İnfantil psixoloji arzu və simvolik konflikt – Nağılların psixonalizi

DAHA.az filologiya elmləri doktoru Səfa Qarayev və filologiya elmləri doktoru Hikmət Quliyevin birgə yazdığı “Nağılların psixonalizi: infantil psixoloji arzu və simvolik konflikt” essesini təqdim edir. 

 

Psixoanalizin yarandığı ilkin dövrlərdən nağılların psixoanalitik şərhi diqqət mərkəzində olmuşdur. Daha doğrusu, həm psixoanaliz (Z.Freyd məktəbi), həm də analitik-pisixoloji metod (K.Yunq məktəbi) öz nəzəri görüşlərinin izahında mütəmadi olaraq folklora, xüsusi ilə də nağıl mətnlərinə müraciət etmişdir.

Nağıllarda hadisə və faktlar arasında reallıqla səsləşməyən fantastik, irrasional əlaqə onu psixoloji tədqiqatların nüvəsinə yerləşdirmişdir. Bu, psixoanalizdə qeyri-şüuri arzuların fantaziya dünyasında daha geniş ifadə gücünə malik olması ilə bağlı yanaşmadan qaynaqlanırdı.

Xatıladaq ki, ən başdan psixoanaliz yuxuların şüurun “məsuliyyətsiz” işi olmadığını müəyyənləşdirmiş və yuxuların daxili-psixoloji motivlərlə əlaqəsini üzə çıxarmışdır.

“Freyd zaman və məkanın olmadığı, ağıl qanunlarını tanımayan qeyri-şüuriliyi yuxu vasitəsilə kəşf etmişdir” (Olcay  2021, 426). Lakin yuxu simvollarının açılışında ortaya çıxan subyektivizm psixoanalitiklərin simvolların mənalarının araşdırılması üçün daha başqa mənbələrə diqqət yetirmək zərurətini ortaya qoymuşdur.

Z.Freyd özünün “Psixoanalizə giriş dərsləri” kitabında belə bir sual qoyurdu: “..yuxu sahiblərinin belə bizə kifayət qədər məlumat vermədiyi, hətta heç bir informasiya vermədiyi yuxu simvollarının mənalarını necə  müəyyənləşdirə bilərik?” (Freud 2018: 200).

Bu suala cavab verərkən Z. Freyd yazır: “Cavab olaraq söyləməliyəm ki, çox fərqli mənbələrdən bunu müəyyənləşdirmək mümkündür: nağıllardan, miflərdən, zarafatlardan, lətifələrdən, folklordan (yəni populyar mədəniyyətdən, deyimlərdən və mahnılardan) və dilin bədii gücündən və arqolardan.

Bu sahələrin hamısında eyni simvolik mənalarla qarşılaşırıq, bəzən ayrıca bir biliyə ehtiyac olmadan mənaları anlaya bilərik.  Bu mənbələrə ayrı-ayrılıqda baxdıqda yuxu simvolları ilə bağlı o qədər çox paralelliklərə rast gələ bilərik  ki, artıq şərhlərimizə inammamaq mümkünsüz olar” (Freud 2018: 200).

Beləliklə, simvolların mənalarının daha dərindən və əsaslı qavranılması zərurəti fərdi yuxular üzərindəki araşdırmaların kollektiv yaradıcılıq məhsulu olan folklora doğru genişlənməsinə şərait yaratmışdır. Onu da deyək ki, psixoanalitiklərin folklorşünasları birgə tədqiqatlara dəvəti uzun illər cavabsız qalmış və daha sonrakı dövrlərdə folklorşünaslıq maraqlarının psixoanalizlə sintez edilməsi psixoanalitik folklorşünaslığın ortaya çıxmasına səbəb olmuşdur. Psixoanalizin folklorşünaslıq prizmasından tətbiqi folklor üçün zəruri olan kollektivlik, ənənəvilik və variantlılığın nəzərə alınması ilə tədqiqatların aparılması zərurətini ortaya qoyur.

Nağılları psixoanalitik baxımdan təhlil etmək onun qeyri-şüuriliyin “qanunları” kontekstində  tədqiqi zərurətini ortaya qoyur. Qeyri-şüurilik məfhumu insanın filogenetik (insanın növ olaraq inkişafı) və ontogenetik (insanın doğuluşdan etibarən ailədə inkişafı) inkişaf qanunauyğunluğu ilə bağlı çoxsaylı problemləri özündə ehtiva edir. Düşünürük ki, burada insanın ailədə inkişafı kontekstində formalaşan psixoloji komplekslər daha həlledici əhəmiyyətə malikdir.

Sixoanaltik yanaşmaya görə, ailədə yetişən uşaqda inkişaf qanunauyğunluğu ilə əlaqədar müxtəlif psixoloji məzmunlu dramatik situasiyalar yaranır ki, onlardan ən həlledicisi Edip kompleksidir. Uşaqda 3-6 yaş aralığında formalaşan Edip kompleksinə görə “oğlan anasını sevir, atasına qarşı qısqanclıq duyur və onu kastrasiya ilə cəzalandırmaq istəyir” (Róheim 1992: 8). Bu duyğu  uşaqda həm də günahkarlıq və qorxu hissi yaradır. Başqa sözlə, psixoloji qısqanclıq kontekstində uşaq ata tərəfindən cəzalandırılacağını düşünür və odur ki, endogen mənşəli arzuları ata mülkiyyətinin bir hissəsi olan anadan kənara – qadına yönəlir.  Bu proses qadınlarda da özünməxsus şəkildə gedir və Elektra kompleksi kimi tanınır. Elektra kompleksi qız uşaqlarının atalarına qarşı sevgi və analarına qarşı rəqabət hissi keçirdiyi psixoloji inkişaf mərhələsidir. Bu anlayış psixoanalitik nəzəriyyədə yer alır və əsasən Z.Frreydin ideyalarına əsaslanaraq Karl Yunq tərəfindən irəli sürülmüşdür (Mehta 2002: 174).

Səfa Qarayev
Səfa Qarayev

İnsanın ailədə inkişafı kontekstində yaranan bu psixoloji komplekslər onun normal psixoloji inkişafının bir hissəsi olmaqla yanaşı, yaradıcılıqda da dərin izlər buraxmışdır. Psixoanalitik nəzəriyyəyə görə, infantil mərhələdə yaranan psixoloji komplekslər itib getmir. Onlar “qeyri-şüuri” sferaya sıxılaraq ən müxtəlif şəkildə yaradıcılıqda özünü təcəssüm etdirirlər. Başqa sözlə, nağıllar böyüklər tərəfindən uşaqlıq kompleksləri ilə ortaya çıxan yaradıcılıq məhsuludur. Təsadüfi deyildir ki, Alan Dandes yazır: “Mənim nağıllar barədə şəxsi baxışım odur ki, onlar uşaq-valideyn münaqişələrini, eləcə də qardaş-bacı rəqabətini ifadə edir. Oğlanlar böyük kişi rəqibləri (divlər, əjdahalar) məğlub edirlər, qızlar isə, böyük qadın rəqibləri (ögey analar, cadugərlər) üstələyirlər, həmçinin pis qardaşlar və ya bacılarla qarşılaşırlar” (Dundes  2007: 138.). Beləliklə, nağılların nüvəsini təşkil edən problem ailə münasibətlərinin infantil diskursdan təqdimatıdır. Daha doğrusu, uşaq maraqları kontekstində ailə münasibətləri əsasında yaradılan konflikt mətnidir. Beləliklə, psixoanalitik yanaşmaya görə, nağıllar uşağın ailə daxilindəki psixoloji arzu, istək və konfliktlərini simvolik dillə təcəssüm etdirirlər. Miflər, daha çox ata gücü qarşısında “günah dəyərli arzu və müvafiq cəza” konsepti kontekstində iztirabların təsvirinə yer verdikləri halda, nağıllar uşaq arzusunun simvolik dillə yerinə yetirilməsini təcəssüm etdirən yaradıcılıq məhsullarıdır.  Geza Roheim yazır ki, insan fəaliyyəti ümumiyyətlə iki səbəbdən həyata keçirilir: ya faydalı və zəruri olduğuna görə, ya da müəyyən bir arzunu təmin edərək zövq verdiyi üçün.. Nağıla tətbiq edildikdə, biz faydalılıq motivini (didaktik məzmun istisna olmaqla) kənara qoya bilərik və o nəticəyə gələ bilərik ki, nağıllar, ümumilikdə bədii əsərlər kimi, zövq üçün danışılır çünki uşaq auditoriyası onlardan həzz alır (Róheim 1992: 4). Uşağın bütün psixoloji arzuları nağılda yerinə yetirildiyinə görə o, bundan zövq alır.

Ümumiyyətlə, nağılların psixoanalitik kontekstdə təhlilinə dair dünyaca ən məşhur əsər Bruno Bettelheimin “Sehrin cazibəsi: nağılların mənası və əhəmiyyəti” adlı tədqiqatıdır. Müəllif bu tədqiqatında ayrı-ayrı nağıl süjetlərini psixoanalitik kontekstdə izah etməklə yanaşı, onların uşaqda formalaşdırdığı “sosial qabiliyyətləri” konseptual olaraq təhlil edir. O yazır ki, “Nağıl hadisələri uşağın dünyanı qavrayış və təcrübə tərzinə uyğun şəkildə inkişaf edir, məhz buna görə də nağıl uşağın gözündə inandırıcı olur. O, nağıldan böyüklərin məntiq və mühakimə vasitəsilə özünü təsəlli etməyə çalışmasından daha dərin və təsirli rahatlıq tapır. Uşaq nağıldakı fikirlərə inanır, çünki onun dünyagörüşü nağılın təqdim etdiyi mənzərə ilə tam uyğundur” (Bettelheim  1976: 45). Bu baxımdan Azərbaycan nağıllarının psixoanalitik kontekstdə öyrənilməsi istiqamətində bir çox işlər görülmüşdür (bax: Qarayev 2016: 81-109; Qarayev, Quliyev 2021: 305-414;   Qarayev 2022: 164-213, 484-568).

Bu yanaşma əsasında Azərbaycan nağıllarına baxış özünəməxsus məna çalarlarının üzə çıxarılmasına şərait yaradır. Onu deməliyik ki, nağıllara bu baxış uşağın cinsi inkişafı əsasında formalaşan psixoloji dramatizmi mərkəzə qoyduğu üçün özünəməxsus terminoloji baza yaradır. Bu terminlər populyar diskursda çox zaman həssas qarşılanır və düzgün qəbul edilmədiyinə görə etiraz doğurur. Bütün bunlara baxmayaraq, nağıllara psixoanalitik baxış oradakı ata-oğul, böyük və kiçik qardaş dramatizminə məntiqli izah gətirdiyinə görə elmi baxımdan böyük dəyərə malikdir. Fikrimizi izah etmək üçün bir neçə nağıl nümunəsinə baxaq.

Nağıllarda xaotik mənfi tiplər kimi yer alan divlər əsasən kişi cinsindən olan varlıqlar kimi təsvir edilirlər. Nağıllarımızda divlər dünyasında qadın cinsinə aid olan varlıqlar kimi, yeganə olaraq “div anaları” təsvir olunur. “Div ataları” obrazına isə demək olar ki, rast gəlinmir. Divlərin ataları olmadan öz anaları ilə birgə təsvir olunmaları Edip kompleksinin proyeksiyasıdır. Məlum olduğu kimi, yaradıcı uşaq psixologiyası üçün xarakterik olan edipal kompleks sosial vetonun təzyiqi ilə mətndə birbaşa ortaya çıxmır.

Odur ki, bu psixoloji komplekslər sosial normalardan yayınmaq üçün ən müxtəlif formalarda yaradıcılıq materialında ifadə olunur. Bu mənada nağılyaradıcı uşaq mövqeyi Edip kompleksindən qaynaqlanan atanı inkar edərək anayla birlikdə olmaq arzusunun əsasında divlər dünyasını qurur. Nəticədə, yaradıcı uşaq mövqeyi Edipal komplekslə əlaqədar mövcud olan cəzalandırılma qorxusundan imtina etmiş olur. Beləliklə, yaradıcı uşaq mövqeyi öz “cəzaya layiq” komplekslərini düşmən div obrazlarının ailə modelinin qurulmasına proyeksiyalandırmaqla öz Edip kompleksini cəzaya layiq görülmədən ifadə etmək imkanı əldə edir. Fikrimizi izah etmək üçün bir neçə nümunəyə diqqət etmək yerinə düşər. Konkret olaraq, “Gudul divin nağılı”ndakı konfliktə diqqət yetirmək istərdik.

Nağılda təsvir olunur ki, 40 arvadı olan bir padşah dünyasını dəyişir. Onun yerinə keçən vəzir şahın 39 arvadını alır, amma 40-cı ona ərə gəlməyə razı olmur. Bu zaman vəzir əmr edir ki, aparıb 40-cı arvadı meşədə öldürsünlər. Nökər meşəyə çatanda bir şir çıxıb onu parçalayır. Orada qalan qadın özünə bir koma düzəldir. Ardından bir oğlu olur ki, onun adını Cəlayivətən qoyur. Cəlayivətən 18 yaşına çatanda anası başına gələnləri ona danışır. Oğlan hər gün ova gedir, gətirdiklərini anası bişirir və beləcə yaşayırlar. Daha sonra nağılda təsvir olunur: “Bir gün oğlan səfərə gedir. Qabağına bir imarət çıxır. Bu imarətin içərisini gəzir. Qırxıncı otağı açır, görür ki, gudul div var. Sonra gəlir evə, anasına deyir ki, gedək bir ev tapmışam. Onlar gəlirlər imarətə. Oğlan anasına tapşırır ki, nəbadə, qırxıncı otağın qapısını açasan. Bir müddət keçir. Arvad dözməyib, qırxıncı otağın qapısına gedir, görür ki, burada bir div var. Bunlar bir-birlərini sevməyə başlayırlar. Arvadın divdən bir oğlu olur. Aparıb atır oğlunun yoluna ki, oğlu uşağı götürüb gəlsin. Oğlan evə gələndə görür ki, bir uşaq var. Uşağı götürüb gəlir anasına. Adını da qoyurlar Tapdıq. Uşaq yekəlir. Qardaşıynan ova getməyə başlayır” (İsmayılov, Quliyeva 2004: 111). Daha sonra qadının divdən dörd oğlu olur və bu zaman “Div arvada deyir ki, Cəlayivətəni öldürək” (İsmayılov, Quliyeva 2004: 111). Bu məqsədlə ana özünü xəstəliyə vurur. Öz oğlunu əvvəl ağ divin bağındakı alma dalınca, sağ qaldıqdan sonra isə sarı divin məmləkətindəki şir südü dalınca yollayır. Hər iki səfərdə də bir qocadan məsləhət aldıqdan sonra ona tapşırılan nemətləri tapıb gətirir. Lakin qoca əvvəl almanı, daha sonra isə südü dəyişdirib oğlana başqa alma və süd verir. Tapşırıqların hamısını yerinə yetirdikdən sonra divin tapşırığı ilə ana oğlundan qüvvəsinin nədə olduğunu soruşur. Biləndə ki, biləyindədir, əvvəl zəncir gətirirlər, oğlan onu qırır. Lakin biləyinə kiriş bağlandıqda ona gücü çatmır. Oğlan “Anasından kömək istəyir. Anası gedib divi gətirir, onu öldürürlər, yeşiyə qoyub atırlar dərəyə. Yeşik gedib çıxır [qoca] kişinin evinin yanına” (İsmayılov, Quliyeva 2004: 112). Qoca südü sürtür oğlanın əzasına, almanı tutur onun burnuna. Oğlan ayıldıqdan sonra qardaşı Tapdıqla yenidən ova gedir. Bu zaman div deyir ki, oğlanın xörəyinə zəhər qat. Bu zaman bunu Tapdıq eşidir. Anası oğlu Calayivətənə xörək içərisində zəhər verəndə Tapdıq qardaşının onu yeməsinə imkan vermir və anasını həmin xörəkdən yeməsinə məcbur edir. Zəhərli xörəkdən yeyən ana ölür. “Tapdıq qardaşına deyir: – Anan səni öldürmək istəyirdi. Tapdıq divi və divdən olan uşaqları da öldürür. Bundan sonra şad yaşamağa başlayırlar” (İsmayılov, Quliyeva 2004: 113).

Göründüyü kimi, nağılda qəhrəmanın hələ özünün doğulmadığı zamanlardan doğma atasının ölümündən söhbət gedir. Əslində, bu nağılın qurulmasında da yaradıcı mövqe kimi uşağın mövqeyi çıxış edir. Bu mənada nağılın lap əvvəlində qəhrəmanın doğma atasının ölümü qəhrəmanın anası ilə birgə olmaq istəyinin psixoloji olaraq təmin olunmasına xidmət edir. Yəni qəhrəman heç bir dramatik konflikt yaşamadan ən başdan atanı süjetdən çıxardaraq ana ilə birgə olmaqla edipal kompleksdən qaynaqlanan düşmənçilik və ana ilə birgə olmaq arzusunun ifadəsi üçün münbit şərait əldə edir. Qısa məzmununu təqdim etdiyimiz nağıldan göründüyü kimi, ata öldükdən sonra qəhrəmanın özü doğulur.

Uşağın özünüifadəsində həlledici rol oynayan edipal psixoloji kompleks nağıl qəhrəmanının davranışının bütün məqamlarında özünü büruzə verir və bu kompleks ən müxtəlif münasibət formasına düşərək nağılı qəhrəmanın müvafiq maraqları çərçivəsində saxlayır. Sadəcə olaraq, yaradıcı uşaq (qəhrəman) mövqeyi psixoloji kontekstdəki cəzalanma və sosial vetodan yayınmaq üçün anaya sevgi kontekstində ataya qarşı olan düşmənçiliyini ögey div ata obazına proyeksiyalandırır. Geza Roheim göstərir ki, nağıllarda bir-birlərini əvəzləyən obrazlar həm də bir-birlərinin ekvivalentləridir. Nağıllarda özünü göstərən doğma ata və ögey ata əvəzlənməsi də ekvivalent hadisə kimi qəbul edilməlidir. Geza Roheim onu da bildirir ki, bütün analizlər şeytan, div obrazlarının atanın dublikatı olmasını göstərir. Ata uşağın Edipal münasibəti kontekstində şeytana transformasiya olunmuşdur (Róheim 1992: 8).

Beləliklə də, edipal psixoloji kompleksdə mövcud olan anaya sevgi kontekstində ataya qarşı düşmənçilik, nağılda anaya sevgi kontekstində oğula qarşı düşmənçilik formasına düşmüşdür. Nağıldan göründüyü kimi, oğlan tapdığı imarətin 40-cı otağına daxil olmağı anasına qadağan etmişdir. Bu, ananı ataya qarşı psixoloji qısqanmağın da metaforasıdır. Beləliklə, oğul ananı qadağanın metaforası olan “qırxıncı otaq” motivi ilə qadağan etsə də, ananın qırxıncı otağa daxil olması ilə oğula qarşı valideynlərin düşmən davranışı başlayır.

Bu nağılın bizim topladığımız variantında isə ananın Gudulla qarşılaşması oğulun anadan yemək bişirməsini istəməsi ilə özünü göstərir. Belə ki, anası ilə tək yaşayan və ovdan gələn qəhrəman anasından ov ətindən yemək bişirməsini istəyir. Bu zaman suya ehtiyacı olan ana oğluna deyir: “– Burda deyillər quyu var. Amma mən tanımıram. Oğlu aparıp quyunu gösdərir. Anası səhər gedir həmin quyudan su çəkməh isdiyir. Bu vaxt bir Gudul vedranı bərk-bərk tutur. Oğlanın anası nə qədər dartır, vedra çıxmır. Arvat bu vaxt çığırırkın, ay aman, ay dad, bu vedra niyə çıxmır? Gudul çırçır çığırır kı, mənəm, bura düşmüşəm. Məni çıxart, sənə lazım olaram. Arvat Gudulu da çıxardır. Arvad onnan soruşur: – Sən bura niyə girmisən?

O deyir:

– Məni gətirib atıplar bura.

Gudul deyir:

– Sənin yoldaşın, ərin var?

Arvad deyir:

– Yox.

Gudul deyir:

– Məni aparıb öza yoldaş eliyərsən?

Arvad deyir:

– Mənim oğlum məni öldürər. Səni aparmıram. Oğlumnan qorxuram.

Gudul deyir:

– Sənin oğlun gələndə gizdənərəm, oğlun gedəndə bir yaşıyarıx” (Şəxsi arxiv 8).

Göründüyü kimi, nağılın bu variantında da ananın Gudul divin məkanına, quyuya gedib çıxmasında oğul birbaşa iştirak edir. Yəni divin yaşadığı imarətin qırxıncı otağını da, quyunu da anaya elə oğul göstərir. Bu da konfliktin Edipal mahiyyətindən xəbər verir. Yaradıcı mövqenin edipal psixoloji kompleksi süjetdəki münasibətləri oğul, ana və ata//atalıq arasında baş verməsini labüd edir. Ana, ata və oğul arasında belə münasibətin oğulun fantaziyası kontekstində realizə olunması süjetdə həm də onun özünün edipal üçlük arasında münasibətləri əlaqələndirici obrazını yaratmışdır. Əslində, oğulun anasını özü də bilmədən ata obrazının paradiqması olan div atalıqla əlaqələndirməsi konfliktin oğulun mövqeyi əsasında yaradılmasının da təcəssümüdür.

Hikmət Quliyev
Hikmət Quliyev

Nağıllarda diqqəti cəlb edən maraqlı faktlardan biri də div kimi təsvir olunan atalığın “gudul”, yəni əlsiz-qolsuz, şikəst olmasıdır. Bu faktın özü də Edipal psixoloji komplekslər kontekstində anlaşılmalıdır. Belə ki, psixoloji kompleksin yaradıcılıqdakı ifasının sabit bir xronologiyası yoxdur. Daha dəqiq desək, psixoloji komplekslərin yaradıcı işi nəticəsində mətndə sonra baş verəcək günaha və cinayətə görə cəza həmin hadisənin özündən daha əvvəl ortaya çıxa bilər. Bu, əslində, işlənəcək “günah”dan doğan cəzadan qaçmanın zəmininin qeyri-şüuri olaraq formalaşdırılmasıdır. Çünki psixoloji komplekslər əsasında ortaya çıxan yaradıcı mövqe qeyri-şüuri olsa da, mətnin əvvəlində də, sonunda da eyni maraq kontekstində reallaşır. Bir sözlə, folklorda süjet xronologiyasının istənilən seqmenti vahid psixoloji mövqenin bir hissəsidir. Bu mənada, ata//atalıq kimi çıxış edən divin “gudul”, şikəst kimi təsvir olunması qəhrəmanın psixoloji komplekslər kontekstində ataya kəsdiyi cəzadır. Yəni mətnin əvvəlində atanın “gudul” kimi təsviri ilə sonda öldürülməsi motivi eyni marağın, eyni kompleksin doğurduğu nəticədir: anaya yaxınlıq kontekstində ataya qarşı düşmənçilik hiss edən uşaq (qəhrəman) bununla əlaqədar olaraq özünün cəzalandırılması qorxusunu yaşayır. Ana ilə birlikdə olmaq arzusuna görə ata tərəfindən cəzalandırılacağını düşünən uşaq onu div formasına salaraq real ata cizgilərindən uzaqlaşdırır və həm də ona qəhrəmanı məhv etmək istəyi yükləyir. Ana ilə birgə olub atanı aradan qaldırmaq istəyən uşaq psixoloji komplekslərin cəzalandırıcı təəssüratından yayınmaq üçün mətndə ana ilə birgə olub oğulu aradan qaldırmaq istəyən ata obrazını yaratmışdır.

Nağıldan göründüyü kimi, Gudul div və ana əlbir olub oğulu öldürmək istəyirlər. Mətnlərdə divin təhriki ilə anası qəhrəmanı öldürmək üçün onu “şir südü”, “şəfalı meyvə” arxasınca göndərir. İrəlidə şəfaverici qida uğrunda ata və oğul konfliktinin psixoloji əsasında uşağın atanı anaya, ana cənnətinə sahib olmağa maneə kimi görməsinin dayanması məsələsi üzərində bir qədər geniş izah verəcəyik. Amma buradaca düşmən valideynlərin istəklərinə rejissorluğun da nağılyaradıcı uşaq fantaziyası tərəfindən həyata keçirilməsi məsələsi üzərində dayanmaq istərdik. Psixonalitik kontekstdə yanaşmalar göstərir ki, nağılyaradıcı uşaq fantaziyası öz narahatlıq və kompleksləri kontekstində düşmən obrazlarının davranış motivasiyasını da yaradırlar. Bu mənada divin təhriki ilə ananın qəhrəmanı “şir südü”, “şəfalı meyvə” arxasınca göndərməsi qəhrəmanın özünün ana cənnətinə sahib olmaqla bağlı arzularının bir hissəsidir. Təsadüfi deyildir ki, yuxarıda qısa məzmununu verdiyimiz “Gudul div”in nağılında düşmən valideynlər qəhrəmanı “şəfaverici alma” və “şir südü” arxasınca göndərirlər. Lakin nağıldan məlum olur ki, nurani bir qoca müvafiq nemətləri qəhrəmandan gizlincə götürüb onu adiləri ilə əvəzləyir.

Qəhrəman düşmən valideynlər tərəfindən öldürüldükdən sonra həmin qocanın südü oğlanın əzalarına, almanı burnuna tutaraq diriltməsi təsvir olunur. Nağıldakı bu motivdən də göründüyü kimi, buradakı nemətlərə şəfavericilik keyfiyyəti verən uşaq maraqlarıdır və bu maraq həmin nemətləri müdrik qocanın davranışları vasitəsilə valideyninə verilməsinin qarşısını almışdır. Sonda həmin nemət öldürülən qəhrəmanın yenidən dirilməsinə səbəb olur (Müqayisə üçün, yadımıza “Kitabi-Dədə Qorqud” dastanının Dirsə xan oğlu Buğacla bağlı boyunu salaq. Edipal kontekstdə Dirsə xanla Buğac arasında baş verən konfliktdə Buğac yaralanır və onun dərdinə “məlhəm” – ana südü hesab olunur. Beləliklə, Buğacın timsalında oğulun ana ilə birlikdə olmaq arzusu düşmən ata – oğlunu qətlə yetirmək istəyən Dirsə xan obrazını yaratmışdır).

Beləliklə, nağılyaradıcı uşaq mövqeyi qəhrəmanın ölümünün aktuallaşması ilə yanaşı, onun dirilməsinə də şərait yaradır. Həmçinin nağılda Edipal psixoloji kompleks kontekstində uşağın valideyninə şəfaverici nemətlər gətirməsi təsvir olunduğu halda, valideynin övlada öldürücü zəhər verməsi təsvir olunur. Beləliklə, Edipal psixoloji kompleks kontekstində əsaslandırılmış ana və ata div düşmənçiliyi sonda onların ölümü ilə nəticələnir. Yəni qəhrəmanın Edipal kompleksi onun anası ilə birlikdə qalmasına şərait yaratmaqla yanaşı, ata və anasını düşmən formasında aktuallaşdıraraq haqlı öldürülməsini də təmin edir. Xatırladaq ki, eyni bir psixoloji mövqenin təcəssümü fərqli modellərdə ortaya çıxır. Oğlan uşağının yaradıcı mövqeyi bəzən divi atalıq kim təqdim etməklə yanaşı, bəzən də ananı analıq kimi təqdim edərək qan bağından uzaqlaşdırır.

Məqalədə göstərildiyi kimi, nağıllar sehrli, əyləncəli hekayələr olmaqla yanaşı, uşağın daxili psixoloji dünyasını simvolik dillə ifadə edən mətnlərdir. Burada yer alan divin ata obrazını əvəz etməsi, qəhrəmanın anası ilə yaxın olmaq istəyi, qırxıncı otağın qadağan olunmuş sahə kimi təqdim edilməsi və ya şəfaverici nemətlərin axtarılması motivləri uşağın ailə daxilində yaşadığı daxili gərginlikləri və arzuları əks etdirir. Bu simvollar uşağın şüuraltı qorxularını, istəklərini və konfliktlərini bədii formada ifadə etməyə imkan verir. Nağılların bu cür psixoanalitik izahı göstərir ki, onların simvol dünyasını araşdırmaq uşağın daxili aləmini, onun psixoloji ehtiyaclarını və inkişaf mərhələlərini daha dərindən anlamağa şərait yaradır. Nağıllar, uşaq fantaziyası vasitəsilə emosional həqiqətləri üzə çıxaran bədii artefaktlardır.

________

Ədəbiyyat

Bettelheim, B. (1976).  The Uses of Enchantment: The Meaning and Importance of Fairy Tales. New York: Vintage Books. 356 p.
Dundes, Alan 2007. Meaning of Folklore: The Analytical Essays of Alan Dundes. ed. Simon J. Bronner, Logan: Utah State University Press, 443 p
Freud Sigmund. 2018. Psikanalize Giriş Dersleri. (çev. Selçuk Budak) İstanbul: Öteki Yayınevi, 550 s.
İsmayılov, H., Quliyeva, R. 2004. Azərbaycan folkloru antologiyası. IX kitab (Gəncəbasar folkloru), Bakı, Səda nəşriyyatı, 522 səh.
Qarayev S.  2016. Mifoloji xaos: strukturu və poetikası. Bakı: “Elm və təhsil”, 2016, – 212 səh.
Qarayev S., Quliyev H. 2021. Azərbaycan nağılları: obrazlar və funksiyalar. Bakı: “Savad”, 456 səh.
Qarayev S..2022.  Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: metaforik düşüncə və simvolik məna. Bakı: “Elm”, 600 səh.
Mehta, P. 2002 Electra Complex / The Freud Encyclopedia: Theory, Therapy, and Culture. Editor Edward Erwin. – New York: Routledge,   pp. 174-175 s.
Olcay  Yılmaz. Kaygı, Korku ve Arzu Üçgeninde Fantazi. Ayna Klinik Psikoloji Dergisi, 2021, 8(3), 424–443.
Róheim, Géza 1992. Fire in the Dragon and Other Psychoanalytic Essays on Folklore, New Jersey, Princeton University Press Princeton. 195 p.

 

OXŞAR XƏBƏRLƏR