Avropa Yayım İttifaqı İsrailin 2026 Avroviziya Mahnı Müsabiqəsinə qatılıb-qatılmaması ilə bağlı üzv ölkələri səsverməyə çağırıb. Qərarın sadə çoxluqla qəbul ediləcəyi açıqlanıb. Əgər üzvlərin yarıdan çoxu İsrailin əleyhinə səs versə, ölkə yarışdan kənarlaşdırılacaq.
Daha.az xəbər verir ki, səsvermədə yalnız müsabiqədə iştirak ölkələr deyil, bütün AYİ üzvləri iştirak edəcək. Bu isə uzun illərdir yarışmaya qatılmayan Türkiyə, Tunis, Misir, Cəzayir, İordaniya və Livan kimi ölkələrin də prosesə təsir göstərə biləcəyi deməkdir.
Xatırladaq ki, İsrailin Qəzzadakı hərbi əməliyyatlarına görə Avropada bir çox sənətçi və təşkilat ölkənin Avroviziyadan çıxarılmasını tələb edib. İrlandiya, İslandiya, İspaniya, Norveç və İsveçrə kimi ölkələrdən də boykot çağırışlarına dəstək gəlib.
Avropa Yayım İttifaqı hələ səsvermənin dəqiq tarixini açıqlamayıb. Qurum yarışmanın siyasi yox, mədəni müstəvidə davam etdirilməli olduğunu vurğulasa da, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın yarışmadan uzaqlaşdırılması, İsrail üçün də oxşar qərarın verilə biləcəyi ehtimalını artırır.




