İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.
Daha.az xəbər verir ki, tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.




