İtaliyanın Venesiya şəhərinin simvollarından biri olan məşhur “Venesiya şiri” heykəlinin, əslində, Avropada deyil, Çində hazırlandığı məlum olub. Yeni tədqiqatlar 3 tonluq bürünc heykəlin Çinin Aşağı Yantszı çayı hövzəsindən çıxarılan mislə töküldüyünü və təxminən, 700 il əvvəl İpək Yolu vasitəsilə Venesiyaya gətirildiyini müəyyən edib.
Daha.az xəbər verir ki, heykəl Mesopotamiya və ya Fars mifologiyası deyil, Tan sülaləsinə aid qəbir qoruyucu fiqurlardan ilham alınaraq hazırlanıb. Heykəlin əvvəlki formasında buynuzlara sahib olduğu, Avropaya gətirildikdən sonra isə qanadlı şir formasına salındığı müəyyən edilib.
Mütəxəssislər qurğuşun izotop analizləri apararaq heykəldə istifadə olunan materialların Çinə məxsus olduğunu elmi şəkildə sübut ediblər.
Qeyd edək ki, Heykəlin Venesiyaya necə gətirildiyinə dair rəsmi sənəd olmasa da, tədqiqatçılar onun məşhur səyyah Marko Polonun atası Nikolo Polo tərəfindən 13-cü əsrdə Pekindəki Monqol sarayından gətirilmiş ola biləcəyini düşünürlər.
Maraqlıdır ki, 1293-cü ilə aid sənədlərdə belə bir heykəlin zədələndiyi və bərpaya ehtiyacı olduğu qeyd olunur.