16-cı Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı başlayır.
Daha.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Şeir Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək festival sentyabrın 28-də start götürəcək.
Festivalın builki əsas mövzusu “Niyə hələ də şeir?”dir. Proqrama Rumıniya, Livan, Şimali Makedoniya, İtaliya, Azərbaycan, İspaniya və Türkiyədən ümumilikdə 11 şair qatılacaq.
Azərbaycanı festivalda tanınmış şairlər Səlim Babullaoğlu və Aqşin Yenisey təmsil edəcəklər. Digər iştirakçılar arasında Livandan Abbas Beydun, İtaliyadan Paolo Aqrati, Şimali Makedoniyadan Venko Andonovski və Rumıniyadan Avropada bir sıra mükafatlara layiq görülmüş şair Ana Blandiana yer alır.
Festival çərçivəsində Turan Koç və Ana Blandianaya Şərəf Mükafatı təqdim olunacaq.
Festival rəhbəri şair Adnan Özər çıxışında bildirib ki, bu gün dünyada zorakılığın, rəqəmsal təzyiqlərin artdığı bir dövrdə şeir dilinə daha çox ehtiyac var.
Qeyd edək ki, festival oktyabrın 5-dək davam edəcək.




