İndiki uşaqlar nə oxuyur?

Daha.az Qismət Rüstəmovun uşaq ədəbiyyatı haqqında fikirlərini təqdim edir. 

 

Çağımızda sürətinə heç cür çata bilmədiyimiz elektro-texniki yeniliklərin içində, deyəsən, kağız kitabdan danışmaq get-gedə qəribə görünür. Fikrimcə, nə olur-olsun, yaddan çıxmamalı vacib məsələlərdən biri, bəlkə də, birincisi balaca uşaqların gələcəyinə təsir edəcək kitabların, uşaq ədəbiyyatının vəziyyətidir.

Nə oxuyur indiki uşaqlar? Uşaqlar üçün çap olunan kitablar nə haldadır? Neçə valideyn var ki, övladına kitab alır, səbrlə oturub nağıl oxuyur?

Hansısa bir essenin içində ünlü mütəffəkir Cibran Xəlilin belə bir fikrini oxumuşdum: “Valideynlər kaman, övladları isə gələcəyə atılmış oxlardır”.

Bu fikirdəki kaman-ox obrazını davam etdirsək, sualı belə formulə edə bilərik: valideynlər oxlarını hansı cür gələcəyə tuşlayıblar?

Uşaq kitablarında uşağın yaş mərhələsi, kitabın dili, ifadə olunan mətləbin aydınlığı nəzərə alınmalıdır.

Böyük mənada insan sevgisi, yardımsevərlik kimi keyfiyyətlər təbliğ olunmalıdır.

Bunlar, əslində, bilinən, amma hərdən təkrar edilməsi lazımlı mətləblərdi. Məsələnin başqa tərəfləri də var. Yaxın aylarda uşaq ədəbiyyatı ilə bağlı ilə oxuduğum bir neçə kitabda çağdaş nəzəriyyəçilər vacib bir məqama da diqqət çəkirlər: uşaq kitablarında təqdim olunan insan tipləri yaxşıya-pisə bölünüb təqdim edilir, bunu yalnış hesab edirlər. Düşünürlər ki, uşaq yaşından insanları kobud qəliblərlə yaxşıya-pisə bölməyə vərdiş etmiş adamlar gələcəkdə uğursuz olurlar. Uşaq kitablarında bir insanı təqdim edərkən, yaxşı insan-pis insan yerinə, səhv etmiş, səhvini anlamış insan kimi təqdim etmək daha düzgün hesab olunur.

Uşaq kitablarında heç bir dini, irqi, cinsi ayrı-seçkilik yaradan motiv olmamalıdır. Cəsarət qiymətləndirilməli, amma aşırı dərəcədə igidlik təbliğ olunmamalıdır. Xüsusilə aşağı yaş qrupunda olan uşaqlar üçün tərtib olunan kitablarda fatalizm ünsürü olmamalıdır. Çünki o yaşdan hər şeyi qəzavü-qədər kimi başa düşən uşaq gələcəkdə çox passiv ola bilər.

Uşaq kitablarının dizaynı, xüsusən, önəmlidir. Kitab yüngül, sadə, rəsmlərlə dolu, rəngli, tez cırılmayan olmalıdır. Tez cırılan kitab uşağın psixologiyasında kitabın lazımsız, önəmsiz bir əşya olması fikrini doğura bilər. Kitabın ölçüsü ələgələn, şriftləri aydın, uşaq gözünün qavraya biləcəyi kimi olmalıdır. Özün rənglə kitabları düşünüldüyünün əksinə, xeyirli yox, zərərli hesab olunur. Çünki bu cür kitablar uşağı yalnız şablonu rəngləməyə, mexanikiləşməyə öyrədir.

Həmişə universitet kitabxanalarında, şəhərdəki kitab evlərində gəzişəndə içimdə eyni duyğu baş qaldırır, eyni həyəcanlı, əvəzsiz, təkrarsız təlatümlü hissin qucağına düşürəm. Kitabların sonsuz, rəngli, bənzərsiz dünyası qarşı-qarşıya qalanda anlayıram ki, hər şeyi oxumaq, bilmək qeyri-mümkün arzudur və bu arzu bəlkə də dirilik suyunu tapmağa çalışan, ölümsüzlük iksirini kəşf etmək istəyən mifik qəhramanların arzusu ilə qohumdur.

Fərq etməz, istər uşaq olsun, istər yetkin insan, dünyada ən gözəl görüntü kitab oxuyan insandır.

 

OXŞAR XƏBƏRLƏR