluğu, bu nəzəriyyəni yalnışlayaraq alt-üst edəcəkdir. Popperə görə, elm, fərziyyələri(hipotezləri) təsdiqləyən müsbət nümunələri üst-üstə yığma işi deyil. Əksinə elm, fərziyyələri(hipotezləri) çürüdən, yalnışlayan dəlillərin ardınca gedilməsini şərt qoşar. Yalnışlama prinsipinə görə, bir nəzəriyyə, ilkin mərhələdə iddia olaraq təqdim edilir, bu nəzəriyyədən çıxarılan nəticələr təcrübə ilə test edilir. Əgər müşahidələr nəzəriyyənin öngördüyü nəticələrlə uyuşmaz isə, nəticələr çürüdülüb yeni təxminlərə yol açılır.
Müəllifə görə, Popper siyasətdə olduğu kimi elmdə də qeyri-müəyyənlik tərəfdarıdır. Qeyri-müəyyənlik bir tərəfdən siyasi azadlığı müdafiə etməsi və Marksizmi tənqid etməsinin səbəbini təşkil edirsə, digər tərəfdən onu ehtimal təmayüllü nəzəriyyəyə aparıb çıxarmışdır. Nəzəriyyə bizə ağır basan ehtimalların adi təsadüflərdən daha çox mühüm olduğunu və hər ehtimalın daxilində müxtəlif səviyyələrdə təmayül və yönəlişlərin mövcudluğunu göstərir.
Popperə görə, Nyuton nəzəriyyəsinin hansı problemləri həll etmə təşəbbüsünü ortaya qoymadan, onun nəzəriyyəsinin rasional müzakirə obyekti olaraq tədqiq edə bilmərik. Onun nəzəriyyəsinin Qaliley və Keplerdən miras qalan problemləri çözmə təşəbbüsü olmasını nəzərə almasaq, onun metafizik bir nəzəriyyə olduğunu qəbul etmiş oluruq. Popper üçün hər bir rasional nəzəriyyə istər fəlsəfi olsun, istər elmi müəyyən problemləri həll etməyi hədəflədiyi ölçüdə rasionaldır.
Müəllif Popperin nəzərində biliyin təxminlərlə məhdudlaşdığını və bu mənada qeyri-müəyyən olduğunu vurğulayır. Çünki Popperin də çox önəm verdiyi və qəbul etdiyi Eynşteyn də öz nəzəriyyəsinin digər nəzəriyyələr kimi nisbi bilik olduğunu qeyd edir. Bütün nəzəriyyələr həqiqətə yaxınlaşmağın fövqünə çıxa bilməmişdir.
Kitabda K. Popperin fəlsəfə, siyasət və elm sahəsindəki rasional tənqidi görüşləri təsvir və təhlil olunur. Popperə görə, fəlsəfə həqiqətlər deyil, ehtimallara dayanan qənaətlər sahəsidir. Bu mənada insan həm özünün, həm də qarşı tərəfin daima xəta edəbiləcəyinin şüurunda olmalıdır. Tənqidi rasionalizm ağla həddindən artıq etimad edildiyinin xətalı olacağına, insanın öz sərhədlərinin fərqində olması və səhvlər edəbiləcəyini bilməsi gərəkdiyini vurğulayır. Bu mənada filosofun tək silahı tənqidi təfəkkür olmalıdır.
Dos. Rafiz Manafovun “Karl Popper Aklı” əsəri ciddi mənada filosofun görüşlərini, fikirlərini elmi şəkildə əhatə edərək təqdim edir. Məhz əsər eyni zamanda Popperin tənqidi rasional metoduna müvafiq qələmə alınmışdır, deyə bilərik.