İntellektual atomu parçalayan yazıçı – Teodor Adorno

 Daha.az Teodor Adornonun “Prust haqqında” yazısını təqdim edir.

Artıq otuz ildir ki, Prust daxili dünyamın ayrılmaz bir parçasıdır; mənə elə gəlir ki, yaradıcılığının bütün məziyyəti onun lovğalıqla həmsərhəd olan tənqidi baxışının ucalığından irəli gəlir.

Otuz il əvvəl Prust haqqında ilk dəfə bir məqalə oxuyanda – hansı ki, heç də yaxşı məqalə deyildi – insanın heç görmədiyi bir qadının adına aşiq olması məni valeh etmişdi.

Bir zamanlar Valter Benyamin mənə söyləmişdi ki, Prustu tərcümə etməsi istisna olmaqla, ondan əlavə bircə sətir də oxumaq fikrində deyil; yoxsa özünün kifayət qədər orijinal yaradıcılığını kölgədə qoyacaq xəstəhal bir bağlılığa qapılar. Bu, çox aydındır ki, Prustun cazibə qüvvəsi təkcə bu usta yazıçını deyil, romanın intensivliyini və dinamikasını qavraya biləcək qədər diqqətli olan hər bir oxucunu öz təsiri altına sala bilər. Bir tərəfdən öz həyatını bir maska kimi istifadə edərək, sanki, hamının gizlinlərini faş edir, o biri tərəfdən isə heç nə ilə müqayisə edilməyəcək qədər zərif və şəxsi təcrübələrdən, yəni tamamilə özünəməxsus bir aləmdən söz açır.

Orada hər bir cümlə yazıçının sarsılmaz iradəsinin və onun təklənmişliyinin bir hökmüdür; mətnə isə sadəcə, normadan kənara çıxan, qanunauyğunluğu pozan elementlər daxil edilir.  Amma yenə də onun bütün yaradıcılığını səciyyələndirən bir bütövləşdirmə, bir model yaratma cəhəti var.

Dəqiq elmlərdən bir bənzətmə gətirmək lazım gəlsəydi, Prustun sanki intellektual atomu parçaladığını, reallığın ən xırda zərrəciklərini həyat enerjisinin bütünlüklə toplandığı bir güc məkanına döndərməyə çalışdığını söyləyə bilərdik.

Heç də əbəs yerə deyil ki, ən dərin sezgilərdən bəziləri, məhz keçmiş məşuqə Odettin geyimi kimi ötəri bir detalın təsvirinə bağlanıb; hansı ki, o Odett, milyonçu Svannla evlənmiş və axırda qalib gələrək aristokrat çevrələrə yol tapmışdı. Sizdə birbaşa təəssürat yaratmaq üçün kitabdan oxuyuram. Madam Svannın geyiminin mövsümə və hətta günün saatına tam bir zərurətlə bağlı olduğuna əmin idim.

Məhz buna görə də onun yumşaq həsir şlyapasının gülləri və donunun lentləri mənə bağ-bağatdakı çiçəklərdən daha təbii, sanki, may ayının özündən yaranmış kimi görünürdü. Mövsümün o təzəcə cücərən həyəcanını anlamaq üçün isə gözlərimi onun çətirindən yuxarıya zilləməzdim; o çətir ki, daha yaxın, dairəvi, yumşaq, titrək idi və mavi bir səmanı andırırdı. Bu sarsılmaz qaydalar və onların təcəssümü olan Madam Svann, bütün cah-cəlallarını səhərin, baharın və günəşin qarşısında təvazökarlıqla baş əyərək sərgiləyərdilər. Və mənim gözümdə səhər, bahar və günəş ona görə bu qədər uca idi ki, Madam Svann kimi bir zövq ilahəsi onlara hörmətsizlik etməmişdi; onların varlığını hiss etdirmək üçün daha yüngül, daha açıq rəngli bir libas seçmiş, boynunda və biləklərindəki nəmliyi eyham vuran dekoltesi ilə onlara öz ehtiramını bildirmişdi. Bu, sanki hamının tanıdığı o nəcib xanımın tənəzzül edib kəndliləri görməyə gələndə, onlara hörmət əlaməti olaraq xüsusi bir kənd paltarı geyinməsi kimi nəcib bir jest idi.

Madam Svann görünən kimi mən onu salamlayardım; o isə ayaq saxlayıb gülümsəyər və “Good morning” söyləyərdi. Onun, geyimlərini idarə edən o müqəddəs qanunlara hansısa baş kahinənin ali bir biliyə təslim olması kimi təzim etdiyini dərk edərdim. Bu sirr mənə o zaman açılardı ki, o, bəzən pencəyini açar və ya çıxarıb mənə verərdi və mən onun altındakı bluzda xəzinə kimi gizli qalmış saysız-hesabsız incəliyi görərdim. Bu incəliklər, dahi bir bəstəkarın heç kimin eşitməyəcəyini bilə-bilə yazdığı o gizli musiqi partiyaları kimi idi. Və ya qolunda tutduğum pencəyin qolundakı astara baxar, orada xarici görünüş qədər məharətlə işlənmiş, gözlərdən uzaq bir bənövşəyi lentin varlığını kəşf edərdim. Bu, sanki bir kilsənin uca qüllələrində gizlənmiş, yalnız səyyah bir rəssamın təsadüfən kəşf edəcəyi o unudulmuş, lakin şah əsəri olan heykəllərin taleyinə bənzəyirdi.

Bu hissəni fövqəladə edən təkcə təsəvvür gücünün heyrətamiz dərinliyi deyil. Oxucu özünü, sanki, ata-baba yadigarı olan hekayətlərə qulaq asan, yad bir şəhərdə gözlənilmədən qarşısına çıxan və hələ doğulmamışdan çox əvvəl ruhən duyduğu bir tabloya baxan biri kimi hiss edir. Prust böyüklərin həyatını elə heyrət dolu və yad baxışlarla izləyir ki, onun dalğın nəzərləri altında indiki zaman sanki keçmişə, uşaqlığa çevrilir. Və bu hal qətiyyən qapalı deyil, tam əksinə, hər kəsə açıq, demokratik bir cəhətdir. Çünki bir qədər qayğı görüb qorunmuş və hələ ilk illərindəcə cavab vermə bacarığı sarsıdılmamış hər uşağın təcrübə üfüqləri sonsuzdur. Praktik həyat baxımından uğursuz sayılan bir sinif yoldaşım gəlir ağlıma.

Molyerin “Xəsis”ini fransız dili dərsində müzakirə edəndə təxminən on iki yaşındaydıq. Bir sinif yoldaşım, müəllimin “l’avare” (xəsis) kəlməsini necə söylədiyinə işarə etdi: tələffüzündə bir əyalət şivəsi hiss olunurdu və bu, onun yetərsiz təhsilindən, aşağı səviyyəsindən xəbər verirdi.  Bu sərt “r” tələffüzünü eşidəndən sonra, başqa hər cəhətdən mükəmməl olan o müəllimin həqiqətən də fransız dilini bildiyinə inanmaq çətin idi. Uyğunlaşma məcburiyyəti, gerçəkliyi bütünlüklə sınaqdan keçirməyi qadağan edir. Lazım olan tək şey, diskurs zamanı mövzulara birbaşa yanaşmaq və ya praqmatik məqsədlər izləmək yerinə, bircə anlığa dayanıb aralıq çalarları sezmək üçün səy göstərməkdir.

Bu elə çalarlardır ki, insanın öz səsinə də, qarşısındakının səsinə də sızır: gah yalan, gah saxtakarlıq, gah hökmranlıq, gah da yaltaqlıq və daha nələr, nələr. Bu tonların həqiqi mahiyyətini hər an dərk etmək şüurunda olsaydıq, dünyadan və onun içində sürükləndiyimiz haldan elə bir ümidsizliyə qapılardıq ki, bu tamaşanı davam etdirməyə nə istək, nə də bəlkə cəsarət tapardıq. Lakin Prust özünün cavab vermə bacarığını qoruyub saxlamış, reallıqla barışmaqdan doğan o aldadıcı müdrikliyə boyun əyməmişdir.

O, uşaqlığın bütöv təəssüratlarının açdığı imkanlara sadiq qalaraq, dünyanı bir böyüyün zəkası və şüuru ilə, lakin onun ilkin saflığı ilə dərk etmişdir; üstəlik, öz təfəkkürünün adiləşməsinə və sxematikləşməsinə qarşı çıxmaq üçün özünəməxsus bir metod belə yaratmışdır. O, birbaşa təmasa, yəni “ikinci məsumiyyətə” qovuşmaq üçün usanmadan mübarizə aparır və onun bir yazıçı kimi missiyasını müəyyən edən o “ərköyün dilettant” mövqeyi də bu mübarizədə ona yardımçı olur. Prust ən ağlasığmaz hadisələrin içindən bizə doğma gələn bir duyğu çıxarır. Bu, onun bənzərsiz bir ustalıqla hər kəsin uşaqkən bilib unutduğu, sonra isə tanışlığın gücü ilə geri qayıdan o anları təsvir etməsinin nəticəsidir.

Əgər Prust bizə hədsiz dərəcədə individualist təsiri bağışlayırsa, bu, onun özünəxas bir xüsusiyyət deyil, bizim belə reaksiya vermək cəsarətini və ya qüdrətini itirməyimizin bir nəticəsidir. Əslində, Prust bizə məhrum qaldığımız hər şeyi vəd edir. Onun mətnləri, diqqətlə gizli saxlanılan bir adın çəkilməsi kimi üzümüzü qızardır.
“İtirilmiş zamanın axtarışında” romanı heç bir zirehi olmayan bir insanın mövcudluğu üzərindən daxili və xarici aləmin həqiqətini araşdırır.

Bunun bir bədəli var. Məlumdur ki, Prust, xüsusilə son illərində, bir yay axşamında belə otaq temperaturu ilə çölün sərinliyi arasındakı kəskin fərqi azaltmaq üçün ziyafətlərdə də kürk paltosunu əynindən soyunmaz, yalnız vidalaşarkən bir anlığa çıxarardı. Onun utopiyasını yaradan məhz o sonsuz iztirab çəkmək istedadı idi; və o, məhz bu istedadı qorumaq xatirinə, ağrını ən məharətli üsullarla özündən kənar tutmağa səy göstərirdi. Onun nağıl qəhrəmanı, noxud dənəsi üzərindəki şahzadə qızdır. Onun tanınmış həkim və səhiyyə naziri işləmiş atası beynəlxalq leksikona daxil olan bir terminin müəllifidir: “cordon sanitaire” (sanitar mühafizə xətti). Prust bu ideyanı özünə hopdurmuşdu; o, bir uşağın cavab vermə bacarığını yox edə biləcək sərt zərbələrdən özünü sığortalamaq üçün bütün ömrünü bu “sanitar kordon” prinsipinə həsr etmişdir.

Bütün bu ehtiyat tədbirlərini qorxaqlıq və ya iradəsizlik kimi yozmaq əsla doğru olmazdı. O, anasına bağlılığından irəli gələn o təməl xarakterli utancaqlığı bir güc mənbəyinə döndərmişdir. Onun ifrat həssaslığı və detallara olan sadiqliyi isə qəhrəmancasına bir iradənin məhsuludur. Onun üçün heç nə əbəs yerə olmamalıdır.

Prust üçün uşaqlığa sədaqət, xoşbəxtlik anlayışına sədaqətlə eyni mənanı daşıyırdı və o, bu prinsipdən heç nəyin bahasına vaz keçməzdi. “Noblesse oblige” (Zadəganlıq öhdəlik yaradır): Multimilyonerə sonsuz bir zəriflik bəxş edən imtiyaz, ona həm də bir gün hər kəsin olmalı olduğu kimi olmaq vəzifəsini yükləyir. Xoşbəxtlik öz təbiəti etibarilə hissə-hissə mövcud ola bilmədiyi üçün, xoşbəxtliyə olan ehtiyac qaçılmaz olaraq heç bir ənənənin məhdudlaşdırmadığı bütöv bir reallığa olan ehtiyaca transformasiya edir.

Həqiqətə gəldikdə isə, o, iztirabdır, xəyal qırıqlığıdır və saxta bir həyat yaşadığını anlamaqdır. Prustun bəhs etdiyi, əlçatmaz və ya təhlükə altında olan xoşbəxtliyin hekayəsidir. Onun psixoloji motivləri arasında mərkəzi yeri, gərginliyi bir an belə azalmayan və bir çox fərqli ünsürü bir-birinə bağlayan qısqanclıq hissi tutur. “Xoşbəxt olmaq mümkündürmü?” sualına, o, sevginin qeyri-mümkünlüyünü göstərməklə cavab verir.

Tamamilə özün olmaq, digərlərindən kəskin bir xətlə ayrılmaq, eyni zamanda təcrid olunma və dərin bir özgələşmə deməkdir. Cilovlanmamış səadət ehtimalı və ona doğru yönələn hər cür cəhd, elə səadətin özünü gerçəkləşməmiş bir arzuya çevirir.

Yekun olaraq demək olar ki, fransızların, bir növ, alman təfəkkürünə aid etdikləri Prustda, Hegeldəki kimi təcrid olunmuş fərdi və ötəri olan hər nə varsa, nəticədə ləğv edilir. Xoşbəxtlik və fanilik qütbləri onu xatirələrə doğru istiqamətləndirir. Çünki yalnız xatirələrin içindədir ki, korlanmamış təəssüratlar ani olmaqdan xilas olur və məhz onların vasitəsilə sənət əsərində qocalığa və ölümə qalib gəlmək mümkünləşir.

Xilasın yaratdığı bu xoşbəxtlik heç bir şeyə dəyişdirilə bilməz, lakin eyni zamanda təsəllidən qəti şəkildə imtina etmək deməkdir. İnsan bütöv bir xoşbəxtlik üçün bütün bir həyatı qurban verməyi seçir və o xoşbəxtlikdən elə bir qurtum alır ki, onu heç bir dünyəvi həzzlə müqayisə etmək olmaz.

“İtirilmiş zamanın axtarışında” əsərinin daxili hekayəsi budur. Hər şeyin keçmişə qarışmasına cavab olaraq hər şey xatırlanır; ümid isə yalnız keçmişə qarışmağın fərqinə varmaq və onu yazıya köçürmək gücündə gizlidir. Prust bir xoşbəxtlik şəhididir.

Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR