“İRS-Miras” jurnalının növbəti nömrəsi

Moskvada nəşr olunan “İRS-Miras” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Daha.az xəbər verir ki, buraxılışa Azərbaycanın orta əsrlər silahçılıq sənətinin tarixini müxtəlif aspektlərdən araşdıran elmi-kütləvi məqalələr daxildir. Bununla yanaşı, silah yalnız döyüş və ya ov vasitəsi kimi deyil, həm də maddi-mədəni irsin mühüm tərkib hissəsi kimi təqdim olunur.

Xüsusi maraq doğuran materiallardan biri Nizami Gəncəvinin yaradıcılığına həsr olunub. Məqalədə dahi şair hərb işi haqqında məlumat mənbəyi kimi nəzərdən keçirilir. Müəllif göstərir ki, Nizaminin poemalarındakı döyüş səhnələrinin təsvirləri XI–XIII əsrlərdə Şərqdə silah kompleksini və hərb taktikasını bərpa etməyə imkan verir.

Nömrədəki digər material orta əsr Azərbaycan silahları üzərindəki epiqrafik yazılara həsr olunub. Burada ornamentlər, təsvirlər və dini məzmunlu yazılar təsvir edilir, onların keçmişdə ictimai münasibətlərin və incəsənətin öyrənilməsində rolu vurğulanır.

Həmçinin İsmayıllı rayonunun qədim sənət mərkəzlərindən biri olan Lahıc qəsəbəsində ənənəvi silahçılıq sənətinin tarixinə və müasir vəziyyətinə dair məqalə də diqqət çəkir.

Qeyd edək ki, nömrənin ayrıca bölməsi İrəvan şəhərinin tarixi tədqiqatlarına həsr olunub. Nəşr bölgənin tarixinin mühüm səhifələrinə aid məqalələr silsiləsinin davamıdır.

OXŞAR XƏBƏRLƏR