“İkinci roman sindromu” yazıçının uğurdan sonrakı qorxusudur. Bu, sanki yazıçının uğurdan sonrakı immun sisteminin zəifləməsidir.
Əslində isə, ilk roman daha çətin olmalıdır axı… Çünki onda hələ çox təzəsən, yazı qabiliyyətin tam formalaşmayıb. Hələ inkişaf etməmisən, yolun başındasan, öz səsini tapmamısan. Hələ o qədər kitab oxumalı, məlumata yiyələnməlisən ki…
Lakin ilk roman həm də yazıçıya bir rahatlıq bəxş edir. Onun yaxşı alınmayacağını bu işdə naşı olmağınla sığortalaya bilirsən. Çatışmazlıqların hər birini naşılıqla əlaqələndirirsən. Bəlkə də, buna görə ilk romanı yazanda üstündə çox əlləşirsən. Bəzən illərin bu ilk romana sərf olunur. Çünki mükəmməl olmağını istəməklə bərabər, düşünürsən ki, ilk romana tələsmək olmaz. İlk romanı yazanda sənin üçün zaman məfhumu yoxdur. Heç yerə, heç yana tələsmirsən. Nəşriyyatlar səni gözləmir, oxucuların o qədər yoxdur. Bu barədə rahatsan. Lakin eyni zamanda yaxşı bir iş ortaya qoymaq üçün dəridən-qabıqdan çıxırsan.
İlk romanı yazanda lap əvvəldən heç bir gözləntin olmur. Seçdiyin mövzu necədir? Oxunaqlıdırmı? Bu yazdığını kim oxuyacaq? Əlbəttə, bütün bunlar səni düşündürür. Lakin bir yandan da düşünürsən ki, bu roman olmasa da olar, sən yazmasan da dünya ədəbiyyatı “boş qalmayacaq”. Bir tərəfdən də eqo yaxanı buraxmır, sənin “dünya səviyyəli”, “bəşəri” olduğunu diktə edir. Sən özünə heyran da qalırsan, özünlə fəxr də edirsən. Romanı bitirmək üçün əlindən gələni edirsən. İşdən çıxırsan, dostlarla görüşmürsən, telefonu söndürürsən. Hər şeyi bu romana fəda edirsən.
Dünya ədəbiyyatında bu cür nümunələr olub. İlk romanı gözlənilmədən böyük uğur qazanıb və daha sonra həmin müəlliflər ikinci romanı yazmağa tərəddüd ediblər. Bu tərəddüdün, qorxunun adı da “İkinci roman sindromu” adlandırılıb. Əslində, hər yazıçının arzuladığı bir zirvə olur. İlk romanını nəşr etdirmək və oxucuların rəğbətini qazanmaq. Lakin bu zirvəyə çatanda isə başın hərlənir və birdən-birə səni bir sindrom əhatəsinə alır – “İkinci roman sindromu”. Bu sindrom musiqçilərin “çətin ikinci albom” fenomeni ilə də müqayisə olunur. İlk əsərin böyük uğurundan sonra yazıçının növbəti əsərini yazmaqda çətinlik çəkməsi, uzunmüddətli yaradıcılıq bloku və ya ümumi susqunluq yaşaması halıdır. Bu, sadəcə yazmaq çətinliyi deyil, eyni zamanda yüksək gözləntilər, müqayisə qorxusu, təzyiq (tutalım, tez çatdırmaq kimi) və tükənmə kimi dərin psixoloji amilləri əhatə edən mürəkkəb bir vəziyyətdir.
İlk romanı yazandan sonra yazıçının elə bil üstünə ağır bir yük qonur. Bu yük də “İkinci roman sindrom”unun yaranmasına gətirib çıxarır. İlk romanın oxucular tərəfindən sevilməsi, növbəti əsərdən də eyni, hətta daha yüksək keyfiyyət gözləntisi yaradır. Üstəlik, naşirlər yazıçıdan çox tez bir vaxtda yeni bir roman da sifariş edə bilərlər. İlk romanda qarşında uzun illər olduğu üçün belə bir təzyiqlə rastlaşmayan yazıçıya ikinci roman üçün verilən müddət qorxulu gəlir. Bu təzyiqli dövr yazıçının çiyinlərinə ağır yük yükləyir. Yazıçı özünü çətinə salır, qorxur ki, ilk romanını təkrarlayar, yeni bir şey yazmaq onun üçün müşkülə çevrilər. Axı ikinci roman mütləq şəkildə birinci romanla müqayisə olunacaq. Oxucular, ya da tənqidçilər deyəcək: “Bu onun ikinci romanı kimi güclü deyil”. Yazıçını qorxudan səbəb də məhz bu cür rəylərdir.
İkinci roman sindromunun bir səbəbi də ilk romana sərf olunan enerjinin tükənməsi ola bilər. Sanki yazıçı bütün enerjisini bircə romanda sərf edib və artıq onda yeni bir ideya yoxdur. Bəzi yazıçılar ilk romanlarında şəxsi həyat təcrübələrinin böyük hissəsini əks etdirdikləri üçün növbəti əsər üçün yeni və maraqlı mövzu tapmaqda çətinlik çəkirlər.
Bir tərəfdən də yazıçı ilk romandan sonra müəyyən fikirlərin burulğanına düşür. Məsələn, o düşünür ki, əslində, ilk romanda qazandığı uğura layiq deyil. İlk uğur təsadüfür, bəxt amilidir. Növbəti romanda bu bəxt ondan yan ötəcək və heç kim onun yazdığına fikir verməyəcək.
Daha.az ikinci romanı yazmağa tərəddüd edən yazıçılar və “ikinci roman sindromu haqqında məlumatı təqdim edir.
İkinci roman sindromuna düçar olan çox məşhur yazıçılar var. Onların içərisində ən məşhuru Cerom Devid Selincerdir. Onun “Çovdarlıqda uçurumdan qoruyan” romanı (The Catcher in the Rye) 1951-ci ildə nəşr olunmuş və dünya ədəbiyyatı tarixində ən böyük uğurlardan birinə çatmışdır. Roman, xüsusilə, gəncliyin ifadəçisi kimi kult bir romana çevrilmişdi. Selincer bu uğurdan sonra çox populyarlaşsa da, evindən bayıra çıxmadı. Jurnalistlər daim onu təqib edirdilər. O, hətta jurnalistlərin ən sırtıq peşə sahibləri olduqlarını dilə gətirirdi. Günlərlə evindən çıxmayan, təcrid həyatı yaşayan Selincer yazdıqlarını da çap etmirdi. Onun otağında əlində tüfənglə oturduğu barədə şayiələr gəzirdi. Deyilənə görə, yazıçı özünü “Çovdarlıqda uçurumdan qoruyan” romanındakı Holdin Kolflid kimi təqdim edir, özünün həmin obraz olduğunu iddia edirmiş.

Növbəti yazıçımız Harper Lidir. Onun məşhur “Bülbülü öldürmək” (To Kill a Mockingbird) romanı 1960-cı ildə nəşr olunmuş və Pulitser mükafatı qazanmışdı. Roman Amerika ədəbiyyatının klassik nümunələrindən birinə çevrilmişdi. “Bülbülü öldürmək” nəşrindən bəri Li faktiki olaraq heç bir müsahibə vermədi, bir neçə qısa essedən başqa ictimai həyatda iştirak etmədi və başqa heç nə yazmadı. Harper Li bu böyük uğurdan sonra təxminən 50 ildən çox müddətdə yeni bir roman nəşr etməmişdi. 1980-ci illərin ortalarında o, Alabama ştatında silsilə qatil haqqında sənədli kitab üzərində işləməyə başlasa da, nəticələrdən razı qalmadığı üçün kitab üzərində işləməyi dayandırmışdı. 2007-ci ilin noyabrında Li insult keçirir və bundan sonra o, qocalar evində yaşamağa məcbur olur. Həyatı boyunca Linin işlərini idarə edən böyük bacısı Alice 2014-cü ildə 104 yaşında vəfat etdi, bundan sonra Linin xarici dünya ilə, demək olar, heç bir əlaqəsi olmadı. 2015-ci ildə Harper Linin “Get, gözətçi təyin et” kitabı çapdan çıxır. “Bülbülü öldürmək” kitabından daha əvvəl yazılmış, lakin zamanında nəşr edilməmişdi.

Ceffri Yevqenidesin adını, yəqin ki, eşitmisiniz. 1993-cü ildə çıxan ilk romanı “Bakirə intiharlar” (“The Virgin Suicides”) ilə bir ulduz kimi parlamışdı. O, ikinci romanı yazmaq üçün düz doqquz il özü ilə əlləşib. Hətta kitabı bitirə bilmək üçün insanların onu tanımadığı və küçədə, bazarda, kinoteatrda “narahat etməyəcəyi” Berlinə köçmək məcburiyyətində qalıb. Ancaq bu hekayə xoşbəxt sonluqla bitir, çünki müəllifin ikinci romanı birincidən də çox bəyənilir və 2003-cü ildə roman nominasiyasında Pulitzer mükafatını qazanır.
Marqaret Mitçeli də “xəstə” yazıçılardan hesab etmək olar. “Küləklə sovrulanlar” (Gone With The Wind) romanı ilə məşhurlaşmışdı. 1936-cı ildə nəşr olunan “Küləklə sovrulanlar” kitabı 1936-cı ildə “Ən görkəmli roman” nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazanıb. “Küləklə sovrulanlar” on il müddətində yazılıb. Əlyazmada romanın adı “Sabah başqa gün olacaq” yazılmışdı. Son anda, yazıçı nəşriyyatdaca romanın adını dəyişdirib, kitabın adını Qədim Roma yazıçısı Horatsinin bir misrasından götürüb. Qəhrəmanın adını da son anda düşünüb tapıb. Bir ildən sonra roman işıq üzü gördü, işıq üzü görər-görməz bestseller siyahısına düşdü və uzun illər boyu bu siyahıda qaldı. Romanın satışa çıxarıldığı birinci gün əlli min nüsxə satıldı. İl ərzində roman otuz bir dəfə çap olundu, bir ildə müəllifinə üç milyon dollar gəlir gətirdi. Marqaret Mitçellin ömrü boyu çap edilmiş yeganə romanı “Küləklə sovrulanlar” oldu. Yazıçının sağlamlıq problemləri və kitabla gələn şöhrətin yaratdığı stres ikinci romanı yazmağına maneəçilik törətmişdi. 1949-cu ilin avqustun 11-də Marqaret Mitçell əri Con Marş ilə evdən çıxıb kinoteatra gedərkən onu maşın vurur və 5 gün sonra özünə gəlmədən dünyasını dəyişir.

İkinci roman sindromunun ən faciəli nümunəsi Ralf Ellisondur. Onun 1952-ci ildə çıxan ilk romanı “Görünməz adam” (Invisible Man) sadəcə betseller olmadı, əsl mədəni hadisəyə çevrildi. Caz kimi qaradərili elementləri olan, Ceyms Coys və Folkner təsirlərini ustalıqla birləşdirən romanla tənqidçiləri və oxucuları heyran qoymuşdu. Kitab bütün orta məktəblərin ədəbiyyat proqramlarında əsas yer tutdu. Lakin qəflətən ikinci roman sindromu “onu xəstələndirdi”. O, böyük ümidlərlə başladığı, Amerika mədəniyyətinin bir çox fərqli elementlərini birləşdirmək istədiyi ikinci romanını heç vaxt tamamlaya bilmədi. Bu barədə “simfonik bir roman olacaq” kimi ifadələr işlətsə də, roman uzandıqca uzandı. Bir ara üç cilddə nəşr edilməsi planlaşdırılsa da, Ralf Ellison 1994-cü ildə, 80 yaşında vəfat etdi.

Meksikalı yazıçı Xuan Rulfo da yalnız bir romanı ilə ədəbiyyat tarixində silinməz iz buraxıb. Onun yeganə romanı “Pedro Paramo” idi. Bu roman Latın Amerikasında əsl səs-küy yaratmışdı. Markes belə “Yüz illik tənhalığı” yazmadan əvvəl bu romanının ona çox böyük təsir göstərdiyini demişdi. Xuan Rulfo bu romandan 30 il sonra roman çap etmədi. Bəzi mənbələrə görə, o, əslində bir neçə roman üzərində işləyirdi, lakin onları heç vaxt tamamlaya bilməmişdi. Tənqidçilərin əksəriyyəti Rulfonun “ikinci roman sindromu”na tutulduğunu qəbul etmir. Onların fikrincə, Rulfo az yazmağın dahisi idi. Deyirdilər ki, “Pedro Paramo”dan sonra deyiləcək söz qalmayıb. Susmağın vacibliyini bilmək də yazıçı üçün mühüm məsələdir.